Vərəsəliyi qəbul edib borca düşənlər

 

Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib. Qərara əsasən, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda Mülki Məcəllə "İpoteka haqqında" qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən, əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Məhkəmənin bu qərarı vətəndaşlar arasında narazılığa səbəb olub. Vətəndaşlar ölən şəxsin pensiya kapitalının onun varisinə ödənilmədiyi halda, borclarının hansı əsasla varisdən tələb edildiyindən şikayətlənirlər.

Məsələyə münasibət bildirən hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycanda əksər hallarda vərəsə ölən şəxsin ailə üzvü hesab olunur. Amma vərəsə ölən şəxsin ailə üzvü, yaxın qohumu olmaya da bilər. Ölən şəxsin mirasını qəbul edən şəxs vərəsə sayılır. Qanuna görə , vəfat edən şəxsin vərəsəsi qəbul etdiyi mirasın dəyəri həddində borc öhdəliyini götürməlidir. Tutaq ki, şəxs ölüb, onun banka 50 min manat borcu var. Amma onun 100 min manat dəyərində evi var. Oğlu atasının mülkünü qəbul edibsə, onun borcunu da ödəməlidir. Beləcə, vərəsə qəbul etdiyi mirasın dəyəri qədər borc öhdəliyini üzərinə götürmüş olur. Yaxud əksinə, ölən şəxsin borcu 100 min manat, əmlakının dəyəri isə 50 min manatdırsa, bu halda vərəsə yalnız qəbul etdiyi mirasın dəyərində, yəni 50 min manat borcu banka ödəməlidir: "Sözügedən məsələ elə əvvəldən Mülki Məcəllədə öz əksini tapıb. Bu, yeni qayda deyil. Sadəcə, Konstitusiya Məhkəməsi buna yenidən şərh verib. Bu ümumi qaydalar qanunvericilikdə onsuz da olub. Təəssüf ki, Konstitusiya Məhkəməsinin şərhini insanların çoxu düzgün başa düşmədi. Məhkəmənin şərhi ona görə yaranmışdı ki, bank ipoteka qoyan şəxsi ipoteka qoyduğuna görə məhkəməyə verə bilərmi sualı yaranmışdı. Konstitusiya Məhkəməsi deyir ki, əgər vərəsəsi varsa, avtomatik çevrilib borclu olur. Vəfat edən şəxsin mirasını qəbul edən şəxs onun borcuna görə qəbul etdiyi əmlak həddində borcludur. Konstitusiya Məhkəməsi bu halda bankın vərəsəni məhkəməyə verməli olduğunu deyir. Qanuna əsasən, hər kəs öz borclarına görə əmlakı ilə cavabdehlik daşıyır. İnsan vəfat edərkən həmin əmlakdan borclar tutulmalıdır. Əgər ev girovdadırsa, vərəsə girovda olan evi miras olaraq qəbul edirsə, qalmış borcunu da ödəməlidir. Əgər istəmirsə, mirası qəbul etməsin. Həyat sığortası olanların borcunu sığorta şirkəti ödəməlidir. İpoteka kreditlərində bir qayda olaraq ipoteka götürmüş şəxsin həyat sığortası olur. Əgər ölən şəxsin həyat sığortası varsa, onun borcunu vərəsəsi yox, sığorta şirkəti ödəməlidir. Çox təəssüf ki, Azərbaycanda kreditlərin əksəriyyətində həyat sığortası tətbiq edilmir. Harada tətbiq edilirsə, həyat sığortasının şərtlərinə uyğun olaraq vəfat etmiş şəxsin borcu sığorta şirkəti tərəfindən ödənilməlidir".

Hüquqşünasın dediyinə görə, ipoteka daşınmaz əmlakın girovudur. Daşınmaz əmlak ev, torpaq, mənzil avtomobildir. İpotekanı evini təmir etmək, biznes qurmaq ya başqa nəsə etmək üçün götürə bilərsən. Bir sözlə, hansı səbəblə götürülməsindən asılı olmayaraq, əmlakı bank kreditinə girov qoyursansa, bu, ipotekadır. İpoteka krediti isə elə bir növdur ki, bunu ev almaq üçün götürürsən onu da girov qoyursan. Burada məqsəd biznes başqa məqsədlər deyil. Bu krediti Azərbaycanda İpoteka Kredit Zəmanət Fondu verir. Lakin bəzi banklar da öz hesabına belə kreditlər verir. Kredit götürən zaman şəxsin həyat sığortasını bank tələb edə etməyə bilər. Amma İpoteka Kredit Zəmanət Fondu bunu hər zaman tələb edir. Çünki onun verdiyi kreditin müddəti uzundur şəxsin ölmək ehtimalı var. Bu halda sabah həmin şəxs ölərsə, o pulu sığorta şirkəti ödəyəcək, əmlaka dəyilməyəcək vərəsələrindən heç istənilməyəcək.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi hallarda vərəsələr mənzili qəbul edirdilər, amma öhdəliklərini, yəni kredit öhdəliklərini qəbul etmirdilər. Kredit öhdəliklərini qəbul etmək o deməkdir ki, şəxs hətta həyatdan köçsə belə, onun sığorta pulunu kimsə alır: "Bəzi hallarda ölənin həyat sığortası pulunu alan şəxs krediti ödəməkdən imtina edir. Ona görə imtina edir ki, həm vərəsəliyi qəbul etdikdə paralel olaraq o pulu da almaq istəyir. Məhkəmələrdə bununla bağlı çox idi. İndi Konstitusiya məhkəməsi birdəfəlik şərh yazdı. Artıq məhkəmələrə ehtiyac qalmadı, məsələ yerinə yetiriləcək. Yəni vərəsəlik qəbul edilirsə, sığorta pulu alınırsa, o kredit də ödənilməlidir və yaxud da kreditlər həyat sığortasına aid olmayan banklar tərəfindən kommersiya krediti kimi verilibsə, yenə də vərəsəliyi qəbul edən şəxs öhdəliyi də qəbul etməlidirkrediti ödəməlidir. Bu günə qədər də bu belə idi. Sadəcə, əvvəllər mübahisələr yarananda məhkəmələr yolu ilə həll olunurdu. Banklaryaxud da vətəndaşlar müraciət edirdi, işlər uzanırdı. Artıq Konstitusiya məhkəməsi bununla bağlı şərh verib, daha məhkəmə qərarına ehtiyac qalmayacaq. Qərarlar, qanunlar o qədər quru, hüquqi dillə verilir ki, vətəndaşlar çaş-baş qalır. Ona görə də sözügedən qərar insanlarda çaşqınlıq yaradıb".

Millət vəkili Fazil Mustafa hesab edir ki, bu, birbaşa vətəndaşın əleyhinə çıxardılmış qərardır. Əgər insan vəfat edərkən pensiya kapitalı onun varisinə ödənilmirsə, ölmüş şəxsin varisindən onun borcunu tələb etmək düzgün deyil. Əgər şəxsin kreditin götürülməsində rolu yoxdursa, varis olsa belə, ata-anasının götürdüyü borca görə məsuliyyət daşıması dorğu deyil: "Dövlətin vətəndaşa olan borcunu verməyib, amma vətəndaşın dövlətə borcunu onun varisinə yükləyirlər. Bu, doğru deyil. O vaxt varisdən borc tələb oluna bilər ki, ipoteka kreditinin götürülməsində iştirak etmiş olsun. Hesab edirəm ki, ipoteka kreditlərində borcun ölən şəxsin varisi tərəfindən ödənilməsi tələbinə görə vətəndaşların narazılığı haqlıdır".

Millət vəkili Vüqar Bayramovun dediyinə görə, həyat sığortası ilə kredit götürülən və ya əmlaka sahib olan şəxslərin varislərindən ödəniş tələb edilə bilməz. Həyat sığortasının da əsas özəlliyi məhz borclanan dünyasının dəyişərsə, qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz: "Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə, varisindən vəsait tələb olunmasın. İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa, o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ sığorta şirkəti tərəfindən qarşılanır. Əslində, bu, həm də ondan xəbər verir ki, həyat sığortasından istifadə varis üçün öhdəlik yaratmamaq deməkdir".

Azərbaycan İpotekaKredit Zəmanət Fondundan verilən məlumata görə, ipoteka krediti götürülərkən həyat sığortasının edilməsi məcburi şərtdir. Bu halda vətəndaşa sığorta şəhadətnaməsi verilir. Sığorta şirkəti sığorta olunan şəxsin borcun müəyyən hissəsinin ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürür. Həyat sığortasına görə şəxs vəfat etdiyi halda onun ipoteka borcunun nə qədərinin ödəniləcəyi isə müqavilədə qeyd edilir. Orada hansı hallarda, ipoteka borcunun nə qədər hissəsinin sığorta şirkəti tərəfindən qarşılanacağı barədə müddəalar öz əksini tapır: "Həyat sığortasına görə, ipoteka götürən şəxs gələcəkdə sağlamlığına dəymiş zərərə görə əmək qabiliyyətini itirirsə, bu zaman da həmin şəxsin borcunu sığorta şirkəti ödəyir".

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarında Azərbaycan İpotekaKredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə münasibətdə hər hansı bir rəy verilməyib. Bu qərarda kredit təşkilatlarının öz vəsaitləri hesabına borcalanlara verdikləri kreditlərdə öhdəliklərin təminatı üsulu kimi götürdükləri girov (ipoteka) əmlaklar olarsa, bu girov əmlakının mülkiyyətçisi borcalan deyil, başqa biridirsə və bu kredit müqaviləsi üzrə borcalan vəfat etdikdə banka olan borcun necə ödənilməsini tənzimləyən şərh verilib: "Bu qərarın Azərbaycan İpotekaKredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə aidiyyəti yoxdur. Belə ki, bu kreditlər Azərbaycan İpotekaKredit Zəmanət Fondunun tələblərinə əsasən, borcalanın götürdüyü ipoteka krediti məbləğində onun həyatı ölkəmizdə fəaliyyət göstərən həyat sığortası şirkətləri tərəfindən sığortalanır və istənilən səbəbdən borcalanın vəfat etməsi zamanı onun banka olan borcu tam məbləğdə həmin həyat sığortası şirkətləri tərəfindən sığorta ödənişi şəklində qarşılanır. Bu qərar borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da İpoteka Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditləri deyil, bilavasitə banklar tərəfindən verilən kreditlərdə təminat (girov) olaraq ipotekanın götürülməsi ilə bağlıdır. Odur ki, Azərbaycan İpoteka Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka krediti götürmüsünüzsə, borcalanın vəfat etməsi hallarında həyat sığorta müqaviləsinə uyğun olaraq sığrta şirkəti banka olan borcu tam məbləğdə ödəyəcək".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 27 may.- S.8.