Əsgərə bayram məktubu  

 

 

Hazırda hərbi xidmətdə olan dostlarım Elşad Rəhimov,

Nadir Yalçın, Məlik Rza, El Roman Rauf Ra üçün...

 

 

Üç min mertə yaxın yüksəklikdən postumuza ən yaxın şəhərin işıqlarına baxıb yaddaşımın qırışları arasında eşələnəndə zamanın nisbi olduğuna, ömrün isə elə dayandığım nöqtədə bitdiyinə inanırdım. İşıqları bir-biri ilə yarışan o şəhərdə hamı tələsirdi, bilirdim, hiss edirdim. Səsləri eşitməsəm , duyurdum. Binalarda işıqlar bir-bir sönürdü, deməli, adamlar səhəri qarşılamaq üçün yuxu dəryasına baş vuracaq. Biz - mən əsgər yoldaşım isə növbətçiliyin hələ yarısını tamamlamamışdıq. Səhəri diri gözlərlə açacaqdıq. Orda, bizdən üç min metr aşağıda saatlar bir-birini qovduqca, bizim balaca səngərimizdə saniyələr bir-birinə qovuşmaq üçün əllərini uzadıb dartınırdılar.

 

- Hacıyev, saat neçə oldu?

- On dəqiqə işləyib...

- Hələ beş saat var...

 

Hər gün eyni şeyləri xatırlayırdıq, hər gün eyni söhbətlərə qulaq asırdıq. Eyni mövzulardan danışdıqca təzə şeylər yadımıza düşürdü. Hərdən çox dərin bir travmamızı, hərdən bazardan aldığımız almanın kilosunu mövzu edirdik. Düz on saat. İki saat aşağıda qarovul, iki saat yuxarıda post. Səhər saat səkkizi iplə dartıb çıxarırdıq gecənin içindən. Bir görürdün, uzun bir səssizlik ağuşunda gecənin hənirtisi duyulur. Gecə gecə. Qaranlığı, təhlükəsi, ümidi, ümidsizliyi, barmaqlarımızı bıçaq kimi kəsən iti soyuğu, gözləməkləri, darıxmaqları, düşmən müşahidəsindən ovucumuzun içində gizlətdiyimiz siqaretləri, komandir yoxlanışlarının həyəcanı, illərdi dillərdə gəzən əfsanələrin heybəti, aclığı, bəzən bədənin təbii ehtiyacını ödəmək əndişəsi, yatmaq, yuxu görmək, dərin bir yuxu görmək həvəsi.

Səhərlər bundan beşbetər. Günəş çıxıb, buludlar uçur, paytaxtda həyat qaynayan su kimi poqquldayır, kəndlərdə mal-qara, qoyun-quzu təzə otun qoxusuna yüyürür, camaat Novruza hazırlaşır, uşaqlar məktəblərdə tətildi deyə sevinir, evlərdən şirniyyatların, bayram yeməklərinin qoxusu hiss olunur. Bizə yaxın kəndlərdən bayram payı gəlir, tabeçiliyində olduğumuz hərbi hissənin bayram payı daşıyan "Ural"ları palçıqlı yoxuşu ağır-ağır qalxıb postun içinə girir. Müşahidə gücləndirilir, eyni zamanda da aşığıda olanlar əsgər üsulu tonqal qalayır. Bahar gəlibsə, deməli, yarımız dörd aydan, yarımız da on aydan sonra tərxis olacağıq.

Xəbərlərə baxırıq, Bakıda olanları izləyirik, həm hiss edirik ki, yaşamışıqsa, buralara gələnə qədər yaşamışıq. Belə fikirləşməsək, ürəyimiz partlayar. Həmin ürəyin lap uzaqlarında isə hələ arzular var. Tərxisdən sonra planladığımız həyatın qayğıları düşündürür bizi.

 

Bilirəm, siz eyni hisslərin təbəəliyinə keçmisiniz. Siz ömrün bir baharını sıxıntıların bayram həyəcanının qarmaqarışıq karnavalında qarşılayırsınız. Yazıb bildirmək istəyirəm ki, hər şey necə idisə, eləcə qalıb. Dəyişən dəyişmək istəyən heç yoxdur. Mənim üçün bayram ölkəmdən aldığım səmimi mesajlarla, sizlər üçün isə bayram payları ilə müşayiət olunacaq. İndi siz ölkənin ən qutsal vətəndaşlarısınız. Keçirdiyiniz hər hiss - sevinc, kədər, tərəddüd, sonra gələn həyatın qayğılarından qorxu, ümidin bütün rəngləri qutsaldır sizin içinizdə.

Saata baxmayın. O sizin ruhunuzun düşüncələrinizin ən böyük düşmənidir. Sizlərin ruhu ilə əsgər yoldaşlarınızın ruhu arasında incə bir fərq var. Sizi havada uçan şar, yoldaşınızın əlində özbaşına yanıb küllənən siqaret ağlada bilər. Bərk dayanın. O şarı havaya buraxan barmaqların, o siqareti unutduran hisslərin haqq-hesabını sonra fikirləşərsiniz. İndi zamanın içində ərimək, onun isti qalay kimi içinizi deşik-deşik eləməyindən qorxmamaq vaxtıdır. Zaman əvvəl-axır sizə uduzacaq. Siz indi ona məğlub olsanız da. İndi onun vəhşəti sizi parça-parça eləsə . Ümidləriniz ruhunuzda yamaq kimi görünsə .

Siz beş fərqli yerdə, beş fərqli əsgərsiniz. Beşinizin arzuları bambaşqadır. Mən beşinizi yaxşı tanıyıram. Elşadı lap yaxşı tanıyıram. Onunla on illik dostluğum var. On il. Həyatımızın az qala yarısı bir yerdə keçib. Məni məndən yaxşı tanıyan bircə odur. Nadirlə dostluğumun tarixi isə qədimdir. Nadirdən sonrakı ədəbi mühitin axşam məclislərini heç mən görmədim. Amma hiss edirəm ki, onsuz gülmək, onsuz darıxmaq hamımız üçün çətindi.

Bircə Məliki yola sala bildim. Yazdıqları kimi sakit, duru idi. İçində bir şeylər qırılmışdı. Elə bilirəm, indi Məlik o qırıntıları bir-birinə yapışdırmaqla məşğuldur. mən onlara zəng edə bilirəm, onlar mənə. Mütləq şablon bir mesaj atıb bayramlarını təbrik edəcəm. Əminəm ki, onlar bu mesajı gözləyirlər. Umurlar.

Bir dəfə buraxılışa çıxanda şair dostum Ulucaya zəng elədim. Danışdıq, dərdləşdik. Sonra dedi ki, Nadir Rzalı (Yalçın) səninlə danışmaq istəyir. Qayıtdım ki, o kimdir? Ulucay Nadiri mənə tanıtmağa ərindi, telefonu birbaşa ona verdi. O söhbətimiz hələ yadımdadır. Nadir mənimlə elə danışmışdı ki, mən öz yaddaşımdan şübhə etmişdim. Axı niyə xatırlamırdım onu. Tərxisdən sonra məlum oldu ki, onu hərbi xidmətdən qabaq heç vaxt görməmişəm. Ancaq mənimlə o qədər səmimi danışmışdı ki, elə bilirdim, yüz ildi tanıyırdım, araya yüz ilin tənhalığı giribmiş, unutmuşam. Nadir ərköyün qardaşımdı. Ona bayram mesajı yazmasam, yenə məndən inciyəcək.

Əzizlərim, bu il mən səməni görmədim, yaşadığım küçədə tonqal qalanmadı, heç kim küçədə məni bayram münasibətilə təbrik etmədi, yaşadığım şəhərin əhalisinin otuz faizi Ramazan bayramına hazırlaşır, qalan yetmiş faiz isə seçkiləri gözləyir. Sizin qədər mən yadam builki bayrama. Sizin qədər mənim içimdə həsrətin göyərən toxumları var. Budaqlanıb yekə bir ağac olmamış onu tərbiyə etməliyəm. Sizin ən gec gedəninizin doqquz ayı qalıb. Doqquz aya bir can yaranır. İçinizdə bir ruh yaradın, geri qayıdın. Bərk, sərt, balta kimi, eyni zamanda da özünüzdən qopmayan bir ruh.

Bayramın mübarək, əsgər!

 

Rəvan CAVİD

525-ci qəzet.- 2023.- 18 mart.- S.13.