Vətən həsrətli, tanrıdan qismətli
el sənətkarı
Bir insan köçürsə
dünyadan əgər,
Sən elə bilmə ki, tək bir
can gedir.
Hər sönən baxışda
saysız diləklər,
Hər kiçik
tabutda bir cahan gedir.
(M.Şəhriyar)
İnsan var ki ölümündən
sonra onun bu dünyadakı yoxluğu duyulmur. İnsan da
var yaratdığı
sənət əsərləri,
ucalığı, böyüklüyü,
sözünün kəsəri
və dəyəri, dağ vüqarı, cəmiyyətdə tutduğu
ağsaqqallıq statusu
ilə hər zaman kövrək duyğularla, qürurla xatırlanır. Onun bu fani dünyadakı yoxluğuna alışmaq çox çətin olur. Əslən Göyçədən olan, sonradan Zaqatalada məskunlaşaraq
ömrünün sonuna
kimi burada yaşayıb-yaradan Aşıq
Valeh Həsənov məhs belə saz-söz adamlarından, ustad sənətkarlarımızdan
idi.
Bu gün - martın 28-də Azərbaycan
Aşıqlar Birliyinin
üzvü, zaqatalalı
Aşıq Valeh Həsənov 86 yaşında
vəfat edib.
Aşıq Valeh Rəhim oğlu Həsənov
1937-ci ildə may ayının
1-də Qərbi Azərbaycanın
Göyçə mahalında,
Basarkeçər rayonunun
Şişqaya kəndində
sənətkar ailəsində
dünyaya gəlib. Onun atası Aşıq Rəhim dövrünün
tanınmış aşıqlarından
olub. Aşıq Valeh 1969-cu ildə
ailəsi ilə birgə Zaqatalaya köçüb. Aşığın sənətkar ailəsində
böyüməsi onu
qüdrətli bir ustad, aşıq kimi yetişməsinə kömək edib. Ustad aşıq sənətinin
bütün janrlarında
yazıb-yaradıb, klassik
dastanlarımızı mükəmməl
bilicisi olub. Aşıq Valeh ustad-şagird ənənəsində layiqincə
davam etdirib, onlarla şagird yetişdirib. Atası
aşıq Rəhimin
sənət şəcərəsinin
layiqli davamçısına
çevrilən Aşıq
Valeh şeirlərinin
birində özünü
eşq əhli adlandırır və bununla yanaşı özü haqqında məlumat verir:
Eşq əhliyəm, məhəbbətdir
ustadım,
Öz adım
Valehdir, Həsən soyadım.
Hər zaman haqq deyib, haqq
eşidən, haqqa bağlı olub, haqqı-həqiqəti soraqlayan,
ümidsizliyə düçar
olduğunda belə inamını itirməyən
ustad sə-nətkar sözün həqiqi mənasında mərdlik,
mərdanəlik məktəbi
keçib.
Valeh, sən Haqq-Təaladan dərdinə dərman dilə,
Çağırginən şahlar şahın etiqadla, sidqilə,
Gəlsə yüz min təbib
loğman, ya bilməyə, ya bilə,
Sidq dillə
Haqq-Təaladan istə
aman, üstədi.
Onun 1000-dən çox
əsəri aşıq
şeiri üslubunda yazılıb. Bunlardan, "Yaxşı yadadı",
"Endim", "Ayrılıq",
"Mən oldum",
"Zaqataladan", "Zaqatala
xəritəsi" "Göyçə",
"Ulu Göyçə"
və s. adlarını
çəkmək olar.
Aşıq Valehin yaradıcılığına
məxsus başlıca
xüsusiyyət aşıq
şeiri ilə yanaşı, klassik şeir üslubunda da yüzlərlə nümunələrin yaradıcısı
olması idi. O, poemalarında ayrı-ayrı
zəhmətkeş, əməksevər
insanların, eləcə
də yaltaq məmurların mükəmməl
portretini yaradıb. El
sənətkarının 8-dən çox kitabı - "Mərcan gözlər",
"Dastanlar", "Sabaha
gedən yol",
"Vüqar və Aypara dastanı", "Könlüm ayrılmayır
Göyçə gölündən",
"Mən necə yazmayım Zaqataladan"
"Uğura doğru"
və s. kitabları nəşr olunub. Onun poeziyası vətənpərvərlik,
qəriblik, saf sevgi, haqq-ədalət, mübarizlik, cəsarət
poeziyası idi.
Mən Valehəm, köç eylədim elimdən,
Vətən sözü heş
düşmədi dilimdən,
Yurdum-yuvam tamam çıxdı
əlimdən,
Qürbətdə bir ayım döndü min aya,
Ulu Göyçə, Göyçə
gölü, Şişqaya.
Bizim elli, xoş
niyyətli Aşıq
Valehə Allahdan rəhmət diləyir, məkanı cənnət
olsun deyirəm. Xatirəniz həmişə
əziz tutulacaq, adınız hörmətlə
anılacaq böyük
ustad!
Zümrüd İBRAHİMQIZI
Filologiya
üzrə fəlsəfə
doktoru, dosent AMEA-nın vitse-prezidentinin xidmətində elmi katib
525-ci qəzet.- 2023.- 29 mart.- S.9.