"Məhşər"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Humay
İslamovadır. Onunla Xalq rəssamı
Əzim Əzimzadənin
"Məhşər" əsərindən
danışmışıq.
Çoxsaylı əsərləri və məşhur silsilələri
ilə Azərbaycan rəssamlarının müxtəlif
nəsilləri üçün
tükənməz ilham
mənbəyi olan Əzim Əzimzadə Azərbaycanın ilk Xalq rəssamıdır. Rəssamın yaradıcılığı çoxcəhətliliyi ilə
fərqlənir. Əzim Əzimzadə
Azərbaycanın satirik
qrafika və karikatura janrının banisidir.
- Humay xanım, əsərin tarixçəsi
haqqında nə bilirik?
- Görkəmli rəssam Əzim Əzimzadə həqiqətən maraqlı
və xalqın düşüncələrini əks
etdirən əsərlər
yaradıb. Şübhəsiz ki, qiyamət
günü hər zaman aktual mövzu
olaraq istər rəssamların, istər
şairlərin, istərsə
də Dünya rəngkarlığının ən
əsas mövzularından
biri olub. Əzim Əzimzadə yaradıcılığında
da bu mövzuya,
yəni məhşər,
qiyamət günü
mövzusuna rast gəlirik. "Məhşər" əsərinin
kompozisiyası, koloriti,
dərin mənaları
əks etdirən bir rəsm tablosudur.
Əsər 1938-ci ildə ərsəyə
gəlib. Qiyamət günü
səhnəsini rəssam
məharətlə əks
etdirib. Əsərdə ölülərin dirilməsi, sorğu-sual anı, mələklərin
göydən yerə enməsi əks olunub. "Məhşər"
dini üslubda olan, çoxobrazlı bir əsərdir. Rəsmin texnikası sulu boya,
rəngli tuş olub. Material olaraq
kağızdan istifadə
edilib.
- Əsərin rəng
koloriti necədir?
- Əzim Əzimzadənin
janr müxtəlifliyi,
incə rəng duyumu, rəssamın məharəti, orijinallığı
və milli koloriti möhtəşəmdir. Rəssamın
"Məhşər" tablosunda
arxa fon
tünd mavi rəngdədir. Açıq mavi qarışığı
biraz duyulur. Göydə sarı səma cisimləri öz əksini tapıb. Hurilərin geyimində açıq qırmızı, ətəklərində
tünd mavi, açıq çəhrayı
rəngləri müşahidə
edirik. Bir tərəfdən tünd qəhvəyi rəngli libas geyinmiş şeytanı görürük. Əsərdə həmçinin yaşıl
rəng tonları da öz əksini
tapır, açıq
qəhvəyi rəng
tonlarından da istifadə olunub. Rəssamın yaradıcılığını
anlamaq, dərk etmək üçün onun zəngin kolorit irsini dərindən mənimsəmək
lazımdır.
- Bəs kompozisiya?
- Dini üslubda olan möhtəşəm
"Məhşər" əsəri
doğrudan da maraqlıdır. Çünki
heç kim
qiyamət gününü
bilmir, amma beyində qurulan kompozisiya ərsəyə
gəldikdə az da olsa təsəvvür
etmək olur. Rəssam əsərin kompozisiyasını
məharətlə qurub.
Əsərdə ayın yerdəki
dirilən insanları
izləməsi, üç
hurinin yerə enməsi, sorğu-sual hadisəsi öz əksini tapır.
- Tabloda müxtəlif maraqlı detallar da var. Elə tərəzi kimi. Bir az da bu detallardan
danışaq.
- Rəssam məhşər
gününü daha canlı təsvir etmək üçün tərəzini göstərir.
Bu tərəzinin anlamı isə insanların dünyada etdikləri yaxşılıq
və pislik əməllərinin tərəziyə
qoyulması və ölçülməsidir. Əsərdə ilana rast gəlirik. İlanla bağlı bir
sıra dini cəhətdən rəvayət
var ki, pis
əməl sahiblərini
ilan diri-diri yeyir.
- Tərəzinin üzərində
yazılı kağızlar
görürük...
- Bu kağızlar kompozisiyada fikrimcə, əsas yer tutur. Çünki bunlar ölmüş insanların məhşər günündə vaxtilə etdiyi pis və ya yaxşı əməllərin yazıldığı vərəqlərdir. Göy üzərində əlində vərəqi tutub gedənlər isə sorğu-sualdan azad olaraq yaxşı insan kimi əllərində əməlləri düz olan siyahı götürüb mələyə çevrilirlər. Kənardan kompozisiyaya şeytan daxil olur. Və dərin kibirlə, nifrətlə, şeytan baxışları ilə insanları özünə cəlb etməyə çalışır. Kompozisiya çox fiqurludur və xeyli maraqlıdır.
- Əsər harada saxlanılır?
- "Məhşər" Əzim Əzimzadə adına olan ev-muzeyində qorunub saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Azərbaycan rəngkarlığına öz xidməti ilə misilsiz töhfələr verən, böyük rol oynayan Əzim Əzimzadə yaradıcılığı dünyada tanınır. Bu əsər sayəsində Əzimzadə yaradıcılığını az da olsa dərk edərək rəngarəng koloritini öyrəndim. Qiyamət, məhşər günü haqda sözləri "Məhşər" əsəri ilə təsəvvür edə bilirəm. Əzim Əzimzadə bu əsərlə insanları həyatı gözəl, səmərəli keçirməyə səsləyir. Qiyamət gününün haqq-hesabının sonunda bilinmir ki, nə olacaq. Rəssam insanları haqq yolunda olmağa çağırır. Şeytan adlanan iblisdən uzaq durmağı məsləhət görür. Yaxşı əməl insanların Allah tərəfindən dəyərləndirilməsinin, Allahın varlığının nələrə qadir olduğunu açıq şəkildə izah edir.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 15 mart.- S.12.