Şəhid kinoşünasın
filmlərə layiq qəhrəmanlığı
Vətən müharibəsi mədəniyyətimizə,
incəsənətimizə də təsirsiz ötüşmədi. Parlaq
gələcəyi olan
neçə-neçə mədəniyyət
nümayəndəmiz, incəsənətimizə
layiqincə xidmət etmək potensialında olan gənclərimiz bu müharibədə ən uca zirvəyə
- şəhidlik zirvəsinə
ucaldı. Onlardan biri də gənc
kinoşünas Fəqan
Məmmədovdur. İyunun
27-də Vətən müharibəsi
qəhrəmanı F.Məmmədovun 25 illik
yubileyidir. O isə əbədi 22 yaşında
qaldı.
Məmmədov Fəqan Vahid oğlu
1998-ci ilin iyun ayının 27-də Zaqatalanın
Yeni Suvagil kəndində
sadə ailədə dünyaya gəlib. A.Qədirov adına
Yeni Suvagil kənd 2 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib.
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
(ADMİU) Kinorejissorluq fakültəsində
təhsilini başa vurduqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdə dəfələrlə
hərbi hissənin, komandanlığın təşəkkürlərini
almışdı. Komandanlıq
tərəfindən ona
çavuş rütbəsi
verilmiş və manqa komandiri təyin edilmişdi.
Vətən müharibəsi başlayanda
tərxis olunmasına
cəmi 2 ay qalan Fəqan cəbhənin ön xəttində idi. O, Ağdamın azadlığı uğrunda
gedən döyüşlərdə
döyüş yoldaşları
ilə birgə dəfələrlə ermənilərin
həmlələrinin qarşısını
almış, onların
döyüş texnikasını,
canlı qüvvəsini
məhv etmişdi. Oktyabrın 6-da Ağdam istiqamətində cəbhədəki
döyüş F.Məmmədov üçün
sonuncu oldu. O, həmin döyüşdə
parlaq şücaət
göstərib. Fəqan
döyüşçü yoldaşları ilə birlikdə düşmən
həmləsinin qarşısını
almaq üçün
hücuma keçiblər,
bu zaman düşmən
tərəfi təslim
olaraq, ağ bayraq qaldırıb. Döyüşçü yoldaşlarının
bildirdiklərinə görə,
Fəqan qorxu bilmədən onları təslim etmək üçün yaxınlaşmaq
istəyərkən düşmən
hərbçilərimiz istiqamətinə
partlayıcı əl
qumbarası atıb.
Bu anda Fəqan heç düşünmədən
özünü əl
qumbarasının üzərinə
ataraq döyüşçü
yoldaşlarını xilas
edib. Atası da I Qarabağ savaşının
iştirakçısı olan
igid Fəqan, beləcə şəhidlik
zirvəsinə ucalıb
və Yeni Suvagil kəndində torpağa tapşırılıb. O, şəhadətindən
sonra "Vətən
uğrunda" və
"Ağdamın azad
olunmasına görə"
medalları ilə təltif edilib.
Qeyd edək ki, Fəqan ali təhsil ocağında da fəal idi. Tələbə dostları ilə qısametrajlı filmlərə
rejissorluq etmişdi. Ən böyük arzusu isə Qarabağ müharibəsi
ilə bağlı çoxseriyalı film çəkmək
idi. O, 2021-ci ilin yanvarında xidmətini başa vurub təhsilini davam etdirməyi düşünürdü.
Vətən müharibəsinin döyüşçüsü
olmuş tələbələrini,
məzunlarını, eləcə
də qəhrəman şəhidlərinin xatirəsini
hər zaman uca tutan Mədəniyyət və İncəsənət
Universitetinin təşkilatçılığı
ilə ötən il Fəqana həsr edilmiş film çəkildi.
ADMİU-nun rektoru, professor Ceyran
Mahmudovanın təşəbbüsü
ilə Fəqan və bütün şəhidlərimizin xatirəsinə
həsr olunmuş
"Qırx dörd"
filmi rektorun təklifi
ilə məhz gənclər - ADMİU-nun tələbələri
tərəfindən hazırlandı.
Filmdə 44 günlük
Vətən müharibəsi,
eləcə də, Fəqanın həyatı,
keçdiyi döyüş
yolu şahidlərin çıxışlarının fonunda işıqlandırılıb.
Beləliklə, ən
böyük arzusu Qarabağ müharibəsi
ilə bağlı çoxseriyalı film çəkmək
olan şəhidimizin öz qəhrəmanlıq
hekayəsi film mövzusuna
çevrildi.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2023.- 26 iyun. S. 8.