Güney Azərbaycanda nəşr məsələlərinə
bir nəzər
(Əvvəli
ötən sayımızda)
2014-cü
ildə çap olunmuş kitabların sırasında
İsmayıl Mədədi Ülkərin "Urmiyə
şeir antologiyasi"nın özəl
yeri vardır. Kitab üzərində böyük zəhməti
olan şair bu addımı Urmu hadisələrinin həm
geniş ictimaiyyətə çatdırılması, həm
də unudulmaması, yaddaşlardan silinməməsi
üçün bir addım sayır: "Bu göl, quruma,
qurutma, qurudulma və qurutdurulma (Adını nə
qoyursanızsa qoyunuz) ilə ilgili ilk sinyallarını
verdiği andan etibarən biz, ilk və son silahımız olan
şeirimizlə təpkilərimizi göstərməyə başladıq.
Bu təpkilərin biri "Urmiyə şeir
antologiyası"nı (I cild) toplayıb
yayımlayıb-yayımlamaq idi. Əlimizdə
olan bilgi və bəlgələrə əsasən
dünyanın heç bir yerində heç bir faciəyə
qarşı bu qıvraqlıqda və mükəmməllikdə
bir refleks verilməmişdir. Üstəlik, bu əks-əməl,
bir məmləkətin bütün aydın kütləsinin
başında gələn şair kəsimincə verildiyinə
görə olağanüstü və tarixi bir dəyərə
sahibdir..."
Şair
haqlıdır, tarixinə, dilinə, mədəniyyətinə
biganə olan, unudan bir toplum, xalq yaşamağa deyil,
ölümə və tarix səhifələrindən silinməyə
məhkumdur... Uca Tanrı bizləri bu məhkumluqdan qorusun!..
Bədii
yaradıcılığında mifik qaynaqlardan bəhrələnən,
psixoloji detallara önəm verən yazarlardan biri kimi
tanınan Rüqəyyə Kəbirinin "Təbrizin al təbimi"
(2010) adlı şeirlər toplusu, "İçimdəki
qız" (2013), "Bu qapı heç
çalınmayacaq" (2011) hekayələr toplusu,
"Evim" (2013), "Yerdən uca torpaq" (2014)
romanları da, qeyd etdiyimiz kimi, 2010-2014-cü illərin
çap məhsulları sırasındadır.
Araz
Əhmədoğlunun Bakıda çap olunmuş "İki
daş" və "Son tüfəng" şeir və hekayə/öykü
kitabları da 2014-cü ilin nəşrlərindəndir.
2013-cü
ildə "Varlıq", "Yarpaq", "Xudafərin",
"Yaşmaq" jurnallarının sırasına yeni bir ədəbiyyat
tribunası - "Ban" dərgisi də qoşuldu.
"Ban" adlı dərginin (112 s. üç ayda bir) məqalə,
öykü və şeirlərdən ibarət ilk
sayının İstanbul şəhərində
yayımlanması ilin ən mühüm ədəbi və mətbu
hadisələrindən biridir... "Ban"ın amacı
çağdaş Güney Azərbaycan ədəbiyyatı
haqqında yazılar dərc etmək, Güney Azərbaycanda
yazıb-yaradan sənətkarların ədəbi
yaradıcılığını tanıtmaq, həmçinin
burada artan sürətlə inkişaf edən ədəbi
prosesi ardıcıl şəkildə izləməkdir.
"Ban" dərgisinin yayımı yığcam bir
kollektivin-redaksiya heyətinin fədakar əməyi sayəsində
gerçəkləşməkdədir. Belə ki, Türkan
Urmulu yazı işləri müdiri, dərginin redaktoru olan
türkoloq və ədəbiyyatşünas Toğrul Atabay həm
də öykü-nəsr, Hadi Qaraçay poeziya, Ramin
Cabbarlı publisistika bölümləri üzrə, dizaynerlər
Atabay Tikantəpəli üz qabığının, Tural
Sirdaş isə iç səhifələrinin tərtibatından
sorumludurlar. "Ban" dərgisinin ilk sayında Hümmət
Şahbazi, Ülkər Ucqar, Yrd.Doç.Dr. Gülara Yenisey və
Ərsan Ərelin məqalələri, Rasim Qaraca ilə
söyləşi-müsahibə (doğrusu, "söyləşi"
daha doğal səslənir - E.F.), Rüqəyyə Kəbiri
və Kiyan Xiyavın öyküləri, Andre Breton, Pol Eluar,
Lui Araqon, Heydər Bayat, İbrahim Savalan, Kiyan Xiyav, Ramin
Cabbarlı, Türkan Urmulu, İsmayıl Mədədi, Fətullah
Zövqi, Aydın Araz, Leyla Rəhimi, Fəriba Həyati, Elyad
Musəvi, Əlirza Ağazadə, Ərsan Ərelin isə
şeirləri çap olunmuşdu. Rüqiyyə Kəbiri,
Ülkər Ucqar, Gülara Yenisey, Leyla Rəhimi, Fəriba Həyati
və dərginin Yazı işləri müdiri Türkan
Urmulunun məqalə və şeirlərinin də yer
aldığı bu sayda yaradıcı qadınların əsərləri
nisbətən üstünlük təşkil edir. Yazar və tərcüməçi Ülkər
Ucqarın "Ağ Alma" və ədəbiyyat: Dilin erkək
zatı" adlı məqaləsində bir sıra dillərdə
kişilərin dominantlığı məsələsinə
tənqidi nəzər salınır.
Cəfakeş naşirlər dərgini mövcud duruma
görə yalnız Güney Azərbaycanda pulsuz olaraq
yayır, digər ölkələrdə isə açıq
satışa çıxarırlar. Əsasən Çağdaş
Güney Azərbaycan ədəbiyyatına həsr ediləcək
dərginin redaksiya heyətinin üzvü, hazırda
Norveçdə mühacirətdə yaşayan istedadlı
şair və araşdırıcı Hadi Qaraçay
"Amerikanın səsi"nə verdiyi müsahibədə
deyir ki, "Ban" dərgisi Güney Azərbaycanda mövcud
olan dirəniş ədəbiyyatının nəzəri təməllərini
tanıtmaq və onun əməli nümunələrini ortaya
qoymaq məqsədilə yaradıldı. Lakin redaksiya heyəti
üzvlərinin çoxunun Türkiyədə
yaşaması, habelə bu ölkənin Türk
dünyasının ədəbiyyat mərkəzinə
çevrilməsi və bütün Türk xalqlarının
burada təmsil olunması səbəbindən dərginin
İstanbul şəhərində nəşr olunması zərurətini
doğurdu: "Hədəfimiz istiqamətində dərgidə
başqa Türk xalqları, habelə Türkiyə türkcəsində
yaradılan əsərlərə də yer veriləcəkdir"
deyən Hadi bəy ümumiyyətlə qadın ədəbiyyatçıların
əsərlərinə xüsusi önəm verdiyini
"İran Azərbaycanında türk dilində yazan
qadınların əsərlərinin keyfiyyət və kəmiyyət
baxımından çox yüksək səviyyəyə
çatması ilə əlaqələndirmişdir..."
Dərginin şeir bölümünə "Beçələr
banlayanda" və "Badamlıqlar" adlı şeir
kitabları ilə böyük oxucu rəğbəti
qazanmış Hadi Qaraçay rəhbərlik edir. O, dərc edilən əsərlərdə
işlədilən türkcənin həm Türkiyədə,
həm də Azərbaycan Respublikasında başa
düşüləcək üslub və səviyyədə
olmasına da diqqət çəkir və bunu təsadüfi
hesab etmir. Çünki İran Azərbaycanında
yazılan türkcə də bu xüsusiyyətə malik
olduğundan dərgi əməkdaşları belə bir dil
üslubuna əsaslanmağı gərəkli saymışlar.
Elinin, yurdunun və doğma türkcənin böyük təəssübkeşi
olan və bu sabit mövqeyi bütün
yaradıcılığında yansıyan H.Qaraçayın
fikrincə, yeniliklər yaratmaq və yeni sözlər işlətmək
dilə zərbə vurmur, əksinə, onun daha da inkişaf
edərək gəlişməsinə yol açır:
"Bizim dövlətimiz olmadığı üçün,
Türkiyədəki Türk Dil Qurumu kimi bir imkan əldə
etmək şansımız yoxdur. Buna görə
də bu vəzifə dərgilərin üzərinə
düşür". O, Türk Dil Qurumunun
yaradıcılıq təcrübələrindən və təklif
etdiyi sözlərdən yararlanmağın gərəkliliyinə
inandığını söyləyir.
2016-cı ildə isə Əfrasiyab Nurullahinin
"Güzümün gecəsi" adlı şeir toplusu Təbrizdəki
"Aydın sav" nəşriyyatında işıq
üzü görüb.
Qafur
İmamizadə Xiyavinin Azərbaycan türkcəsində qələmə
aldığı və müxtəlif hekayələrindən
oluşan "Qırmızım" kitabındakı
"Qırmızım" hekayəsi isə 2016-cı ilin
dekabrında Qazaxıstanın Almatı şəhərində
Avrasiya Yazarlar Birliyi, Türkiyə Mədəniyyət
Nazirliyi və Uluslararası Türk Kültür Təşkilatı
(TÜRKSOY) kimi qurumların dəstəyi və 16 ölkədən
türk yazarların iştirakı ilə keçirilən IV
Beynəlxalq Mahmud Kaşğarlı Hekayə
yarışmasının ən böyük ödülünə
layiq görülüb. Yarışmada Güney
Azərbaycanı təmsil edən və Türk dünyası
üzrə I yerin sahibi olan Qəfur İmamizadə Xiyavinin
"Qırmızım" və 10 digər hekayəsinin də
yer aldığı "Qırmızım" hekayə
toplusunu (118 s.) İİR-də
"Nizami" Nəşriyyatı yayımlayıb.
2017-ci ildə
isə "Mehriqan ədəbi ödülü"nün
iyirminci dövründə isə "Varlıq" dərgisinin
redaksiya heyətinin üzvü, "ədəbi nəsr"
bölümündə hər sayda bir əsəri çap
olunan Ruqəyyə Kəbirinin "Quşlar daha qorxmurlar"
adlı romanı başarı qazanıb. Romanın ən
yaxın gələcəkdə Türkiyə cümhuriyyətində
yayımlanması da nəzərdə tutulub...
Səid
Muğanlının "Sənsiz yalqız qalıb Təbriz"
(Kərəc:-"Paytaxt", 2017), Yəqub Naminin "Bu gecə
mahnılanacaq ay sənin üçün" (Təbriz:-"Nizami
Gənceyi", 2017), Elçin Həsənzadənin
"Şapkamdan uçan mamutlar" (Kərəc:-"Paytaxt",
2017), Həsən Rəhmaninin "Qış
bağçası" (Kərəc:-"Paytəxt",
2017), Asim Ərdəbilinin "Yanan yanaqlar" (Ərdəbil:-"Savalan
igidləri", 2017), Yusif Əmanpurun "İtmiş Şəhər"
(Təbriz:-"Əxtər", 2017), Rəsul Alimin
"Qatarsız duraq" (Təbriz:-"Nizami Gənceyi",
2017), Vəhid Vicdaninin (Səfir) "Gülüm bu dağdan
çıxacaq" (Tehran:-"Avaz", 2017), Məftun
Əmininin "Acıçay" (Tehran:-"Avaz", 2016),
Rüqəyyə Əbdüli Sazağın "Ürəyimdə
qalan boş yer" (Təbriz: "Əxtər"-2016),
Əbülfəzl Paşanın "Öncədən
sonra" (Tehran:-"Nəsira", 2017), Tanış Əfsərinin
"Açar" (Tehran:-"Avaz", 2017),
"Yağışlı sevgi" (Təbriz:-"Əxtər",
2018) şeir topluları ən çox oxunan kitablar
sırasındadır.
"Quşlar
vadisi" və "Divarın o tayı" kitablarından
sonra, 2018-ci ildə nəşr olunan "Qaranlığın
fotosu" şeirlər kitabı illərdir Bakıda
yaşayan Ümid Nəccarinin oxucularla üçüncü
görüşüdür. "Təhtəlşüurun ən
gizli, ən sirli hücrəsinə
sığınmış ayrılığın
sürreal mənzərəsini yaradan, Divan şeirinin sərbəstlə
daxili dialoqunu uğurla və ikincinin xeyrinə davam etdirən"
və "Bir cüt mavilikdə" - gözün optik
çevrəsində bir millətin tarixi taleyini əks etdirən
gənc şair Güney türklərinə və özünə
rejimin bəxş elədiyi yaralardan danışır,
qaranlığın fotosunu yaradır.
2017-ci
ilin önəmli nəşrləri sırasında Rza Bərahəninin
Səməd Səbbağın türkcəyə
çevirdiyi, Arzu Muxtari və Məhəmməd Abbaspurun isə
çapa hazırlayaraq nəşrinə nail olduqları
"Bal dənizi yağır gecə bağından"
("Binab-Parlaq qələm"), Aydın Məhəmmədinin
"Ala bilmədiyim qəzetlər" (Ərdəbil:-"Müəllif")
şeir topluları da poeziyasevərlərin könül
dünyasını fəth edən kitablardan olmuşdur.
Oxucu
sevgisini hələ 2005-ci ildə Təbrizdə çap
olunmuş "Sürgün əllərim" adlı şeir
kitabı ilə qazanan Nasir Davəranın seçilmiş əsərlərindən
oluşan "Özbaşına dünya" kitabı isə
(177 s.) 2018-ci ilin çap məhsullarındandır. Ədəbi-tənqid
xarakterli araşdırmaları ilə də diqqət çəkən
N.Davəran şeirlərində yaratdığı parlaq Təbriz
obrazı ilə poeziyada sanki sələfi Rza Bərahəninin
və Kiyan Xiyavın yolunu getməkdədir... Ustad Rza Bərəhaninin
vəsf elədiyi Təbrizin "Səhərləri
qızarmış çörəyə bənzəyir,
günortası quzu kababına, böyründəki isti qan
damlası ilə, axşamları buz kimi vodkadır,
yandırar, belə ki, sən bağıraraq evə gələrsən
və gecə yarısı sanki bir qadındır pərqu
balıştək, başını üstünə qoymadan
yatarsan... Oyandığında səhərləri işıq
fəsillərinə bənzər..."
Nasir Davəranın
Təbrizinin isə "Gecələri nə qədər uzun
olsa da, günəşi batmır, dağlarının
qızıl lövhələri bərəkətin, təmizliyin
bəyannaməsi, zəngin qələmlərin ölümə
sataşdığı yer olur. Onun
üçün sevgi barigahı, "Saman yolu"nun
paytaxtı da ulu şəhər, qoca Təbriz, dünyanın
ən xoşgörülü insanlarının toplusu Azərbaycan
elidir. Elinin çölləri, çayları, dənizləri,
dağları - hər qarışı qutsal özəllikdir
Nasir üçün...
Özgə
sahillərə sürür gəmisin,
Torpağında
Allahı
da qonaq etməyə gücü varkən,
Yan-yana
yatıb qabar bağlamış çöllər...
Dənizi
yamsılayan çaylarla,
Çöllər əl açıb kimə görəsən?
Yəqin,
doğma yurdunda yaşarkən, ayaqları ana torpağın
üstündəykən, keçimini saxlamağa gücü
yetərkən özünü yer üzünün ən
varlı, zəngin insanı sanan Nasir Davəran
üçün..
Şeir və
yazıları Təbriz, Urmu, Bakı və Türkiyənin
çeşidli dərgi və qəzetlərində
yayımlanan Çiçək Ağbulut son illərdə
"Baxış zənciri" və "Qarlı bahar"
(2018), Maral Təbrizli isə "Ata öyüdü"
(2018) kitablarını oxucularına təqdim edib. Qeyd edək ki, Çiçək Ağbuludun modern
şeirləri oxucunun gözləri qarşısında əlvan
rənglərlə süslü romantik bir dünya
oluşdurmaqda, onu bu dünyanın bəyaz tülünə
bürüməkdədir.
(Ardı var)
Esmira FUAD
525-ci qəzet.- 2023.- 15 mart.- S.13.