Novruz bayramı: mifdən gələn
motivlər
Novruz bayramının mifoloji mahiyyəti, hər şeydən
qabaq, yaradılış ideyası ilə, köhnə
dünyanın əsasında yeni dünyanın yaranması
inamı ilə bağlıdır. Belə bir inamla
bağlı olduğuna görə Novruz özünün əksər
mərasimlərində və simvollarında bu və ya digər
dərəcədə məhz yaradılış məzmunu
ifadə etməkdədir. Boyanmış
yumurta yaradılışı, göyərdilmiş səməni
təbiətin yaşıllaşıb canlanmasını
simvolizə edir. Qulaq falı zamanı
eşidilən sözün də yaradılışa xidmət
etdiyi, həyatvericilik mahiyyəti daşıdığı
şəksiz-şübhəsizdir. Çünki
mifoloji düşüncəyə görə, sözün də
yaratmaq gücü, magik təsiretmə funksiyası vardır.
Təsadüfi deyil ki, Bibliyada Tanrı "işıq
yaransın" dedi və dünya yarandı; Quranda Allah
"ol" dedi və dünya yarandı inamı var. Belə
bir inam folklorda alqış və qarğışların
meydana gəlməsinə səbəb olub. Qədim
insan həm alqışla, həm də qarğışla
deyilmiş sözün həyata keçəcəyinə
daxilən inanıb. Belə inamın bir
göstəricisidir ki, ilaxır çərşənbədə
söylənən sözün yaradılış
gücünə şəkk-şübhə etmirlər və
qapı pusub qulaq falına çıxırlar.
Kosanın, Keçəlin, "Qodu" gəzdirənlərin
adamlardan pay almasında da bir yaradılış, həyatvericilik
məzmunu var. Belə ki, insanlar pay verməklə hami ruhlara
qurban vermiş olurlar və qurban müqabilində yeni ildə
dolanışıqlarının, yaşam tərzlərinin
yaxşılaşacağına inam bəsləyirlər. Şal salama, qurşaq atma, torba atma kimi adlar
daşıyan adətin özündə belə tədqiqatçılar
(məsələn, Səfa Qarayev) oğlan-qız,
kişi-qadın münasibətlərinin və həmin
münasibətlər arxasında gizlənən həyati
başlanğıcın, doğuluşun işarəsini
görürlər. Qəbirlərin ziyarət
edilməsi, rəhmətə getmiş doğmalara dualar
oxunması da dolayı olaraq yaradılış inamı ilə
bağlıdır. Rəhmətə
getmiş doğmaları yad etmək mifoloji semantikasına
görə ilk əcdadı yad etməkdir. O əcdad ki,
yaradılışda, cəmiyyət üçün gərək
olan ilk əşyaların meydana gəlməsində həlledici
rol oynayıb. O əcdad ki, onun yaşadığı zaman
sakral zamandır. Bayramda keçirilən
müxtəlif rituallar vasitəsilə insanlar həmin sakral
zamanla, həmçinin sakral zamanda yaşamış ilk əcdadla
ünsiyyət yaratmış olurlar.
Dünyanın
yenidən yaranması ideyasını ifadə edən ən məşhur
simvollar, təbii ki, çərşənbələrin
adı ilə bağlı su, od, yel və
torpaq simvollarıdır. Əvvəla, onu
xatırladım ki, çərşənbələrin
ardıcıllığı tam şərti səciyyə
daşıyır. Çərşənbələrdə
əsas məsələ dünyanın yaranması
üçün vacib olan dörd ünsürün qeyd edilməsidir.
Bəli, mifoloji təsəvvürə görə,
dünyanın yaranmasında su, od, hava və
torpaq kimi ünsürlər iştirak edir. Bu gün insanlar su,
od, yel, torpaq çərşənbələrini
xüsusi qeyd etməklə dünyanın həmin
ünsürlərdən yaranmasına işarə etmiş
olurlar. Bunlar öz yerində. Amma unutmaq
olmaz ki, Azərbaycanın, o cümlədən, Cənubi Azərbaycanın
bir çox bölgələrində çərşənbələr
müxtəlif sayda və müxtəlif adda (yalançı
çərşənbə, xəbərçi çərşənbə,
ölü çərşənbəsi, axır çərşənbə;
yalançı çərşənbə, əzəl
çərşənbə, müjdəçi çərşənbə,
gül çərşənbə, kül çərşənbə,
ilaxır çərşənbə; oğru çərşənbə,
oğru buğ, oğru üskü, doğru çərşənbə,
doğru buğ, doğru üskü, cəmrələr və
s.) qeyd olunur. Bu cür müxtəliflikdə təəccüb
doğuracaq bir şey yoxdur. Çünki
çoxvariantlılıq xalq mədəniyyətinin əsas
xüsusiyyətlərindən biridir və Novruz bayramı da
xalq mədəniyyətinin tərkib hissəsi olmaqla
özündə çoxvariantlılığı əks
etdirə bilər və əks etdirir. Bu çoxvariantlılıqda mənim
diqqət yetirmək istədiyim məqam yalançı
çərşənbə məsələsidir.
Aydınlaşdırılmasına ehtiyac olan belə bir sual
çıxır ortalığa: Niyə çərşənbələrin
əvvəlincisinə bir çox bölgələrimizdə
yalançı çərşənbə deyilir? Yalançı çərşənbənin mifoloji
semantikası nədən ibarətdir? Bu suala
doğru-düzgün cavab vermək üçün mifoloji
düşüncənin bəzi mühüm cəhətlərini
nəzərə almaq lazımdır. Nəzərə
almaq lazımdır ki, bədxah fövqəltəbii qüvvələrdən
qorunmaq mifoloji düşüncənin mühüm cəhətləri
sırasına daxildir. Fransız etnoloqu
Levi-Strossun qənaətinə görə, mifoloji
düşüncədə şərdən qorunmağın
üsullarından biri bədxah fövqəltəbii qüvvələri
aldatmaqdır. Bədxah fövqəltəbii
qüvvələri aldatmaq üçün, tutalım,
oğlana qız paltarı geyindirirlər, onu öz adı ilə
yox, başqa bir adla çağırırlar. Levi-Strossun
qeyd etdiyi bu məsələ mifoloji düşüncədən
ana xətt kimi keçir və folklorda Tanrı və
yalançı Tanrı, hökmdar və yalançı
hökmdar, qəhrəman və yalançı qəhrəman
və s. kimi saysız-hesabsız mifoloji paralellər
yaranır, bu paralellərin zəminində zaman-zaman xüsusi
mərasimlər keçirilir. Və mərasimlərdə
yalançı Tanrı həqiqi Tanrını,
yalançı hökmdar həqiqi hökmdarı,
yalançı qəhrəman həqiqi qəhrəmanı
şərdən qorumağın magik vasitəsi kimi
özünü göstərir. Məsələn,
dünyanın müxtəlif xalqlarında, o cümlədən
də, bizdə müvəqqəti hökmdar mərasimləri
keçirilib. Həmin mərasimlərdə
müvəqqəti hökmdar olaraq təyin edilən şəxs
ya həqiqi, ya da məcazi mənada öldürülüb ki,
onun ölümü hesabına əsl hökmdarın
gücü-qüdrəti artmış olsun. Yeri gəlmişkən xatırladım ki, M.F.Axundzadə
"Aldanmış kəvakib" povestində yalançı
hökmdar mifoloji motivindən öz üslubuna və
maarifçilik dünyagörüşünə uyğun
şəkildə istifadə edib. Novruz
bayramına gəldikdə isə qeyd etmək lazımdır
ki, bu bayramın müxtəlif mərasimlərində də
şərdən magik qorunmanın səciyyəvi nümunələri
ilə qarşılaşırıq. "Xanbəzəmə"
oyunu belə nümunələrdən biridir. Bu oyunda bir neçə günlüyə seçilən
yalançı xanın sonda çaya atılması və
taxtdan salınması həqiqi xana magik güc-qüvvət
vermək mahiyyəti daşıyır.
Dünyanın müxtəlif xalqları yalançı
hökmdar mərasimləri kimi yalançı Tanrı mərasimləri
də keçiriblər. İngilis etnoloqu C.Frezer yalançı Tanrı mərasimlərindən
birini İtaliyada qeydə alır: italyanlar Maslenitsa
günü Meşələr Tanrısının müqəvvasını
düzəldib şəhərin mərkəzi meydanına gətirirlər
və orada müqəvvaya od vurub
yandırırlar. Bu mərasimdə
başlıca məqsəd bağlara və meşəliklərə
magik güc-qüvvət verib, yaşıllığa, bar-bəhərə
nail olmaqdır. Bu cür magik
güc-qüvvət vermə funksiyasını "Qodu-qodu"
mərasiminə də aid edə bilərik. Həmin mərasimdə bəzədilib
qapı-qapı gəzdirilən gəlincik yalançı
Günəşdir, Günəş ilahəsinin simvoludur.
Mərasimin sonunda gəlinciyin
sındırılması həqiqi Günəşi hərəkətə
gətirmək, onun çıxmasına nail olmaq
üçündür. Yeri gəlmişkən
xatırladım ki, Günəş və hökmdarla
bağlı bu cür mərasimlərin keçirilməsi təbiətdə
və cəmiyyətdə harmoniya yaratmağa xidmət edir.
Təbiətdə harmoniya yaratmağın
başlıca şərtini qədim insan Günəşə
güc-qüvvət verməkdə, cəmiyyətdə
harmoniya yaratmağın başlıca şərtini Günəşin
təmsilçisi olan hökmdara güc-qüvvət verməkdə
görür. Qeyd edim ki, bayramda tonqal
qalanmasının mifoloji mənalarından biri də imitasiya
vasitəsilə Günəşin işıq və istilik vermə
gücünü artırmaqdır. Bəs
bütün bu nümunələrin yalançı çərşənbə
anlayışı ilə bir mifoloji
bağlılığı yoxdurmu? Əlbəttə,
var. İş burasındadır ki, həqiqi mərasim və
yalançı mərasim anlayışları da mifoloji
düşüncə üçün səciyyəvi
anlayışlardır. Məsələn,
bir-biri ilə son dərəcə mehriban münasibətdə
olan iki tayfa bayram günlərində yalançı
döyüş ritualı keçirirlər ki, şər
qüvvələri aldatmış olsunlar və onların
mehriban münasibəti pozulmasın. Və
yaxud dünya xalqlarında dini mərasimlərin komik
variantını nümayiş etdirmək adəti var. Din xadimlərinin
iştirakı ilə keçirilən həmin oyun-parodiyalarda
başlıca məqsəd həqiqi mərasimi şərdən
qorumaqdır. Bu kimi nümunələrlə müqayisə
əsasında aydın görmək olur ki, bizdə
yalançı çərşənbələr də həqiqi
çərşənbələri, bütövlükdə isə
Novruz bayramını bədxah fövqəltəbii qüvvələrdən
qorumaq funksiyası daşıyır.
Novruz mərasimlərində
bədxah fövqəltəbii qüvvələrdən
qorunmaq, ilk növbədə, ona görə lazımdır ki,
köhnə
sıradan çıxsın və yeni onun yerini
tuta bilsin. Demək, Novruz bayramının
mifoloji-ritual sistemində ölüb-dirilmə inancı əsas
yer tutur. Tanınmış türk alimi Mətin Andın
araşdırmalarına əsaslanıb deyə bilərik ki,
Novruzla bağlı mərasimlərdə, o cümlədən,
oyun və tamaşalarda əksini tapan ölüb-dirilmə
inancı dörd əsas mərhələni özündə
ehtiva edir:
a) korluq, sıxıntı və üzüntü
çəkmək;
b) dirilik və canlılığa təhlükə
yaradacaq nə varsa, onlardan təmizlənmək;
c) döyüşmə, yarışma və
qovuşmalardan keçib güclənmək;
ç) yeni mərhələyə uğurla keçməyin
sevincini, şadlığını yaşamaq.
Korluq, sıxıntı və üzüntü çəkmək
Kiçik çillə antopomorfik obrazında qabarıq ifadəsini
tapır. Xalq təsəvvürünə görə,
Böyük çilləyə baxanda Kiçik çillə
daha amansızdır. "Küpləri,
xaralları boşaldacam", "Gəlinlərin əlini un
çuvalında donduracam", - deyən Kiçik çillə
korluq, sıxıntı və üzüntü çəkməyin
əsas səbəbkarı kimi təsəvvür olunur. Təsadüfi deyil ki, xalq arasında Kiçik
çilləyə "qışın oğlan
çağı" deyilir.
Korluq, sıxıntı və üzüntü çəkmək
Kosa-kosa nəğmələrində də öz ifadəsini
tapır.
Keçəlin dilindən deyilir:
Yediyim
yarma aşı, yarısı sudu,
Geydiyim yeddi qat paltar, təzəsi budu.
Korluq, sıxıntı və üzüntü çəkmək,
ölüb-dirilmənin ilk mərhələsi kimi, Novruzla
bağlı xalq deyimlərində də öz əksini
tapır. "Mart çıxdı, dərd
çıxdı" belə deyimlərdən biridir.
Ölüb-dirilmənin ikinci mərhələsi olan təmizlənmə,
yəni dirçəlişə, canlılığa mane
olacaqlardan təmizlənmə odla bağlı inam və adətlərdə
xüsusən qabarıqdır. Belə adətlərdən biri haqda görkəmli
folklorşünas Məmmədhüseyn Təhmasib məlumat
verir: "Çox qədim keçmişdə yeni anadan
olmuş uşağı ocağın, odun başına
dolandırmaqla paklar, ancaq bundan sonra ananın qucağına
verərdilər... Bu inamın və buna əsaslanan
xüsusi mərasimin çox aydın izi bu gün də
"Çevir ocağa, al qucağa" kimi atalar sözlərində
yaşamaqdadır".
Od vasitəsilə
təmizlənib dirilik qazanmağın ən bariz nümunəsi
tonqal üstündən atlanıb,
"Ağırlığım-uğurluğum, tökül bu
odun üstünə" deməkdir.
Novruz günlərində təmizlənib dirçəlişə
qovuşmağın oddan sonrakı ikinci başlıca vasitəsi,
heç şübhəsiz, sudur. Od kimi suyun da
üstündən atlanıb, "Ağırlığım-uğurluğum,
tökül bu suyun üstünə", - deyirlər. Amma su ilə bağlı mərasimlər bununla
bitmir. İlaxır çərşənbəsində
qablardakı köhnə su boşaldılır, qablara yeni su
doldurulur. Çaydan-çeşmədən
gətirilmiş ilaxır suyu, yəni yaradılışda əsas
ünsürlərdən biri kimi iştirak edən su həyət-bacaya,
ev-eşiyə səpilir ki, bərəkətə, dirçəlişə
səbəb olsun.
Ölüb-dirilmə mifoloji xəttinin
üçüncü mərhələsinə nəzər
salaq. Qeyd etdik ki, üçüncü mərhələ
yarışma, döyüşmə və qovuşmalardan
keçib güclənmək mərhələsidir. Bu mərhələni Novruz günlərində
oynanılan müxtəlif oyunların timsalında daha
aydın şəkildə müşahidə etmək olar.
Diqqət yetirsək, görərik ki, həmin oyunların bir çoxunda
ölülər aparıcı obrazlar sırasındadır.
Azərbaycan türklərinin qismən çox olduğu Qars
bölgəsindən qeydə alınmış "Xortdan bəzəmə"
oyunu, Kəlbəcərdən qeydə alınmış
"Kaftar" oyunu buna misal ola bilər. Hər iki oyunda yerə uzadılmış
ölü məzəli hərəkətlərin mərkəzində
dayanır. Oyun ölünün dirilib
ayağa qalxması və oyunçulara qoşulması ilə
başa çatır. Görmək çətin deyil
ki, xatırladığımız oyunlarda ölüb-dirilmə
motivi ana xəttə
çevrilir.
Məlumdur ki, dünya mifologiyasında
ölümlə bağlı məşhur motivlərdən biri əjdahanın (yaxud divin,
alıcı quşun) gözəl qızı
qaçırması və baş qəhrəmanın həmin
qızı xilas etməsi ilə
bağlı motivdir. Bu motivdə istər əjdaha, istərsə də
div və alıcı quş ölümün rəmzidir.
Baş qəhrəman gözəl qızı
xilas etməklə onu ölümün əlindən
almış olur. Qeyd etdiyimiz bu mifoloji motivə
transformasiyaya uğramış
şəkildə
Novruz günləri
oynanılan bir çox oyunlarda da rast gəlirik. Məsələn, "Ana, məni Qurda vermə"
belə oyunlardan biridir. Oyunda
balalarını ölümdən xilas etmək istəyən
Ana, Qurdla üz-üzədir. Onlar
arasında döyüş gedir. Bu döyüşdə
Ananın öz balalarını Qurdun əlindən alması
"Xortdan bəzəmə" və "Kaftar"
oyunlarında ölünün
dirilməsi ilə eyni mifoloji mahiyyət daşıyır. Mifoloji mahiyyət ondan ibarətdir ki,
ölünün dirilməsi və quzuların Qurd əlindən
alınması ilə insanlar özlərində yeni
güc-qüvvət tapacaqlarına inanırlar.
Qeyd etdik ki, ölüb-dirilmə mifoloji xəttinin
dördüncü mərhələsi köhnənin ölməsinin,
yeninin dirilməsinin sevincini, şadlığını
yaşamaqdır. Bu mərhələdə aparıcı
mifoloji amil gülüşün bir kult kimi qəbul edilməsidir.
Bəli, mifoloji düşüncədə
Günəşin rəmzi olan gülüş doğuluş və
həyatvericilik mənbəyidir. Təsadüfi
deyil ki, nağıllarda pəri qızların
gülüşündən gül-çiçək
yaranır. Torpağa ana bətni kimi baxan qədim
insan belə düşünür ki, torpağı məhsuldar
etməyin yollarından biri "Kosa-Kosa" tipli məzəli
oyunları açıq meydanlarla yanaşı, əkin yerlərində,
tarlalarda oynamaqdır. Mifoloji təsəvvürə
görə, bu cür məzəli oyunlar, həmin oyunlarda ifadəsini
tapan gülüş kultu torpağın canlanmasına, bol məhsul
verməsinə öz magik təsirini göstərir. Gülüşün magik mahiyyəti
"Kosa-kosa" tamaşasındakı Keçəl, Kosa və
Axta Təkə obrazlarının mifoloji semantikası ilə
üzvi vəhdət yaradır. Məlumdur
ki, keçəllik zahiri eybəcərliyin, kosalıq və
axtalıq cinsəl zəifliyin əlamətidir. Zahiri eybəcərlik
maskası taxan Keçəl, cinsəl zəiflik maskası
taxan Kosa və Axta Təkə əslində həmin maskalarla
xaos təəssüratı yaradır, bədxah ruhlardan
qorunmaq üçün maska arxasında özlərinin əsl
mahiyyətini gizlətmiş
olurlar. Onların əsl mahiyyəti məhsuldarlığa
magik təsir göstərməkdir. Təsadüfi
deyil ki, Kosa hansı həyətə birinci girsə, o həyətin
daha bərəkətli olacağına inam bəslənir;
sonsuz adamlara Kosa rolu həvalə edilir ki, övladı olsun.
Kosa və Təkə barədə onların məhsuldarlığa
təsir göstərməsini əks etdirən eyni sözlər
oxunur:
Təkəm
bir oyun eylər,
Quzunu qoyun eylər.
Bu
sözlər eynilə Kosaya da aid edilir:
Kosam bir
oyun eylər,
Quzunu qoyun eylər.
Tamaşada
Keçəlin də məhsuldarlıqla
bağlılığını əks etdirən sözlər
var:
Keçəl,
keçəl mərəndə,
Arpa, buğda sərəndə.
Bir
arpanı beş eylər,
Yeddi qazan aş eylər.
Bizim folklorşünaslıqda geniş
yayılmış belə bir fikir var ki, Kosa qışın,
Keçi (Təkə) yazın rəmzidir. Bu fikir səhv
deyil, amma natamamdır. Məsələ
burasındadır ki, Kosa həm qışın, həm də
yazın ifadəçisidir. Çünki
yaz məhz ölməkdə olan qışdan doğulur.
Buna inanmaq üçün "Kosa-kosa" tamaşasından
belə bir nümunəyə diqqət yetirmək lazım gəlir:
Kosama əl vurmayın,
Kosam ikicanlıdır,
Qolları mərcanlıdır.
Əmiri börk başında,
Qələm oynar qaşında,
Yüz əlli beş yaşında
Lap, lap cavandı Kosam.
Bu nümunədə yüz əlli beş yaşlı Kosanın ikicanlı, yəni hamilə olması eyni obrazda qocalıqla cavanlığın, həyatla ölümün, qışla yazın bir yerdə əksini tapması deməkdir. Eyni bir obrazda (Kosada) ölüm və həyat həm qarşı-qarşıyadır, həm qarşılıqlı əlaqədə. Hamiləlik və cavanlıq (həyat) yüz əlli beş yaşlı qocalığa (ölümə) qarşı olsa da, onlar ayrılmazdır, çünki eyni bətndədirlər.
Əks qütblərin - ölümlə həyatın, qışla yazın həm qarşı-qarşıya, həm də qarşılıqlı əlaqədə olması bayram gülüşünün birtərəfli olmamasından və çoxmənalı mahiyyət daşımasından xəbər verir. Məhz bayram gülüşü vasitəsilə Yuxarı ilə Aşağı, hökmdarla rəiyyət arasında sədlər, sərhədlər sözün müsbət mənasında pozulur, qoruq-qaytaq aradan götürülür və tərəflər oyundaşa, eyni oyun daxilində tərəf-müqabilə çevrilirlər.
Novruz bayramının ritual-mifoloji mahiyyəti əsasında
onun sosial-mədəni mahiyyəti ortaya çıxır.
Küsülülərin barışdığı,
Aşağı və Yuxarı ayrı-seçkiliyinin aradan
qalxdığı bayram vaxtı cəmiyyətdə sosial
harmoniya yaranır. Bu harmoniya köhnə ilin yeni illə,
qışın yazla əvəzlənməsi, gecə və
gündüzün bərabərləşməsi sayəsində
təbiətdə yaranmış harmoniya ilə vəhdət
yaradır.
Muxtar
KAZIMOĞLU
525-ci qəzet.- 2023.- 18 mart.- S.18;19.