Çağdaş müəllim
anlayışı və təhsil modellərinə bir
baxış
Bugünün müəllimi öz üzərində
çalışmaq, özünü inkişaf etdirmək
haqda daha çox düşünməlidir. Çağdaş
reallıq, hazırkı proseslər bunu tələb edir.
İlk növbədə o baxımdan ki, rəqəmsal
texnologiyaların həyatımızda aparıcı rolu get-gedə
artır. Uşaqlarda istifadə bacarıqları
erkən yaşlardan formalaşır və zaman keçdikcə
tələbat daha üst səviyyəyə qalxır. Əsasən sənayedə baş verən dəyişikliklərin
təhsil modelinə təsir etdiyini nəzərə alsaq, sənaye
inqilablarına bənzər dəyişikliklərin də təhsildə
təzahürünü açıq-aydın görmək
mümkündür.
Elm və
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər
təhsildə məzmun, tədris və qiymətləndirmə
şöbəsinin aparıcı məsləhətçisi
Toğrul İbrahimov deyir ki, sənaye inqilablarına bənzər
dəyişikliklər təhsilə təzahürləri bir
neçə istiqamət üzrə müəyyənləşdirilir:
"Təhsil 1.0: Əsas rolun müəllimdə olduğu və
əzbərçiliyə söykənən bir modeldir. Bu mərhələdə məlumatın şagirdlər
tərəfindən mühakimə, sorğu-sual olunmadan qəbul
edildiyini, lakin gündəlik həyatda istifadə
olunmadığını deyə bilərik. Eləcə
də təhsilalanların daha çox müəllimlərini
müşahidə edərək onları nümunə
götürdüyü və eyni tip sual modeli əsasında
qiymətləndirildiyi də bu mərhələnin əsas
xüsusiyyətlərinə aiddir.
Təhsil
2.0: Elektrik enerjisinin sənayedə tətbiqi ilə başlayan,
ikinci sənaye inqilabına söykənən bir modeldir. Bu dövrdə müəllimin rəhbərlik edən,
yol göstərici funksiyası ilə birlikdə koqnitiv
bacarıqlara üstünlük verildiyi və mərkəzində
təhsilalanın dayandığı bir modelə keçid
edilmişdir. Təhsilverən və təhsilalan
arasında refleksiv və qarşılıqlı öyrənmə
modeli kimi burada daha çox fərdin ehtiyaclarını nəzərə
alan və onun prosesə
inteqrasiyasını ön planda tutan baxış tərzi
üstün olmuşdur. Xülasə, Təhsil
2.0 qismən texnologiyalardan istifadə edilərək insan
ağlının daha çox təzahür etdiyi bir modeldir.
Təhsil
3.0: Bu dövr sənayedən texnologiya əsaslı cəmiyyətə
keçidlə bağlıdır. Elmi-texniki
inqilab olaraq da bilinən üçüncü sənaye
inqilabı nəinki təhsil, eləcə də həyatın
sosial, iqtisadi, ekoloji yönlərinə təsir edən, hətta
onu dəyişdirib yeni formaya salan amil rolunda
çıxış edir. Medianın rəqəmsallaşmağa
başladığı, internetə
çıxışın asanlaşdığı və
geniş yayıldığı, məlumatın əlçatanlığının
artdığı və virtual öyrənmənin fürsətə
çevrildiyi bir dövrdür. Mənbə
müxtəlifliyinin artdığı müşahidə edilən
bu mərhələni biliyin istehsal edildiyi dövr kimi də
qiymətləndirə bilərik.
Təhsil
4.0: Bu mərhələ informasiya və kommunikasiya
texnologiyalarında baş verən intensiv dəyişiklik və
innovasiyaya meyilli yanaşmaların təhsildə aparıcı
rol oynadığı dövrdür. Əsasən
ömürboyu təhsil fəlsəfəsinə söykənən
model fərdin tənqidi təfəkkür, problem həlletmə,
ünsiyyət, əməkdaşlıq, müstəqil öyrənmə
və rəqəmsal savadlılıq kimi səriştələrinin
formalaşdırılmasına yönəlmişdir. Xüsusilə, süni intellekt, böyükhəcmli
verilənlər bazası kimi rəqəmsal
anlayışların geniş istifadəyə
başlandığı bu dövrdə öyrənmə
tezliyi əhəmiyyətli dərəcədə
artmış, zaman və məkandan asılılıq
azalmışdır. Belə olduğu
halda, müəllim də fərdin müstəqil öyrənməsini
idarə edən şəxsə çevrilib".
Onun sözlərinə görə, hazırda
yaşadığımız dövr Təhsil 4.0 ilə
müqayisə edildikdə dərin fərqlər ortaya
çıxsa da, eyni zəmin üzərində qərarlaşır. Nəticə
olaraq bu model 4-cü sənaye inqilabının
yaratdığı reallığa söykənir. Yəni bu mərhələdə süni intellekt,
maşın öyrənməsi və böyükhəcmli
verilənlər bazasından, eləcə də yuxarıda
sözügedən səriştələrdən istifadə
edilərək robot-insan qarşılıqlı təsirinə
əsaslanan təhsil modeli yaranır. Təhsil
5.0 modelində texnologiya və rəqəmsallaşma təməl
ünsürlərdir. Buna baxmayaraq, təhsil
sistemi rəqəmsallaşmağa doğru getdikcə səriştələrin
əldə olunmasını daha da asanlaşdırmalı və
çevik hala gətirməlidir. Məlum
olduğu kimi, bu prosesdə beynəlxalq təşkilatların
istiqamətləndirici rolu olduqca əhəmiyyətlidir.
Bu mənada iqtisadi, sosial və ictimai məsələlərin
müzakirə edildiyi Davosda keçirilən Dünya
İqtisadi Forumunda 2020-ci ilin yanvar ayında təhsillə
bağlı 8 vacib məqam vurğulanıb. Qlobal vətəndaşlıq
bacarıqları, yenilik və yaradıcılıq
bacarıqları, texnologiyadan istifadə bacarıqları,
kommunikasiya bacarıqları, fərdiləşdirilmiş və
müstəqil öyrənmə bacarıqları, əlçatan
və inklüziv öyrənmə, probleməsaslı və əməkdaşlıqda
öyrənmə, ömürboyu və şagird mərkəzli
öyrənmə: "Göründüyü kimi,
sözügedən məqamlar
bütün təhsil modelləri əsasında təcrübəyə
əsaslanaraq gəlinmiş nəticədir. 2006-cı
ildə Avropa Şurası tərəfindən insanın yiyələnməli
olduğu kompetensiyaların siyahısında da yuxarıda
sözügedən məqamlar qeyd olunmuşdur. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarı
ilə təsdiq edilən "Azərbaycan Respublikasında
ümumi təhsilin dövlət standartları" (2020) sənədində
müəyyənləşdirilən səriştələr
də bu bacarıqlarla səsləşir. Daha
çox qloballaşma və vahidliyə əsaslanan bu model
bütün dünyada bərabər imkanların
yaradılmasını və
dayanıqlılığını tələb edir.
Texnoloji imkanların gətirdiyi fürsətlər nəticəsində
təhsildə zaman, məkan məfhumlarını aradan
qaldıraraq qlobal, ortaq və sərhədi olmayan təhsil
anlayışı kimi Təhsil 5.0 üçün əsas
amillər belə ümumiləşdirilə bilər: Tədris
proqramı dəyişkən, dinamik və gələcəyə
istiqamətlənən olmalıdır".
Toğrul
İbrahimov bildirib ki, indiki vaxtda iş,
ümumiyyətlə, məktəbdən sonra axtarılır.
Biz tələbələrin təcrübə
müddətində işəgötürülən və
işçilərin bir-birini seçə bildiyi dövrə
doğru sürətlə irəliləyirik. Nəticə
etibarı ilə hələ məzun olmayan tələbələrimiz
təcrübələrini çox yaxşı dəyərləndirməli
və məzun olduqda işləyəcəkləri iş
yerində təcrübə müddətinə qəbul
olunması üçün səy göstərməlidirlər.
Dəyişən iş dünyasına və peşə
xüsusiyyətlərinə uyğunlaşmaqla yanaşı,
biz uşaqları bu dəyişikliyə rəhbərlik etmək
üçün lazım olan bacarıqlarla təchiz etməliyik.
Oksford Universitetinin 2017-ci ildə dərc etdiyi hesabata görə
robotlar, kompüterlər və
avtomatlaşdırılmış sistemlərin həyatımıza
daxil olması nəticəsində 20 il ərzində
İngiltərədəki işlərin 35 faizi insan
gücü ilə görülməyəcək. Qədim tarixə malik və olduqca həyati peşə
sahibləri həkimlər belə bəzi prosesləri özləri
etməyəcəklər. Hazırda
ixtisaslaşmış 3D printerlərdə çap edilən
orqanlar, bəzi əməliyyatların müəyyən bir mərhələsi
bu prosesin ilkin addımları hesab edilə bilər. Gələcəkdə daha çox əməliyyat və
tibbi müalicələrin 80 faizə qədərinin robotlar və
avtomatik sistemlərlə icra ediləcəyi ehtimal olunur.
Bu və ya digər səbəblərdən tədris proqramı
müasir ixtisaslara malik kadrların yetişdirilməsini əlverişli
hala gətirməlidir: "Varislik qorunmalı, köhnə-təzə
bütün tədris resursları birlikdə istifadə
olunmalıdır. Təhsilalanların
dövrün tələblərini yerinə yetirə bilmələri
üçün onlar keçmişdən indiyə müqayisəli
təhlil nəticələrindən xəbərdar
olmalıdırlar. Öyrənmə prosesi
e-öyrənmə istiqamətində sinifsiz və mobil
öyrənmə kimi yeni yanaşmalar əsasında fərdi
və komanda işlərində tətbiq olunaraq
reallaşdırıla bilər. Müəllimin
rolu şagirdlərə təhsil proqramında nəzərdə
tutulanları öyrətməkdən üstün
olmalıdır. Çünki Təhsil 5.0
dövründə öyrənmənin yeganə mənbəyi
proqram deyil. Şagirdlər bir-birilərindən, içərisində
yaşadıqları cəmiyyətdən, mütəxəssislərdən,
internetdən və s. mənbələrdən fasiləsiz
olaraq öyrənmə imkanına malikdirlər. Doğrudur, indi məlumat axtarmaq və tapmaq
asandır, lakin onlardan necə istifadə edəcəyini bilmək
daha dəyərli bir bacarıqdır. Şagirdlər
sadəcə məlumatı alıb qavrayan deyil, onları
yönləndirə bilən, öyrədən vasitələri
seçə bilən, öz səriştələrinin fərqinə
vararaq, yollarını müəyyənləşdirə bilən
olmalıdırlar. Təhsil 5.0-da
insanların istifadə etdiyi texnoloji vasitələr müəllim
və şagirdlə sanki yerini dəyişdirir. Yəni burada süni intellektin tətbiqinin nəticəsi
kimi kompüter və avtomatlaşdırılmış sistemlər
bir şagird kimi öyrədilir, yetişdirilir və istifadəyə
buraxılır. Son günlərdə istifadəyə
verilmiş süni intellektli söhbət robotu Chat GPT Open
Aİ bunu izah etmək üçün yaxşı nümunə
ola bilər".
O qeyd edib
ki, şagirdlərin təhsil sisteminə inteqrasiya edilməsi əvəzinə,
təhsil sistemi şagirdlərin qabiliyyət və xüsusiyyətlərinə
görə uyğunlaşdırmalı və rəqəmsal
ünsürlərlə zənginləşdirilməlidir. Təhsil 5.0-da öyrənmə yalnız məktəbdə
reallaşdırılmır, öyrənənlərin məkanı,
dilləri və keçmişləri təhsil almağa
problem yaradan amil kimi hesab edilmir. Bu
universitetlərarası, ölkələrarası rabitəni təmin
edən qarşılıqlı təsirin müşahidə
edildiyi bir modeldir. Dünyada aparılan rəqəmsal
islahatların fonunda yuxarıda qeyd olunanlar təhsilin məzmununda,
öyrənmədə və tədrisin təşkilində
keyfiyyəti əhəmiyyətli dərəcədə
artırmağa istiqamətlənib: "1850-ci illərdən
sənayeləşmə ilə güclənən ölkələrin
həmişə qalib gəlmək, daha çox istehlak etmək
ehtirasının ətraf mühitə vurduğu ziyan bəşəriyyəti
"Qlobal istiləşmə" və ondan nəticələnən
bir sıra böhranlarla üz-üzə qoymuşdur. Bu səbəblə 2016-cı ilin yanvarında
Yaponiya hökuməti "Cəmiyyət 5.0"
anlayışını istifadə etdi. "Cəmiyyət
5.0" texnologiyanın cəmiyyətlər tərəfindən
təhlükə deyil, yardım kimi qəbul edilməsi fikrini
irəli sürür. Bu çərçivədə
rəqəmsallaşmanın sosial və iqtisadi təsirlərini
nəzərə alaraq, insanlar və maşınlar arasında
əməkdaşlığın qurulmasının zəruriliyi
vurğulanır. Belə olduqda yeni sənaye
inqilabının daha təhlükəli formada təzahür
etməsinin və şərh olunmasının
qarşısının alınması və müvafiq təhsil
modeli ilə yeni nəslin təlimləndirilməsi xüsusi əhəmiyyət
kəsb edir. Təsadüfi deyil ki, Təhsil
5.0 modelinin əsasında Cəmiyyət 5.0 anlayışı
dayanır. Təhsil 5.0 modelində də əsas
faktorun texnologiyalar deyil, insan olduğunu qeyd etmək
lazımdır. Çünki burada
bütün səylər insanların rifahına və daha
yaxşı cəmiyyətin formalaşdırılmasına
yönləndirilir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 11 mart.- S.23.