Şəhadət yolundan dönməyən qəhrəman
Vətəni necə, hansı
duyğularla, nə boyda ürəklə sevmək gərəkdir
ki, onun üçün
ölümü "gözəldir"
adlandıra biləsən?!
Nə boyda eşq daşımalısan
qəlbində, qanın
damarlarında hansı
məhəbbət coşğusu
ilə axmalıdır
ki, ailəni, övladlarını,
səni sevənləri,
hətta öz canını belə düşünmədən məhz
Vətənin, yurdun köməyinə tələsəsən?
Onun üçün şəhid olmağa belə sevinərək gedəsən?! Özü
də bunu səndən heç kim tələb etməmiş, heç kim istəməmişkən...
Vətən müharibəmizin qəhrəman
şəhidlərindən Kamran Fərəcov məhz bu ürəyin, bu sevginin, bu
munis duyğunun sahibi idi. Onun
vətən boyda qəlbi elə vətəni üçün
döyünürdü ki, sonunda
onu nə gözlədiyini bilə-bilə
Vətəninin dar günündə cəbhəyə,
əsgərlərinin, yoldaşlarının
yanına tələsdi.
Özündən sonra
hələ neçə
nəsillərə nümunə
kimi danışılacaq
qəhrəmanlıq dastanı
qoyaraq...lll
Kamran Qılman oğlu Fərəcov 14 yanvar
1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində
anadan olub. 1984-1995-ci illərdə Astaradakı
2 nömrəli məktəbdə
təhsil alıb. Savadı, məsuliyyəti,
davranışı ilə
fərqlənib.
Onun vətən sevgisi, yurd məhəbbəti elə uşaqlığından
hər sənətinə
maraq yaratmış, onu elə gənc
yaşlarından bu sənətə gətirmişdi.
Belə ki, o, 1995-ci ildə
Bakı Ali Birləşmiş
Komandanlıq məktəbinin
Taktiki Tank Qoşunları
komandiri fakültəsinə
daxil olub. 1999-cu ildə leytenant kimi məzun olan Fərəcov Bakıda taqım komandiri vəzifəsində
xidmətə başlayıb.
Sonra Ağdamda, Gəncədə,
Goranboyda cəbhə bölgəsində xidmət
edib. Hər zaman məsuliyyətli, tələbkar,
cəsarətli və
peşəkar zabit kimi fərqlənən, verilən tapşırıqları
canla-başla yerinə
yetirən komandir nümunəvi xidmətinə
görə, 2018-ci ildə
"Azərbaycan Ordusunun
100 illiyi" yubiley medalı ilə təltif edilib.
Səhhəti ilə bağlı
xidmətdən ehtiyata
buraxılan K.Fərəcov
2020-ci il hadisələrində böyük narahatlıq keçirir, evə-eşiyə
sığmırdı. Axı
o, illərdən bəridir
məhz bu günü, bu müharibəni gözləmişdi.
O, sərrast zabit uzaqgörənliyi ilə yaxşı dərk edirdi ki, 30 illik təcavüzə qarşı
Ali Baş Komandanın
əmri ilə nəhayət baş qaldıran ordumuz ən son ünvana gedib çıxmayınca
dinclik tapmayacaq, silah yerə qoymayacaq. Bu orduda onun silah dostları,
tələbə yoldaşları,
bir zamanlar komandirliyini etdiyi əsgərləri də vardı. İndi onlar cəbhədə döyüşərək
Qarabağa gedən yolu çizərkən K.Fərəcov kimi peşəkar zabit evdə otura bilməzdi. Elə də olur. Qəhrəman hərbçimiz ailəsinin
etirazlarına da baxmadan
2020-ci il sentyabrın 20-dən könüllü təlimlərə
qatılıb, şəxsi
heyəti döyüşə
hazırlayır.
Həyat
yoldaşı Nuranə
xanım həmin zamanı belə xatırlayır: "Hərbçi
dostları ilə əlaqəsi vardı həmişə. Müharibə
gözlənilirdi. Kamran da "Gedəcəyəm" dedi.
"İki qızın
var, bronxların xəstədi,
ikinci qrup əlilliyin var, getməyə
bilərsən", - dedim.
Çox həyəcanlandı:
"Bunu bir də demə. Məni sındırarsan. Hərbçi dostlarım
orda, gənclər... İşğalda torpaqlarımız
var. Vətən müharibəsidir
bu. Özümü bağışlamaram
heç vaxt, bu yüklə yaşaya bilmərəm".
Heç
nə deyə bilmədim daha. "Şəhid olsam da eybi yox, Şəhidlik
də gözəldir"
- dedi sonda. Ləyaqətlə, kişi
kimi yaşadı. Gözəl yaşadı,
gözəl öldü...
Vətən üçün
- özü istədiyi
kimi... Ölümün
də gözəlini seçdi..."
Bəli,
çıxdığı bu yolun sonu
bəlli idi. Amma heç bir qüvvə igid kapitanı geri qaytarmaq gücünə
malik olmadı və
Kamran Fərəcov Qarabağ
uğrunda gedən döyüşlərə qatılır.
Uzun illərdən bəri arzuladığı
kimi...
Əsgərlər onu özlərinə
dayaq bilir, inanır, ondan güc alır, güvənirdilər. Azərbaycan
Ordusunun kapitanı
Kamran Fərəcov peşəkar
zabit kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistanın
işğalı altında
olan ərazilərin azad edilməsi üçün başlanan
Vətən müharibəsi
zamanı Cəbrayılın
və Qubadlının
azadlığı uğrunda
gedən döyüşlərdə
savaşıb. Əsgərləri
onu qorxmaz, cəsur komandir kimi tanıyıb. Onun qorxmazlığı heyranediciydi. Özü canavar kimi idi,
əsgərlərə də
hər an "canavarlarım,
bütün torpaqlarımızı
azad edəcəyik. Qarabağı azad edəcəyik!", - deyirmiş.
Vətənin cəsur oğlu
peşənin, vəzifənin
alisini seçdiyi kimi ölümün də gözəlini, ülvisini seçdi. O, oktyabrın 21-də Qubadlı
döyüşləri zamanı
qəhrəmancasına şəhidlik
zirvəsinə ucaldı
və doğulub-böyüdüyü
Astara rayonunda dəfn edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin
müvafiq Sərəncamlarına
əsasən Kamran Fərəcov
şəhadətindən sonra
"Vətən uğrunda",
"Cəbrayılın azad
olunmasına görə",
"Qubadlının azad
olunmasına görə"
və "İgidliyə
görə" medalları
ilə təltif edilib.
lll
2004-cü ildə Nuranə xanımla ailə həyatı quran Kamran Fərəcov 10 ilə yaxın bir zamandan sonra ata olmaq xoşbəxtliyinə nail olmuşdu. Allah bu gözəl ailənin səbrini, məhəbbətini bir-birindən gözəl əkiz qızlarla mükafatlandırmışdı. Dəniz və Şəms adını daşıyan bu gözəl balalar belə sevgi dolu, qayğıkeş ataya sahib olduqları üçün ən xoşbəxt uşaq kimi böyüyürdülər. Ta ki müharibə onları atalarından ayırana qədər. İndi onlar təkcə Kamran Fərəcovun qızları deyil, həm də bütün ömürləri boyu adını qürurla, şərəflə daşıyacaqları qəhrəman şəhidin övladlarıdırlar. O şəhid ki, onun üçün bütün dəyərlərdən, bütün sevgilərdən ən alisi Vətəni və övladları idi. Çünki Kamran Fərəcov və onun kimi şəhidlərimiz, qazilərimiz 30 ildir davam edən, yüzlərlə, minlərlə vətən övladının ölümünə səbəb olan işğalın sona yetməsi, gələcək nəsillərimizə qalmaması üçün bu şərəfli yolda yürüdülər. Onlar həm vətəndaşlığın, həm də atalığın ən uca zirvəsini fəth etdilər.
Şahanə MÜŞFİQ
525-ci
qəzet.- 2023.- 15 iyun.- S.15.