Yazıçı
Anarın vətənində...
XALQ YAZIÇISI
ANARLA GƏNCLƏRİN GÖRÜŞÜNDƏN
QEYDLƏR
Nadir YALÇIN
Günlərin birində gözəl
bəstəkarımız Vaqif Gərayzadə köks
ötürüb dedi: "Ömrün gənclik
çağında zaman ilbəil dəyişir, bir az yaşa
dolandan sonra aybaay dəyişir, ahıllaşandan sonra günbəgün,
sanki hər yeni gün yeni səhifə
açılır, hər baş verən hadisəyə yeni
reaksiya verirsən..."
Bizim üçün - texnologiyanın sürəti
ilə yarışan gənclik üçün zaman elə
indidən çaparaq keçir. Yeni səhər yeni enerji ilə
üzümüzə açılır. Elə qələm
sahibləri var ki, 40 il əvvəl yazdığını
oxuyanda da təzə impulsla zehninə həkk olunur, bu gün,
bu saat, bu an üçün yazdığını oxuyanda
da... Necə deyərlər, demək istədiyi nəsnə həmişə
təzədir, sözünün canı həmişə
diridir. Belə söz ustalarından biri, Xalq
yazıçısı Anarla ötən gün təşkil
olunan görüş, onun şirin söhbətləri bir daha
mənə və onu dinləyən gənc auditoriyaya
xatırlatdı ki, sözü qocalmağa qoymayan müəllifdir,
onun parlaq təfəkkürüdür.
Şəhərin mərkəzində
mütaliə çırağı yandıran kitab
ocaqlarının birində - "Bakı Kitab Mərkəzi"ndə
böyük ədibimizlə təşkil olunmuş
görüşün əsas məqsədi yeni nəsil
oxucuları sevimli yazıçıları ilə
görüşdürmək idi. Çünki hər
işıqlı görüş bir işıqlı sabaha
ümiddir, hər şirin söhbət
sabahın gözəl xatirəsi üçün zəmin
rolunu oynayır. Əvvəlcə onu qeyd edim ki,
görüş Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi
və İrəli İctimai Birliyinin təşkilatçılığı
ilə "Heydər Əliyev İli"nə həsr
olunmuş tədbirlər proqramı çərçivəsində
həyata keçirilən "MədəniyyətimİZ"
layihəsi əsasında baş tutmuşdu. Tədbirin
koordinatoru Riad Cəbrayılzadə, moderatoru isə mən
idim.
Anar müəllim həmişəki kimi
bütün situasiyalara adekvat və bütün söhbətlərində
olduqca səmimi idi. Fenomenal yaddaş sahibi olan
yazıçımız verilən bütün suallara
bacardığı qədər yığcam, eyni zamanda dəqiq
cavablar verməyə çalışırdı. Bu da onun
xarakterindən irəli gəlir. Anar müəllimin
yaradıcılığında, üslubunda, mətndəki
hadisəyə yanaşma tərzində də eyni nüans
müşahidə olunur: hadisənin lakonik və vəziyyətə,
ovqata uyğun bədii həlli...
Anar
müəllimin açılış nitqinin ardınca
söhbətimiz "Ümummilli lider Heydər Əliyevin Azərbaycan
ədəbiyyatının inkişafındakı rolu"
mövzusu ilə başladı. Anar müəllim
gənclik illərinə xəyali səyahət edərək
Heydər Əliyevi ilk dəfə canlı gördüyü
komsomol qurultayını xatırladı və sonrakı
illərdə Ulu öndərlə görüşlərini
yada saldı. Anar müəllim qürur hissi ilə deyirdi:
"Heydər Əliyev xarici səfərlərə gedəndə
ya böyük heyət ilə gedirdi, ya da özü ilə
üç-dörd nəfər aparırdı. Dəfələrlə
məni də həmin səfərlərə dəvət
edib. Həmin səfərləri fəxrlə
xatırlayıram. Onun əlaqələri, digər dövlət
başçıları ilə dialoqu, ədəb-ərkanı
və ağıryanalığı həmişə məndə
qürur hissi yaradıb, öz-özümə demişəm,
nə yaxşı ki, bizim prezidentimiz Heydər
Əliyevdir".
Xatırladaq ki, Anar müəllimin "Unudulmaz
görüşlər" kitabı Heydər Əliyevlə
bağlı xatirələrə həsr olunub və tədbir
boyu müsahibim dəfələrlə həmin kitabdan sitatlar
gətirdi. Tənqidçi Tehran Əlişanoğlunun təbirincə
desək, sözügedən kitab ədəbiyyatda Heydər
Əliyevin obrazını yaradan ilk irihəcimli əsərdir.
Anar müəllim lokal antiterror tədbirləri
ilə yekunlaşan Qarabağ mücadiləmizdən
ağızdolusu danışdı, dərin sevincini izhar elədi:
"Bu Zəfərin babası Heydər Əliyevdirsə,
atası İlham Əliyevdir".
Anar müəllimlə 44
günlük Vətən mühabirəsinə və parlaq Zəfərimizə
həsr edilən "Qarabağ dastanı" kitabı barədə
həmsöhbət olduq. İlk dəfə 1985-ci ildə
"Ulduz" jurnalında dərc olunan, sonradan "Qarabağ
dastanı"na əlavə edilən "Qarabağ şikəstəsi"
essesini xatırladıq. Anar müəllim essenin
yazılma ilini xatırladı və dedi: "Mənim müqəddəratım
Şuşada həll olundu, mən Şuşada
yazıçı olacağımı dərk etdim".
Layihənin "Danışır şəkil"
rubrikasında Anar müəllimin Heydər Əliyevlə təyyarədəki
məşhur fotosu yayımlandı. O həmin səyahəti
xatırlayarkən Ümummilli liderimizin səmimi söhbətlərindən
bəhs etdi: "Heydər Əliyev uşaqlıq illərini
yada saldı, necə çətinliklə
böyüdüyü barədə danışdı. Moskvada
işlədiyi illərdə hansı əzab-əziyyətə
qatlaşdığını dedi. Mən düz Bakıya qədər
onunla həmsöhbət oldum və həmin səyahət həyatımın
ən unudulmaz anlarına çevrildi".
Ümummilli liderin 1999-cu il dekabrın 5-də
"Qobustan" jurnalı barədə etdiyi
çıxışı maraqla izlədik. Anar
müəllim sovet illərini xatırladı,
"Qobustan"a qarşı yönələn ittihamlardan
söhbət açdı. Qeyd etdi ki, "Qobustan" indi də
yaşayırsa, bunun ən böyük səbəbkarı
Heydər Əliyevdir, vaxtilə "Qobustan"ı mənəvi
repressiyadan xilas edən məhz Heydər Əliyev oldu.
Anar müəllim böyük
ehtiramla "Qobustan"ın özündən sonrakı
redaktorlarını - Fikrət Qocanı, Ələkbər
Salahzadəni və Vaqif Əlixanlını xatırladı.
O, jurnalın indiki baş redaktoru yazıçı Pərvinin,
ümumən, "Qobustan"ın bugünkü fəaliyyətindən
razı olduğunu bildirdi.
"Mədəniyyətimizin
yaşadılması, inkişafı və təbliğində
Azərbaycan dili və ədəbiyyatın rolu"
mövzusunda fikirlərini bölüşən Xalq
yazıçısı Anar bu məsələlərdə Azərbaycan
Yazıçılar Birliyinin dəyişməz mövqeyi barədə
danışdı: "Sovet vaxtı da ana dilimizi qoruyan və
hörmət edən iki-üç qurumdan biri, hətta deyərdim,
yeganəsi Azərbaycan Yazıçılar Birliyi olub.
Bütün sənədləşmə işləri,
yazışmalar məhz rus dilində yox, Azərbaycan dilində
aparılıb. Dil olmasa, ədəbiyyat da olmaz. O cümlədən,
dili yaşadan da ədəbiyyatdır".
"Danışır şəkil"
rubrikasında bu dəfə Anar müəllimin valideynləri,
unudulmaz ədiblərimiz - Rəsul Rza və Nigar Rəfibəyli
ilə birgə cavanlıq fotosu yayımlandı.
Anar müəllim valideynlərini nə qədər
işıqlı xatirələrlə yada salsa da,
gözündəki kədəri hiss etmək elə də
çətin deyildi. Heç bu barədə də çox
danışmadı. 40 günün içində həm
atasını, həm anası itirməyin çətinliyindən
söhbət açan yazıçımız bununla belə
"Üzeyir ömrü" filminin çəkilişlərinin
ertələnmədiyindən bəhs etdi: "Cümə
axşamları Şuşadan Bakıya qayıdırdım,
ehsan verirdik, sonra yenidən Şuşaya gedirdim. Çox
çətin olsa da, filmin çəkilişlərinə
davam etdim".
"Ədəbi mühitdə
yeni, innovativ yanaşmalar: yaradıcı sənayənin
inkişafı kontekstində müasir yazarlıq ənənələrinə
baxış" mövzusu ətrafında gedən söhbətlər
Anar müəllimin nikbin fikirləri ilə yadda qaldı.
Ömrünün 85-ci ilini geridə qoyan Xalq
yazıçısı ara-sıra gəncləri mütaliə
etdiyini dedi və Azərbaycan ədəbiyyatının
gələcəyinə xoş ümidlər bəslədiyini
bildirdi: "Cavanların üsyankarlığını da
başa düşürəm. Əslində, elə
olmalıdır. Amma bir məsələ var, 20 yaşında
bu xarakter yaxşıdır, istedadlı gənc yenilikçi,
üsyankar olmalıdır. Əgər 40-dan sonra da beləsənsə,
deməli, bu, böyük problemdir..."
Görüşlərin çoxunda şahidi
olmuşuq ki, Anar müəllim üçün
auditoriyanın spontan sualları daha maraqlıdır. Gənclərin
ardı-arası kəsilməyən suallarına təmkinlə
və özünəməxsus kreativliklə cavab verən Xalq
yazıçısı bu dəfə də məxsusi
ab-havanı qoruyub saxladı:
- Anar müəllim, olubmu ki, hansısa əsərinizin
finalını dəyişmək istəmisiniz?
Düşünmüsünüz ki, indi yazsaydım, həmin
finalı başqa cür qələmə alardım?
- Necə lazımdısa, elə
yazmışam. Həmin an ürəyimdən elə yazmaq gəlib
və elə də olmalı imiş.
- Hansı Azərbaycan ədibinin əsərini
"kaş mən yazardım" deyə
düşünmüsünüz?
- Şair olsaydım, Füzulinin, nasir kimi Cəlil
Məmmədquluzadənin.
- Azərbaycan gəncliyinə məsləhət
gördüyünüz üç kitab...
- "Ağ liman", "Dantenin yubileyi",
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"....
(Gülür) Təbii ki, zarafatdır. Düşünürəm,
bunu belə çərçivəyə salmaq olmaz.
Hansısa üçünü deyərəm, qalan yeddisinin
müəllifi məndən inciyər...
- Gənclərə məsləhətiniz nədir?
- Kitab oxuyun... Ədəbiyyat elə şeydir
ki, siz düzgün olanı onun içində axtarıb tapa
biləcəksiniz...
...Bu minvalla
görüşün sonuna çatdıq. Anar müəllim
auditoriyadan müsbət enerji ala bilmişdi,
baxışlarından aydın sezilirdi və biz də
sevinirdik ki, nə yaxşı, buna nail ola
bildik.
Tədbirin
sonunda "Mən, sən, o və telefon" hekayəsini
xatırladım və bu hissəni auditoriya ilə
bölüşdüm: "Ömrün boyu çox rəqəmləri
unudacaqsan: pasportunun nömrəsini, axırıcı işində
aldığın maaşını, dostunun avtomobilinin nömrəsini,
aya qədər olan məsafəni, yaşadığın
şəhərin əhalisinin sayını. Başqa
rəqəmləri. Hamısını
unudacaqsan. Bircə bu beş rəqəmdən
savayı. Bu beş rəqəm,
özü də məhz bu ardıcıllıqda səninçün
ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi
və telefon dəstəyindən gələn bənövşə
ətri..."
Yaxşı
bədii nümunəni ayırd etməyi bacaran, bədii
zövqü buna imkan verən əziz oxucu, sənin
üçün də Anar imzası əbədidir, həmişə
yaddaşının bir küncündən onun cümlələri
boy verəcək...
Yazıçı-publisist dostumuz Sərdar Amin daha gənc
yaşlarında Mersin sahillərində bir tatar xanımla həmsöhbət
olur. Xanım soruşur ki, sən haralısan? Sərdar azərbaycanlı olduğunu deyir.
Ardınca xanımın söylədiyi cümlə bizim
hamımız üçün böyük fəxrdir:
"Həəə, sən Anarın vətənindənsən..."
Hələ neçə-neçə
işıqlı görüşlərə, Anar müəllim!
Nadir YALÇIN
525-ci qəzet. 1 noyabr.-2023.-№198.-S.8