Şəhadət zirvəsində növbəti
yaş günü
ŞƏHİD VÜSAL MURADOVUN 24-CÜ
YAŞINA...
Torpaq-uğrunda ölən varsa, Vətəndir! Doğma Azərbaycan torpağını Vətən edənlərdəndir şəhid leytenant Vüsal Muradov. Yaşasaydı, 19 may günündə 24-cü yaşını qeyd edəcəkdi. O isə düz 3 il öncə - 21 yaşında - hələ ömrünün ən gözəl çağında həyatını bu Vətən üçün, Qarabağın azadlığı uğrunda qurban verdi.
Əslən Ağdamın Qasımbəyli kəndindən idi Vüsal Muradov. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif kursantı idi. Anası Kəmalə xanım deyir ki, hərb sənətini seçməkdə əsas səbəblərdən biri də elə işğal altındakı torpaqdan olmaqları idi. Vüsalın ən böyük arzusu Ağdamı düşmən tapdağından xilas etmək idi. Anasına, atasına da həmişə "Ağdamı azad edib, sizi oraya aparacam" deyərmiş.
Elə bu arzu ilə də 2020-ci ilin sentyabrında Vətən müharibəsinin başlayarkən "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollanır.
Bir aydan artıq qəhrəmancasına döyüşdüyü Vətən müharibəsində son döyüşü oktyabrın 29-da Xocavənd uğrunda olur. O, həmin döyüşdə ən uca zirvəyə - şəhadətə yüksəlir. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunan Vüsal Muradov şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Qəhrəman şəhidimizin ad günü ərəfəsində anası Kəmalə xanımla həmsöhbət olub, bir daha onu qürurla, həsrətlə, sayğıyla yad etdik:
"Mən də onunla bərabər dünyaya gəldim"
"Vüsal gözəl bir yaz günü
gəlib dünyaya. İlk analıq
duyğusunu onu qucağıma alanda hiss elədim. Mən də onunla
bərabər dünyaya
gəldim. Vüsal hər
iki ailənin ilk oğul nəvəsi idi. Adını əmisi Vüsal
qoydu.
Uşaqlığı çox maraqlı keçib. Hədsiz nadinc, amma sevgi dolu uşaq
olub. Televizora baxmağı çox
sevirdi. Altı aylıq olarkən
cizgi filmlərinə baxıb gülürdü.
Arzuları çox idi balamın. Ən böyük arzusu
Vətənimiz Azərbaycanı
qarış-qarış gəzmək
idi. Əslən ağdamlıyıq. Ağdamı
azad etmək, oraya getmək ən böyük arzusu idi. Elə buna görə də hərbçi sənətini seçdi.
Öz sənətini çox sevirdi. Çox yaxşı hərbçi
olub. Vətəni qorumaq, doğma
yurdumuz Ağdama getmək, oraları görmək həvəsi
ilə yaşayırdı".
"Şəhid olsam, adımı qardaşım
oğluna verərsiniz"
Kəmalə xanım deyir ki, Vüsalı son dəfə məzuniyyətdən
qayıdanda görüb. Amma müharibə vaxtı bir ay döyüşdə
olmasına baxmayaraq, Vüsal bunu ailəsinə bildirməyib:
"Vüsal Ali Hərbi
Məktəbdə oxuyurdu. 2020-ci ilin 17 iyununda məzuniyyətə gəldi,
1 ay 10 gün evdə qaldı. Məzuniyyətdə ikən müharibənin
olacağını bilirmiş,
amma bu haqda
bizə heç nə deməyib. Axırıncı dəfə Vüsalı
iyulun 27-də Ali Hərbi
Məktəbə yola
saldıq. O gedəndə
mən eyvana çıxıb arxasınca
baxdım. Onun mənə axırıncı
baxışı heç
yadımdan çıxmır.
Başın qaldırıb mənə
əl elədi. Gözləri ilə sanki
"əlvida" deyirdi.
İndi Vüsalımın
mənə baxdığı
həmin yerdə onun adına
ucaldılmış abidə
var.
O,
4-cü kursda oxuyurdu. Müharibə başlayanda onlara
"Kiçik leytenant"
rütbəsi verilib.
Sentyabrın 29-u gecə qardaşına
zəng edib deyib ki, bizi
apardılar, anamgilə
demə. Vüsal bir
ay döyüşüb. Qardaşı Yusif və dostlarından başqa heç kim onun
müharibədə olduğunu
bilmirdi. Hər gün mənimlə
danışırdı, deyirdi,
ana, Bakıda məktəbdəyəm. Səsi yorğun
gələndə aldadırdı
ki, bekarlıqdan yatmışam, ona görə səsim yorğun gəlir. Müharibədən qabaq Beyləqanda
təlimdə olub, onda elə bil
şəhid olacağını
bilirmiş. Kursant yoldaşı
Nicata bir video yığdırıb, deyib
ki, şəhid olsam, adımı qardaşım oğluna verərsiniz. Vüsal həyatda
hamıdan çox qardaşı Yusifi istəyirdi. Ona çox
bağlı idi.
Hər arzusu, xəyalı Yusiflə bağlı idi".
"Mama,
evimizdəyik..."
"Müharibədə olan vaxt hər
gün danışırdıq. Bir dəfə
səsi çox yaxşı gəlirdi.
Dedim niyə belə sevinclisən, dedi yaxşı xəbər almışam.
Soruşdum nədir, dedi telefonda deyə bilmərəm. Dedim, heç olmasa, ip ucu
ver, dedi, mama, evimizdəyik. Nə demək istədi,
hələ də bilmirəm.
Oktyabrın 30-u saat 11 olardı, baldızımla bir yerdə idik, telefon zəng çaldı. Vüsalın bibisi idi zəng edən. Dedi Vüsal yaralanıb. Dedim Vüsal hardadı ki, yaralana. Yaşadığımız binanın həyətinə
gəldik. Evə gedə
bilmədim. Elə həyətdə
oturdum. Qonşular hamısı yığışdı.
Qapı qonşum, onun da oğlu
hərbçidir, adı
da Vüsaldır, dedi qurban demişəm,
Vüsal sağ-salamat
gəlsin. Sonra dayıları gəldi.
Kiçik qardaşım
dedi, bacı, fəxrimizdir, dedim nə olub ki?
Gördü heç nə bilmirəm, dedi, gedirəm onu sənə gətirəm. Bu sözdən
çox rahatladım,
şəhid olması
ağlıma belə gəlmirdi. Qısa vaxtda həyət
insanla doldu. Bizim ev
Şəhidlər xiyabanına
yaxındır, o tərəfdən
Vüsalın səsi
gəlirdi. Mən "evimiz ordadır"
- deyib ora qaçırmışam. Sonra evə çıxıb stol açmışam
ki, Vüsal gəlir. Axşam saat 8-də Vüsalın
şəhid olduğunu
bildim. O anları
yaşamağı heç
bir anaya arzulamıram. Vüsalın boyu uzun idi, ona görə
cənazəni evə
gətirmədilər. Sumqayıt Corat məscidinə apardılar. Qardaşı
Yusif Vüsalın şəhid xəbərini
eşidəndə birinci
bunu dedi ki, qardaşsiz qaldım. Yusif tək dayağın,
arxa-köməyin itirdi.
Mən də həyatda hər şeyi Vüsalın adıyla bağlamışdım.
Oktyabrın 31-də Vüsalı Sumqayıt Şəhər Şəhidlər
xiyabanında böyük
insan izdihamı ilə dəfn etdilər. O gün, o saat mənim həyatımın qaralan günü oldu. Vüsal kimi bir qəhrəmanın
anası olmaq çox qürurvericidir.
21 yaşlı kəşfiyyat tağım
komandiri olan Vüsalım əsgərlərinin
xatirəsində qorxmaz,
cəsur bir komandir kimi qalıb".
"Kaş, Ağdama qədər gedə biləydim..."
Vüsal Muradov əsgərlərinin,
döyüş yoldaşlarının
da yaddaşında cəsur döyüşçü,
fədakar komandir kimi yaşayır. Əsgər
Ülvi Mustafazadə ölməz komandirini belə xatırlayır:
"Vüsalın bizdə
xatirəsi çoxdur. Tağımlar arasında həmişə
seçilib. Hər zaman
söhbət edər,
dərdimizi bölüşərdik.
Döyüşə girəndə igidcəsinə
öndə gedirdi.
Mənə deyirdi ki, döyüşə adam seçməli
olsam, snayper birinci sən olacaqsan, sərrast və sərbəst atırsan. Deyirdi kaş ki, Ağdama
qədər gedə biləydim, oranı görəydim
Rəhmətə gedəndə susuz olub, su içə
bilməyib. Ən çox qardaşı
Yusif və anası haqqında fikirləşərdi. Bizə
deyirdi: "Sizə nəsə olsa, özümü bağışlaya
bilmərəm, bir də heç kimin evinə gedib "oğlun şəhid oldu" deməyə gücüm çatmaz". Deyirdim,
"Komandir, arxada gəl, hələ cavansan", deyirdi "Mən cavanam, sən isə evlisən, sən arxada gəl". Yoldaşlarla
nə qədər edirdik ki, özünü
qoru, deyirdi, mən sizə cavabdehəm, mən də qorxsam, deməli, komandir deyiləm.
Döyüşə girəndə xəstə
idi. Qızdırmalı halda girdi döyüşə. Zəngilanın 7 kənd, 7 yüksəkliyinin
azad edilməsində qəhrəmanlıq göstərdi.
Arxaya baxanda güllə sol nahiyədən dəydi, amma çıxmadı, bədənində gəzdi.
Əvvəl eşitdim ki,
yaralıdır, su apardım ki, verim, içsin, amma gördüm yox, dünyasını dəyişib. Mən ora
çatanda artıq yoldaşlar aşağı
gətirirdi. Götürdüm çiynimə, bir qədər apardım, yuxarı çıxanda kömək gəldi.
İnanın ki, o, şəhid
olanda hər kəs ağlayırdı
ki, komandir, indi biz sizin evə bu xəbəri
necə verək?"
"Gülab ətirli Şəhidim..."
Kəmalə xanım deyir ki, Vüsalı həmişə yuxuda xoşbəxt görür:
"Hər dəfə
deyir yerim rahatdır, məndən nigaran olmayın. Bir dəfə yuxuda dedim, oğlum, sənə kotlet gətirim, dedi qonaqlıqdayam.
Hər dəfə
yuxuda onu görəndə həyatda
olduğu kimi görürəm, mehriban,
gözlərindən gülən. "Ay ma" çağırışı hələ də qulaqlarımdadır.
Qələbə günü dedim kaş, Vüsalım da bu günü görəydi. Onun Ağdamı görmək arzusu yerinə yetirdi.
Şəhid anası olmaq şərəflidir, amma bir o qədər də çətindir. Bu adı qorumaq, onu layiqincə yaşatmaq hər bir şəhid anasının borcudur. Çox istərdim ki, Vüsalımın adına məktəb, küçə verilsin. Onun yarım qalan arzularını adını daşıyan məktəbdə təhsil alan uşaqlar davam etdirsinlər.
Balam Ziyarətgah
dağında şəhid olub. Əsgəri
deyir ki, komandir şəhid olandan sonra bütün
dağı gülab ətri bürüdü. Mən o
ətri Vüsalımın cənazəsində də hiss elədim. Elə o vaxtdan Vüsalıma "gülab
ətirli Şəhidim" deyirəm..."
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 18 may.- S.16.