Dərs   

 

Nə vaxtsa sosial şəbəkələrdə bir pritçaya (maraqlı əhvalat da demək olar) rast gəldim. Təsirliydi, uzun müddət yadımdan çıxmadı və mənə elə gəldi ki, onun altında başqa bir sirr gizlənib. Ona görə də hekayəyə çevirmək fikirnə düşdüm.

 

...Parkda oturmuşdum. Səbəbi yadımdan çıxıb. Bəlkə yayın istisində kölgələnməyə ehtiyacım vardı ona görə, ya bəlkə yorulduğum üçün...

 

Əslində bu, heç vacib də deyil. Hekayəyə keçid üçün bir vasitədir.

 

Oturacaqda əyləşib ora-bura qaçışan, karuseldə yellənən uşaqlara, bir az aralıdakı çayxanada oturan adamlara baxırdım. Mən çayxananı avaraçılıq məkanı saydığıma görə oralara getməyi xoşlamıram. Susuz olsam da, ərindiyimdən yerimdən qalxmaq da istəmirdim. Halbuki yaxınlıqdakı köşkdən su da ala bilərdim...

 

Futbol oynayan uşaqların topu mənə dəyəndə diksinən kimi oldum. Top çiynimə dəyəndən sonra mənə tərəf gələn yaşlı bir kişinin, qoca desək, daha yaxşı olar, onsuz da bu hekayəni özü oxumayacaq deyə məndən inciməz, qarşısından ötüb keçdi. Mənə elə gəldi ki, top ona dəysəydi, yıxılacaqdı. Amma qoca bunu hiss eləmədi də...

 

Deməli, həmin qoca kişi çəliyinə dirənə-dirənə gəlib böyrümdə oturdu. Başı ilə salam da verdi. Günün istisi, sanki, onun vecinə deyildi. Əynində qış paltarı vardı. Hər halda yay əlbisəsi deyildi. Gözünə taxdığı eynəyin bir qulpu qırılmışdı və onu rezinlə əvəz eləmişdi. Düzü, bir az gülməli görünürdü. O rezinlərdən, bəlkə, indi heç yerdə yoxdur. Əvvəllər arvad tumanlarında olardı, tumanbağını əvəz edərdi, yəni. Biz də onlardan quşatanlar, Novruz bayramı qabağı əldəqayırma, yalançı tapançalar üçün istifadə edərdik.

 

Qoca bir az susandan sonra başını azcana mənə tərəf döndərib saatı soruşdu. Onun istəyini dərhal yerinə yetirdim.

 

Bəndənizə təşəkkür edəndən sonra:

 

-Mənim saatım var, ancaq gözüm görmür, - dedi və əlini köhnə sırıqlısının cibinə salıb, bir az qurdalandıqdan sonra saatı çıxarıb mənə göstərdi. Məqsədi, yəqin, məni inandırmaq idi. Bu, kəməri olmayan saat idi. Deməli,  çoxdandır ki, saatı qoluna taxmırdı.

 

Qoca əlləri əsə-əsə saatı qulağına yaxınlaşdırdı və onun tıqqıltısına uyğun olaraq başını tərpətdi, sonra mənə tərəf dönüb sevincək dedi:

 

-İşləyir! Səsini eşidirsən?

 

-Yaxşı saatdır, - deyə təsdiq elədim, qocanın bu sadəlövhlüyünə gülümsündüm və bir anlığa duruxdum. Onun üzü mənə tanış gəldi. Deyə bilərsiniz ki, qocalar hamısı bir-birinə oxşayır. Ola bilər...

 

Mənə göstərdiyi saat olmasaydı, bəlkə də onu tanımayacaqdım. Bu, bir təsadüf də ola bilərdi. Axı çox şey təsadüfdən yaranır, mənim bu hekayəm kimi. Eynəyin arxasından mənə gülümsəməkdən qırışmış gözlər baxırdı. Bu O idi. Həmişə gözlərindən gülən müəllim. Amma bir dəfə gülüş üzündən itmişdi.

 

- Mən sizi tanıyıram, - dedim.

 

Bu sözlərdən qocanın qaməti, sanki, düzəldi (tərif eşidən yazıçılarımız kimi), eynəyini sivirib gözündən, daha doğrusu, qulağından çıxardı, gülümsəyərək mənə baxdı, amma nəsə ayırd eləyə bilmədiyinə görə eynəyini yenidən gözünə taxdı. Sonra titrək səslə soruşdu:

 

-Məni hardan tanıyırsan ki?!

 

Qoca bu sualı verəndə başını mənə tərəf yaxınlaşdırıb, diqqətlə sir-sifətimi süzdü, elə bil, zərgər zərrəbinlə almaza baxır, onun qəlp, yaxud özgür (orijinal) olduğunu yoxlayırdı.

 

- Siz mənim müəllimim olmusunuz, üçüncü sinifdə, - gülümsünərək dedim.

 

- Hmmm... Üçüncü sinifdə, deməli. Gör üstündən nə qədər vaxt keçib...

 

Qoca bir qədər fikrə getdi, yəqin həmin dövrü xatırlamağa çalışırdı. Mənsə o hadisəni bir an belə unutmamışdım, çünki bu müəllim məni biabrıçı bir olaydan qurtarmış, mənliyimin alçalmasına imkan verməmişdi.

 

Hadisə belə olmuşdu: Bizim sinifdə varlı bir uşaq vardı və həmişə təzə paltarlar geyinər, təzə çanta, qələm-dəftər, rəngbərəng qələmlə məktəbə gələrdi. Saçını atqozu qırxdırardı. Yəqin, atası belə istəyirdi, ona görə. Bir dəfə isə ona alınmış qəşəng bir saatla sinfə gəldi. Saatı görən kimi ona gözüm düşdü, sanki ilk sevgimi tapdım və imkan eləyib çırpışdırdım. Əslində, saatı bizimlə oxuyan bir qıza görə oğurladım. Çünki onu sevirdim, daha doğrusu, uşaqlar mənim adıma çıxarmışdılar, yoxsa ki, üçüncü sinifdə nə sevgi? Sadəcə, dəb beləydi. Hər oğlanın bir sevgilisi olmalıydı və adını mütləq ağacların başına, divarlara, dəmiryol şpallarının üstünə yazmalıydı. İstəyirdim ki, onun yanında forslanam. Amma necə? Heç orasını fikirləşməmişdim.

 

Həmin ana uşağı saatının oğurlanmasından duyuq düşəndə ağlamağa, özünü yerdən-yerə, göydən-göyə vurmağa başladı, elə bir şivən qopardı ki, onun səsini bütün məktəb eşitdi. Nəinki məktəb! Qaravulçu Nuralının mürgü döyən tənbəl iti bu səsdən diksinib oyandı, hələ bir-iki ağız da hürdü, ağaclardakı quşlar pırr eləyib uçdular, məktəbin arxasındakı payaya bağlanmış eşşək də anqırdı...

 

Sinif rəhbərimiz, yəni böyrümdə oturan bu qoca da hadisədən xəbər tutan kimi gəldi, qapını arxadan bağladı və uşaqlardan tələb elədi ki, kim saatı götürübsə, qaytarsın. Gülərüz müəllimin sifəti qızarmışdı, bir gözü də səyriyrdi.

 

Təbii, heç kim boynuna almadı, mən də səsimi çıxarmadım, başımı aşağı salıb dayandım. Müəllim saatı qaytarmağı bir neçə dəfə tələb elədi, hətta oğurluğun pis şey olması barədə uzun-uzadı mühazirə də oxudu. Biz başımızı aşağı salıb durmuşduq, mənsə pörtmüşdüm. Onda müəllim əmr elədi ki, hamımız ayağa qalxaq, qabağa çıxaq və düzlənək. Belə də elədik.

 

Mən ayağımı sürüyürdüm, qorxumdan tir-tir əsirdim, çünki biabır olacaqdım.

 

Müəllim:

 

- Gözlərinizi yumun, indi  ciblərinizi axtaracam.

 

Gözlərimizi yumduq. O, hamıya bir-bir yaxınlaşıb, hövsələ ilə ciblərini yoxladı. Mənə çatanda ürəyim bərk döyünməyə başladı, istədim ki, sinifdən çıxıb qaçam, amma ayaqlarım sözümə baxmadı, quruyub yerimdəcə qaldım. Bəlkə də nağıllardan eşitdiyim möcüzəyə ümid elədim.

 

Müəllim əlini mənim pencəyimin cibinə salıb saatı tapdı. Əslində, pencək özümün deyildi, böyük qardaşımın idi. Sözgəlişi deyirəm. O, bir az duruxandan sonra, sıradakıları yoxlamağa davam elədi, axırıncı şagirdin də ciblərini axtardı və qayıdıb yerində əyləşdi. Saatı mənim cibimdən necə götürdüyünü heç kim görmədi.

 

Müəllim saata bir xeyli baxdıqdan, ora-bura çevirdikdən sonra həmin şagirdi çağırıb saatı ona geri qaytardı. Və tapşırdı ki, bir də saatla məktəbə gəlməsin. Saat uşaqlar üçün deyil...

 

Mənim halımı təsəvvür etdiniz də. Başımı aşağı salıb durmuşdum. Bəlkə də uşaqlardan kimsə saatı mənim götürdüyümü hiss elədi, amma tam əmin olmadığı üçün səsini çıxarmadı...

 

Utandığımdan məktəbə getmək istəmirdim, hətta özümü xəstəliyə vururdum ki, məni zorla məktəbə göndərməsinlər. Çünki hər dəfə sinif rəhbərimi görəndə xəcalət çəkir, utandığımdan siçan deşiyini də satın alırdım...

 

Allah üzümə baxdı ki, dərs ili sona yaxınlaşırdı və yay tətilinə çıxandan sonra həmin məktəbə qayıtmadım, yaxınlıqdakı başqa məktəbi seçdim və bir daha o müəllimi görmədim. O gündən sevdiyim qız da, saat da yadımdan çıxdı, amma o hadisənin şüurumda və qəlbimdə buraxdığı iz silinmədi

 

Bütün bu hadisələri yadıma salarkən mənə elə gəlirdi ki, yanımdakı qoca da eyni şeyi fikirləşir. Ona görə də soruşdum:

 

- Yadınızdadır o hadisə?

 

- Hansı hadisə? - Qoca təəccübləndi.

 

- Üçüncü sinifdəki...

 

- ?..

 

- Saat...

 

Qoca yenə də bir şey anlamadı. Onda məcbur olub həmin hadisəni ona danışdım.

 

Qoca mənə diqqətlə qulaq asdı, xəcalətli məqamlara da təəssüflə başını yellədi, sonda gülümsədi və:

 

- Hə, yadıma düşür, - dedi.

 

- Siz o zaman mənim şərəfimi qorudunuz. Məni alçaltmağa imkan vermədiniz.

 

- Bütün bunları başa düşdüyünə görə səninlə fəxr edirəm, oğlum, - qoca amerikan filmlərinə xas ədayla dedi.

 

-Çox sağ olun,-  dedim və onun qırışmış, qaxaca oxşar əlini tutdum.

 

            -Bəs indi nə işlə məşğulsan? - deyə xəbər aldı.

 

           -Mən də müəlliməm.

 

O, əməlli-başlı təəccübləndi:

 

- İndiki zamanda heç kim müəllim olmaq istəmir.

 

- Siz mənə elə bir dərs verdiniz ki, mən müəllimlik sənətini seçdim. Çünki onun şərəfli bir peşə olduğunu anladım.

 

- Təəssüf ki, uşaqlarımın heç biri mənim sənətimi seçmədi. Hərəsi bir tərəfə üz tutdu: böyüyü xaricə getdi, ortancıl mühəndisliyi seçdi, balaca da maşın bazarında alverlə məşğuldur.

 

Mən təəssüflə başımı yellədim və ona ürək-dirək vermək üçün:

 

- İndi çətin zamandır, hamı dolanmaq istəyir, - dedim.

 

- Yəqin ki.

 

- Bəs siz nə işlə məşğulsunuz, -deyə axmaq bir sual verdim.

 

- Qoca adam nə işlə məşğul olar? - dedi, gülümsündü və əlavə elədi, - qocalıqla...

 

- Mənə maraqlıdır. O zaman siz saatı mənim oğurladığımı bilə-bilə niyə məni satmadınız?

 

Qoca yenə də gülümsədi:

 

- Çünki mən özüm də gözümü yummuşdum və saatı kimin cibindən tapdığımı deyə bilməzdim.

 

Onun bu sözlərindən şaşırdım və uzun-uzadı üzünə baxdım. Baxdım ki, düz deyir, ya yox? Amma keçmiş müəllimimin gözləri yenə də gülürdü.

 

Bir müddət susduq və o, yenə də saatı soruşdu. Mən də saatıma baxıb cavab verdim, sonra isə:

 

- Bir neçə dəqiqə məni burda gözləyə bilrəsiniz? - dedim.

 

- Əlbəttə gözləyə bilərəm, tələsən yerim yoxdur. Mən taleyimlə barışmış adamam, ona görə də sakit həyat tərzinə üstünlük verirəm, heç yerə tələsmirəm. Evdə gözləyənim də yoxdur...

 

Mən ayağa qalxıb parkın o biri tərəfindəki elektron mallar mağazasına girdim və bir az keçmiş geri qayıtdım.

 

- Götürün bunu,- deyə əlimdəki hədiyyəni ona uzatdım.

 

- Bu nədi belə? - Qoca titrək əlləriylə onu aldı, qutusunu hövsələ ilə açdı və təəcüblə üzümə baxdı.

 

- Bu, Danışan Saatdır. Vaxtı bilmək üçün saata baxmağa ehtiyac yoxdur. Sadəcə soruşmağınız kifayətdir.

 

- Doğrudan?

 

- Hə, doğrudan,  bir yoxlayın, - sevincək şəkildə dedim.

 

O, ağzını saata yaxınlaşdırıb soruşdu:

 

- Saat neçədir?

 

Saat da dərhal cavab verdi.

 

Qoca sevindi və əlini çiynimə vurub:

 

- Bu mənimçün çox bahalı hədiyyədir, - dedi.

 

Bir az ordan-burdan söhbət edəndən sonra qoca əlini cibinə salıb öz saatını çıxardı və mənə uzatdı.

 

- Götür bunu, onsuz da daha mənə lazım olmayacaq, - dedi və yenə də gülümsündü.

 

- Yox, nə danışırsınız, yəqin, o, sizin üçün əzizdir, - dedim,  -neçə illərdir, sizinlə yol gəlir.

 

- Orası elədir, amma sənə daha çox lazımdır.

 

Mən tərəddüdlə də olsa, saatı götürdüm.

 

           Qoca ayağa qalxıb çəliyinə dirənə-dirənə getdi...

 

Saatı o tərəf-bu tərəfə çevirib baxdım. Onun arxasındakı adı görəndə çaşıb qaldım. Ora həmin sinif yoldaşımın adı yazılmışdı...

 

           Qoca isə mən aldığım saatı cibindən çıxarıb, tez-tez vaxtı soruşur, Danışan saat isə hövsələ və təmkinlə ona cavab verirdi...

Sentyabrın sonu, 2023

 

 Elçin HÜSEYNBƏYLİ

 

525-ci qəzet.-2 noyabr 2023.-¹199.-S.14