Azərbaycan tarixinin ən qürurlu səhifəsi

 

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, mahir siyasi xadim Heydər Əliyev bənzərsiz və müqayisəedilməz şəxsiyyət idi. Dahi rəhbərin hakimiyyətdə olduğu otuz ildən artıq bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, onun uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanmışdır.

XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls, inkişaf parametrləri kəsb edərək özünün yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. O zamandan başlayaraq böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. 2003-cü və 2008-ci illərdəki prezident seçkilərinin nəticələri, Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin inamlı qələbəsi, seçkidən sonra həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi davam edir və uzunmüddətli resurslara malikdir.

Tam qətiyyətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizin mühüm, intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, həm də ən yeni tarix adlandırmaq olar. Məhz bu zaman kəsiyində Azərbaycan böyük intellektual və mənəvi potensialı, təbii resursları - bir sözlə, milli gücü cəmləyib ölkənin tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanıb və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoyub.

Ulu öndərimizin Vətəni və xalqı qarşısında xidmətləri saysız-hesabsızdır. Lakin əminliklə demək olar ki, Heydər Əliyevin ən böyük xidməti XX yüzilin sonunda xalqımızı vəVətənimizi düşdüyü fəlakətdən qurtarmasıdır. 1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı qəbul edilərkən keçirdiyimiz qürur və iftixar hissləri hələ də yaddan çıxmayıb. Onu da unutmamışıq ki, ilk vaxtlar müstəqilliyimiz yalnız kağız üzərində mövcud idi. Ölkənin o vaxtkı iqtidarlarının istər daxili, istərsə də xarici siyasət sahəsində uğursuz idarəçilik metodları və tam bacarıqsızlığı daxili qarşıdurmanı son həddə çatdırmış və separatçı meyillərin güclənməsi üçün zəmin yaratmışdı. Bu uğursuz siyasət nəticəsində dövlət qurumları və ictimai təsisatlar tamamilə tənəzzülə uğramışdı. Demokratik dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi kimi taleyüklü vəzifələrin həyata keçirilməsi istiqamətində nəinki konkret addımlar atılmır, əksinə, ovaxtkı iqtidarların düşünülməmiş, milli mənafelərə zidd siyasəti Azərbaycanı fəlakətə, uçuruma sürükləyirdi.

1993-cü ilin hərcmərclik, xaos, anarxiya dolu o taleyüklü günlərində Heydər Əliyev xalqın təkidli xahişi ilə onun harayına gəldi. Həmin il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və bununla da ölkədə hakimiyyət sükanı etibarlı ələ keçdi. Ulu öndər qısa vaxt içərisində ölkədə sabitliyi və əmin-amanlığı bərpa etdi. Həmin gün haqlı olaraq Azərbaycanın müasir tarixinə Milli Qurtuluş günü kimi əbədi daxil oldu. Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə ölkəmizdə yeni dövrün - demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.

 

1994-cü ildə çoxlarına qeyri-mümkün görünən layihələri yalnız Ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olub. Ümummilli liderimizin gərgin əməyi sayəsində 1995-ci ilədək davam edən iqtisadi tənəzzülə son qoyuldu. Makroiqtisadi göstəricilər ilbəil yüksəldi. Dinamik inkişaf dövrü başlandı. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası olduqca böyük əhəmiyyət kəsb edir. "Əsrin müqaviləsi" çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərlərinin reallaşması Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynadı.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan Respublikasının hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi. Demokratiya, dövlət suverenliyi, insan və vətəndaş hüquqları kimi hamılıqla qəbul edilmiş dəyərlər Əsas Qanunun təməl prinsiplərini təşkil edir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermişdir. Bu tarixi hadisə xalqımızın ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabitözülün yaradılması işində mühüm addım olmuşdur.

Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqın milli intibah və inkişafının təməl sütunu olan ideyanın-azərbaycançılıq məfkurəsinin banisi oldu. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda, böyük azərbaycanlı idi. Heydər Əliyev Azərbaycanın türk dünyasında özünəlayiq yerini tutmasında, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib. Heydər Əliyevin azərbaycançılığı milli ideya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi və dünya azərbaycanlılarının həmrəyliyi naminə göstərdiyi tarixi xidmətdir.

Bu məfkurə Heydər Əliyevin böyük vətəndaş hünərinin göstəricisidir və dünya azərbaycanlılarının tarixi Vətən - Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfədir. "Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - böyük öndərin dünya azərbaycanlılarının qurultayında söylədiyi bu tarixi sözlər bu gün dillər əzbəridir.

Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri də əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməyib. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün fond yaradıldı. Ulu öndər Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni arenaların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi.

Bütün bunlar deməyə əsas verir ki, ölkəmiz daha yüksək nəticələr qazanmaq əzmindədir. Hər bir dövlətin gələcəyi, hərtərəfli tərəqqisi onun malik olduğu elmi-intellektual və mənəvi potensialdan, hər bir gəncin taleyi onun biliyindən və savadından asılıdır. Dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdə təhsilin inkişafı mühüm yer tutur. Milli təhsilimiz hazırda daha sürətli yüksəliş mərhələsini yaşayır. Nəticədə, təhsilin keyfiyyətinin yüksəlməsi, onun dünyanın ən mütərəqqi təhsil sistemlərinə inteqrasiyası istiqamətində köklü irəliləyişlər baş verir.

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.

Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

 

Rəsmiyyə Mahmudova

Təsviri incəsənət müəllimi

525-ci qəzet.- 2023.- 1 iyun.- S.7.