Hərb tariximizdə
Heydər Əliyev fenomeni
(Əvvəli
ötən sayımızda)
Naxçıvan
MR Dövlət Müdafiə Komitəsinin yaradılması ilə
müstəqil Azərbaycan Respublilkasının məhz
Naxçıvanda ilk mütəşəkkil hərbi hissələrinin
təməli qoyuldu. Bu məqamda Ali Məclisin
tarixi əhəmiyyətli bir qərarını da yada salmaq
yerinə düşər. Həmin qərar
Ali Məclisin Sədri Heydər Əliyevin uzaqgörən
siyasətinin və məqsədyönlü fəaliyyətinin
parlaq nəticəsi idi. Şəxsən onun imzası ilə
"Naxçıvan Muxtar Respublikasının müdafiəsinin
təşkililə əlaqədar bəzi məsələlər
haqqında" qərar qəbul edən Ali Məclisin Rəyasət
Heyətinin 1992-ci il 25 iyul tarixli iclasında Heydər
Əliyev böyük fəxrlə məlumat vermişdi ki,
aparılan danışıqlar nəticəsində
Rusiyanın Müdafiə Nazirliyi muxtar respublikada yerləşən
75-ci motoatıcı diviziyanın ləğv olunması və
onun bütün hərbi və təsərrüfat əmlakının
Azərbaycan Respublikasının sərəncamına
keçirilməsi haqqında yazılı razılıq verib.
Həmin
il avqustun 18-də keçmiş sovet ordusunun 75-ci
motoatıcı diviziyası komandanlığının, zabit
heyətinin və son hərbi dəstələrinin təntənəli
yolasalınması mərasimində diviziyaya məxsus olan əmlakın,
hərbi texnikanın, silah və sursatın Azərbaycan Milli
Ordusunun Naxçıvandakı 5-ci Əlahiddə
Motoatıcı Briqadasına təhvil verilməsi haqqında sənədlərin
imzalanmasından sonra qərargahın həyətində ilk dəfə
Azərbaycan dilində "Farağat!" komandası
eşidildi. Böyük sevinc və qürurla Azərbaycan əsgərini
salamlayan Heydər Əliyev həmin təntənənin qalib səbəbkarı
kimi çıxış edərək demişdi:
"Azərbaycan Milli Ordusunun zabit və əsgərləri! Bu gün bizim
üçün son dərəcə əhəmiyyətli bir
gündür. Bu gün öz müstəqilliyini
əldə etmiş Azərbaycan dövləti artıq öz
milli ordusunu yaradır. Bununla əlaqədar olaraq Azərbaycan
dövləti öz ərazisindən başqa ordu hissələrinin
çıxarılmasını təmin edir... Azərbaycanın
tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da
bu yolda müvafiq addımlar atır, lazımi tədbirlər
görür və torpağımızın
toxunulmazlığını təmin etmək
üçün Naxçıvan ərazisində öz milli
silahlı qüvvələrinin yaradılması ilə məşğul
olur. Sovetlər İttifaqı
dağıldıqdan sonra keçmiş sovet ordusunun hissələri
milli müstəqillik əldə etmiş bir çox dövlətlərin,
o cümlədən, Azərbaycanın ərazisində hələ
də qalmaqda davam edir".
Sovet
ordusunun 1920-ci ildən Naxçıvan ərazisində yerləşdirilmiş
sovet hərbi hissələrindən biri olan 75-ci
motoatıcı diviziya 1946-cı ildə Naxçıvana gələrək
tam 46 il burada qalmışdı. Demək
olar ki, təxminən 165 il əvvəl,
çağırılmayan qonaq kimi Naxçıvan ərazisində
məskunlaşmış rus ordusunun sonuncu əsgərləri
şəxsən Ulu öndər Heydər Əliyevin incə
siyasəti və fədakarlığı sayəsində
Muxtar Respublikadan yola salınmışdı.
Ali Məclisin
Rəyasət Heyətinin 1992-ci il
sentyabrın 19-da keçirilən iclasında hərb tariximizə
daha bir töhfə verən mühüm əhəmiyyətli
qərar qəbul olundu. Ulu öndərin imzaladığı
"Naxçıvan Muxtar Respublikasının mühafizəsinin
və sərhədlərinin qorunmasının təşkili
haqqında" qərara əsasən sentyabr ayının
29-da sonuncu rus sərhədçiləri Naxçıvan MR sərhədlərini tərk etdilər.
Onların bütün hərbi və təsərrüfat əmlakı
Azərbaycan Respublikasının Naxçıvandakı 1-ci Sərhəd
Dəstəsinə təhvil verildi, həmin gün
bütün sərhəd məntəqələrində
üçrəngli bayrağımızın
qaldırılmasını naxçıvanlılar, həmçinin
o taylı soydaşlarımız böyük sevinclə
qarşıladılar.
1992-ci il oktyabrın 9-da Naxçıvan şəhərində
keçirilən ilk milli hərbi paradda Ali Məclisin Sədri
Heydər Əliyevin nitqi bir il ərzində muxtar respublikada hərbi
quruculuq sahəsində görülmüş işlər barəsində
bir hesabat xarakteri daşıyırdı: "Biz indiyədək
Naxçıvan torpağını cəsarətlə
qorumuş bütün vətənpərvər
oğullarımıza, bütün könüllü dəstələrə
öz minnətdarlığımızı bildiririk,
onların gördükləri işləri layiqincə qiymətləndiririk.
Eyni zamanda onu da bəyan etmək istəyirik ki,
artıq Naxçıvanda nizamlı milli Azərbaycan Ordusunun
hissələri mövcuddur. Bu hissələr
lazımi gücə malikdir və Naxçıvan
torpaqlarını müdafiə etməyə qadirdir. Eləcə də Naxçıvanın sərhədlərini
mühafizə etmək üçün öz Milli Sərhəd
Dəstəmiz vardır. Ona görə də
bütün könüllü dəstələrə minnətdarlığımızı
bildirməklə, onlara tövsiyə edirik ki, bundan sonra öz
vətəndaşlıq vəzifələrilə məşğul
olsunlar.
...Biz tam əminik
ki, bu keçid dövründə, Ermənistanla gedən
müharibə şəraitində yaradılmış Milli
Ordumuzun əsgər və zabitləri, bölmə və hissə
komandirləri öz döyüş məharətlərini
durmadan yüksəldəcək, müasir hərbi elmə
inadla yiyələnəcək, torpaqlarımızın
etibarlı surətdə müdafiə olunmasını
yüksək səviyyədə təmin edəcəklər".
1991-93-cü illər arasında müstəqil Azərbaycan
Respublikasının Milli Ordusunun quruculuq prosesini həyata
keçirib torpaqlarımızı müdafiə etmək əvəzinə,
Bakıda şəxsi maraqlar, "kreslo" uğrunda
savaş gedirdi. Həmin illər ərzində səriştəsizlikləri
ucbatından bir-birini əvəz edən respublika rəhbərləri
ölkədə qaçqın və məcburi
köçkünlərin sayının bir milyona
çatmasına və torpaqlarımızın 20 faizinin
işğal olunmasına rəvac verdilər.
1993-cü ilin iyununda hakimiyyətdəki hərc-mərclik,
Milli Ordunun əslində ayrı-ayrı şəxsi
batalyonlardan ibarət olması, ölkədə baş
alıb gedən xaos, anarxiya ictimai-siyasi gərginliyi pik həddinə
çatdırdı. Vətəndaş müharibəsi təhlükəsini
görən xalq, üzünü Naxçıvana tutub
müdrik rəhbərini, Ulu öndərini imdada səslədi.
Məlum Gəncə hadisələrindən
şoka düşən ölkə rəhbərliyi Heydər
Əliyevi yüksək vəzifə tutmaq üçün
Bakıya dəvət etmək məcburiyyətində
qaldı.
İyun ayının 9-da Heydər Əliyev
Naxçıvandan Bakıya gəldi və bu, bir Zəfər
Yürüşü idi. Bir neçə gün Gəncədə,
hadisələrin qaynar nöqtəsində olan Muxtar Respublika
Ali Məclisinin Sədri Bakıya dönüb, ölkədə
yaranmış kritik vəziyyət, vətəndaş
müharibəsinin dayandırılması yolları barədə
fikirlərini açıqladı.
İyun ayının 15-də Azərbaycan xalqının
arzusu və təkidilə, həmçinin Milli Məclis
deputatlarının böyük səs çoxluğu ilə
Ümummilli lider Ali Sovetin Sədri seçildi. Məhz həmin
gündən etibarən Azərbaycan parçalanmaqdan, xalq təcavüz
və anarxiyadan, dövlətçiliyimiz məhv edilməkdən
qurtuldu, ölkə xaosdan xilas oldu.
Ölkə
rəhbərliyinə qayıdışının ilk günlərindən
Heydər Əliyev zəkası və gərgin əməyi xəritəmizdə
qara yara bağlamış Qarabağ yarasını
sağaltmaq, itirilmiş torpaqlarımızı geri almaq,
qaçqın və köçkünlərimizi öz
yurdlarına qaytarmaq, ərazi
bütövlüyümüzü təmin edib, xalqımız
üçün əbədi əmin-amanlığa və
firavanlığa nail olmaq qayəsinə xidmət etdi. Bu idi o müdrik insanın, millətin əvəzedilməz
liderinin həyat kredosu, ülvi amalı.
Bütün bunları əldə etmək
üçün ilk növbədə qüdrətli Milli Ordu
gərək idi. Belə ordu qurmaq üçün
güclü iqtisadiyyat olmalıydı. Güclü
iqtisadiyyatı ələ etmək üçün isə
müharibənin dayandırılmasına, ölkənin nəfəs
almasına, xalqın dinc quruculuğa qayıtmasına ehtiyac
vardı. Müharibənin
dayandırılmasına düşməni məcbur etmək
üçün isə güclü bir əks-hücum vacib
idi. Belə bir hücumu yalnız vahid
komandanlığa tabe olan, nizamlı Milli Ordu yerinə yetirə
bilərdi. Bütün bunları nəzərə alaraq,
1993-cü ilin oktyabrında xalqın iradəsilə Prezident
seçilmiş Heydər Əliyev həmin il noyabrın 2-də
Milli Televiziya ilə geniş çıxış edərək
Ali Baş Komandan kimi əsgər və zabitləri vahid
komandanıq altında birləşməklə Milli Orduya layiq
döyüşçülər olmağa, xalqı isə
ordu quruculuğunda fəallığa, xalqla ordunun monolit
birliyinə nail olmağa səslədi.
Heydər Əliyevin bu tarixi müraciətinə Azərbaycanın
bütün bölgələrindən müxtəlif
yaşlı vətəndaşlarımız, həmçinin
respublikadan kənarda yaşayan soydaşlarımız səs
verdilər. Qısa müddət ərzində Milli Ordu
sıralarına onminlərlə könüllü cəlb
olundu.
1994-cü ilin yazında artıq mütəşəkkil
əsgəri qüvvəyə, müasir hərbi texnikaya yiyələnmiş
Milli Ordu hissələri Füzuli-Beyləqan istiqamətində
bir neçə uğurlu hücum əməliyyatı
keçirməklə işğal altında olan Horadiz qəsəbəsini
və Ağdamın bir neçə kəndini düşməndən
təmizləyərək azad etdi.
Azərbaycan
Ordusunun artıq irəliləmək iqtidarında olduğunu
hiss edən Ermənistan 1994-cü il
mayın 12-də bütün cəbhə boyu
döyüşün dayandırılması barədə
danışıqlara qoşularaq atəşkəsə
razılıq verdi. Həmin vaxtdan etibarən
ölkədə ordu quruculuğu və iqtisadiyyatın
möhkəmləndirilməsi, həmçinin Azərbaycanın
haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması, respublikanın beynəlxalq
nüfuzunun, iqtisadi və hərbi imkanlarının
artırılması yollarında mühüm addımlar
atıldı. Ulu öndərin
başçılığı ilə ordu, xalq və dövlət
bir amal uğrunda birləşərək qüdrətli, vahid Milli
Ordu yaradılması işini uğurla davam etdirdi. Bu birliyin və müdrik rəhbərliyin nəticəsində
xalqın orduya, ordunun isə dövlətə inamı
artdı. Azərbaycan əsgərinə
diqqət və qayğı, hörmət və etiram bərqərar
edildi. Hərbi təhsilə önəm verilərək
C.Naxçıvanski adına Hərbi Məktəbin
və ali hərbi məktəbləin fəaliyyətləri bərpa
edildi, onlara qəbulun sayı xeyli artırıldı,
maddi-texniki bazaları möhkəmləndirildi. Ümummilli
lider 1998-ci il mayın 22-də ölkədə
hər il 26 İyunun Milli Ordu Günü kimi qeyd olunması
barədə Fərman imzaladı. Elə həmin ildə
Prezident Heydər Əliyevin 13 mart 1998-ci il
tarixli 762 ¹-li Sərəncamı ilə C.Naxçıvanski
adına Hərbi Liseyin Naxçıvan Filialı
yaradıldı. Muxtar respublikada müasir tələblərə
cavab verən hərbi hissələrin və sərhəd məntəqələrinin
sayı ilbəil artdı.
Mehri QASIMOVA
Heydər Əliyev adına
Hərbi Liseyin tarix müəllimi
525-ci qəzet.-1 noyabr.2023.-¹198.-S.15
(Ardı var)