Qadın qüruru  

 

İkimiz də universitetə eyni ildə daxil olmuşduq -  Ülkər tarix, mən hüquq fakültəsinə. Univeristetdə keçirilən ümumi tədbirlərdə, humanitar fənlər üzrə mühazirələrdə bir yerdə olurduq. Səhv etmirəmsə, məndən bir-iki yaş kiçik olardı. Hər halda yadımda elə qalıb. Sol yanağında, gözündən bir az aşağıda balaca bir çapıq vardı və o çapıq sifətinə xüsusi yaraşıq verirdi.

İkimiz də eyni yataqxanada qalırdıq - o, qızlar üçün ayrılmış korpusun dördüncü mərtəbəsində olurdu.

Ülkər onunla oxuyan qızlardan xeyli fərqlənər, dərslərarası fasilələrdə auditoriyadan çox nadir hallarda bayıra çıxardı. Bütün davranışlarına göz qoyardım.

Hər hərəkətinə göz qoysam da, Ülkərlə heç zaman bir kəlmə də kəsməmişdim. Ancaq ona qarşı biganə olmadığımı hiss etmişdi. Çünki universitetdə və yataqxanada keçirilən bütün ümumi tədbirlərdə həmişə gözüm onun üstündə olardı, hər bir hərəkətini izləyərdim.

Hərdən də Bayıldakı üzgüçüluk hovuzundan qayıdanda birlikdə tramvaya minirdik (o vaxtlar Bayıla bir nömrəli tramvay işləyirdi). Çalışırdım ki, o hansı oturacaqda otursa, onun oturacağının yanında ayaq üstə dayanım və adətən də buna nail olurdum. Bəzən qabağa düşüb tramvay biletini də alırdım. Bu xırda jestə görə sadəcə başı ilə minnətdarlığını bildirirdi. Onun bu hərəkətini yaxınlığında oturan tələbələrin heç biri hiss etməzdi. Son dərəcə tədbirli hərəkət etməyə çalışır, artıq söz-söhbətin yaranması kimsəyə bəhanə vermirdi.

Özlüyümdə qərara gəlmişdim ki, onunla evlənib ailə qurmaq fikrimi yaxın günlərdə özünə deyim. Lakin ya aramızdakı çox rəsmi əlaqələr fikrimi ona deməyə imkan vermir,  ya da cəsarət toplayıb sözümü deyə bilmirdim. Onu görəndə demək istədiyim sözlər yadımdan çıxır, fikrim çaş-baş düşür, neçə gündən bəri fikrimdə dolandırdığım sözlər itib-batırdı. Bilmirəm, bəlkə, bütün sevənlərdə və gənclərdə belə olur, ya yox, amma nədənsə məndə belə idi.

Bir gün dərsdən qayıdarkən özümdə cəsarət tapıb yataqxanaya az qalmış Ülkəri kinoya dəvət etdim. Təklifimi qəbul etmədi, dedi ki, imtahanları, zaçotları çoxdur, demək olar, vaxtı yoxdur, ona görə də təklifi qəbul edə bilmir. Sonda təklifimə minnətdarlığını da bildirdi. Həmin gün təklifimi rədd etsə də, içimdə belə bir inam yarandı ki, nə vaxtsa təklifimi mütləq qəbul edəcək.

lll

Universitetdə yaz imtahanları başa çatırdı. Onunla yataqxananın qarşısında rastlaşdıq. İmtahanları ilə maraqlandım, dedi ki, sabah rayona gedəcək. Rayona belə tez getməsinə çox pis oldum. Düşünürdüm ki, yəqin rayona imtahanlarını verib bir neçə gün Bakıda qalıb sonra gedər. Rayona niyə belə tez getməyinin səbəbini soruşanda dedi ki, artıq 4-cü kursa keçir və valideyinləri rayona tez gəlməsini istəyirlər.

Bu sözləri eşidəndə birtəhər oldum, sanki qeyri-adi nəsə baş vermişdi. Əhvalımın dəyişdiyini deyəsən, Ülkər də hiss etmişdi, sanki məni düşdüyüm vəziyyətdən çıxarmaq istəyirmiş kimi bəs mənim rayona nə vaxt getmək fikrində olduğumu soruşdu. Hələ bir imtahanım qaldığını, onu verəndən sonra gedəcəyimi dedim. Beləcə ayrıldıq.

lll

Yeni dərs ilinin başlamasına 3-4 gün qalırdı. Uşaqlar ikibir- üçbir gəlib yataqxanada yer alırdılar. Artıq mən də gəlmişdim. Düşünürdüm ki, hardasa bu gün-sabah Ülkər də gələcək və mən onu yenə görəcəyəm.

Artıq sentyabrın biri idi, Ülkərlə oxuyan oğlan və qızlar hamısı gəlmişdilər. Ülkərdən isə heç bir xəbər yox idi. Bəzən onun dərsə gəlməməsinin səbəbini tələbə yoldaşlarından soruşmağı düşünürdüm, amma tez də fikrimdən daşınırdım. Fikirləşirdim bəlkə, başına bir iş gəlib, bəlkə, valideynlərindən xəstələnəni var, bəlkə, çox ciddi bir hadisə baş verib - axı, imtahanlar qurtaran kimi valideyinləri onu rayona çağırmışdılar. Ağlıma min bir fikir gəlirdi. Amma yenə də Ülkərin indiyəcən niyə gəlib çıxmamasının səbəbini  onunla oxuyan uşaqlardan soruşa bilməzdim. Axı onlar mənim Ülkərə olan münasibətimi bilmirdilər. İndi mənim onunla maraqlandığımı bilsələr, yaxşı düşməzdi, bu, lazımsız dedi-doduların yaranmasına səbəb ola bilərdi.

Sentyabr ayının beşi idi. Dərsdən qayıdırdım, qəfildən Ülkəri yataqxanada komendantın otağının qarşısında iki nəfər qızla durub söhbət edən gördüm. O, məni görmürdü.

Bütün diqqətim onda idi. Hətta bir az ayaq saxladım ki, görüm onun rayondan belə gec gəlməsinin səbəbini öyrənə bilərəmmi? Arxası mənə tərəf durub qızlarla şən söhbət edirdi. Birdən sol əlini qaldırıb saçlarına çəkdi. Elə bil, başımdan qaynar su tökdülər. Əlim-ayağım qurumuşdu, yerimdən tərpənə bilmirdim.

Ülkərin barmağında nişan üzüyü var idi...

lll

Ali məktəbi bitirib imtahanları verdik. Qızlar rayonlara, oğlanlar isə hərbi hissələrə yola düşdülər. Hərbdən qayıdandan sonra təyinatlar verildi.  Daxili İşlər Nazirliyinin təyinatı ilə məni Şamaxı rayonuna müstəntiq vəzifəsinə təyin etdilər.

Mən artıq evlənmişdim. Bir müddət işləyəndən sonra iş yerimi dəyişmişdilər. Bakıda mərkəzi aparatda işləyirdim. Polkovnik rütbəsi almışdım. İşlərim pis getmirdi, hətta fəxri adım da var idi.

O vaxtdan 40 ildən artıq vaxt keçmişdi. Arabir rayonlara, xüsusilə də Qarabağa gedəndə Ülkərin komendantın otağının qarşısında qızlarla söhbət etdiyi və barmağındakı nişan üzüyünü gördüyüm anlar yadıma düşür, o vaxtlar keçirdiyim hissləri bir də yenidən yaşayırdım. Axı Ülkər də əslən Qarabağdan idi. Qarbağda hadisələr günü-gündən gərginləşir, erməni separatçıları azərbaycanlılara qarşı böyük vəhşiliklər törədirdilər. Tez-tez azərbaycanlılar yaşayan kəndlərə basqınlar olur, mal-qara qarət edilir, əhaliyə divan tutulurdu. Mən rayona gedəndə yerli radio vasitəsilə çıxışlar edir, yerli qəzetlərdə məqalələr yazırdım. Nəhayət, 1993-cü ildə xeyli sayda əhali Qarabağdan və onun ətrafında olan rayonlardan çıxarıldı, Xocalı yerlə-yeksan edildi, yüzlərlə insan qətlə yetirildi, götürüldü. Xocalı yer üzündən silindi.

Qarabağdan didərgin salınan əhalinin bir hissəsi Bakıda, bir hissəsi Gəncədə, qalanları isə respublikanın 44 rayonunda yerləşdirildi.

Nazirliyin xətti ilə mütəmadi olaraq qaçqın və məcburi köçkünlərə baş çəkir, onların problemləri ilə maraqlanır, lazımi köməklik göstərməyə çalışırdıq. Bir gün  nazirlikdə qəbul günüm idi. Xeyli şikayətçi qəbul etmişdim. Bərk yorulmuşdum. İş günü artıq qurtarmışdı. İçəri 60-65 yaşlarında çox nimdaş geyimdə bir qadın daxil oldu. Ona oturmağı təklif etdim. Oturdu. Bir müddət heç nə danışmadı, susub-durdu. Nəhayət, mən soruşdum:

- Sizi eşidirəm, buyrun.

O, üzünü çevirib utana-utana mənə baxdı.

Sağ yanağında, gözündən bir az aşağıda çapıq gördüm   diqqətlə baxmağa başladım və tanıdım: o idi - Ülkər. Xeyli dəyişmiş, saçları ağarmış, sifətində vaxtından əvvəl qırışlar əmələ gəlmişdi.

Başını aşağı salıb sakit-sakit ağlayır, danışa bilmirdi. Ona çay gətirtdim. Çaydan bir qurtum alıb bir az özünə gəldi. Mənim onu tanıdığımı biləndən sonra yavaş-yavaş danışmağa başladı. Əvvəla, Qarabağda işləməsindən, 4-cü kursa keçəndə valideynlərinin onu öz kəndlərində bir oğlana vermələrindən danışdı. Üç uşaq anası olduğunu, könüllülər dəstəsində  ermənilərə qarşı döyüşən ərinin olduğunu dedi. Mən onu diqqətlə dinləyir, arada əyin-başına baxır, öz-özümə ona nə köməklik göstərə biləcəyimi fikirləşirdim.

O, danışırdı, mənim Qarabağda olduğumdan xəbərdar olduğunu, yerli radiolarda və mətbuatda çıxışlarımı oxuyub dinlədiyini, tarix müəllimi işlədiyini deyir, gözəl günlərindən, ailəsindən, uşaqlarından danışırdı. Arabir fikrə gedib ağlayır, sonra yenə də sözünə davam edirdi. Mənim barəmdə də xeyli şeylər danışdı: Qarabağda iştirakımdan, 20 noyabr faciəsindən söz açdı, mənim o hadisələrdə sağ qaldığımı bildiyini də dedi. Söhbətin bir yerində etiraf etdi dedi ki, mənim bütün həyatımı uzaqdan-uzağa izləyirmiş. Ağdamda, Şuşada, başqa rayonlarda olmağımdan, yüksək fəxri ad, ali rütbə almağımdan da xəbərdar olub.

Fasilə yarananda ona nə köməklik edə biləcəyimi soruşdum. Bildirdi ki, uşaqları ailəlidir və ayrı-ayrı rayonlarda yaşayırlar, ailə bir-birindən ayrı düşüb və maddi vəziyyətə görə bir yerdə olmaları çox vacibdir:

- Bununla bağlı hara getmişəmsə, heç kim köməklik etməyib. Ona görə bura gəlmişəm ki, bəlkə, siz kömək edə bilərsiniz.

Fikir verirdim, Ülkər xahişlə bağlı hər kəlməni çətinliklə, utana-utana deyirdi. Hiss olunurdu ki, buraya - mənim yanıma gəlmək onun üçün ən son çıxış yolu olub.

Beləcə, onu dinləyir, dinlədikcə və hər bir hərəkətinə göz qoyduqca Azərbaycan qadınındakı bu qürura heyran qalırdım.

Danışıb qurtardı. Araya sükut çökdü. Qarmaqarışıq düşüncələrdən ayırıb ona baxdım:

- Heç narahat olmayın. Düz edib bura gəlmisiniz. Sizə köməklik edəcəyim. Söz verirəm, qısa zamanda məsələnin müsbət həll olunmasına çalışacağam.

 

Akif RƏFİYEV

Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri

525-ci qəzet.- 2023.- 3 mart.- S.15.