50 illik yolun yolçuları

 

Hər birimizin həyatında məktəb adlı mütləq bir yol var. İlləri bəlli olan bu yola uşaq ikən qədəm qoyub, yeniyetmə olaraq əlimizdə kamal attestatı adlı bir vəsiqə ilə həyatın astanasından daxil oluruq. Həyatın dolanbac yolları ilə qədər yürüyəcəyimizi bilmədən, illəri adlaya-adlaya gedirik. İllər ötsə , yaş üstünə yaş gəlsə , kimliyimizdən asılı olmayaraq, saçımıza iz salan cığırlara baxmayaraq, məktəb illərini nəinki unuda bilmir, təkrar o illəri yaşamaq kimi bir xəyal dünyası belə, bizi tərk etmir.

 

Evdən məktəbədir sənin ilk yolun,

Bu yol böyüyəcək, genişlənəcək.

Səni qaldıracaq göylərə bir gün,

Bu yola göylər baş əysin gərək.

 

Uğurlar, bu yola min-min uğurlar,

Cəfasız bu yolun səfası nədir?

Bil ki bütün yollar, bütün cığırlar,

Məktəb yollarından ayrılıb gedir.

 

Hər dəfə məktəb adı çəkiləndə, ya da bizlərin məbəd saydığı, Azərbaycan təhsilində  hegemon olan 190 saylı məktəbin yanından keçəndə, özlüyümdə bu misraları mütləq pıçıldayıram. Müəllifini bilmədiyim bu bir bənd şeirə dəfələrlə yazılarımda yer vermişəm, çünki bu misralarda məktəbə vida deyən hər kəsin hissləri incələnib. Söhbəti əbəs yerə açmadım. O vaxtdan yarım əsr keçib, çox hadisələr baş verib, hətta məktəblərdə artıq son zəng gününün tarixi dəyişib. Amma 50 illik bir zaman kəsiyində qalan bizlər üçün həmin gün olduğu kimi qalıb - 25 may 1973-cü il... Bu ilin əvvəlindən həmin günə bir daha qayıtmaq üçün yola çıxdıq. Artıq o yeniyetmələr bəlli bir yaş çağında olsaq da, günləri saymağa başladıq. 190 saylı məktəbin 25-ci buraxılışı olan üç sinif bizlər yarım əsri adlayaraq, bu günə gətirib çıxaran zamanın ən xoşbəxtləri idik sanki. Görüş yerimizin isə dəyişməz bir ünvanı vardı - 190 saylı məktəb... Bir zamanlar əlimizdə çanta bu həyətdə sıraya düzlənən balacalar indi bir-bir cəm olduqca, hərənin içindən, xəyalından nələr keçdi, hansı hisslər yaşandı bilmirəm. Bildiyim o oldu ki, hamının çöhrəsində bir uşaqlığın izi özünü gizlədə bilmədi...      

 

Azərbaycan təhsil sisteminə möhür vuran, zamanında bənzəri olmayan, Sona Tağıyeva kimi bir şəxsiyyətin rəhbərlik etdiyi 190 saylı məktəb biz təhsilə yeni başladığımız illərdə Qırmızı Əmək Bayrağı Ordeninə layiq görülmüşdü. Bu, SSRİ adlı bir məkanın orta təhsil ocağı üçün ali bir mükafat idi. Məktəbin astanasından daxil olan kimi: "Yadda saxla ki, sən ordenli məktəbdə oxuyursan" şüarını hər gün oxuyurduq. Bu yalnız Sona müəllimə kimi unikal bir təhsil işçisinin nümunəsi ola bilərdi. Dünyanın hər yerindən saysız qonaq qəbul edərdi bu məktəb keçirilən bütün tədbirlərdə bizlər mütləq iştirak etməli idik. Xarakterinə xas olmasa da, Sona müəllimənin bizim sinfimizə xüsusi rəğbəti vardı, çünki biz fərqli bir sinif kimi məktəbin tarixində bu gün qalmışıq. Məktəbi ənənəvi olaraq 10 deyil, 9 ilə bitirən bizlər Sona müəllimənin bu rəğbətindən istifadə etməyi ağlımızın ucundan belə keçirməzdik, çünki sonda cəzalanmaq qaçılmaz idi. Biz hər tərəfli fərqli bir sinif olduq - oxumaqda da, ictimai işlərdə , tədbirlərdə , dəcəllikdə . Hətta dərsdən qaçanda belə, bunu kollektiv şəkildə edərdik. Məktəbi tez bitirmək arzusu ilə yaşasaq da, məşhur bir mahnıda deyildiyi kimi: "Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi". Beləcə, sonunda biz məktəbə əlvida dedik yalnız son zəng günü nələri itirdiyimizin fərqinə vardıq.

Bu gün isə yarım əsrdən sonra ələnə-ələnə üç sinifdən cəmi 37 nəfər bir yerə cəm ola bildik. Aramızda itkilərimiz az deyil. Allahdan hamısına rəhmət diləyirik. Bir neçə saat 50 illiyimizi qeyd etdiyimiz o möhtəşəm gecədə müşahidə etməyi hər şeydən üstün tutan mən gördüm ki, heç demə biz daxilən heç böyüməmişik . Bu kiçik toplunun içində alimindən tutmuş çox sahələrin peşəkarları vardı. Lakin buna rəğmən biz 50 il əvvəlki şagirdlər idik. Xatirələr, söz-söhbət o qədər idi ki, vaxtın necə keçdiyini bilmədik əlindən oyuncağı alınan uşaqlar kimi məlul-məlul məkanı tərk etdik. Bu kiçik xatirə yazıma yenə müəllifini bilmədiyim bir bənd şeirlə nöqtə qoymaq istəyirəm:

 

Zəng çalan, olar, əlini saxla,

Bu şagird ömrümü uzat bir an da.

Bu məktəb, bu bina, bax, bu divarlar,

Mənim olmayacaq zəng çalınanda.

O zəngdən isə artıq 50 il ötüb...

 

SÖZARDI: Bu gün cəmiyyətdə tutduğumuz mövqeyə görə  7 yaşından bizə həyat dərsi keçən Sona Tağıyevanın, bizi yetişdirən müəllimlərimizin ruhu qarşısında baş əyirik. yaxşı ki, bizlər sizin yetirmələriniz ola bilmişik. Biz isə, əziz uşaqlar, gəlin xatirələrimizdə elə şagird olaraq da qalaq. Sizin

 

Tamilla MƏMMƏDZADƏ

525-ci qəzet.- 2023.- 7 iyun.- S.13.