Müstəqillik günü
gerçəkləşən arzu
LAÇINA BÖYÜK QAYIDIŞ
44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra dövlətin qarşısında dayanan ən böyük hədəf 30 ilə yaxın yurd həsrətilə yaşayan insanlarımızın tezliklə öz el-obasına geri dönüşünü təmin etməkdir. Bunun üçün isə ilk növbədə ermənilərin işğal müddətində kütləvi şəkildə minalarla çirkləndirdiyi əraziləri təmizləmək, tamamilə dağıdıb, yerlə-yeksan etdikləri şəhər və kəndləri, yaşayış məntəqələrini yenidən qurub, bərpa etmək lazım idi. Azərbaycan dövləti qələbədən sonra dərhal bu istiqamətdə mühüm addımlar atdı, sürətli bərpa-quruculuq işlərinə başladı. Qısa müddət ərzində heç bir dəstək olmadan məhz öz gücü hesabına quruculuq istiqamətində xeyli məsafə qət etdi. Əgər dağıntının miqyası belə böyük olmasaydı, torpaqlarımız minalarla kütləvi şəkildə çirkləndirilməsəydi, müharibədən sonra geri qayıdış daha tez reallaşardı. Amma Azərbaycan dövləti bütün işləri sıfırdan başlamalı oldu.
Böyük qayıdışın ilk ünvanı Zəngilanın Ağalı kəndi oldu. Ötən ilin iyulunda sakinlər öz yurd yerlərinə qovuşdular. Ardınca bu ilin martında Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndində Böyük Qayıdış proqramı çərçivəsində məskunlaşma həyata keçirilib.
Növbəti ünvan isə Laçına oldu. Bu günlərdə keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanıb. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşırlar.
Laçına qayıdışın 28 may - Müstəqillik Günündə həyata keçirilməsi və Prezident İlham Əliyevin həmin gün Laçın şəhərinə qayıdan sakinlərlə görüşü, onlara evlərin açarlarını təqdim etməsi də rəmzi məna daşıyır. Dövlət başçısı sakinlərlə görüşdə bu məqama xüsusi toxundu: "Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar". Bu görüşün 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası olduğunu vurğulayan Prezident deyib: "Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir".
Dövlət başçısı əlavə edib ki, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir: "Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır". Ümumilikdə 7-8 ay ərzində 700 bina inşa edilib ki, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli binadır. Artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Ölkə rəhbəri bildirib ki, Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı çox dəqiq təsəvvürümüz var və ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.
Millət vəkili Cavanşir Feyziyev isə deyib ki, işğaldan azad edilmiş bütün ərazilərin tezliklə minalardan təmizlənməsi və düşmən tərəfindən yaşanılmaz hala salınmış şəhər və kəndlərimizin ən müasir yaşam standartlarına uyğun şəkildə yenidən tikilməsi ölkə başçısı tərəfindən dövlətin prioritet vəzifəsi olaraq müəyyənləşdirilib: "Azad edilmiş torpaqlara qayıdış yalnız öz evlərinə qayıtmaq imkanı əldə etmiş soydaşlarımızı yox, bütün Azərbaycan xalqını sevindirir. Coğrafi baxımdan çox vacib strateji mövqedə yerləşən Laçının yenidən məskunlaşması Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın çox vacib mərhələsidir. Prezidentin şəxsi nəzarəti və bilavasitə yaxından iştirakı ilə həyata keçirilən quruculuq - abadlıq işləri yaxın illərdə bütün soydaşlarımızın öz doğma yurdlarına ləyaqətli qayıdışını təmin edəcək".
Millət vəkili Fatma Yıldırım bildirib ki, 28 May - Müstəqillik Günündə Azərbaycan xalqı olaraq tarixi anlar yaşadıq. Məhz uzun illərdən sonra Laçın şəhərinin bir qrup sakini öz doğma yurduna qayıtdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 28 May Müstəqillik Günündə onlara evlərinin açarlarını təqdim etdi. Dövlət başçısının azad olunmuş ərazilərimizə hər bir səfəri xalqımıza yeni müjdələr verir.
Fatma Yıldırım sözlərinə görə, artıq Şərqi Zəngəzur və Qarabağda həyat canlanmağa başlayıb: "Prezident azad olunmuş ərazilərimizə hər səfərində vəziyyətlə tanış olmaqla yanaşı, böyük qayıdışa hədəflənən təməlləri atır. Bu günlərdə Kəlbəcər və Laçında da yeni təməllər atıldı, eləcə də bəzi obyektlərin açılışı gerçəkləşdirildi".
Millət vəkili qeyd edib ki, azad olunmuş ərazilərə böyük qayıdışımızın ilk müjdəsi ötən il Zəngilan rayonunun Ağalı kəndində olub: "Bu ilin martında Tərtər rayonunun Talış kəndinə qayıdışımız gerçəkləşdi. 28 May - Müstəqillik Günündə Laçına qayıdışın başlanması isə çox qürurvericidir". Onun dediyinə görə, Azərbaycanın ən gözəl guşələrindən biri Laçın rayonunda ermənilər 28 illik işğal zamanı vandalizm aktı törədiblər: "Amma dövlətimiz tərəfindən böyük quruculuq işləri həyata keçirilir, bu ərazilərdə həyat yenidən canlanır. Laçın şəhərinin sakinləri ilə görüşündə Prezidentimiz onları qayıdış münasibətilə təbrik etdi. Dövlət başçısının dediyi kimi, Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sakinlərin ixtiyarına verilib. Prezidentimiz Laçın sakinləri ilə görüşü zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən də danışdı. Biz sülhün tərəfdarıyıq. Əgər erməni tərəfi prosesi pozmasa, yaxın zamanlarda sülh əldə etmək mümkündür. Lakin sülh sazişi imzalanmasa belə, Azərbaycan öz təhlükəsizliyini tam təmin edəcək. Ona görə də sülh daha çox Ermənistana lazımdır. Cənab Prezidentin Qarabağda yaşayan ermənilərlə bağlı fikirləri də çox önəmlidir. Bununla da, dövlətimiz öz şərtlərini açıqladı. Bu ərazimizdə qondarma qurumların ləğv olunması başlıca şərtdir. Onlar yalnız Azərbaycan qanunları çərçivəsində torpaqlarımızda yaşaya bilərlər. Cənab Prezidentin fikirləri ermənilər və onların havadarları üçün ciddi mesajdır. Hər kəs bu mesajlardan nəticə çıxarmalıdır".
Millət vəkili Müşfiq Cəfərovun sözlərinə əsasən, Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir: "Artıq iki ildir işğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan və 30 il müddətində viran qoyulan Qarabağ yenidən qurulur. Ötən iki il ərzində azad edilən ərazilərdə bir sıra layihələr başa çatdırıldı, eyni zamanda, yenilərinin təməli qoyuldu. Qısa müddətdə Qarabağda iki beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən xəbər verir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilməlidir. Qarabağın ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur. Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır. Düşünürəm ki, bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur regionuna aid olan Kəlbəcər və Laçın bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, yay və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Qarabağın azad və innovativ iqtisadiyyat mərkəzinə çevrilməsi üçün dövlətin bütün imkanları mövcuddur. İki il kimi qısa müddətdə Qarabağ öz doğma sakinlərinə qovuşdu və mühüm işlər görüldü. Hazırda prioritet işğaldan azad edilmiş ərazilər və milli təhlükəsizlik olduğu üçün bu istiqamətdə işlər görüləcək. Xüsusən də, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurulmasına daha çox vəsaitin ayrılması həyata keçiriləcək. Bu istiqamətdə daha çox vəsaitin ayrılacağı nəzərdə tutulur. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə və bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək. Eyni zamanda, 2026-cı ilədək 34 min 600 ailə Qarabağ və Şərqi Zəngəzura köçürüləcək. Bu, təxminən 150 min vətəndaş deməkdir".
İsgəndər HƏSƏNOV
525-ci qəzet.- 2023.- 3 iyun.- S.15.