Torpağı vətən edənlər: Milli qəhrəman Elgiz Kərimov
Son 3 ildə azadlığını
böyük iftixarla, sonsuz qürurla qeyd etdiyimiz Qarabağ torpağı həm öz taleyi, həm də qoynunda uyutduqlarının taleyi ilə hər zaman kövrək, amma daima da
əzəmətli duyğular
oyadacaq. Hələ XX əsrin sonlarında
Birinci Qarabağ müharibəsində yazılmışdı
o torpaqların alnına
minlərlə vətənpərvər,
cəsur, igid gəncimizin nakam taleyi. 30 illik
arayla iki Qarabağ müharibəsinə
meydan olmuş bu torpaq neçə
yarım qalan hekayəyə, neçə
tamamlanmamış ömrə
qucaq açıb, son
ünvan olub.
Həmin igidlərimizdən biri də Birinci Qarabağ müharibəmizin
şəhidlərindən Milli
Qəhrəman Elgiz Kərimovdur. Həyat hekayəsini, döyüş
yolunu özünün
qələmə aldığı
gündəliyindən öyrəndiyimiz,
həyatı kimi gündəliyindəki qeydləri
də yarıda qırılan Elgizi ehtiramla anırıq şəhadətinin 31-ci ilində...
lll
Elgiz Kərim
oğlu Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda anadan olub. 1987-ci ildə
orta təhsilini başa vurub və həmin il hərbi
xidmətə çağırılıb.
1989-cu ildə hərbi xidmətini başa vuran Elgiz doğma yurdu Bərdəyə qayıtsa da, Qarabağ müharibəsi
başlananda ön cəhbəyə könüllü,
ürəkli gedənlərdən
biri olur. Erməni işğalçılarının Vətənimizə hücumu
ilə barışa bilməyən 20 yaşlı
igidimiz 1991-ci ildə könüllü özünümüdafiə
batalyonlarından birinə
yazılaraq Vətənin
müdafiəsinə tələsir.
Elgiz cəbhəyə
yola düşdüyü
günü övladını
odun-alovun içərisinə
göndərən anasının
narahatlıq və qürur dolu nidası ilə təsvir edir öz gündəliyində:
"Cəbhəyə gedəndə
anam "Bir dayan, a bala, boy-buxununa doyunca baxım".
Elgiz Kərimov
Əsgəran yaxınlığında
gedən şiddətli
döyüşlər zamanı
xüsusi fəallığı
ilə seçilərək
neçə-neçə erməni
quldurunu məhv edir. Bu döyüşdə
göstərdiyi igidlikdən
sonra gənc əsgərin adı dillər əzbəri olur.
Hətta
20-ci doğum gününü
də cəbhədə,
döyüş yoldaşlarının
arasında, əlində
silah keçirən Elgiz onların təkidlərinə baxmayaraq,
silahı yerə qoymur, çox ağır döyüşə
girir və yubileyinin ən gözəl "hədiyyəsini"
alır. Həmin
"hədiyyə"ni
isə özü belə təsvir edir: "Bu gün 91-ci ilin yanvar ayının
5-i, ad günümdür. 20
yaşım tamam olur. Dostlarım dedilər ki,
silahı qoy yerə. Qoymadım. Çünki ermənilər Əsgəran
səmtdən amansızlıqla
hücuma keçmişdilər.
Biz onları geri
qayıtmağa məcbur
etdik. Ad günümə hədiyyə
isə üç nəfəri əsir götürməyimiz oldu.
Onlardan biri rus idi.
Yekəpər olmasına
baxmayaraq, uşaq kimi ağlayır: "Ermənilər bizi satın alıblar" - deyirdi. İkincisi, Qarabağ haqqında
anlayışı olmayan
gəlmə "dığa"
gah ingiliscə, gah da fransızca
danışırdı. Üçüncüsünü isə yaxşı
tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi.
O, necə mənə
yalvarır, imdad istəyirdi. Soruşdum:
"Heç utanırsan?"
Cavab verdi:
"Utanmaq azdır, ölüm yaxşıdır.
Allah şeytana lənət eləsin".
Şeytan isə onun qan, din, dil, əqidə, məslək
tayfalarıydı".
Bəli,
Elgiz və onun kimi qəhrəmanlarımızı
ən çox sarsıdan da məhz bu idi:
vaxtilə bir yerdə yaşadıqları,
bir qabdan yemək yedikləri, xeyrinə, şərinə
yaradıqları qonşuları
bu gün onlarla ərazi davasına çıxır,
onlara silah tuşlayırdılar. Bəs harada
idi ilahi ədalət, harada idi kəsilən çörəyin müqəddəsliyi?
O erməni fəhləsinin
dediyi kimi, şeytan idi günahkar? Bəs şeytan kim
idi? Böyük Cavidin dediyi
kimi "hər kəsə xain olan insan" özü elə iblis deyildimi?
lll
Övladı 20 yaşını cəbhədə
tamamlayan ananın ən böyük arzusu onun toyunu
görmək idi. Bunun üçün
qonşu qızın
"hə"sini də
alıbmış. Amma
onun böyütdüyü,
tərbiyə verdiyi bu vətən sevdalı oğul vətənini mənfur düşmənin əlindən
xilas etməmiş geri dönməyi düşünmürdü, nəinki
evlənmək...
Yoxsa Cəmilli
kəndində ağır
yaralanmasına, üç
ay özündə olmamasına
baxmayaraq, bir azca düzələn kimi yenidən cəbhəyə tələsərdimi?
"Ermənilər daha
da vəhşiləşmişdilər. Şuşanın səmasında sərnişin
vertolyotunu vurub, 43 nəfəri öldürdülər.
Kərkicahanı hər gün,
hər gecə atəşə tuturdular.
Xocalıya açıq-aşkar qənim kəsilmişdilər.
Xankəndi ilə Əsgəran
arasında əlaqə
kəsilmişdi. Cəmilli kəndinin
müdafiəsi zamanı
ağır yaralandım.
Üç ay özümdə olmadım.
Yenidən silahdaşlarımızın yanına qayıdanda dostlarım sevindilər. Ancaq bu sevinc uzun çəkmədi. Ermənilər Naxçıvanik istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməliydi. 1992-ci il mart ayının 12-də müdafiə, gözləmə mövqeyindən çıxıb, hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi".
Buradaca yarımçıq qalır Elgizin gündəliyi. Çünki elə həmin gün o, mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəlir. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarılaraq döyüşçülərimiz azad edilir. Lakin bu döyüşdə Vətənimizin igid oğlu Elgiz Kərimov düşmən gülləsinə tuş gəlir. 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Oğlunu bəylik kostyumunda görməyi arzulayan, toyuna hazırlaşan ana onu üçrəngli Vətən bayrağına sarınmış halda basdı bağrına, doğulub, boya-başa çatdığı Bərdədə tapşırdı balasını torpağa... Ən böyük təsəllisi isə oğlunun şəhadətindən üç ay sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə ona verilən "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı oldu.
21 yaşlı vətən sevdalı gənc adını xalqının, vətəninin tarixinə elə həkk etdi ki, martın 12-də şəhadətinin 31-ci ili tamam olmasına baxmayaraq, unudulmur, unudulmayacaq.
Qəhrəmanlarına sədaqətlə sahib çıxan, onların xatirəsini daim əziz tutan xalqımız Elgizi də unutmadı, unutdurmadı. Bərdə şəhər 4 saylı tam orta məktəb Milli Qəhrəman Elgiz Kərimovun adını daşıyır.
Xoşbəxt xalqıq ki, Elgiz kimi Birinci Qarabağ müharibəsində canını fəda edən qəhrəmanlarımız da daxil olmaqla, bu vətən, bu yurd uğrunda şəhidlik şərbətini içmiş oğul və qızlarımızın qanı yerdə qalmadı. Onların qisası 30 il sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qələbəmizlə alındı.
Torpağı Vətən edənlərə salam olsun!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 11
mart.- S.24.