Milli Qurtuluş Günü - tariximizin sınaq anı

 

1991-ci ilin oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, məlum və mənfur qonşuların terrorçu-separatçı niyyət və fəaliyyətləri, eləcə də daxili səriştəsizlik, mənəm-mənəmlikdən doğan qarşıdurma və bəzi hallarda xəyanət təzahürləri fonunda ölkənin yaxın gələcək üçün taleyi şübhə altında idi. Vətənin bu ölüm-qalım dövründə Azərbaycanın xilas yolu alternativsiz olaraq, yalnız bir adla - böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı idi. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı yalnız xalqın təkidli tələbləri ilə deyil, TARİXİN HÖKMÜ VƏ MƏNTİQİ İLƏ baş verdi.

Milli müstəqilliyimizi gözü götürməyən istər qlobal, istər də regional miqyaslı düşmənlər yalnız torpaqlarımızı qamarlamaq, daxili səbatsızlıq yaratmaq deyil, ciddi-cəhdlə bir növ, Azərbaycan tarixinin gedişini dayandırmaq istəyirdilər. Bu mənada 1993-cü ilin 15 iyun günü millətin Ulu öndəri Heydər Əliyev tərəfindən Milli Qurtuluşumuzun təmin edilməsi ilə yanaşı, Azərbaycan Milli tarixinin də xilası günü anlamına gəlir.

Bu material üzərində işləyərkən, internetdə tarixçi alim, professor Cəbi Bəhramovun bir müsahibəsində rast gəldiyim maraqlı bir məqamı bölüşmək istəyirəm. O qeyd edir ki, Heydər Əliyev özünün uzun illər ərzində formalaşdırdığı milli strategiyasını Azərbaycanın istər xanlıqlar, istər də Rusiyaya birləşdirilmə və ondan sonrakı, eləcə də sovet dövründəki tarixinin ən vacib anlarını dərindən analiz edərək, çıxardığı nəticələr və onların gələcəkdə fəaliyyət üçün konseptual şəkildə nəzərə alınması üzərində qurub: "Heydər Əliyev bu hadisələri çox dərinliyi ilə, nöqtəsinə qədər bilirdi. O, 1967-ci ildə, hətta ondan əvvəlki dövrlərdə də dövlətin təhlükəsizlik orqanlarında işləyərkən, tarixçi alimlərlə mütəmadi görüşürdü. 1969-cu ildən 2003-cü ilə qədər bütün mərhələlərdə onun maraqlandığı sənədləri ona veriblər. Özü də dəfələrlə söhbətlərində tarixçi alimlərimizə "sizin 1918-ci il hadisələrinə, XI Qızıl Ordu və Dağlıq Qarabağla bağlı məsələlərə münasibətinizi bilmək istəyirəm" deyirdi".

Milli Qurtuluş anından sonra, həyatının sonrakı on ili ərzində də Heydər Əliyevin tarixi-siyasi təcrübəsi, dəqiq intuisiya və dərin intellekti müasir Azərbaycanın dünya xəritəsində müstəqilliyi əbədi və dönməz olan ölkə kimi öz layiqli yerini almasına xidmət etdi.

Bu dediklərimizi nəzərə alaraq, müasir kütləvi informasiya vasitələrində Milli Qurtuluş Günümüzlə bağlı məsələlərin işıqlandırılmasına daha köklü, hadisələrin xronoloji salnaməsi ilə yanaşı, onların tarixi-strateji mahiyyətinin aydınlaşdırılması yönündə materiallara daha çox yer verilməsini arzu edərdik.

P.S. 1993-cü ilin iyununda Ulu öndər məlum ağır hadisələrlə bağlı Gəncədə olarkən, burada keçirdiyi gərgin görüşlər zamanı onun üzündəki qayğılı ifadələrdə respublikanın, millətin taleyinin yükünün əks olunduğunu duymamaq mümkün deyildi. Gəncədən göndərdiyimiz bu yazı da Heydər Əliyevin həmin çətin anlardakı, dərin düşüncələrlə dolu, amma Milli Qurtuluşumuzun mütləq yaxında olduğunu müjdələyən obrazının onilliklər ərzində silinməz təsiri altında yaranıb.

 

Zakir MURADOV

Gəncə

525-ci qəzet.- 2023.- 15 iyun.- S.11.