Mədəni sərvətlərimizin keşiyində: muzeylərimizin inkişaf yolu

 

"Muzeylərin mənası, əhəmiyyəti Azərbaycan xalqının tarixini təbliğ və əks etdirməkdən, mədəniyyətimizin səviyyəsini göstərməkdən ibarətdir. Biz öz səviyyəsinə və zamanın tələblərinə həmişə cavab verən istər keçmiş, istərsə də bugünkü mədəniyyətimizlə fəxr edirik" - Ümummilli Lider  Heydər Əliyevin mueylər barədə bu fikirləri də, Ulu öndərin digər müdrik qənaətləri kimi, tarixi və həyati gerçəkliyi tam dolğunluğu ilə əks etdirir. Həqiqətən də, muzeylər mədəni irsimizin qorunmasında və təbliğində mühüm rol oynayır. Tarixlə təmasda olmaq üçün mütləq muzeyləri ziyarət etmək lazımdır. Muzeylərə etinasız yanaşmaq yolverilməzdir.

Azərbaycanda muzeylər hələ qədim zamanlardan saraylarda, məbədlərdə, müxtəlif dövrlərə aid qiymətli əşyaların, sənət nümunələrinin qorunub saxlanması ilə başlayaraq uzun inkişaf mərhələsi keçib. Zamanla tarixi, bədii, eləcə də, mənəvi əhəmiyyət kəsb edən əşyalar şəxsi kolleksiyalarda toplanıb.

XIX əsrin ortalarından Azərbaycan mətbuatında, ictimai-siyasi, sosial həyatında surətlə cərəyan edən proseslər muzey işinin təşkilinə də təkan verdi. Elə həmin dönəmlərdə - 1896-cı ildə ilk dəfə olaraq böyük ədibimiz  Cəlil Məmmmədquluzadə tərəfindən Nehrəm kəndində fəaliyyət göstərən məktəbin nəzdində Tarix-diyarşünaslıq Muzeyi yaradılıb. Muzeydə Azərbaycanın, o cümlədən, Naxçıvan diyarının mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri toplanıb. Demək olar ki, bu təşəbbüslə də Azərbaycanda muzey işinin əsası qoyulub.

1919-cu il Azərbaycanda ilk müasir tipli muzey yarananadək dünyanın ən məhşur muzeylərinin daimi eksponatları arasında Azərbaycanın qəhrəmanları haqqında məlumatlar və şəxsi əşyaları, Azərbaycan elminin, mədəniyyətinin, ən unikal, yüksək estetik dəyərə malik xalça və söz mədəniyyətini əks etdirən eksponatlara rast gəlinib. Bu eksponatların bir çoxu başqa ölkələrin adı ilə qeydiyyata alınaraq nümayiş etdirilib, bu səbəbdən də dünya muzeylərində nə qədər Azərbaycan mənşəli eksponatların olduğunu dəqiq sayla göstərmək mümkün deyil.

Mədəniyyətşünas Əntiqə Cəbrayılovanın qeyd etdiyi kimi, Azərbaycan muzeylərinin müasir anlamda təşəkkül tapması XX əsrin ikinci onilliyinin əvvəllərinə təsadüf edir. "Doğma diyarın öyrənilməsi" adlı ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında təşkil edilib.

Ölkəmizdə muzeylər şəbəkəsinin güclü inkişafı Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbər olduğu dövrdə gerçəkləşib. Azərbaycanda yeni muzeylərin yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 1969-2003-cü illərdə mühüm qərar və sərəncamlar imzalanıb.

Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə incəsənət və ədəbiyyat xadimlərinin bir neçəsinin xatirə muzeyləri açıldı. 1980-ci illərin əvvəllərində isə Heydər Əliyevin müvafiq göstərişinə əsasən, Azərbaycanın bütün bölgələrində Tarix-diyarşünaslıq muzeylərinin yaradılması təmin edildi. Bunun nəticəsi idi ki, qısa zaman kəsiyində Azərbaycanın 50-dən çox rayonunda Tarix-diyarşünaslıq muzeyi yaradılmışdı. Ümumilikdə Heydər Əliyevin hakimiyyəti illərində 120-yə yaxın müxtəlif profilli muzey təşkil edilib.

Dahi rəhbərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mədəniyyət sahəsi, o cümlədən, muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. 6 fevral 1998-ci ildə qəbul edilən "Mədəniyyət haqqında" Qanun və 24 mart 2000-ci ildə qəbul olunmuş "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən etdi və bununla bağlı münasibətləri tənzimlədi.

Ümummilli Liderimizin siyasi  kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə uğurlu addımlar atılır. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Prezidentin "Azərbaycanda Muzey işinin yaxşılaşdırılması haqqında"  2007-ci il 6 mart tarixli Sərəncamı və  2009-cu il 22  may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı" bu sahənin hüquqi bazasının formalaşdırılmasına, dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrin genişləndirilməsinə yol açıb.

Hər bir xalqın taleyində müstəsna rolu olan dahi şəxsiyyətlərinin xatirəsini hər zaman uca tutmaq, onların nümunəvi irsinin bir arada cəmlənməsi, yaşadılması və təbliği məqsədilə xatirə kompleksləri, fondlar, mərkəzlər və muzeylər yaradılır. Onların həyat və fəaliyyətləri ilə bağlı bütün məqamlar mənəvi dəyərlər olaraq qorunub saxlanılır. Azərbaycan da ilk xatirə Muzeyi 1930-cu illərin sonu 40-ci illərin əvvəllərindən başlayaraq Şəkidə yazıçı-dramaturq, böyük filosof  Mirzə Fətəli Axundovun ev-muzeyi olub. Daha sonra Bakıda Cəfər Cabbarlının, Xızıda Cəlil Məmmədquluzadənin xatirəsinə yaradılmış muzeylər bu gün də tarixi maraq doğurur.

Xalqımızın taleyində mühüm rol oynayan, bütün ömrünü Azərbaycaının inkişafına və xalqın rifahına həsr edən dahi şəxsiyyətlər sırasında Ulu öndər Heydər Əliyevin müstəsna yeri var.  Son dövrlərdə Bakıda və respublikamızın bir çox şəhər və rayonlarında 50-dən çox Heydər Əliyev Muzey və Mərkəzləri yaradılıb. 1999-cu il mayın 10-da istifadəyə verilən Naxçıvan Heydər Əliyev Muzeyi Ulu öndərin sağlığında onun adına yaradılan ilk muzeydir.

Qədim tarixə, zəngin mədəniyyətə malik olan, insanların həyat tərzini və mədəni baxışını özündə əks etdirən tarixi abidələri ilə fərqlənən Füzuli rayonunda da bir Heydər Əliyev Mərkəzi və iki muzey - Füzuli Tarix-diyarşünaslıq, Qarğabazar Tarix Muzeyi həmin qanunları rəhbər tutaraq "Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair" təlimata və Muzeylərin Nümunəvi əsasnaməsinə uyğun iş fəaliyyəti ilə əhalinin eləcə də, yerli və xarici qonaqların xidmətindədir.

2008-ci il aprel ayının 18-də Prezident İlham Əliyev tərəfindən Horadiz şəhərində Heydər Əliyev Muzeyi açılıb. Muzey 12 dekabr 2012-ci ildən etibarən yeni, gözoxşayan, müasir tipli binada Heydər Əliyev Mərkəzi adı ilə fəaliyyətini davam etdirməyə başlayıb. Mərkəzdə Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən 362 adda eksponat qorunub saxlanılır və nümayiş etdirilir.

Qarğabazar Tarix Muzeyi 1985-ci il aprelin 1-də Füzuli rayonunun tarixi abidələrlə zəngin olan Qarğabazar kəndində fəaliyyətə başlayıb. Qarabağ müharibəsi zamanı muzeyin eksponatları Bakıda İstiqlal Muzeyində qorunub saxlanılıb. Horadizdə Muğam Mərkəzi inşa edildikdən sonra - 2015-ci ildə həmin əşyalar oraya qaytarıldı və muzey Muğam Mərkəzində fəaliyyətini davam etdirdi. Ümumilikdə Muzeydə 454 adda əşya qorunub saxlanılır və ekspozisiya bölümündə nümayiş etdirilir.

Füzuli rayon Tarix-diyarşünaslıq Muzeyi 198-ci ildə tarixçi Bəhram Məmmədlinin rəhbərliyi ilə fəaliyyətə başlamışdı. 1993-cü ilə qədər fəaliyyət göstərən muzeyin eksponatları I Qarabağ müharibəsindən sonra Bakı şəhərindəki İstiqlal Muzeyində yerləşdirilmişdi. 5 iyun 1994-cü ildə verilmiş müvafiq əmrə əsasən, İstiqlal Muzeyində "Xilas olmuş eksponatlar" adlı sərgi təşkil edilmişdi.

2006-cı ildə Bala Bəhmənli kənd sakini Elçin Əsədovun rayonun tarixini əks etdirən şəxsi kolleksiyasında topladığı və öz həyətində yerləşən şəxsi muzeyi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək qiymətləndirilərək ona dövlət muzeyi statusu verilib və Füzuli Tarix-diyarşünaslıq Muzeyinin Bala Bəhmənli filialı kimi qeydə alınıb.

2014-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz şəhərində yeni, müasir tipli muzey binası inşa edildi. 28 avqust 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə bu muzey açılaraq istifadəyə verildi.

Geriyə baxdıqda Füzuli Tarix-diyarşünaslıq Muzeyinin böyük nəticələr əldə etdiyini görə bilərik. Muzey uzun illər Horadiz şəhərində döyüş mövqeyinə yaxın olmasına baxmayaraq, tariximizin qorunmasında, təbliğində, muzey fondunun komplektləşdirilməsində və nümayişində muzey əməkdaşları üstün fəaliyyəti ilə daima əhalinin xidmətində olub. 2014 -2022-ci illərdə muzeyə gələn ziyarətçilərin sayı ilbəil artaraq 2022-ci ildə 2500 nəfərə yaxınlaşıb. Bu illər ərzində Muzeyə tarixi əhəmiyyətli 2300-dən artıq əşya daxil olub. 2022-ci ildə 8 akt üzrə cəmi 493 əşya qəbul edilib ki, bunların əksəriyyəti Azərbaycanın Zəfər tarixini əks etdirən, bu qələbəni bizlərə canı-qanı bahasına yaşadan qalib şəhidlərimizin şəxsi əşyaları, sənədləri və onların qəhrəmanlığını əks etdirən müxtəlif materiallardır. Hazırda Muzeyin ekspozisiyasında "Qələbə qığılcımından böyük Zəfərə" adlı, 1-ci Qarabağ müharibəsində aparılmış uğurlu Horadiz əməliyyatından, Aprel döyüşlərindən və 2020-ci il 44 günlük Vətən Müharibəsi şəhidlərinin şəxsi əşyalarından ibarət guşə ziyarətçilərin diqqətini çəkərək böyük marağa səbəb olur.

Ümumən muzeyin əsas fondunda Füzuli rayonunun, arxeologiyasını, numizimatika və etnoqrafiyasını, Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri, qaziləri, əmək qəhrəmanları, incəsənət və elm xadimləri haqqında və digər kolleksiyalardan ibarət 7370 ədəd eksponat qorunub saxlanılır.

Muzeydə ənənəvi olaraq bütün əlamətdar və anım günləri ilə bağlı tədbirlər keçirilir, dəyirmi masa təşkil edilərək maarifləndirmə və təbliğat işində də xüsusi xidmət göstərilir. Muzeydə və muzeydənkənar tədbirlərdə mühazirələr oxunur, sərgilər keçirilir.

18 May Beynəlxalq Muzeylər Günündə burada "Açıq qapı" elan olunur və rayon sakinlərindən əlavə, Füzuli rayonunun kənd məktəbləri tərəfindən ekskursiyalar təşkil olunaraq çox sayda məktəbli bu mədəniyyət ocağını ziyarət edir.

"Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir" - deyən dahi lider Heydər Əliyevin qurduğu mədəni siyasətin layiqli davamçısı olan Prezident İlham Əliyevin mədəniyyətimizə göstərdiyi böyük diqqət və qayğı ilə Azərbaycan muzeylərinin, mərkəzlərinin, kitabxanalarının ümumiyyətlə, mədəniyyətimizin daha da inkişaf edəcəyinə ürəkdən inanırıq.

 

Xalisə MƏMMƏDOVA

525-ci qəzet.- 2023.- 2 mart. S. 10.