Zəngilanda bir Əliş dayı vardı...
Zəngilanın zəngin təbiəti
həm də gözəl xarakterlər formalaşdırıb. Elə
xarakterlər ki, on illərdi,
yüz illərdi həm tarixdə yaşadılır, həm
də yaddaşlarda. Qaya, dağ sərtliyi deyirik, meh həzinliyi deyirik, bulaq, çeşmə duruluğu deyirik, ... Zəngilanlıların xarakterində
torpağa görə,
dövlətə, dövlətçiliyə
görə qaya, dağ sərtliyi də var, meh həzinliyi də, çeşmə, bulaq duruluğu da. ...Neçə on illər tanıdığım zəngilanlıların
xarakterində gördüklərim,
müşahidə etdiklərim
Zəngilanı, Zəngilanın
təbiətini xatırladıb.
Ehtiramla xatırlananlar
tarixin yaddaşında
həmişə yaşayacaq.
Bu anlarda həmişə
düşüncələrimin mehrabı olan bir bəstə-mahnı düşür yadıma:
"Kimlər gəldi,
kimlər getdi, Bu dünyadan, bu dünyadan...". Dünyadan
gedənləri təəssüflə
xatırlasaq da, bu təəssüfdə bir
ürək tutumunca qürur da var. O qürur geniş miqyaslı qürurdu; tanıyanların
hamısının qürurudu.
Ömrümün Zəngilanlı
illərində tanıdığım,
sevdiyim insanları indi də həmin
qürurla xatırlayıram.
Özünə görə,
Zəngilana, Zəngilanın
timsalında Azərbaycana,
zəngilanlılara, zəngilanlıların
timsalında azərbaycanlılara
sevgisinə görə...
Əliş Qasım oğlu
Əliyevi də belə tanımışam,
belə sevmişəm.
Ailədə, qohumlarımgildə, məktəbdə onun haqqında həmişə
xoş sözlər eşidirdim. Mənə elə gəlirdi ki, bu xasiyyətli adamları tanımamaq günahdı. Tanımasan
son nəfəsinəcən təəssüflənəcəksən. Necə deyərlər, yaxşını görməmək
böyük günahdı.
Əliş dayının 1912-ci ildə
Zəngilanın Ağkənd
kəndində anadan olduğunu bilirdim. Xüstüb dağının
ətəklərinə sığınmış
bu kəndin ecazkarlığı təbiətin
möcüzələrindəydi. Onu da bilirdim ki, Bakı Maliyyə-Kredit Texnikumunu bitirib. Zəngilanda maliyyə şöbəsində müxtəlif
vəzifələrdə işləyib.
Sonra bu şöbənin
müdiri olub. Əliş Qasım oğlu kimi insanlar üçün yüksək məsuliyyət
hissi olub; belə bir vəzifədə
bu təhsillə kifayətlənməyən Əliş
Qasım oğlu Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
(indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə-kredit
fakültəsini də
bitirib. Söz düşəndə ürək
isindirdiyi adamlara deyərmiş: Yaxşı
kadr üçün işlədiyi sahə üzrə müəmma, çətinlik, nabələdlik
olmamalıdır. Ali təhsil
bu dediklərimi aradan qaldırır. Təcrübə ilə təhsil bir-birini tamamlayanda kollektivin işində ləngimələr,
nöqsanlar olmur...
Eşitdiyim bir hadisə indiyəcən yaddaşımdadı.
O illərdə rayon Partiya
Komitəsinin birinci katibinin sözünün üstünə söz deməyin nə olduğunu xatırlatmağa
ehtiyac duymuram. Təmiz işləməlisən,
kimsənin yanında gözükölgəli olmamalısan,
bunların davamı kimi cəsarətli olmalısan. Əliş Qasım oğlu belə kadr olub.
Büro
iclaslarının birində
rayonun maarif şöbəsinin işi
ilə əlaqədar
məsələ müzakirə
edilirmiş. Birinci katib rayon maliyyə şöbəsinin rəisi
Əliş Əliyevdən
niyə maarif şöbəsinə pul ayrılmamasını ciddiliklə
soruşur. Əliş
Əliyev həmin ciddiliklə də cavab verir ki, ayrılan pul Xalq Deputatları Sovetinin sessiyasında təsdiq edilib, pulu onlar alıblar
da, xərcləyiblər də.
Hara, necə, bunu müəyyənləşdirmək lazım idi. Pulun niyə çatmadığını bu
fikir aydınlaşdırdı.
Vəzifəndən istifadə
edib məni səbəbsiz yerə günahlandırma. Mənimsənilmiş
pullarla əlaqədar
yoxlama aparmışıq,
sənədlər prokurorluqdadır.
Mən ora əlavə pul buraxmayacam.
Bu qətiyyət savadın qətiyyətiydi, düzgünlüyün,
dürüst işin,
vəzifə borclarına
məsuliyyətin qətiyyətiydi.
Rayon ictimaiyyəti də
bunu belə bildi, Maliyyə Nazirliyi də. O hadisənin şahidlərinin
əksəriyyəti indi
həyatda yoxdu. O hadisənin mahiyyəti istər gənclərə,
istərsə də bu və ya
digər sa-hədə
işləyənlərə bir gerçəkliyin fəlsəfəsini aşılayır:
Ömür budur!..
Hər
yeni maliyyə naziri Zəngilan rayon maliyyə şöbəsinin müdirini
etibarlı qeyri-rəsmi
zəmanətlərlə tanıyır,
az müddətdən
sonra bu tanıma etibara, inama, ehtirama dönürdü. Maliyyə
Nazirliyində bilirdilər
ki, Zəngilan rayon Maliyyə
şöbəsinni əməkdaşları
müdirə inanır,
güvənir. Haqqın
tərəfini saxladığına
görə, haqqın
cəfakeşi olduğuna
görə, yaxşı
işi dəyərləndirdiyinə
görə...
Necə
insan idi Əliş Qasım oğlu? - Əliş Qasım oğlu xırda yerişli adam olub. Buna astagəllik demək böyük günahdı.
Əliş dayının
sevdiyi bir kəlam da olub: vaxtında görülməyən
iş dəyərini itirir. Əliş dayı heç bir işin dəyərini
itirməsinə imkan verməzdi. Çağırdığı
adamın "Gəlirəm"
kəlməsinə ciddiliklə
"Gəl!" deyərdi,
bu və ya digər iş
görülməli idisə,
"Görəcəm" deyənə ciddiliklə
"Gör!" deyərdi.
Bu xarakterinə görə
rayon Maliyyə şöbəsində
heç bir iş xırda ləngimə olmadan vaxtında yerinə yetirilərdi. Əliş Əliyev 1940-cı ildən
1980-ci ilə kimi, 40
il bu vəzifədə
belə işlədi...
1941-ci ildə Böyük Vətən müharibəsi
başladı. Azərbaycan
da bu müharibənin
qarşıdan gələn
ağrı-acılarını yaşayacaqdı. Onda minlərlə azərbaycanlı
gənc döyüşlərə
aparıldı. Əli
silah tutanlar hökumətin nəzərində
düşmənlə döyüşməli
döyüşçü idi. Onda Əliş
Əliyevi də döyüşlərə çağırdılar.
Rayon Maliyyə şöbəsinin
müdiri olsa da. Onda Maliyyə Nazirliyi bu çağırışı
dayandırmağı zəruri
bilmişdi. Arxa cəbhədə istehsalın
ləngiməməsinə görə,
bir rayonun maliyyə sisteminin dolaşığa düşməməsinə
görə, həm də o rayon İranla sərhəddə olduğuna
görə; sovet ideologiyası bu və ya digər
rayonun təsərrüfat
problemlərinin xarici dövlətlərdən birinin
müşahidə etməsinə
imkan verməzdi. Maliyyə Nazirliyi Nazirlər Soveti qarşısında vəsadət
qaldırdı, Əliş
Əliyevin Zəngilanda
maliyyə sistemində
yeganə bacarıqlı
kadr olduğunu xatırlatdı, belə bir kadrın müharibəyə aparılmasını
məqsədəuyğun bilmədi,
hökumətin həm
ön cəbhədə,
həm də arxa cəbhədə yüksək döyüş
ruhunun saxlanmasını
tələb etdiyini də xatırlatdı. Əliş Əliyev xüsusi icazə (buna
"bron" deyirdilər)
ilə Biləcəri
çağırış məntəqəsindən geri
qaytarıldı...
Böyük Vətən müharibəsi
illərində də
dürüst işi ilə tanındı, sevildi. Rayon rəhbərliyi
dəyişirdi, biri digərini əvəzləyirdi.
Yeni gələn birinci
katiblər, rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin
sədrləri camaatın
təmizlik, paklıq simvolu kimi tanıdığı
Əliş Əliyevi
belə tanıyırdılar,
ona inanırdılar.
Bunun nəticəsiydi ki, Əliş
Qasım oğlu 40 il
(! - B.M.) rayon Maliyyə şöbəsinin
müdiri işlədi.
Əsgər ailələrinə xüsusi
diqqət yetirirdi. Qanun həddində şöbənin vasitəsiylə,
özünün təşəbbüsü
və özünün
vəsaiti ilə.
"Bu müharibə hamımızın
taleyindən keçir.
Kimi döyüşlərdədi, kimi həm özünün,
həm də döyüşlərdə olan
əzizinin əvəzinə
işləyir. Biz də
ruhən döyüşlərdəyik.
Döyüşlərdə olanların hamısı bizim də əzizimizdi...",
- Əliş dayı belə deyərmiş. Rayona gələn hər qara kağıza
görə qəlbi qan ağlayarmış. Müharibə başa çatanda ilk dəfə
göz yaşı görünüb kirpiklərində.
Ağrı-acıların sonlandığına
sevinib, gedənlərin
dönəcəyinə inanıb,
sönən ocaqların
yenidən alışacağına
ümidlənib...
Əliş Qasım oğlu
səliqəli adam olub. Səliqəni sevib. Bu sevgini milli mentalitet səviyyəsində
dəyərləndirərdi. "Üst-başı səliqəli
olmyan adamın işi də səliqəli olmur. Səliqəsiz iş həmişə nöqsanlı
işdir...", - sonralar
bu kəlamın nə qədər dəyərli olduğunu
rayon Komsomol Komitəsində, rayon Partiya Komitəsində.
Rayon Xalq Deputatları
Soveti İcraiyyə Komitəsində işləyəndə,
ərazi özünümüdafiə
taborunda, Müdafiə
Nazirliyində xidmət
edəndə daha əhatəli duymuşdum.
Bu gün də həmin kəlam mənim iş üslubumun başlanğıcıdır...
Bir aqildən soruşurlar: Ən xoşbəxt insan kim olub?
Aqil bir qədər düşünərək cavab
verib: Rəiyyətin sevdiyi padşah xoşbəxt padşah olub, döyüşçülərin
sevdiyi sərkərdə
xoşbəxt sərkərdə
olub, camaatın sevdiyi usta xoşbəxt
usta olub. İndi xalqın sevdiyi rəhbər xoşbəxt
rəhbərdir, əməkdaşların
sevdiyi məmur xoşbəxt məmurdur. Zəngilan rayon Maliyyə şöbəsinin əməkdaşları
Əliş Əliyevi
sevirdi; Əliş Əliyev xoşbəxt insan idi. Hər
səhər işçilərin
sayı qədər təbəssümlə salamlaşırdı.
Şöbənin geniş
həyətini böyük
dünyamızda ruhunun
dünyası bilirdi.
Bu dünyanın gözəlliyinin
mühafizəkarı olmaqla
özünü bəxtəvər
sayırdı Əliş
dayı. Belə adamlara el arasında
"böyüklə böyük,
kiçiklə kiçik
olan adam" deyirlər. Yəni sadə adam. Aqillər sadəliyi insanın daxili aləminin Günəşi
adlandırır.
Əliş Əliyev rayon Maliyyə
şöbəsinə gələnləri
səbrlə dinləyərdi.
"İdarənin qapısını
haqq qapısı bilməyənin insafını
yellər aparsın. Özünü onun yerinə qoy. Gör sənə belə münasibət olarsa, nə edərsən...", - Əliş
Qasım oğlu hərdən şöbənin
işçiləriylə kəlmələşəndə
belə deyərdi.
Hamıya
kömək eləməyə
çalışardı. Qanun
həddində, qanunun
tələblərini pozmadan.
Xahişə gələnin
istəyi qanunu aşardısa, onu hərtərəfli başa
salardı, mümkünsüzlüyünü
izah edərdi. 40 ildə o qapıdan xahişi yerinə yetirilən də, yetirilməyən də narazı qayıtmayıb;
Zəngilanlılar dürüst
kişinin dürüst
sözlərini etiraz,
inkar bilməyib, mümkünsüzlük bilib...
Halallıq.
Halal şörək...
İstər milli-mənəvi dəyərlərimiz,
istərsə də qanun bu kəlmələrin
dönməzliyi əsasında
formalaşıb. Əliş
kişi belə bir ömür yaşadı. Halal ömrü
onu son nəfəsindən
sonra da ehtiramla yaşatmaqdadı. Yaxından
tanıyanlar deyirdilər
ki, (özüm də
görürdüm ki!) Əliş
Qasım oğlu rayona gələn qonaqları ancaq öz evinə aparır. "Qonaqdısa,
evimə aparmalıyam.
Dəxli yoxdu, qohum-əqrabadımı, yoxsa
Nazirliyinmi nümayəndəsidi...",
- deyərdi.
Sadə
insan idi Əliş Qasım oğlu. Belə adamlara xalqın adamı deyirlər...
Uzun illər səmərəli
və qüsursuz işinə görə Əməkdar
maliyyə işçisi
fəxri adına layiq görülüb,
SSRİ Maliyyə Nazirliyinin
və Dövlət İdarəetmə Orqanları
Həmkarlar İttifaqı
Mərkəzi Şurasının
fəxri fərmanıni
ilə təltif edilib.
1985-ci ildə dünyadan köçən Əliş
dayının oğlanları
Fəxrəddin, Sədrəddin,
Qasım, İmran, qızları
Əminə, Safura ata adına böyük rəğbət gətirib.
Bu gün nəvə-nəticələri
də babalarının
təqdirəlayiq həyat
yolunu, nəslin nümunəvi örnək
ənənələrini şərəflə
davam etdirirlər.
Əliş Qasım oğlu
vardı bu dünyada. Tanıyanlar onun ağsaqqallığına,
sözübütövlüyünə, dürüstlüyünə sığınırdı.
Məsləhətlərini dinləyə-dinləyə aylarını
il, illərini ömür
edirdi. İllər sonra unudulmayan Əliş dayını xoş xatirlələrlə
yada salır, "Kimlər
gəldi, kimlər getdi Bu dünyadan, bu dünyadan..." deyirik.
Zəngilanda Əliş Əliyev
vardı, Əliş dayı kimi sevilirdi...
Bayram
MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant,
Əməkdar müəllim
525-ci qəzet.-
2023.- 7 iyun.- S.15.