Teatr kassadan başlanır
Məşhur ingilis rejissoru Gen Bolun "Üç badam" saytının əməkdaşı
Ofelya Hamletqızıyla
müsahibəsi
Ofelya Hamletqızı: Hörmətli
mister Gen Bol, bizə müsahibə verməyə
razılaşdığınız üçün Sizə
saytımız adından təşəkkür edirəm. Mən saytın əməkdaşı Ofelya
Hamlet qızıyam.
Gen BoL: Oho nə Şekspirə uyğun adınız var. İngiliscəniz
də mükəmməldir.
O.H: Babam Şekspirin fanatı idi. Əlbəttə ənənəvi,
konservativ Şekspirin.
Odur ki, atamın adını Hamlet, nəvələrinin,
yəni mənim adımı Ofelya, qardaşımın adını
Laert qoymuşdu.
Hamımız ingilis məktəbini bitirmişik.
G.B: Nə gözəl...
Şadam ki, belə uzaq coğrafi məkanda da aborigenlər Şekspiri tanıyır və sevirlər. Həm də gözəl ingiliscə danışırlar.
O.H: Amma hörmətli
Gen Bol, Sizin qurduğunuz "Otello" tamaşası çoxlarını şoka
saldı. Odur ki, səhnəsevərləri
maraqlandıran suallara
cavab vermənizi xahiş edirəm: Niyə məhz Şekspiri və niyə məhz Bakını seçdiniz?
G.B. Mən ingilis
rejissoruyam və təbii ki, böyük həmvətənimlə
fəxr edirəm. Onu dünyada daha çox tanıtmağa çalışıram.
İngiltərədə Şekspiri
yetərincə tanıyırlar,
istərdim onu ən müxtəlif ekzotik yerlərdə də tanısınlar. Məsələn, Sizin ölkədə.
O.H: Ərz edim
ki, bizim ölkədə Şekspiri
yaxşı tanıyırlar.
G.B: Bəli, tanıyırlarmış, amma
ənənəvi Şekspiri
tanıyırlarmış. Mən Sizin səhnəsevərlərə tamamilə
yeni Şekspiri təqdim etmək istədim. Sizin şəhəri seçməyimsə,
onunla bağlıdır
ki, gözümü yumub əlimi qoydum dünya xəritəsinə. Gözümü
açanda gördüm
ki, sizin şəhəri seçmişəm.
O.H: Nə gözəl.
Bəxtimiz gətirib.
Amma Siz bizimçün tamamilə
gözlənilməz olan
başqa bir "Otello" quruluşu vermisiniz.
G.B: Bəli, Şekspirin ənənəvi
yozulmalarının zamanı
keçib. Böyük
dramaturqu tamamilə yeni rakursdan, yeni bucaqdan, zamanın tələblərinə
uyğun təqdim etmək lazımdır. Odur ki, mən
Şekspirin bütün
məşhur faciələrini
komediya janrında, burlesk, balaqan janrında qururam.
O.H: Niyə?
G.B: Bu saat
izah edim. Sizin, rusların
məşhur bir rejissoru var - Stanislavski
O.H: Biz rus deyilik, azərbaycanlıyıq.
G.B: Eləmi? Biz İngiltərədə
elə bilirik ki əsgi Sovet
Birliyində yaşayanların
hamısı rusdur.
Üzr istəyirəm. Nə
isə... Stanislavski deyib ki, teatr
qarderobdan başlayır.
Tamamilə yanlış fikirdir.
O.H: Niyə?
G.B: Ona görə ki, eyni məntiqlə
"teatr tualetdən,
yaxud bufetdən başlanır" demək
olardı. Tamaşaya erkən gələnlər
tualetə gedə bilərlər, yaxud fasilələrdə bufetə
baş çəkə
bilərlər. Yox, teatr
kassadan başlanır.
O.H: Kassadan?
G.B: Bəli, kassadan. Əgər kassa qarşısında uzun bir növbə
yoxdursa, bu tamaşa kimə gərəkdir? Kassa qarşısında
növbə isə o zaman yaranır ki, tamaşaçı teatra əylənməyə
gəlir.
O.H: Əylənməyə?
G.B: Bəli, əylənməyə.
Təsirlənmək istəyirsə, kitabxanaya
getsin, sentimental romanlar
oxusun, siyasətlə
maraqlanırsa, televizorda
son xəbərlərə baxsın.
Televiziya
demişkən, ekranlardan
o qədər neqativ axır ki, baxanlar
bunlardan bezir. Bəs bir az əylənməkçün,
başını qatmaqçün,
kef çəkməkçün hara getsin? Əlbəttə teatra. Biz tamaşaçının
bu istəyinə əməl etməliyik, Mənim devizim: Teatr kassadan başlanır.
O.H: Ona görə də siz Şekspirin
faciələrini komediya
kimi yozursunuz.
G.B: Bəli, Şekspirin faciə saydıqları əsərlər əslində
komediyalardır. Özü də
fikir verin, mən quruluşlarımda
Şekspirin bir sözünü də dəyişmirəm, Şekspirin
mətninə tam riayət
edərək onu müasirləşdirirəm, günümüzdə
aktual olan məsələlərə uyğunlaşdırıram.
Hətta remarkalarını da replika
kimi verirəm.
O.H: Bəli, buna diqqət etdim. Məsələn, Otellonu oynayan aktyor deyir: Otello səhnəyə
gəlir. Yaxud Yaqonu oynayan aktyor deyir: Yaqo
gedir.
G.B: Bəli, bunu mən icad etmişəm,
amma məsələ bunda deyil. Daha vacib
odur ki, mən Otellonu ənənəvi təqdimatdan
çıxarıram. Şekspir harda, haçan yazıb ki, Otello zəncidir, yəni qara dərilidir. Şekspirdə Otello - ərəbdir.
Ərəblərin isə doxsan
faizi sizin və mənim kimi ağdərilidirlər.
4 yüz ildir
günahsız arvadını
boğub öldürən
Otellonu qaradərili kimi biabır edərək biz afrikalı
qardaşlarımızın qəlbinə dəymişik.
Onları alçaltmışıq.
Mənim
tamaşamda gördüyünüz
kimi, Otello ağappaqdır. Bu - bir
növ biz ingilislərin,
həmçinin bizdən
törəyən amerikalıların
afro-amerikalı qardaşlarımız
qarşısında üzrxahlığımızdır.
O.H: Yeri gəlmişkən, Otellonu ifa edən
aktyor mənim uşaqlıq dostumdur. Bir məhlədə böyümüşük,
bir məktəbdə
oxumuşuq. Amma heç
bilmirdim ki o, belə gözəl tvist oynaya bilir.
Dezdemonanı öldürmək səhnəsində oynadığı
tvistə bayıldım,
hətta intim hisslər keçirdim.
Bir sual da verim, səhnəni başdan-başa
böyük bir hovuz tutur, hovuzun
içində də qandola. Bu, Venetsiyaya
işarədirmi? Axı hadisələr
Venetsiyada başlanır.
G.B: Tək Venetsiyanın yox, həm də
Aralıq dənizinin məkanıdır bu hovuz. Axı sonrakı hadisələr
Kipr adasında baş verir, yəni Aralıq dənizində.
O.H: Elə ilk səhnədən
tamaşa orijinallığı
ilə seçilir. Hovuzda çimən bikinili bir topa qız.
Hovuzun qırağında
özlərini günə
verirlər...
G.B: (sözünü kəsərək)
Hovuzun qırağında
yox, çimərlikdə...
O.H: Çimərlik olsun, tarın müşayiətiylə
Beseme muçe mahnısını oxumaları
necə gözəl tapıntıdır. Bəs o qandola
nəyin rəmzidir?
G.B: Həyatın, insanlar həyatda da sanki harasa üzürlər.
O.H: Necə dərin bir obraz, məncə,
bu narrativ ambuvalentliyin konseptual diskursudur.
G.B: (bir an tutulur)
Yes... Bəli. Tamamilə düz buyurursunuz.
O.H: Otellonun, Yaqonun, Dezdemonanın, Emilyanın,
Kassionun gah qandolaya minib mahnı oxumaları, gah hovuzda üzmək
yarışına çıxmaları,
gah vaterpol oynamaları həyatın
rəngarəngliyinə işarədir,
deyilmi? Və yenə də bu konseptual diskursun
narrativ ambivelentliyinin rəmzidir
G.B: (bu dəfə daha əmin) Necə də doğru şərh edirsiniz. Siz ki, belə peşəkarlıqla tamaşanı
təhlil edirsiniz, yəqin ordakı bir məsələni də - günümüzçün
çox aktual olan bir meyli
də sezmisiniz. Qeyri-ənənəvi seksual orientasiya
məsələsini nəzərdə
tuturam.
O.H: (karıxır) Bəli... əlbəttə... amma
G.B: Diqqət etdinizmi hovuzda çimərkən
Yaqo Kassioya, Emilya da Dezdemonaya necə şəhvətlə
baxırlar?
O.H: Əlbəttə, bu, Şekspirdə olmasa da, müasirlik baxımından
çox aktual məsələdir.
G.B: Bağışlayın, necə
yəni Şekspirdə
olmasa da? Axı dedim ki, mən
Şekspirin mətnində
olmayan bir məqamı da özümdən
uydurmuram. "Otello" əsəriylə
şübhəsiz tanışsınız,
orda Yaqo Otelloya Kassioyla yatdığını danışarkən
bunun ayrı mənası yoxdur ki. Bu, Yaqonun
gizli homoseksuallığının
aydın ifadəsidir.
Elə Kassionu Otelloya, Emilyanı da Dezdemonaya qısqandığı
üçün bütün
bu oyunu qurur Yaqo.
O.H: Tamaşanın finalı
da çox gözlənilməzdir
.Otello əvvəlcə
Dezdenmonanı boğub
hovuza... bağışlayın,
dənizə atır.
Amma birdən o dəsmalın öz cibində olduğunu görüb tez arvadını sudan
çıxarır, Dezdemona
bir az öysürüb
özünə gəlir.
Senatın qərarıyla Yaqo
da, Emilya da əməliyyat
edib cinslərini dəyişirlər və
bir-biriylə yenidən
evlənirlər. Emilya erkək,
Yaqo qadın kimi. Dezdemona da Otelloyda kilsədə
bağladığı nigahlarını
Otellonun dininə hörmət əlaməti
olaraq kəbinlə təsdiqləyirlər.
G.B: Heyranam sizə. Nə qədər dəqiq təhlil edirsiz.
O.H: Final
da çox təsirlidir.
Bütün iştirakçılar və bikinili qızlar bir yerdə "Çao Çao bombina" mahnısını ifa edirlər.
G.B: Bəlkə müsahibədən
başqa tamaşa barədə bir məqalə də yazasız? Görürəm ki, tamaşanı
çox bəyənmisiniz.
O.H: Mütləq yazaram.
G.B: Amma narrativ ambivalentliyi
də unutmayın, çox müdrik səslənir.
Müsahibəni stenoqram əsasında qələmə
aldı: ANAR
525-ci qəzet.-1 noyabr.2023.-№198.-S.9.