Paytaxtın ümumi təhsil mənzərəsi:
təmayülləşmənin miqyası genişlənir
2022-2023-cü
tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki
ümumi təhsil müəssisələrinin IX siniflərini
40 min 16, XI siniflərini 26 min 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirib.
BŞTİ-nin məlumatına görə, paytaxtda 45 min
108 nəfər I sinfi
başa vurub. Cari tədris ilində
BŞTİ-nin tabeliyindəki
ümumi təhsil məktəblərində 482 min 132 şagird təhsil alır.
Hazırda BŞTİ-nin tabeliyindəki
ümumi təhsil məktəblərində ümumilikdə
28 min 410 müəllim fəaliyyət
göstərir. 2022-2023-cü tədris ilində paytaxt üzrə 282 ümumi təhsil məktəbində fəaliyyət
göstərən 976 məktəbəhazırlıq
qrupuna 22 min 902 uşaq
cəlb olunub.
BŞTİ-nin tabeliyində
310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb,
336 məktəbəqədər təhsil müəssisəsi
fəaliyyət göstərir.
Bakı
Şəhəri üzrə
Təhsil İdarəsinin
(BŞTİ) müdiri Mehriban Vəliyevanın dediyinə
görə, yola saldığımız tədris
ilində BŞTİ tərəfindən
təhsildə keyfiyyətin
davamlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı
şərtləndirən dəyişikliklərə
nail olmaq məqsədilə
bir sıra fəaliyyətlər həyata
keçirilib: "Yola saldığımız
tədris ilində
"Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda hədəf
kimi qarşıya qoyulan ümumi təhsildə səriştə
əsaslı məzmunun
tətbiq olunması, təhsilverənlərin və
idarəetmə heyətinin
peşəkarlıq səviyyəsinin
artırılması, təhsilalanlara
rəqəmsal biliklərin
aşılanması və
müvafiq istiqamətlərdə
tədbirlərin həyata
keçirilməsi baxımından
məqsədyönlü fəaliyyətlərin
icrası, həmçinin
yeni dövrün çağırışlarından
irəli gələn tələblərin yerinə
yetirilməsi qarşıya
qoyduğumuz əsas hədəflərdən idi.
Məlumat üçün
bildirim ki, BŞTİ-nin
tabeliyində 310 ümumi
təhsil məktəbi,
3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər
təhsil müəssisəsi
fəaliyyət göstərir.
İdarənin tabeliyindəki
məktəblərdə 482 min 132 şagirdin təlim-tərbiyəsi
ilə 28 min 410 müəllim
məşğul olub.
Paytaxtın ümumi təhsil müəssisələrinin
I siniflərini 45 min 108, IX siniflərini
40 min 16, XI siniflərini 26 min 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirib. Bakı şəhəri üzrə 282 ümumi təhsil müəssisəsində
976 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq
qruplarına 22 min 902 uşaq
cəlb olunub. Artıq uzun müddətdir ki, şəffaflığın
təmin olunması məqsədilə ümumi
təhsil müəssisələrində
şagird yerdəyişməsi
prosesi elektron sistem vasitəsilə həyata keçirilir.
2022-2023-cü tədris ilində
48 min 208 şagird elektron
sistem vasitəsilə
bir məktəbdən
digərinə köçürülüb.
Yola saldığımız tədris ilində əldə
olunan uğurlara nəzər salarkən BŞTİ-nin Təlimə
Dəstək Mərkəzi (TDM) tərəfindən 30 məktəbin
inkişaf planının hazırlanmasını qeyd etmək
istərdim. İnkişaf planı hazırlanan məktəblərin
kollektivləri ilə görüşlər keçirilib.
Görüşlərdə TDM-in metodistləri məktəblərdəki
real vəziyyətlə tanış olmaq üçün dərs
müşahidələri aparıb, təlim-tərbiyə
prosesinin inkişafına yaxından dəstək göstərmək
məqsədilə məktəb kollektivi ilə müzakirələr
təşkil ediblər. İnkişaf planlarının
hazırlanması növbəti mərhələlərdə
digər məktəblərdə də davam etdiriləcək".
Mehriban Vəliyeva
bildirib ki, tam orta təhsil
səviyyəsində təmayülləşmənin
miqyası genişləndirilib.
BŞTİ-nin tabeliyindəki
185 məktəbdə təşkil
edilən 768 təmayül
sinifdə 16 min 14 şagird təhsil alıb. Bu da
tam orta təhsil səviyyəsində
ixtisaslaşma istiqamətində
keyfiyyətin artırılmasını
təmin edir. Həmçinin yaradıcılıq
və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı
uşaq və gənclərlə aparılan
işlərin gücləndirilməsi,
yeni fəaliyyət mexanizmlərinin yaradılmasına
kömək göstərilməsi
və şagirdlərdə
tədqiqatçılıq qabiliyyətinin formalaşması
ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsi
məqsədilə təşkil
olunmuş "Kiçik
Akademiya"lara yola saldığımız tədris
ilində 10000-dən artıq
şagird cəlb olunub: "Ötən tədris ilində Bakı şəhəri üzrə 9 ümumi təhsil müəssisəsində
129 şagird inklüziv
təhsilə cəlb
edilib. İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə
daha rahat inteqrasiyasına nail olmaq məqsədinə xidmət edir".
İdarə müdirinin dediyinə görə, başa vurduğumuz tədris ilində bir-birindən maraqlı layihələr həyata keçirildi. Şagirdlərin vətənpərvərlik
ruhunda tərbiyəsi
işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın
ərazi bütövlüyü
uğrunda şücaət
göstərərək şəhidlik
zirvəsinə ucalmış
qəhrəmanlarımızı şagirdlər arasında
tanıtmaq və onların xatirəsini yad etmək məqsədilə silsilə
tədbirlər təşkil
olundu. "Heydər Əliyev İli" Azərbaycan təhsili qarşısında da vəzifələr qoydu.
İl çərçivəsində
BŞTİ-nin tabeliyindəki
təhsil müəssisələrində
uşaqların hərtərəfli
inkişafına xidmət
edən, Ulu öndərin örnək
həyat yoluna və zəngin fəaliyyətinə işıq
salan silsilə tədbirlər keçirilib:
"Qeyd edim ki, uzun müddətdir
ümumi təhsil müəssisələrinin XI sinif
şagirdlərinin iştirakı
ilə "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda
dərslər təşkil
olunur. Dərslərin
keçirilməsində əsas
məqsəd müstəqil
Azərbaycanın dövlət
quruculuğu sahəsində
Ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti,
ölkədə siyasi
sabitliyin və iqtisadi dirçəlişin
yaranması, Azərbaycanın
beynəlxalq aləmdə
nüfuzunun artması,
qazanılan uğurlar
barədə şagirdlərə
ətraflı məlumatlar
verməkdən ibarətdir.
Həmçinin mütəmadi
olaraq hər il ümumi təhsil
məktəblərinin şagirdləri
arasında Ümummilli
lider Heydər Əliyevin anadan olmasının ildönümləri
ərəfəsində "Ən yaxşı təqdimat" müsabiqəsi
keçirilir ki, burada da əsas
məqsəd Ulu öndərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının
məktəblilərə aşılanması,
milli-mənəvi dəyərlərin
təbliği, Ümummilli
liderin çoxşaxəli
fəaliyyətinin gənc
nəsil tərəfindən
öyrənilməsi işini
daha da genişləndirməkdir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan
təhsili, Azərbaycan
məktəbliləri "Heydər
Əliyev İli"nə
öz dəyərli töhfələrini verməklə
bərabər, həm
də bu çərçivədə həyata
keçirilən layihələr
müdrik şəxsiyyət
Heydər Əliyevin ideyalarına sadiqliyin ifadəsinə çevrilib.
Yeri gəlmişkən
qeyd edim ki, Ulu öndərin
100 illik yubileyinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində
BŞTİ-nin tabeliyində
olan təhsil müəssisələrinin 7 şagirdi
qalib olub. Başa çatan tədris ilində
BŞTİ tərəfindən həyata keçirilən
digər layihələr
barədə də məlumat vermək istərdim. Bu layihələrdən biri
"Heydər Əliyev
İli"nə həsr
olunmuş Ortaq Türk Dünyası Olimpiadasıdır. Türkdilli
ölkələr arasında
ilk dəfə keçirilən olimpiadanın
təşkilində əsas
məqsəd ortaq milli köklərimizlə,
dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin,
dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin təcəssümü,
türk xalqları tarixinin hərtərəfli
öyrənilməsi, ortaq
mənəvi dəyərlərə
sadiq gənclərin formalaşması prosesinə
və qarşılıqlı
əməkdaşlığın inkişafına dəstək
verilməsindən ibarətdir.
Digər bir layihə Bakı şəhərində yerləşən
ümumi təhsil müəssisələrinin şagirdləri
arasında artıq ikinci dəfədir keçirilən Bakı Elm Olimpiadasıdır. Olimpiada bu il
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olundu. BŞTİ və Bakı Ali Neft Məktəbinin
birgə təşkilatçılığı
ilə keçirilən
olimpiadanın əsas
məqsədi şagirdlərin
təbiət elmlərinə
(fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini
təkmilləşdirmək, onların praktik və yaradıcılıq
bacarıqlarının inkişaf
etdirilməsinə şərait
yaratmaq, istedadlı şagirdləri aşkar etmək idi. Bu mənada Bakı Elm Olimpiadası
məktəblilərin nəzəri
biliklərinin təcrübədə
tətbiqi və komandada işləmək vərdişlərinin inkişaf
etdirilməsinə şərait
yaratmış oldu. Ümidvarıq ki, şagirdlərimizin bu olimpiada ilə başlayan yolları onların gələcək
elmi nailiyyətləri
üçün açar
rolunu oynayacaq".
Mehriban Vəliyeva
qeyd edib ki, 2021-ci ilin əvvəlində Prezident
İlham Əliyevin imzaladığı "Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər"ə dair
sərəncamda xüsusi
olaraq vurğulanır
ki, təhsil sistemi gənc nəsli gələcək
rəqəmsal texnologiyalar
dövrünə hazırlamaq
üçün onlara
məktəb yaşından
rəqəmsal səriştələrin
aşılanmasına diqqət
yetirməli, indikindən
əsaslı şəkildə
fərqlənən yeni
bacarıqlar, ixtisaslar
və peşələr
verməlidir. Sənəddə
qeyd olunan bütün bu hədəflər milli təhsilimizin gələcək
inkişaf istiqamətlərini
müəyyənləşdirmək baxımından müstəsna
əhəmiyyət daşıyır.
Bu prizmadan çıxış edərək
söyləyə bilərəm
ki, bu qəbildən
olan layihə, olimpiada və müsabiqələr zəkalarda,
nəzəriyyələrdə gizlənən ideya və yeniliklərin üzə çıxmasını
şərtləndirir. Sürətli
inkişaf təhsildə
transformasiyalar şəklindədir.
Bu baxımdan layihələr fərqli fəaliyyət mexanizmlərinin
həyata keçirilməsinə
şərait yaradır.
"Məktəbdə...", "Tarix yazan müəllimlər",
"7-dən 17-yə vətənpərvər!",
"Peşəkarlıq yolunda",
"Biliyini paylaş",
"Təhsil sistemində
uşaq müdafiəsi
və təhlükəsizliyi",
"Dəyərlərimizi qoruyaq!", "Zərərli
vərdişlərə birlikdə
yox deyək" və digər bu kimi layihələrin
əsas məqsədi
şagirdlərə mənəvi-əxlaqi
dəyərlərə hörmət
və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı
şagirdləri aşkara
çıxarmaq, mütaliəyə
marağı artırmaq,
həmçinin paytaxt
məktəblərinin fəaliyyətinin
daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir:
"Tədris ilinin yekunlarından danışarkən
toxunduğumuz bu məsələlər, əlbəttə
ki, fəaliyyətimizin
yalnız kiçik bir hissəsidir. İl ərzində görülən
işlər, həyata
keçirilən çoxsaylı
layihələr təhsilin
keyfiyyətinin artırılması
işinə xidmət
edib. BŞTİ-nin fəaliyyət planına uyğun olaraq, nəzərdə tutulan hədəflərə çatmaq
istiqamətində məqsədyönlü
işlər görülüb.
Lakin bizi qarşıda daha böyük və məsuliyyətli işlər
gözləyir. Çünki
məktəb elə bir məkandır ki, uşaqlarımızın
gələcəyinin əsası
məhz burada qoyulur. Uşaq məktəbdə necə
formalaşacaqsa, elə
də vətəndaş
olacaq. Odur ki, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində həyata
keçirilən tədbirlərimizi
yeni tədris ilində də davam etdirəcəyik və Azərbaycanın layiqli vətəndaşını
yetişdirmək işini
ən ümdə vəzifəmiz olaraq qəbul edəcəyik. Sonda bir daha
məktəb həyatını
bitirib məzun adını qazananları təbrik edir, müstəqil həyatda atdıqları hər bir addımda onlara müvəffəqiyyət
diləyir, Vətənimizə,
xalqımıza, dövlətimizə
layiqli gənclər, şəxsiyyətlər olmağı
arzu edirəm. Məktəbin, müəllimin
ən böyük mükafatı şagirdlərinin
qazandığı uğurlar,
onlara göstərilən
etimadın doğruldulmasıdır.
Əminəm ki, onbirincilər üçün
çalınan sonuncu
zəng onların həm gələcək təhsil pillələri, həm də müstəqil həyata atdıqları addımların
uğurlu başlanğıcı
olacaq",
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 17 iyun.- S.21.