"Fasd-food"
qidalar orqanizm üçün nə qədər zərərlidir?
Dünyada zaman anlayışının az qalan günbəgün,
saatbasaat sürətləndiyi indiki dövrdə ən
müxtəlif fəaliyyət sahələrində baş verən
qlobal dəyişikliklər, insanların qidalanmasına, yemək
menyusuna da ciddi təsir göstərib. Məxsusi dada malik,
"fasd-food" adı ilə tanınan əlüstü yeməklər
də məhz çaparaq həyət tərzindən bizə
miras qalan vərdişlərdəndir. Bir çox xarici ölkələrdə
əsasən kasıb təbəqələr üçün
nəzərdə tutulan "fast-food" məhsullarına Azərbaycanda
aşağı və orta təbəqədən əlavə,
daha çox gənc nəsil, ələlxüsus da tələbələr üstünlük verirlər. Elə
bu səbəbdən də, təsadüfi deyil ki, xüsusilə
şəhər ortamında belə qidaların ticarətinə
meyl xeyli artıb.
Bu da dediklərimizin əyani təsdiqi. Bu yaxınlarda
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında İnzibati idarəetmə fakültəsinin
Menecment, Dövlət və bələdiyyə ixtisası tələbələrinin
müxtəlif mövzuları əhatə edən
araşdırma əsaslı təqdimatlarında mövzulardan
biri də gənclərin üstünlük verdikləri yemək
məkanları ilə bağlı olub. Bakıda 570 nəfər
arasında aparılan sorğuda "fast-food" məkanları
"qalib gəlib". İdarəçilik
Akademiyasının 83, Bakı Dövlət Universitetinin 65,
İqtisad Universitetinin 139, Pedaqoji Universitetin 44, ADA-nın 15 nəfər
tələbəsinin iştirak etdiyi sorğuda 18-25 yaş
arası respondentlərin əksəriyyəti
"Mc'Donalds", KFC, "Cafe City" və bu kimi əlüstü
yemək məkanlarına üstünlük veriblər.
"Fast-food" sənayesinin hədəfi xüsusilə
uşaq və gənclərdir. Uşaqları cəlb etmək
üçün əsasən məşhur cizgi filmlərinin
surətlərindən də istifadə edilir. Cizgi filmləri
və reklamlarda əlüstü yeməklərin qəbul edilməsi
tez-tez qabardılır. Hətta bir çox "fast-food" məkanlarında
uşaq menyuları belə var.
Mütəxəssislər, əsasən də həkim-pediatrlar
"fasd-food" yeməklərlə bağlı elə də
nikbin düşünmürlər. Xüsusilə də
uşaqların əlüstü qidalara meyl göstərmələrini
mənfi tendensiya sayanlara görə, uşaq orqanizminin tələb
etdiyi bəzi maddələr yalnız təbii qidaların tərkibində
olur. Onların fikrincə, belə qidalar aclıq hissini
öldürsə də, uşaqların orqanizminə daha
çox zərər vurur, konservantdan hazırlanmış,
konservləşdirilmiş qidalarda bioaktiv maddələrin səviyyəsi
aşağı düşür. "Fasd-food" yeməklərlə
mütəmadi qidalanma zamanı orqanizm lazım olandan çox
natrium qəbul edir ki, bu da ürəyə və qan
damarlarına mənfi təsir göstərir. Duzlu qidalara həssas
olan insanlar uzun müddətdə yüksək qan təzyiqi,
infarkt, insult və ürək çatışmazlığı
kimi xəstəliklərlə qarşılaşırlar.
Mütəxəssislər dünyanı cənginə alan xərçəng,
həzm sisteminin pozulması kimi xəstəliklərin də
yaranma səbəbini əlüstü yeməklərlə
qidalanmada görürlər.
"Gənclərin töhfəsi" ictimai birliyinin
sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev
"525"ə açıqlamasında "fast-food"
qidalara qatılan kimyəvi qatqıların insanda
asılılıq yaratdığını deyir: "Fast
food" qeyri-sağlam qidalanma tərzidir. Fruktoza siropu,
mononatrium qlutamat, hidrogenləşdirilmiş bitki
yağları, rafinə edilmiş duz, dadlandırıcılar
və "fast-food"a qatılan digər kimyəvi qatqı
maddələri insanda asılılıq yaradır. Aparılan
araşdırmalar göstərir ki, davamlı olaraq bu cür
qidaların qəbulu insanlarda ürək-damar xəstəlikləri,
şəkərli diabet, onkoloji və bir çox digər xəstəliklərə
səbəb olur. Xərçəng şişlərinin
çox hallarda qlükoza və şəkər tozu ilə
qidalanmaya bağlı olduğuna dair
araşdırmalar da mövcuddur.
"Fast-food" yeməklərin hazırlanmasında
daha çox ağ undan hazırlanmış çörəyə
üstünlük verilir. İki dilim çörək iki yemək
qaşığı şəkər tozundan daha çox qan
şəkərini yüksəldir. Asılılıq yaradan
"fast-food" qidalardan biri də çipsilərdir. Alimlər
çipsinin xərçəng xəstəliyindən
köklüyə, şəkər xəstəliyindən
sonsuzluğa qədər bir çox xəstəliyə səbəb
olduğunu bildirir. İçində yüzdə on faiz
doymuş yağ, yüzdə üç faiz trans yağ olan
çipsilərdən gündə qəbul edilən 35
qramlıq bir paket il ərzində 5 litr zərərli yağ
ilə müqayisə olunur. Çipsilərin tərkibindəki
"akrilanudin" adlı kimyəvi maddə plastik
istehsalında istifadə edilir. Təəssüf ki,
çipsilər ölkəmizdə marketlərdə
uşaqların əli çatan yerdə satılır.
"Fast-food" məkanlarda uşaqların sevimli qidasına
çevrilmiş qızardılmış kartof frilərdə
də güclü antioksidləşdiricilər istifadə
olunur.
Bu, kartofun bir il müddətinə qaralmadan təzə
görünüşlü qalması üçündür.
Belə antioksidantlar şaurmalarda, pirojkilərdə və bir
çox salatlarda da istifadə edilir".
Mütəxəssisin sözlərinə görə,
"fast-food" qidalara asılılıq yaradan kimyəvi
qatqılardan biri də "MSG" olaraq tanınan mono-natrium
qlutamat (E621) maddəsidir: "Təxminən 100 il əvvəl
kəşf edilən bu maddə "Çin duzu" kimi
tanınsa da, əslində duz deyil. Ən böyük MSG
istehsalçısı, illik gəliri 30 milyard dollar olan
Yaponiyanın biotexnologiya şirkəti Ajinomoto bu maddənini
dünya üzrə üçdə bir hissəsini istehsal
edir. Bu maddədən sosiska, kolbasa, hamburgerlər, hazır
suplar, çipsi, kraker, saqqız, biskvitlər, salat sousları
və yüzlərlə digər məhsulların
hazırlanmasında istifadə olunur".
Qeyd edək ki, yağı ən son nə vaxt dəyişdirildiyi
bilinməyən qızartma məhsullar gənclərin
üstünlük verdikləri qidalardandır. Bu qidalara
küçə ticarətində daha çox rast gəlinir.
Metro stansiyalarının hər çıxışında
"fast-food" qidaları gəncləri ev yeməyindən
ayrı salır, gələcəkdə yaranacaq xəstəliklərlə
təhdid edir. Araşdırmalarda sübut olunub ki, şəhər
adamları kənd adamlarına nisbətən aqressiv olur,
yaddaş problemindən şikayətlənir. Hətta qatı
cinayətlərin törədənlərin statistikası
aparılıb və aqressiv davranışına, törətdiyi
cinayətin ağırlığına görə şəhər
adamı kənd adamından fərqlənib. Mütəxəssislər
bütün bəlaların qidalanmadan
qaynaqlandığını deyirlər. Amerikalı məşhur
uşaq xəstəlikləri mütəxəssisi, professor
Robert Lyustiq xəbərdarlıq edir ki, əgər şəkərli
qidaların qəbulu dayandırılmasa, gizli şəkər
xəstəliyi son 20 ildə artdığı kimi bundan sonra
da artmaqda davam edəcək və dünya sağlıq sistemi
bu yükü qaldıra bilməyəcəyinə görə
2026-cı ildə iflas etmiş olacaq.
Dietoloq Ceyhunə Yusifovanın fikrincə,
"fast-food" yeməklər sürətlə
hazırlandığına, istehsalının və daşınmasının
asanlığına görə insanların seçim
zamanı üstünlük verdiyi qidalardır: "Təxminən
12 min nəfər arasında aparılan sorğuda iştirak edən
respondentlərin 44 faizi "fast-food" qidalar istehlak etdiklərini
söyləyiblər. Tamamilə zövq üçün
hazırlanmış bu məhsulları arzulamaq
üçün bir çox səbəb var. Elm adamları
hamburger və qızardılmış kartof kimi qidalarda olan bəzi
maddələrin beyindəki asılılıq mərkəzini
tətiklədiyini bildirirlər. Dünyanın ən məşhur
"fast-food" markası "Mc'Donaldsın" yüzlərlə
ölkədə açılan minlərlə filialları
milyonlarla müştəriyə malik geniş şəbəkəyə
malikdir. Son araşdırmalarda kola içkilərinin də
asılılıq yaratdığına dair tapıntılar
var. Tərkibindəki maddələrdən birinin güclü
aludəçilik yaratdığı və bununla da gənclər
arasında ən azı 2-2,5 litr kola istehlakına səbəb
olduğu bildirilir. Vitamin və minerallar baxımından qida
keyfiyyəti aşağı olan "fast-food"larla qidalanan
insanların immun sistemi sağlam qidalarla qidalananlara nisbətən
daha aşağı olur. Tərkibindəki yüksək natrium
səbəbiylə "fast-food" qidalar qan təzyiqi
problemlərinə və infarkta yol açır".
Bəs bu asılılığı necə azalda bilərik?
Ekspertlərin sözlərinə görə,
"fast-food" məhsullarının bəslənmə dəyəri
çox aşağıdır və tərkibindəki vitaminlər,
enerji balanslı deyil. Sağlamlığı qorumaq
üçün gündəlik bəslənmə 3-4 mərhələyə
bölünməlidir. Bir pay "fast-food" yeyilərsə,
günün digər saatlarında qida seçiminə diqqət
etmək lazımdır. Qəbul etdiyiniz qida çox
enerjilidirsə, ondan sonra həzmi asanlaşdıran meyvə və
tərəvəzlə zəngin salatlar yemək məsləhət
görülür.
Daxili xəstəliklər uzmanı Nəbi Absalamov isə
digər mütəxəssislərdən fərqli olaraq, bu
qidalarla bağlı düşüncələrin
şişirdildiyi qənaətindədir: "Fasd-food" və
ya digər qidaları az miqdarda qəbul etdikdə orqanizmdə
heç bir problem yaratmır. "Fasd-food"un tərkibinə
müəyyən qədər rəngləndirilmiş və
dadlandırıcı konservantlar vurulur. Qatqılar toplandlqca
orqanizmdə ciddi fəsadlara yol açır. Amma həftədə
bir və ya iki dəfə qəbul edilsə, bu yeməklərin
orqanizmə heç bir ziyanı olmaz. İşlətdiyimiz
telefonlara "fasd-food" qidalarla müqayisə etsək
görərik ki, telefonlar orqanizmə o yeməklərlə
müqayisədə 10-20 qat daha çox ziyan vurur".
Son zamanlarda müxtəlif qablaşdırmalarda
satılan hazır şorbaların da istifadəsi geniş
yayılıb. Cəmi 5-10 dəqiqəyə hazır olan belə
məhsulların insan orqanizminə vurduğu zərəri
heç nə əvəz etmir. Araşdırmalara görə,
həmin məhsulların tərkibində heç bir vitamin
yoxdur. Hesablamalar göstərir ki, gün ərzində yetkin
insan orqanizmi üçün 6 qram duz lazımdır. Belə
şorbalarda isə duzun miqdarı çox olur. Halbuki 100
qramlıq hazır şorbada ortalama 0,6 qram duz olmalıdır.
Amma heç də bütün şirkətlər bu normaya
diqqət etmirlər ki, bu da təzyiq və iflic riskini
artırır.
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2023.- 17 iyun.- S.9.