Millət saatının hökmü: Qızılqazlar mütləq qayıdacaq

 

 

Sərkərdələr sərkərdəsi Çingiz xanın sözüdür ki, Vətənin sərhədi üst kirpiklə alt kirpiyin arasındadır. Azacıq mürgü döydünmü, yüngülvari sayıqlığı itirdinmi, təhlükə ayaq tutub yeriyəcək.

 

Ekosidlə Genosidin, təbiətə tutulan divanla insanlığa qarşı törədilən soyqırımının arasındakı fərq və məsafə də bu qədər qısadır.

 

İllərdir ki, Urmiya gölü fəlakətlə üz-üzədir. Onillərdir ki, milyonlarla insan "Urmiyaya imdad!" çağırışları ilə səsini qaldırır, haray çəkir.

 

Bu səslərin ucaldığı 30 il ərzində dövlət gərək olan tədbirləri görməyibsə, vəziyyət də il-ildən ağırlaşmaqda davam edibsə, üç onillik öncə hələ ehtimal edilən faciələr asta-asta acı gerçəklərə çevrilibsə, daha qabaqkı kimi ildən-ilə deyil, gün-gün daha da dərinləşirsə və yenə bütün başverənlərə ali inzibati biganəlik əvvəlki halındadırsa, demək, bu, artıq siyasətdir.

 

Bu göl Güney Azərbaycandadır. O gölə bağlı olan insanlar azərbaycanlılardır. Gölün içərisində olan və onu əhatə edən canlı aləm məhvə düçardısa, mühit ölürsə, deməli, zərbə Azərbaycana və azərbaycanlılara dəyir. Ölən tək göl deyil, balıqlar, quşlar, bitkilər deyil, zəhərə çevrilən su, hava deyil, həm də həyatı bunlara bağlı insanlardır. O insanlar bir millətin övladlarıdır - Azərbaycan türkləri.

 

Gölünə qəsd Elə qəsddir. Göl dözər, El yox!

 

 

 

Elin gölü Urmudu,

 

Urmu elin umudu.

 

Urmuya ağlamaqdan

 

Gözüm yaşı qurudu.

 

 

 

Bu yanıqlı bayatı illər öncə bir urmiyalı ağbirçəyin dilindən qopub. Amma millət ağrılarının tərcümanı olan böyük Mirzə Ələkbər Sabir müsibətlər gələndə onlara göz yaşı axıtmaqla dözməyi rədd edirdi, dərdə təslim olmamağı məsləhət görürdü. Eyham da vururdu ki, müşkülünün sadəcə göz yaşı tökməklə həll olunacağına ümid bağlayırsansa, qismətin uçurumdur.

 

 

 

Ağladıqca kişi qeyrətsiz olur,

 

Necə ki, ağladı İran oldu;

 

İş yatıb qaldı arada ölütək,

 

Nə ona meyl, nə iman oldu.

 

De görək, şimdi müqəddəs vətənin

 

Hansı bir müşkülü asan oldu?

 

 

 

Qoca Urmiya gölünün dərdinə lap çoxdan əlac qılmaq olardı. Dünənin-bugünün gölü deyil ki o! Urmiya gölü haqqında əlimizə gəlib yetən ilk tarixi soraqlar eramızdan öncə 9-cu əsrin assuri qaynaqlarındadır. Azı 3 min illik tarixi yol adlayıb gələn möhtəşəm Gölün yarasına məlhəm qoymaq, azarına dəva qılmağın yolları, üsulları haqqında min dəfələrlə yazılıb, deyilib. Ancaq fil qulağında yatanlar, öz aləmlərində guya dövlətin hansısa örtülü maraqlarına xidmət edən iş gördüklərini fərz edən cahil məmurlar şəbəkəsi bir ekoloji sıxıntının öz əleyhlərinə işləyən güclü siyasi amilə çevrilməsinə bais olublar. Vaxtilə Azərbaycanın bircə bölgəsinin qarşılaşdığı bəla şişərək, böyüyərək ümummilli ağrıya çevrilib. Ümummilli ağrılarsa, millətə səfərbər olmaq, yumruğa dönmək, vahidləşib onu bəlalara mübtəla edən qüvvələrə qarşı qətiyyətli addımlar atmaq qüdrəti verir.

 

Göllər xəritələrdə məmləkətlərin çöhrəsindəki xallar kimi görünür. Hansı ölkədə göllər varsa, sanki o yerlərin yaraşığı bir az da artır. Dənizlər də gözəldir, çaylar da. Amma elə bil insanların göllərə sevgisi, nəvazişli münasibəti həmişə daha artıq olub. Həmişə və dünyanın hər yerində.

 

Uşaqlıq çağlarında bizi öyrədərdilər ki, sifətindəki xala əl vurma, onu incitmə, xatası çıxar.

 

Görün haçandır  ki, Urmu gölü - Elin bu qəşəng Xalı incidilir.

 

Bir var Allahın, Təbiətin sınağı. Bu, hər kəsin, hər dağın, hər dənizin, hər düzün, hər çayın, hər gölün başına gələ bilər. Zəlzələlər də qopur, qabarmalar, çəkilmələr də baş verir, suyu bol illər də olur, hərdən quraqlıq da həmlə çəkir.

 

Bunlar olmağına olur, amma gəlir və gedir.

 

Bəlkə də bunlar təbiətin insanlara verdiyi dərslərdir ki, hazır dayanın, sərvaxt olun, belə sınaqlara da dözün, bu imtahanlardan da keçin.

 

Ancaq bir də var insanların allahlıq iddiasına düşməsi. Daha düzü - insanların əhrimənləşməsi, iblisə dönüb özünü Tanrı qədər güclü bilməsi, təbiətə zülm edərək onu insanlara qarşı silaha çevirməsi.

 

Urmunun qəziyyəsi haçandır ki, ortadadır. İllərdir ki, bu fəlakət quzğunu gölün başı üstündə hərlənir. Ancaq dövlət edilən müraciətlərə hay vermir, Urmuya kömək əli uzadılmır. Əksinə, Urmu gölünün quyusu bir az dərin qazılır, o, xilas edilmək yerinə ölümcül bir silaha döndərilməkdə davam edilir. Yüzlərlə, minlərlə, onminlərlə insanın əleyhinə, nəsil-nəsil gələcəklilərin taleyinə tuşlanmış müdhiş silaha.

 

Azərbaycanlı Bakıda, ya Şəkidə yaşasın, Dərbənddə, ya Borçalıda ömür sürsün, yaxud Avropanınmı, Amerikanınmı, digər qitələrinmi hansısa şəhərində, kəndində məskunlaşır-məskunlaşsın, hər yerdə azərbaycanlı olaraq qalır. Axı onların hər biri yaxşı dərk edir ki, Urmu gölünün ürcah olduğu dərd, onların doğmabacı-qardaşlarının - azərbaycanlıların qarşılaşdığı dərd artıq dərd də yox, faciədir.

 

Necə laqeyd qala bilərlər?!

 

Bu gün Urmiya gölünün aqibəti, bu düyünün necə çözüləcəyi məsələsi artıq bütün dünya azərbaycanlılarının müştərək qayğısı, ortaq sualıdır.

 

Sayı 60 milyona çatan bir millətin müştərək qayğısı və ortaq sualını isə daha eşitməmək, görməmək, qulaqardına vurmaq mümkünsüzdür.

 

Bu suala və buna bağlı daha neçə başqa milli siqlətli və mündəricəli sorğuya nahamvar siyasi gedişlər etmədən aydın, nala-mıxa vurmayan, sağa-sola sapmayan cavablar vermək məqamı yetişib. Siyasi burcutmaların meydanı günü-gündən daralmaqdadır.

 

Urmunun bu kökə düşməsinə səbəbkar olanları indi Urmu öz kökünə salmaq əzmində və ərəfəsindədir.

 

Tarix də dönə-dönə isbat edib ki, zalımın aciz sandıqlarının qovuşub selləşən ah-naləsinin təsiri yeri düşəndə ən dağıdıcı silahlardan daha dəhşətli olur.

 

 

 

Barı şir qulağında yatmışlar (fil qulağında Hindistanda uyuyurlar) indi ayılsınlar!

 

Kürəsəl iqlim başqalaşması, dünyanın dörd bucağında təbiətdə müşahidə edilən indiyədək görünməmiş qəfil dəyişikliklər xeyli vaxtdır ki, bəşər övladını əlini-qolunu sallayıb sakitcə dayanmamağa, təbiətin şıltaqlıqları müqabilində hərəkətsiz qalmayıb tədbirlər tökməyə yönəldir. Təbiətin doğurduğu sınaqlardan çıxmağın, suyu azalan Urmiya gölünə yeni həyat, dirilik vermənin yüz cür üsulu, yolu varkən, o yollar və üsullarla əlaqədar sıra-sıra layihələr və təkliflər əl altındaykən artıq 30 ildən artıq bir müddətdə bu qapıların açılmasına imkan yaradılmır. Yorğun, məriz cana - susuzluqdan əziyyət çəkən bimara çarə varkən edilməli yardım sistemli şəkildə əsirgənirsə, bunun "qəsd"dən başqa adı varmı?

 

...Hər çayın o tayı, bu tayı var. Bir çayın o sahili ilə bu sahili arasındakı ən qısa yol həmin çayın üstündən keçə bilər. Ona görə insanlar zaman-zaman o tayla bu tayı qovuşduran körpülər yaradıblar. Çaylar bu minvalla vüsalın, birliyin, qovuşmanın rəmzinə çevrilib. Ancaq çaylar da olub ki, o sahili ilə bu sahili arasında məsafə keçilməzləşib. Quş quşluğuyla bu üzdən o üzə uçmağa ehtiyat edib. Dünya tarixində az rast gəlinən belə qədər, heyiflər ki, millətimizin bəxtinə düşüb.

 

Araz çayı onillər boyunca millətimizin taleyini kəsən qılınca döndərilib. Məhz döndərilib!

 

Araza nə var ki, minillər əvvəlki kimi sakit-sakit, burula-burula axıb keçirdi. Arazla bütöv bir xalqı ikiyə ayırıblar, Araz paralanmış xalqın ikiyə parçalanmış ürəyinin ortasından keçib. Ona görə də Azərbaycan ədəbiyyatında Araz ən çox şeirlər həsr edilən, ən çox qarğınan, üzü danlaqlı çaya çevrilib.

 

Arazı qınayanlar, Arazı suçlu sayanlar, Araza səbəbkar deyənlər, əlbəttə, yaxşı anlayırdılar ki, zavallı Araz məsumdur, ondan asılı nəsə yoxdur. Onu məkrli siyasətlər parçalayan, ayıran, cüda salan çaya döndərib. Ancaq elə müdhiş dövrlər yaşanıb ki, Arazın nə o tayında, nə bu sahilində yaşayan qardaşlar dərdini açıq söyləyə, əsl baisi adı ilə çağıra biliblər. Gözlər kimi, sözlər də qıpıq olub.

 

Əslən Cənubdan olan, 1946-cı ilin 12 dekabrından - 21 Azərindən, 1 illik məsud Milli Hökumət dönəmindən sonra mürtəce İran şahlıq rejiminin istibdadından can qurtararaq Güneydən Quzeyə pənah gətirən, Vətəndən Vətənə - o Azərbaycandan bu Azərbaycana siyasi mühacir kimi sığınan Balaş Azəroğlu, Söhrab Tahir, Mədinə Gülgün, Hökumə Billuri, Əli Tudə kimi şairlərin qatar-qatar həsrətli Araz şeirləri öz yerində, amma ömrü boyu bircə dəfə Arazın Quzey tayından Güney tayına keçməmiş şimallı şair də Araza dərd çayı kimi baxmışdı, millət dərdini öz dərdi bildiyindən təxəllüsünü "Araz" götürmüşdü ki, bu çay onun adı, soyadı ilə daim yanaşı axsın.

 

Parçalanmış bir xalqın övladlarının o taydan bu taya əli çatmayanda bir-birinə yandırdıqları ocaqların işığı ilə, çaldıqları neyin sədaları ilə uzaqdan-uzağa, gizli-gizli salam verməsinin nə təhər nisgilli olmasını ciyəri bu yanğı ilə pörşələnənlər bilər. Fəqət bunlar sadəcə hissiyyat lövhələri də deyil. Bunlar müstəmləkəçiliyin, istilaçılığın, qəsbkarlığın əleyhinə dil açıb danışan siyasi dəlillərdir. Şair Məmməd Araz 1956-cı ildə sərhədlərin kip-kip qapalı əyyamlarında belə təsvir edir, belə qüssələnirdi:

 

 

 

Yaxşı baxsan sahil boyu

 

Mürgüləyən lal gecəyə,

 

Görərsən ki, bir vadidə

 

İki ocaq salmış iki

 

              xal gecəyə.

 

Görərsən ki, sol sahildə

 

Bizim kəndin baş çobanı

 

               Əmir dayı

 

Ocağına dəm verərək,

 

Elə bil ki, göndərir o

 

Öz dostuna alov payı...

 

O taydakı dostu isə

 

Dirsəklənib dövrəsində

 

Alovlanan ocağının,

 

Tütək çalır dalğın-dalğın...

 

O çobanlar neçə ildir

 

Görüşmədən dost olmuşlar,

 

Yaylımları bir başlanar,

 

Ocaqları bir alışar.

 

Birisinin arxacına

 

Qurd təpilsə gecə yarı,

 

O birinin itləri də

 

Hücum çəkər çaya sarı.

 

İki sürü bir sulanır

 

İki dostu ayrı salan

 

Lilli çaydan.

 

Həzin tütək səsləriylə

 

Salam verir bir-birinə

 

O, o taydan, bu, bu taydan...

 

Bəzən yayır tütəkləri

 

Araz boyu Araz kimi

 

İki qəlbin nidasını.

 

 

 

Xalqın qiymətli bir övladını irtica Arazda boğub öldürüb. Qatili adı ilə demək mümkün olmayıb, həmin vaxtsız ölümə də elin dili Arazı günahkar çıxarıb. Bu itkiyə, bu ölümə şairlərin misraları üsyan edib. Ancaq birbaşa hədəfə vurmağa zamanın şərtləri imkan verməyib. Arazı o Vətən övladını əlimizdən alan qəddar kimi ittiham edərək əslində gerçək canini nəzərdə tutublar. Bunu söz altındakı mətləbi incəliklə sezən el də anlayıb, elə Araz özü də. Həmin səbəbdən Araz ona yava sözlər yönəldən məhrəm insanlardan inciməyib. Anlayıb ki, bu töhməti də üstünə götürməklə istədiyini açıq deməyə macalı olmayan, dərdi ürəyini deşən adamların ağrı yükünü yüngülləşdirir.

 

Ortaq ayrılıq dərdi Arazı ümummilli ağrıların və məramların ifadəçisi olan bir simgəyə çevirmişdi.

 

Bu millətə qarşı Urmiya gölü başında elə amansız siyasət apardılar ki, onillərcə sürən həmin rəzalət də onu törədənlərin istəklərinə rəğmən və gözləmədikləri halda bir mühüm bəhrəni də hasilə gətirdi: Urmu da Araz kimi rəmzləşdi.

 

Artıq quruyan göl dərdi Urmudan bəhs edənlərin mətləblərinin yalnız biridir.

 

O həddə çatdırdılar ki, Urmu gölü milli qeyrət göstəricisinə çevrildi.

 

Bu gün Urmu deyəndə biz yalnız bir göl haqqında deyil, bütövlükdə haqları tapdanan xalqın bütün həll olunmalı amallarını düşünürük.

 

Urmunun tamam quruyub canının çıxmasını umdular, istədilər ki, Urmunun yaxın-uzaq həndəvərində yaşayan azərbaycanlılar torpaqdan soyusunlar, əsrlər boyu həyat sürdükləri, artıq yaşamaq üçün yaramayan yerlərdən aralanıb pərən-pərən düşsünlər, həm də buralardan sağ-salamat yox, quruyan göldən qalxan zəhərli tozu-dumanı uda-uda növ-növ sağalmaz xəstəliklər taparaq getsinlər.

 

Urmunu və milləti diz çökdürməyə cəhd etdilər.

 

Urmu getdikcə daha şiddətlə alışan bir millət ocağına çevrildi!

 

...Bir zamanlar hər yazağzı Urmu gölünün gözəlliyi qat-qat artardı. Qırçın ləpələr üstünə müvəqqəti hicrandan sonra yenə buralara qayıdıb gələn qızılqazların - flaminqoların al-çəhrayı qanadlarının əksi düşər, ən istedadlı rəssamların həsəd aparacağı füsunkar rəng və çalarların qatışığından gölün aynasında məftunedici lövhələr canlanar, quşlar qanad çırpıb havaya qalxanda o əlvan mənzərə gölün üzündə dalğa-dalğa yayılardı...

 

Çoxdandır ki, qızılqazların ayağı bu göldən çəkilib.

 

Bir zamanlar izdihamdan, qonaq-qara bolluğundan, türkün sözü - iynə atsan yerə düşməyəcək qədər adamlı olan Urmu gölünün ətrafı indi qərib, miskin, tərk edilmiş, bomboşdur.

 

Torpağın, yurdun belə yetimləşməsinə necə dözmək, nə vaxtacan səbr etmək olar?!

 

Neçələri bu fani aləmdən qəlbindəki Urmu sancısı ilə köçdü. Artıq 90-ını haqlamış və  dünyaya vida etmək ərəfəsində olan şair Haşım Tərlan (1923-2014) ömrün ixtiyar çağında xiffətlə ötüb-getmiş gəncliyinə qayıdır, Urmu gölü sahilindəki bəxtəvər cavanlığını xatırlayır, əbədi ayrılıq astanasında dünyadan halallıq diləyir - gəncliyi kimi qeyb olan həminki Gölünü geri istəyirdi:

 

 

 

Qürbət eldə qəribsədim, elimi qaytarın mənə,

 

Dərələrim köz bağlıyıb, selimi qaytarın mənə.

 

Axtarıram həzin-həzin itirdiyim gölün izin

 

Dünyada hər nə var sizin, Gölümü qaytarın mənə.

 

 

 

Hansısa adamların qollarındakı saatları sındırmaq, hansısa evlərin divarlarındakı saatları susdurmaq olar. Ancaq Təbrizin tən mərkəzindəki, bir zamanlar Milli Hökumətin yerləşdiyi, sonrakı şəhər bələdiyyəsi binasının qülləsindəki məşhur saatı daha heç vaxt dayandırmaq mümkün deyil. Lap o binanı uçursalar da, o saatı qırıq-qırıq etsələr də! Çünki həmin Saat artıq 80 ilə yaxındır ki, Azərbaycan insanının qəlbində və düşüncəsində İstiqlal Saatı, Arzu-Murad Saatı, Zəfər Saatı, Böyük Niyyətlərin Gerçəkləşmə Saatı kimi işləməkdədir.

 

Və o Saat Millətə zaman-zaman tapşırıqlar verməkdə, yol göstərməkdə, əzm, ruh bağışlamaqdadır.

 

O əziz Millət Saatının bu gün üçün Hökmü belə: Millət, artıq onun Mənliyinin, İradəsinin, Təpərinin nişanəsinə çevrilmiş sevimli Gölünü mütləq xilas edəcək! Mütləq!

 

Və göyçək qızılqazların yenə suyu bol, yenə yan-yörəsi yaşıllanan, yenə həyatla çağlayan səfalı Urmu gölünə dəstə-dəstə qayıdacağı Gün Gələcək!

 

Rafael Hüseynov

525-ci qəzet.-2 noyabr,2023.-¹199.-S. 8-9