33 ildir
yol gələn "Qarabağ"lı
Sərlövhəni oxuyanda onu tanıyanlar söhbətin kimdən getdiyini yəqin ki, o saat təxmin etdilər. Elə isə tanımayanlar üçün deyək:
söhbət ötən
əsrin 90-cı ilinin
yayında dövlət
tərəfindən ona
göstərilən etimadı
ləyaqətlə doğruldan,
sıfırdan redaksiya
quran, "Qarabağ"
adında qəzeti yaradan Çingiz Tofiq oğlu İsmayılovdan gedir. Riyazi dillə desək, yaxşı insan teoreminin bütün çalarları
onun əməllərində,
arzularında, Vətən,
yurd sevgisində, vətəndaş mövqeyində
əks olunub.
Ağdamda, Tofiq kişinin
yurdunda dünyaya göz açan, böyük türk sərkərdəsinin şərəfinə
adı Çingiz qoyulan körpənin bəxtini və taleyini su kimi
axan zaman öz əriş-arğacından keçirdi.
Gəncliyində Bakı
Dövlət Universitetində
ali təhsil aldı, keçmiş Dağlıq Qarabağın
azərbaycanlılar yaşayan
kəndlərində müəllim
kimi fəaliyyət göstərdi. Bacarığını,
savadını, işgüzarlığını
nəzərə alaraq
onu keçmiş vilayət rayon partiya komitəsində məsul işə dəvət etdilər. Münaqişə
başlayana kimi Çingiz İsmayılov
keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətində azərbaycanlıların
hüquqlarının qorunmasında
öz köməyini əsirgəmədi, həmişə
haqqın və haqlının tərəfində
dayandı. Məlum hadisələrdən sonra
bir müddət
AZƏRTAC-ın Qarabağ
üzrə bölgə
müxbiri işlədi,
baş verən hadisələrin episentrindən
xəbərlər verdi,
azərbaycanlı əhalinin
üzləşdiyi faciələr
haqqında məqalələr
yazdı. 1990-cı ilin
yayında Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
qərarı ilə
yeni təsis edilən
"Qarabağ" qəzetinə
baş redaktor təyin edildi.
Həmin
təzadlı və təhlükəli bir məqamda "Qarabağ"
qəzetinin nəşrə
başlaması iyirminci
əsrin sonlarında Azərbaycan mətbuatına
yeni bir nəfəs,
yeni bir yanaşma gətirdi. Keçmiş Dağlıq Qarabağda yaşayan ermənilərin
üç qəzeti olduğu halda orada yaşayan azərbaycanlıların öz
doğma dilində qəzeti olmayıb. "Qarabağ" qəzeti qısa müddət ərzində həmin boşluğu layiqincə doldurdu. Mürəkkəb
və ziddiyyətli bir dövrdə qəzet öz səhifələrində Qarabağın
keşməkeşli tarixini,
baş verən qanlı hadisələrin xronologiyasını yazır,
ermənilərin törətdiyi
cinayətlərin miqyasını
araşdırır, oxuculara
çatdırırdı.
Çingiz İsmayılovun rəhbərliyi
ilə "Qarabağ"
qəzeti bir çox faciələrin şahidi oldu, bölgədə gedən
prosesləri öz səhifələrində doğru-dürüst
şəkildə işıqlandırdı,
öz mövqeyini ortalığa qoydu. Qəzet ermənilərin azərbaycanlılara qarşı
törətdiyi Qaradağlı,
Xocalı faciələrindən,
21 noyabr helikopter cinayətindən, Ağdaban
qətliamından və
I Qarabağ müharibəsinin
od-alovundan keçdi. Çingiz müəllim və qəzetin əməkdaşları Xocalı
faciəsində Şelli
dağından, Qaraqayadan
erməni canilərdən
qurtulan yaralı xocalılıları Ağdam
mərkəzi xəstəxanasına
daşıdılar, köməksiz
insanların harayına
yetişdilər.
"Qarabağ" yeganə qəzetdir ki, 1992-ci il fevralın
25-dən 26-na keçən gecə Xocalıda baş verən faciəni 27 fevral sayında soyqırımı
adı ilə oxuculara çatdırdı.
Sözün əsl mənasında,
o ağır günlərdə
"Qarabağ" qəzetinin
səhifələri də
qan ağlayırdı.
Çingiz müəllim açıq
düşüncəli, polemikaya
hazır olan, demokratik dəyərlərə
üstünlük verən
baş redaktordur.
"Qarabağ" qəzetini
yaşatmaq üçün
33 ildir gəldiyi yol heç də hamar olmayıb,
adını daşıdığı
bölgənin taleyi ilə birgə döyünüb. "Qarabağ"
qəzeti çox ağır və şərəfli bir yol keçib, maliyyə çatışmazlığı
üzündən nəşrini
dayandırmaq zorunda qalıb, əməkdaşlar
aylarla əməkhaqqı
ala bilməyib. Bax həmin ağır illərdə qəzetin baş redaktoru Çingiz Tofiqoğlu var qüvvəsi ilə çalışaraq sadiq dostlarının köməyi,
xeyirxah, böyük insanların himayədarlığı
ilə "Qarabağ"
qəzetini yaşadıb.
Qəzeti ölüm ayağından xilas edənlərə bu gün də minnətdarlıq borcumuz
var.
Bir yaşımızı, Şuşada,
İsa bulağında qeyd
etmişdik. 1991-ci il
iyul ayının 1-də
Şuşaya getmək
çox təhlükəli
idi, demək olar ki, hər
gün qanlı hadisələr baş verirdi. Belə ağır bir təhlükəyə baxmayaraq,
qəzetin baş redaktoru Çingiz Tofiqoğlu "Qarabağ"ın
bir yaşını Şuşada keçirməyə
qərar verdi. "Qarabağ"ın 10 və
20 yaşı isə məcburi köçkünlük
illərinə düşdü,
sevincimiz həsrətimizə
qovuşdu, yurdsuzluq ağrısı ilə əlamətdar günü
qeyd etdik. 30 yaşımız isə dünyanı cənginə
alan koronavirus pandemiyasının can aldığı bir vaxta təsadüf etdi.
"Qarabağ" həmişə öz oxucularına aşılayırdı ki, torpaqlarımız mütləq işğalçılardan azad ediləcək, doğma yurd yerlərinə qayıdacağıq. Və həmin tarixi gün gəldi, 2020-ci il noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanıldı. Artıq iki ildən çoxdur ki, Vətən müharibəsindəki möhtəşəm Qələbənin və şanlı Zəfərin xoşbəxt günlərini yaşayırıq. "Qarabağ" qəzetinin əməkdaşları möhtərəm Prezidentimiz cənab İlham Əliyevə - küskün qəlbimizi, həyatımızı və gələcək arzularımızı fədakar fəaliyyəti ilə dəyişən, uzun illər boyu işğal altında qalan torpaqlarımızı düşmən işğalından qurtaran, biz qarabağlılara bütöv bir dünya bəxş edən müzəffər Ali Baş Komandana güvənir. Bizim sabaha inamımız çox güclüdür. Bu inamı bizdə Prezidentimiz cənab İlham Əliyev yaradıb. Bu inam bizə ruh verir və inanırıq ki, "Qarabağ" bir gün mütləq Qarabağa qayıdacaq! Elə bu arzularla da 33 ildir yol gələn "Qarabağ"lı Çingiz İsmayılovun ad günün təbrik edir, uca yaradandan ona cansağlığı diləyirik.
Salman
ALIOĞLU
525-ci qəzet.- 2023.- 10 iyun.- S.20.