Güney Azərbaycan folklorunda xalq həyatı və milli kimlik nişanələri

 

(Əvvəli 26 oktyabr sayımızda)

 

Folklor xəzinəmizi zənginləşdirən janrlar sırasında nağıllar, dastanlar, əfsanə və rəvayətlər, bayatı, layla, oxşama, dərin hikmətə söykənən atalar sözləri önəmli yer tutur. Bu inci xəzinəsi daha çox kollektiv yaradıcılıq nümunələri əsasında formalaşdığı üçün xalqın arzu və istəklərini, çeşidli olaylara baxış acısını, sevinc və kədər duyğularını, tərbiyəvi-didaktiv görüşlərini, dünyabaxışını, mifoloji görüşlərini, psixologiyasını, duyğu və düşüncələrini, bütövlükdə yaşamını özündə əks etdirir. Bütün bunlar lirik, epik və dramatik növlərdə yaranmış folklor örnəklərində orijinal şəkildə öz əksini tapır. Beləliklə də, bu ədəbi növlərin hər birinə məxsus janrlar yaranmağa başlayıb və zaman keçdikcə həmin janrlar daha da zənginləşib. Ancaq həm Güney, həm də Quzey Azərbaycanda lirik və epik folklor nümunələri daha geniş yayılıb, hətta qonşu xalqların da folkloruna və klassik ədəbiyyatına yansıyıb.

Ancaq dildə-ağızda dolaşaraq yazılı mənbələrə köçən və günümüzədək gəlib çatan örnəklərindən aydın görünür ki, lirik janrın bayatı qolunda xalqın yaşamının və gün-güzəranının müxtəlif yönləri yüksək bədii-emosional dillə daha təsirli, yanğılı əks olunub:

 

Ucadır başın, Təbriz,

Qocadır yaşın, Təbriz,

Sürmədir gözlərimə

Torpağın, daşın, Təbriz!

Bayatılara evsiz-eşiksiz qalanların, yuvası dağılanların dərdi, yurdsuzların yurd nisgili, xanimanları yıxılan, Türkmənçay müqaviləsindən sonra, Uluyurdun İranla Rusiya arasında Araz çayı boyunca bölünməsi, sınırların qapanıb bağlanması üzündən ayrılığa tuş gələn, dərddən canı sanki od tutub yanan, tüstüsü təpəsindən çıxan soydaşlarımızın yaralı ürəklərinin naləsi də hopub:

 

Bu gün getdim suya mən,

Sudan aldım dua mən,

Qaranquşca olmadım

Barı quram yuva mən.

 

Yer üzündə var olan canlıların ən dözümlüsü insandır. İnsan yarandığı gündən ayaqda qalmaq, güzəranını, keçimini sağlamaq üçün çarpışmada, həyatla, qədərlə mücadilə etməkdədir. Bu yolda çox məşəqqətlərdən keçir, əziyyətlər çəkir, amma dözür, uğurlar da qazanır, uğursuzluğa da tuş gəlir, amma yıxılmır, yaşamını sürdürür. Bu dözümlülük, tarixən qədərlə çarpışma bayatılara da yansıyır. "Fələyin dad əlindən, Olmadım şad əlindən, Yapışaydım yaxandan, Çəkəydim dad əlindən" deyibən fəryad edən və Urmunun üzüm bağındakı üzüm dənələrinin sayı qədər sinədağı olan insan dağın belə götürə bilmədiyi dərd yükünü çəkir, zülmə dözür:

 

Urmiyənin bağı var,

Bağında bağçası var,

Bağda üzüm sayısı

Məndə hicran dağı var.

 

 Xoya gəl, Mərəndə gəl,

Bağdan bar dərəndə gəl,

Bir gəldin xəstə gördün,

Bir də can verəndə gəl...

 

Bu bayatılarda naməlum müəllif qafiyə yaratmaq naminə Ərzurum, Xoy və Mərənd şəhərlərinin adını çəkib. Ancaq bütövlükdə bayatılarda istər qafiyə yaratmaq xatirinə, istərsə də məzmuna görə yer, məkan, yurd adlarının işlənməsinə tez-tez rast gəlinir və bu adçəkmənin qanunauyğun hal olduğu anlaşılır. Bu bayatıda isə Təbrizin adını bayatı müəllifi məhz məzmuna görə işlədib:

 

Saraldı bağ, dözmədi,

Bülbül güldən bezmədi,

Təbrizdən ayrı düşdüm,

Dərdimə dağ dözmədi...

 

Azərbaycan-türk folklorunda - daha çox nağıllarda, əfsanə və rəvayətlərdə, hətta dastanlarda obrazı yaradılan əfsanəvi Səməndər (Feniks) quşu ümumtürk folklorunun keçərli quş obrazı, xilaskarlıq simvolu, kosmoqonik etiqadın sakral onqonudur. Səməndər, Zümrüd və ya Simurq deyirlər. Bu əfsanəvi quş qəhrəmanların dostu, darda qalanların köməkçisi, zülmətdən işıqlı dünyaya gedib gələn, uzaq yolu qısa müddətə uça bilən nəhəng bir varlıqdır. Nağıllarda təsvir edilir ki, Zümrüd quşu xeyirxah insanlara qanadından bir tük verir. Həmin tükü oda tutanda bu quş dara düşmüş adamın dadına çatır. portal.azertag.az/az/encyclopedia/-da verilən açıqlamadan bəlli olur ki, rəvayətə görə, "uçarkən Səməndər quşunun qanadlarından qığılcım qopur. Bu quş ildə bir yumurta qoyub, qurbağaya oxşar bala çıxarır, özü isə alışıb yanır, həyatını balasına qurban verir. Digər rəvayətə görə, səməndər quşu odun içində yaşayır. Oddan da alışıb yanır..." Güney folklorunda Səməndər quşu obrazı ustalıqla yaradılıb:

 

Əzizim, oda salmaz,

O Xoydu, o da Səlmas.

Səməndər də mənimtək

Özünü oda salmaz.

 

Bu bayatının ikinci misrasında Güney Azərbaycanın Xoy, Səlmas şəhərlərinin adlarının çəkilməsi, son iki misrada isə Səməndər quşu haqqında miflərə işarə olunması yenə də məzmunun mükəmməl alınması uğruna bayatı müəllifinin yüksək sənətkarlıqla etdiyi bədii priyomlardır.

 

Əsasən adları bəlli olmayan istedad sahibləri - şairlər Güney folklorunun əsas janrlarından olan bayatıları yaradarkən əfsanə, nağıl və dastan motivlərindən, atalar sözlərindən də çox böyük məharətlə istifadə edərək yaradıcı şəkildə bəhrələniblər.

 

Sevgi bayatılarında yar sorağına düşüb diyar-diyar gəzən sevdalıların, sevdiyinin vüsalına yetməyən, fələyin qəzəbinə tuş gələn və günü ah-vayla keçən nakamların, eşq düşmənlərinin zalımlığı üzündən ayrılıq qəhri çəkən aşiqlərin könül sızıltıları son dərəcə etkiləyici şəkildə bədii-poetik əksini tapır. Bu qonulu bayatılar könüllərin sarı siminə toxunaraq aşiqləri, oxucuları dünən də duyğulandırıb, bu gün də duyğulandırır, sabah da duyğulandıracaq.

 

Bayatılarda insanın xoş niyyətləri, bir-birinə yaxşılıq etmək missiyasının yamanlıqdan daha gözəl olduğunu yansıdan misralar da diqqət çəkir.

 

Su axar samanlıqdan,

Yol keçər qaranlıqdan.

Çalış yaxşılıq eylə,

Nə çıxar yamanlıqdan?

 

Qeyd etməyi gərəkli sayırıq ki, Quzey Azərbaycanda yaranmış bayatılar, adətən, "Mən aşiq", yaxud "Mən aşıq", "Aşiqəm", "Əzizim", "Əziziyəm", "Eləmi" kəlmələri ilə başlanır. Güney bayatılarında isə nümunələrdən də göründüyü kimi, daha çox sayda bayatılar bu kəlmələrlə başlanmır, ilk misrasındanca birbaşa mətləbə keçilir. Amma hər iki tərəfdə də əsas fikir üçüncü, dördüncü misralarda ifadəsini tapır. Birinci və ikinci misralar son misralar üçün bir növ zəmin hazırlayır. Layla, oxşama, holavar, sayaçı sözləri və mahnılar da çox vaxt xalq yaradıcılığının ən çox yayğın olan unikal şeir örnəyi - bayatı qəlibində yaranıb. Ancaq bunlar məzmunu, qapsadığı məna baxımından bayatılardan fərqlənir.

 

Azərbaycan folklor nümunələrinin böyük bir hissəsi özəl olaraq uşaqlar üçün yaradılıb. Uşaq folklor örnəkləri həm lirik, həm epik, həm də dramatik növləri əhatə edir. Lirik növə layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyun və tamaşaları daxildir. Janr bölgüsündən də göründüyü kimi, uşaq folklorunun Güney Azərbaycanda formalaşmış şifahi xalq yaradıcılığında özəl yeri var. Ana və nənələrin saf arzularından, səmimi istəklərindən doğan uşaq folklor örnəkləri körpə fidanlar üçün ilk məktəb, belə demək mümkünsə, müəllim olur. Uşaqların sağlam ruhda böyüməsində, onların doğru-düzgün tərbiyə olunmasında, estetik zövqünün, bədii təfəkkürünün formalaşmasında son dərəcə əhəmiyyətli faktor olan laylalar, nazlama, düzgü və yanıltmaclar, həmçinin nağıllar və oyunlar Güney və Quzey Azərbaycanda diqqət mərkəzində olmuş, qayğı ilə toplanaraq yayınlanmışdır.

 

Məişət nəğmələri olan layla və oxşamalar folklorun geniş yayılmış, ən çox işlənən janrlarındandır.

 

Laylalar anaların, nənələrin körpələri, kiçikyaşlı uşaqları yatırarkən oxuduğu nəğmələrdir. Güney Azərbaycanda yaranmış laylalar, adətən dörd misralı olsalar da, bayatılarda olduğu kimi, bəzən beş, hətta altı misradan oluşan laylalara da rast gəlinir. Məsələn:

 

Anan tel düzər sənə,

Bacın gül bəzər sənə,

Tanrıdan arzum budur,

Dəyməsin nəzər sənə.

 

 

           Bir bu qədər ağlama,

Ürəyimi dağlama,

Yuxuma daş bağlama,

Lay-lay, oğulum, lay-lay,

Qəndim, noğulum, lay-lay.

 

 

           Yuxu bilməz gözlərim,

Durmuşam keşiyində.

Mənim ürək sözlərim,

Səslənir beşiyində.

Lay-lay, həyatım, lay-lay,

Qolum-qanadım, lay-lay.

 

Oxşamalar, "nazlama", yaxud da "əzizləmələr" kimi adlanan qısa şeir parçaları laylalardan fərqli olaraq, uşaq yuxudan oyandıqdan sonra, onu bir növ yuxunun yaratdığı özündənqopma durumundan - yarıyuxululuqdan çıxarmaq, şənləndirmək və oynatmaq, əzizləmək, nazlandırmaq məqsədi ilə oxunan nəğmələrdir. Güneydə oxşamalar iki, dörd, bəzən hətta beş və altı misralı da olur:

 

Balama qurban atlar,

Balam haçan çay atlar

 

            Şan bağlayan arılar,

Qonar, gülə sarılar,

Balama qurban olsun

Yaşı ötmüş qarılar.

 

Nazlamalar körpələri məhz əzizləmək, kiçik yaşlı uşaqları sevələyə-sevələyə əməyə cəlb etmək, qızları ev işləri görməyə meylləndirmək və onları gələcək həyata, ana, bir ocağın sahibi olmağa hazırlamaq baxımından düzülüb-qoşulub.

 

Oyun uşaqlığın ən əziz parçasıdır və onlara inkişafın çox önəmli faydalarını təqdim edir. Güney mahalında uşaqların oynaya biləcəyi pil dəstə, tor ərəbi, beş daş, mərdi-mərdi, itdi qusdu, qeyş qapdı, pişək keçdi, turna vurdu, təskənd cüt, cola atdı, göydə nə var, gözübağlı, gizlənqaç, mazalan saldı, naqqıçli, qovalaqaçdı, qeyqaladüzmə, beşdaş, astalan pistan, kufgetmə, dolanbacı yağlı bacı, qeyqala ha qeyqala, döndü yandı, göydə nə var, göy ulduzu, torpaq beli sındırma, tikan zuğu, naqqıdınlı, pul mızdırma, qonaq bacı, saqqız oyunu, gül oyunu, qondum küsdüm, yumurta çaqqışdırma, məntəş dığırlama, at minmə, aşıq oyunu, qartopu, yumurta oyunu, köşkü balaban... kimi çoxlu sayda oyun növləri yaradılıb.

 

Aqşin Ağkəmərli Güney mahalında uşaqların təqlid oyunlarından da bəhs edərək yayıma hazırladığı "Güney folkloru" kitabında örnəklər gətirir. Onun təqdim etdiyi oyunlarda uşaqlar heyvan və quşları təqlid formalarından maraqlı bir mənzərə yaradırlar. Uşaqların toyuğun yumurtlama prosesi zamanı səs-küy salmasını, qarğaların qarıldamasını müşahidə edərək yamsılaması çox maraqlıdır, bu, onların dili ilə belə təqdim olunur:

 

Qaq-qaq-qaq-qaq-qaq,

            Bir oğlan doğmuşam ağ-appaq,

            İnanmırsan gəl, bax!

           Qarqa deyir qar-qar,

           Sərçə deyir zəhrimar,

          Qəcələ deyir, nə işin var?

 

Esmira Fuad

525-ci qəzet.-2 noyabr.2023.¹199.-S.13

(Ardı var)