Ədəbiyyat
üzrə Nobel mükafatçıları necə
seçilir?
Teymur Zülfüqarov 1936-cı ildə
Tacikistanın paytaxtı Düşənbə şəhərində
anadan olub. M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
30-dan çox şeir və nəsr kitabının, pyes və
filmlərin ssenari müəllifi,
MDB
Dövlətlərarası "Birliyin ulduzları"
mükafatı və bir sıra digər mükafatlar
laureatıdır.
Teymur Zülfüqarov 1991 və 2000-ci illərdə
Ədəbiyyat üzrə Nobel mükafatına namizəd
göstərilib.
Ədibin "Kəklikli qəfəs" pyesi
1986-cı ildə Lənkəran Dövlət Dram Teatrında
tamaşaya qoyulub.
Oxuculara təqdim etdiyimiz bu yazıda müəllifin
Nobel mükafatı ilə bağlı düşüncələri,
mükafatın bir çox hallarda layiq olmayan şəxslərə
verilməsi barədə fikirləri əksini tapıb.
Teymur
ZÜLFÜQAROV
İsveç
kralı XVI Karl Qustava açıq məktub
Zati aliləri!
Bu məktubu yazdığım
üçün gərək məni
bağışlayasınız.
Ədəbiyyat üzrə Nobel mükafatı ətrafında
baş verən hadisələrə görə uzun müddətdən
bəri narahatlıq hissi keçirdiyimdən sizə yazmaq qərarına
gəldim.
Qoy əvvəlcə özüm haqqında bir
neçə kəlmə deyim: mən şair, nasir, dramaturq və
publisistəm, 30 nəsr və poeziya kitabının müəllifi,
10 beynəlxalq və rus ədəbi mükafatının
laureatıyam.
Yaşımın bu çağında gərək
yer üzünün cah-cəlalı deyil, axirət
dünyası, ölməz ruh haqqında düşünəydim.
Amma ədalət təşnəsi hələ
də içimdə ölməyib...
Düşünürdüm ki, Nobel
mükafatı xoşbəxt bir adadır - qrafomaniya və
şou-biznesin coşmuş okeanında əsl ədəbiyyatın
qoruğudur.
Dünyanın bir sıra görkəmli
yazıçıları bu mükafata layiq görülüblər.
Ancaq çoxlarından, məsələn, Borxes, Umberto Eko,
Nabokov, Bulqakov, Çingiz Aytmatov kimi dünya şöhrətli
ədiblərdən bu
mükafat
nə üçünsə yan keçib. Təəssüf
ki, əbədi dəyərlərin iflasa
uğradığı dövrümüzdə bu ali mükafat
ləyaqəti az olan yazıçıları
taclandırmağa başlayıb.
Ədəbi iyerarxiya dağılmağa
başlayıb...
İyerarxiya dağılanda Mədəniyyət,
İmperiyalar, Sivilizasiyalar məhv olur...
Hind müdriklərinin dediyi kimi: "Bəşəriyyət
üçün ən dəhşətlisi kastaların
qarışığıdır".
Və burada bu tənhalığın Everesti,
bu böyük poliqon, bu üfüqi Babil Qülləsi olan
qüdrətli İnternetin günahı böyükdür...
İnternet böyük yaradıcıların
Ölümsüzlük Qanununu məhv edir...
İndi hər bir qrafoman, hər bir
istedadsız adam öz adını əbədi Mədəniyyət
Piramidasına həkk edə bilir.
Bu mənada Nobel mükafatı əsl ustadlar və
təkmil oxucular üçün əlamətdar
çıraq idi.
Amma indi iş o yerə çatıb ki,
mükafatı müğənni Bob Dilan, jurnalist Svetlana
Aleksiyeviç, aşkar poetik qrafomançı Olqa
Tokarçuk alıblar və onların da, mükafatın banisi
Alfred Nobelin söylədiyi kimi,
yüksək
idealizmlə heç bir əlaqəsi yoxdur.
Əlahəzrət!
Mən bilavasitə münasibətdə
olduğum rus ədəbiyyatından danışacağam.
Mükafatın nüfuzunun aşağı
düşməsinin bu qəribə prosesi poeziyası tamamilə
poetik sehrdən məhrum olan, lakin bir növ intellektual,
spekulyativ mühasibatlıq olan şair İosif Brodskidən başlayıb. Bu
poeziyanın
içində əbədiliyin bir qram qızıl qumu yoxdur. Darıxdırıcı
boş sözlər əbədi müdriklik inciləri kimi təqdim
olunur...
Bu, rus ədəbiyyatında epik xalq
ustadlarının - Valentin Rasputinin, Vasili Belovun, mahnı
ifaçısı, Rusiyanın şimalının düyməli
akkordeonu Vladimir Liçutinin, hərbi romanların parlaq
ustası Aleksandr
Proxanovun,
ulduz mistik Anatoli Kimin, qədim İasi fəlsəfəsi ilə
kosmos uçuşlarının poeziyasını birləşdirən
Oljas Süleymenovun yetişdiyi bir vaxta təsadüf edir.
Mən hələ indiyəcən dəyərini
almayan böyük rus şairləri Svetayevanı,
Axmatovanı, Tvardovskini, Rubsovu, Kuznetsovu... demirəm.
Rus sözünün və ruhunun bu nəhənglərinin
bizə açdıqları insanların həyatının
faciəvi mənzərələrini Brodskinin salon
boşboğazlığı ilə, yoxsa Aleksiyeviçin
aktual, iddialı qəzet xəbərləri ilə müqayisə
etmək olarmı?..
Zati aliləri!
Nobel mükafatına namizədlik prosedurunun
özü nədənsə dərin bir cinayət dumanı ilə
örtülmüşdür. Yalnız 50 ildən sonra biz
möcüzəvi şəkildə sağ qalaraq, KİMin kimə
və NƏ üçün namizəd olduğunu
öyrənəcəyik...
Bu, bir növ fantasmaqoriyadır... dərin mədəndə
işıqları sönmüş bir tamaşadır...
Bu hərəkət nəticəsində
Qoyanın kabuslarını xatırladan qəribə fantomlar
yaranır...
Bəs dünya ədəbiyyatının
taleyini həll edən bu sirli ekspertlər kimlərdir?
Məsələn, Brodskinin poeziyasının
Nobel atributu belədir: "Fikir aydınlığı və
poeziya ehtirası ilə dolu hər şeyi əhatə edən
əsərə görə".
Olqa Tokarçukun
yaradıcılığındakı "şedevr" isə
belə dəyərləndirilir: "Həyat forması kimi sərhədləri
keçməyi ensiklopedik ehtirasla təmsil edən povest təxəyyülü".
Peter Handkeyə mükafatın hansı
xüsusiyyətlərə görə verilməsi belə təsbit
olunub: "Linqvistik biliklərinin köməyilə ətraf
aləmi və insan təcrübəsinin spesifikliyini
araşdıran nüfuzlu bir əsər"
yaratdığı
üçün.
Aman, Tanrım!..
Görəsən, bu ağıllı ekspertlər
kimlərdir?
Bütün bu deyilənlər Qoqol
personajlarının və ya Fransua Rabelenin qəhrəmanlarının
çıxışlarına bənzəyən gülünc
sözlərdən ibarətdir.
Nobel Komitəsində məhz belə
"görünməz ekspertlər" hökm sürür.
Möcüzədir!..
Dünya ədəbiyyatının taleyini
şıltaq ədəbiyyatşünaslara etibar etmək
olarmı?..
Xəstəyə diaqnozu sanki həkimlər
şurası deyil, sanitar və tibb bacıları şirkəti
qoyur.
Münsiflər heyəti tanınmış
yazıçılardan - söz ustadlarından, görkəmli
filosoflardan, bəstəkarlardan, rəssamlardan, kino xadimlərindən
ibarət olmalıdır.
Əlahəzrət!
Çox müəmmalı Nobel Komitəsi ilə
bağlı süjetim haqqında bir neçə kəlmə
söz açmaya bilmərəm.
Mən bir növ diktatura altında doğulmuşam.
Əvvəlcə kommunist, indi isə psevdodemokratik
ölkədə yaşayıram.
Atam 1937-ci ildə güllələnib.
Mənim ədəbiyyatım böyük çətinliklə
sosialist realizminin beton plitələrindən keçərək
indi şou-biznesin və psevdokulturanın nəhəng aqressiv
bazarında təkbaşına dolaşır.
Bu bazar
haqqında Şərqin ölməz zəkası Xoca Nəsrəddin
deyirdi: "Qardaşım Dante Alighieri əlində İlahi
Komediya və başında dəfnə çələngi ilə
bu bazar-o bazarı gəzib-dolaşır. Amma heç kim İlahi
Komediyanı
almır və hamı şorba üçün yalnız dəfnə
çələngini almağa can atır..."
Mədəniyyət üçün "qızıl
buzov" kultu ilə bazarın mənası budur. Əsl mədəniyyətin
bazara münasibəti eynidir. Gərək
bağışlayasınız, fəzilətli qadının
fahişəxana ilə əlaqəsi var.
Həm böyük tirajlı kitablar, həm də
dünya miqyasında populyarlıq hələ ədəbiyyatın
yüksək keyfiyyətindən xəbər vermir, bu, tamam əksinədir.
Everest, təəssüf
ki, çoxsaylı turist kütləsi üçün səyahət
yeri deyil!
Əlahəzrət!
Bilirəm ki, uzun illərdən bəri bir çox
ölkələrdən mənim
yaradıcılığım üzrə ekspertlər Nobel
Komitəsinə şeirlərimlə bağlı rəy
göndəriblər. Amma bu çoxsaylı məktublar və rəylər səhradakı
buludlar kimi
Komitənin
qarnında izsiz itib...
Məlumdur
ki, hətta böyük səyahətçi Fyodor Konyuxov da
öz səyahətləri zamanı mənim kitablarımı
özü ilə götürüb və hətta
İsveç akademiklərinə məktubla müraciət də
edib...
Mən
heç cür başa düşə bilmirəm: niyə
bütün bu ədəbi aksiyalar və ümidlər
qaranlıqda gizlənir, Dünya Oxucusunun və Dünya ədəbi
ictimaiyyətinin mühakiməsinə verilmir?..
Bu ki dünyanın hər yerindən
yazıçıları və oxucuları birləşdirən,
mükafata iddiaçıların müzakirəsi
üçün çox maraqlı, canlı və səmərəli
bir prosesdir.
Müdrik
Alfred Nobel məgər bunu arzulamırdımı?..
Səs-küylü
"Oskar" da daxil olmaqla, dünyanın bütün
mükafatlarının aqibəti məhz belə olur...
Əlahəzrət!..
Siyasi baxışlarımda həmişə monarxistlərə
yaxın olmuşam.
Dünya tarixi şahiddir ki, böyük ədəbiyyat
böyük hökmdarların dövründə yaranıb
çiçəklənir.
Mən həmişə prezidentlərin - taxtlarda oturan
yaltaqların yox, kralın əlini sıxmaq istəmişəm.
Nobel
mükafatı mənə bu fürsəti vermişdi, amma bu
mesajı dərc etdirməklə ümidlərimi həmişəlik
itirmiş oluram.
Bununla belə,
Həqiqət və Ədalət bütün dünya
mükafatlarından daha yüksəkdir və
keçib gedən arzularımızdan da şirindir.
Müdriklər
demişdir: "Allahın verdiyini insanlar heç vaxt vermir!.. Şeytanın sizə yer üzündə
nemətlər verməsindən ötrü yaradana dua etməyə
ehtiyac yoxdur... Elə
mükafat da bu sıradandır".
Bəlkə
elə bu fikirlə təsəlli tapıram...
Əlahəzrət!
Köhnə
russayağı baş əyirək sizə həsr olunmuş
bir şeir göndərirəm...
..Sonsuz şüşə
bazarında
Mən tək
almazla gəzirəm...
Şüşənin
çığırtısı və parıltısı
arasında kim görür, eşidir
Bir tənha
ulduz mahnısını - almaz atəşini...
Amma!..
Bir almaz
şüşə üzərində gəzəcək,
Şüşə
isə toza çevriləcək...
Monarxiya zərgərlik
arasında almazdır...
Daşlar
arasında-almaz...
Sizin min yaşlı Teymur
Zülfüqarov
Tərcümə
edəni:
Ağaddin BABAYEV
Lənkəran
525-ci qəzet.-2 noyabr.2023.-¹199.-S.12