Dəyəri azalmayan sənətkarlıq  

 

VƏ YA ELÇİN HƏMİDOVSUZ 12 İL...

 

 

Teatrda kinoda bir-birindən maraqlı rolları, parodiyaları ilə hər zaman tamaşaçılarının üzünü güldürən, içində isə böyük fırtınalar, ən dərin yaralar daşıyan aktyor idi o. Bəlkə özünün yaşamadığı, həyatı boyu həsrət qaldığı gülüşü, sevinci yaşatmağa çalışırdı tamaşaçısına. Bəlkə elə bu cür qisas alırdı ona ən adi sevincləri belə çox görən taledən, kim bilir..?

Ancaq bu qədər komik rolların ifaçısı yaddaşlarda daha çox "Planet Parni iz Baku" KVN Teatrının "Məhəllə" tamaşa-filmindəki Məzi obrazı ilə qaldı. Uşaq yaşlarından valideynlərini itirən, hər kəsin "dəli" hesab etdiyi üçün aşağılayıb xor gördüyü, amma sonda öz müdrik, həyati sözləri ilə ona "yuxarıdan aşağı" baxanlara, özünü ağıllı sananlara dərs verərək heyrətləndirən Məzi...

Bu gün "ağıllı dəli" Məzinin, istedadlı aktyor Elçin Həmidovun aramızdan ayrılmasından düz 12 il keçir. Sanki dünən kimi xatirəsi yaddaşımızda əbədi yaşayan Elçin Həmidovsuz 12 il...

Təsadüfi deyil ki, Elçin Həmidov yaratdığı onlarla obrazın içində məhz Məziylə daha çox tanındı, daha çox sevildi. Çünki onun Məzi obrazında ən təbii, ən səmimi həyat lövhələri gizlənmişdi. Məzi Elçinə çox tanış, hətta doğma obraz idi. Axı o da Məziylə, demək olar ki, eyni həyatı bölüşürdü...

Elçin Həmidov 1958-ci il iyunun 29-da Bakıda Qəzənfər kişinin ailəsində dünyaya göz açmışdı. Taleyin amansız əli hələ lap körpə ikən yapışmışdı Elçinin yaxasından. O, əvvəlcə atasını, sonra isə anasını itirir. Elçin digər bacı-qardaşlarına əmisi sahib çıxır. yazıq ki, balaca Elçinin bəxti burada da üzünə gülmür, sığındığı evdə rahatlıq tapa bilmir. Evin ən ağır işləri ona gördürülür, doyunca yemək verilmirmiş. Hətta mərhum aktyorun sözlərinə görə, o qədər ac qalarmış ki, vitaminsizlikdən kirpikləri tökülürmüş. Bunlarla bərabər, gördüyü şiddət onun ata-anasızlığını, kimsəsizliyini sanki hər dəfə "başına qaxınc" edirmiş. Bu kimsəsizliyinə hələ tam alışmamış, yeniyetmə çağında iki qardaşını bacısını itirir. Lakin bütün bu əzablara, çətinliklərə baxmayaraq, gənc oğlan sınmır, həyatda özünə bir yer etmək, onu görməyənlərə, görmək istəməyənlərə varlığını sübut etmək üçün çalışır.

Əvvəllər kuryer işləyən Elçin 1977-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olur. 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işə düzəlir. O, burada öncə işıqçı, sonra fəhlə kimi çalışır. Bir müddət sonra xor artisti vəzifəsinə, daha sonra artist-vokalist ştatına keçir. Gənc aktyor az vaxtda öz istedadını sübut etməyi bacarır, yaratdığı müxtəlif rollarla özünü təsdiq edir. Əsl bariton soprano səsə malik aktyor tamaşalardakı çox musiqiləri özü ifa edir.

Doğma teatrında yaratdığı Mayıl ("Subaylarınızdan görəsiniz"), İkram ("Boşanaq, evlənərik"), Rza bəy ("O olmasın, bu olsun"), Esfraqon ("İddialı qaraçı"), Nadir ("Beş manatlıq gəlin"), Dilənçi ("Mən dəyərəm min cavana"), Miriş ("Özümüz bilərik") sair obrazlar ona böyük tamaşaçı rəğbəti qazandırır.

Ekranlarda isə E.Həmidov "Bakılı oğlanlar" komandasındakı parodiyaları yuxarıda adını çəkdiyimiz Məzi obrazı ilə tanınır. Onun gözəl səsi böyük istedadı Flora Kərimova, İlhamə Quliyeva, Zəki Müren, Gülşən Qurbanova, Elza Seyidcahan, Əminə Yusifqızı kimi sənətçiləri uğurla parodiya etməyinə şərait yaradır. Maraqlıdır ki, onun parodiya etdiyi heç bir sənətçi heç vaxt ondan incimir, əksinə, bu, onlara da gülüş zövq bəxş edir. Çünki o, xarakterindəki kübarlığı, həssaslığı sayğını yaratdığı obrazlarına, parodiyalarına qarşı da saxlayırdı.

E.Həmidov sənət dostlarına qarşı da çox həssas dost imiş. Onun Hacıbaba Bağırov rəhmətə gedəndən sonra azyaşlı qızına hər axşam telefonla nağıl danışması, aktrisa Dilarə Əliyevanın bəyənib ala bilmədiyi qızıl üzüyü ona hədiyyə etməsi bu nümunələrin sadəcə bir neçəsidir.

Bu qədər həssas ürək sahibi elə bu həssas düşüncələrinə görə heç zaman ailə həyatı da qurmayıb. Ailəsindəki irsi xəstəlikdən cavan ölümlərdən qorxuya düşən sənətçi özünün tez öləcəyindən qorxduğu üçün kiminləsə evlənib özündən sonra onu tənha qoymaq istəməyib.

Onun səhnədəki son rolu Qoqolun "Evlənmə" tamaşasındakı Yaiçnitça olur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu tamaşa Elçinin çox xoşuna gəlirmiş və Elçin bu əsərə ürəklə hazırlaşırmış. Ancaq təəssüf ki, səhhətindəki problemlər, tez-tez şəkər və təzyiqdən əziyyət çəkməsi ona məşqlərdə mane olur, sözlərini unutmasına gətirib çıxarırmış. Bununla belə E.Həmidov tamaşanın premyerasında öz gözəl ifasıyla seçilir. Hətta sanki gedişini hiss edirmiş kimi tamaşanın premyerasından sonra düz iki saat dinib-danışmadan diskdə əsəri izləyir.

Həmişə dostlarına "mən əlli yaşımı keçməyəcəm. Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaqbundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam" - deyən aktyor sanki həqiqətən də öz sonunu təsvir edirmiş.

2011-ci il martın 4-ü səhər teatrda "Hərənin öz ulduzu" tamaşasının orkestrlə məşqi olsa da, Elçin məşqə gəlmir. Həmkarları nə qədər gözləsələr də, gəlmir, telefonlara cavab vermir. Bundan narahat olan bir neçə həmkarı aktyorun evinə gedirlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapını açdıqda acı gerçəklə qarşılaşırlar: hamamda halı pisləşmişn aktyor hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb. İrsi ürək xəstəliyindən əziyyət çəkən aktyorun cansız bədəni dəhlizdə sahibsiz qalıb.

Beləcə, Elçin Həmidovun tənhalığa məhkum edilmiş həyatı tənhalıqda da sona çatır...

O gündən 12 il keçsə də, istedadlı aktyor onu sevən həmkarlarının və tamaşaçılarının qəlbində bir-birindən maraqlı obrazları, rolları, parodiyaları ilə yaşayır və hələ çox uzun illər də yaşayacaq!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 4 mart.- S.15.