Zədələnmiş
və əzilmiş pul əskinaslarının aqibəti
Uzun müddət istifadə olunduğu üçün
köhnəlmiş, azacıq cırılıb zədələnmiş
əskinaslar tez-tez problemə səbəb olur, xüsusən də
alış-veriş münasibətləri zamanı onların
qarşı tərəfdən qəbul edilməməsi ilə
qarşılaşırıq. Zədələnmiş,
əzilmiş, üstü yazılmış pulları nə
mağazalar götürür, nə avtobuslar, nə ödəniş
terminalları. Xoşagəlməz hal da vətəndaşlara
əlavə problemlər yaradır.
Zədələnmiş, köhnəlmiş pulları vətəndaşlar
nə etməlidir? Vətəndaş bu pulları harada dəyişməlidir?
Mütəxəssislərin
fikrincə, pul nişanı tədavülə
yararsızdırsa, zədələnibsə, qanuna müvafiq
olaraq bütöv bir hissədən ibarət səthinin 60
faizdən çox hissəsini saxlamış, eyni zamanda eyni
pul nişanlarına məxsus hissələrindən ibarət
səthinin 100 faizini saxlamış həqiqi pul
nişanlarının dəyəri Mərkəzi Bank tərəfindən
məhdudiyyətsiz şəkildə ödənilir. Zədələnmiş pulların banklar tərəfindən
qaytarılmasından imtina edilməsi qanunvericiliyə ziddir.
Əvvəlcə zədələnmiş pulun hansı dərəcədə
zədələndiyini qiymətləndirmək lazımdır. Əgər zədələnmiş
pulun 60 faizi sağlamdırsa, zədələnməmiş
qalıbsa, bu, banklar tərəfindən dəyişdirilməlidir.
Bunun dəyişdirilməsi ya Mərkəzi Bank
olsun, ya da yerlərdə olan digər banklar tərəfindən
həyata keçirilməlidir. Zatən, bu
zaman banklar heç nə itirmir. Banklar vətəndaşlardan
alıdıqları həmin pulu eynilə Mərkəzi Banka təhvil
verərək həmin nominal qədərində pul əldə
edirlər. Əksinə, zədələnmiş
pulların banklarda dəyişdirilməməsi prosesi uzun
müddət davam edərsə və kütləvi şəkil
alarsa, bu, artıq dövriyyədə olan pulların
qıtlığına gətib çıxara bilər. Onun üçün kifayət qədər pul zədələnməlidir.
Amma nəzəri cəhətdən bu belədir.
Lakin zədələnmiş vəsait banklara
qaytarıldığı zaman və həmin banklar da həmin
pulu Mərkəzi Banka təhvil verdiyi təqdirdə Mərkəzi
Bank bir növ pul kütləsinə dəqiq nəzarət
etmiş olur. Ona görə də
bankların zədələnmiş pulları dəyişməkdən
imtina etməsi qanunsuz hərəkətdir. Sadəcə olaraq zədələnmiş pulu qiymətləndirmək
lazımdır. Qiymətləndirmək
üçün isə təxminən 200 damadan ibarət bir
sxem var, pul onun üzərinə qoyulur, əgər 60 faizi zədələnməmişdirsə,
o dəyişdirilir.
Millət
vəkili, iqtisadçı alim Vüqar Bayramov deyir ki,
mövcud qanunvericiliyə görə, milli əskinaslar
hansısa səbəbdən zədələnərsə,
Mərkəzi Bankda və ya kommersiya banklarında dəyişdirilə
bilər. Bu məqsədlə Azərbaycan Mərkəzi
Bankının (AMB) paytaxtda və ölkənin regionlarında fəaliyyət
göstərən ərazi idarələrində əhaliyə
xidmət göstərən xüsusi kassaları mövcuddur.
Amma təəssüflər olsun ki, vətəndaşlarımızın
heç də hamısı bundan xəbərdar deyil: "Zədələnmiş
milli pul nişanlarının dəyişdirilməsi ilə
bağlı ölkədə mövcud olan prosedurdan heç də
bütün vətəndaşlarımız məlumatlı
deyil. Ona görə də müəyyən
çətinliklərlə üzləşirlər. Çox vaxt insanlar bu cür nağd pulu fərdi
şəxslərdən öz dəyərinin bir hissəsinə
dəyişirlər. Əslində, əskinas
zədələnsə belə, bu o demək deyil ki, o, dəyərini
itirib və eyni nominalda yenisi ilə dəyişdirilə bilməz.
Dəyişdirilmə üçün heç
bir maneə yoxdur. Vətəndaşlar təkcə
paytaxtda deyil, Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar
və Qubada da Mərkəzi Bankın ərazi idarələrinə
müraciət edərək milli pul nişanlarını dəyişdirə
bilərlər. Bunun üçün
heç bir komissiya yoxdur və dəyişdirilmə
üçün məqbul olan sahəsini saxlayan həqiqi zədələnmiş
pul, şübhəsiz ki, yeniləri ilə dəyişdiriləcək.
Zədələnmiş pullar onların sonrakı taleyinə
aydınlıq gətirmək üçün yuxarıda
adıçəkilən Mərkəzi Bankın kassalarına
aparılmalıdır - əskinasın həqiqiliyi təsdiqlənərsə,
mütləq dəyişdiriləcək. Belə
ki, əgər zədələnmiş əskinaslarınız
varsa, onları üçüncü şəxslərlə dəyərindən
aşağı dəyişdirməyə ehtiyac yoxdur.
Millət vəkilinin sözlərinə görə, belə
əskinasların taleyi Milli Məclisdə həll olunub. "Mərkəzi
Bank haqqında" qanuna edilən dəyişikliklər milli
pul nişanlarının dəyişdirilməsinə
yanaşmaları yeniləyib. Belə ki, bütöv bir hissədən
və ya eyni kağız pul nişanına məxsus
ardıcıl hissələrdən ibarət, səthinin 60
faizindən az olmayan hissəsini və
üzərindəki iki seriya nömrələrindən ən
azı birini tam saxlamış pul nişanlarınınn nominal
dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
Bununla yanaşı, eyni kağız pul nişanına məxsus
ardıcıl olmayan hissələrdən ibarət, səthinin
60 faizindən az olmayan hissəsini və üzərindəki hər
iki seriya nömrəsini tam saxlamış pul
nişanlarının nominal dəyəri də Mərkəzi
Bank tərəfindən ödənilir. Kağız pul
nişanları ilə yanaşı, vətəndaşlarımız
bütöv səthinin üzərindəki təsvir və
yazıları onun nominalını müəyyənləşdirməyə
imkan verən həcmdə saxlamış və deformasiyaya məruz
qalmamış metal pul nişanlarını da məhdudiyyətsiz
Mərkəzi Bankın kassalarında dəyişə bilərlər:
"Sadə dillə desək, dəyişdirilmə
üçün məqbul olan səthi saxlayan həqiqi zədələnmiş
milli pul nişanı mütləq yeniləri ilə dəyişdiriləcək.
Pul nişanının həqiqiliyi ilə
bağlı hər hansı bir şübhə yaranarsa, qanunla
müəyyən edilmiş müddətdə Mərkəzi
Bank tərəfindən ekspertizası həyata keçirilir və
bundan sonra şübhəli pulun sahibinə nəticə barədə
məlumat verilir. Artıq qeyd edildiyi kimi, Mərkəzi
Bankın kassalarında milli pul nişanlarını dəyişdirən
zaman heç bir komissiya tətbiq edilmir. Lakin
kommersiya banklarında bu prosedur üçün komissiya tətbiq
edilə bilər. Qanuna görə,
kommersiya banklarının komissiya tələb etmək
hüququ var və bu komissiyanın həcmi onların tarif
siyasətindən asılı olacaqdır. Ona görə
də ən yaxşısı Mərkəzi Bankın kassalarına müraciət
etməkdir. Çünki fərq yoxdursa, zəhmətlə
qazandığınız pulu başqasına niyə verirsiniz?
İqtisadçı-ekspert
Natiq Cəfərlinin dediyinə görə, əskinasda zədələnmə
olubsa və bu zədə pulun nömrəsinə, qoruyucu hissəsinə
düşmürsə, istənilən alqı-satqı məntəqəsi
bu əskinası götürməlidir: "Əgər
satıcı bu pulları götürmürsə, bu zaman
istehlakçıların hüquqlarını və ölkə
qanunvericiliyini pozur. Əgər qoruyucu işarələrdə
və nömrədə problem olarsa, vətəndaş
banklarda əskinası dəyişməlidir. Banklar da müştəridən xüsusi blank vasitəsi
ilə aldığı cırıq pulları Mərkəzi
Banka təhvil verir. Eyni zamanda, şəxs
özü də Mərkəzi Banka təhvil verə bilər".
İqtisadçı
ekspert Akif Nəsirli bildirib ki, Avropa və Amerika ölkələrində
pulun zədələnməsilə bağlı xüsusi cinayət
məcəllələri var. Məcəlləyə görə,
əgər pul süni şəkildə insanlar tərəfindən
dəyərdən salınarsa, onda həmin insanlar müəyyən
qədər cərimə olunur və cinayət məsuliyyəti
daşıyırlar. Ekspert bildirib ki, MDB ölkələrində
və Azərbaycanda bununla bağlı heç bir tədbir
görülmür. Amma bu cür halların
qarşısını almaq üçün gələcəkdə
qanunvericilikdə müəyyən dəyişikliklərin
ediləcəyi gözlənilir. Təcrübədə
isə görülür ki, bir şəxsin səhlənkarlığı
üzündən korlanmış pul alan vətəndaş
daha sonra onu istifadə edərkən problemlər
yaşayır. Halbuki korlanmış pulla rastlaşan vətəndaş
o pul əskinasını istənilən banka
təhvil verib onu bütöv pulla əvəz edə bilər.
Banklar isə heç bir zərərə
düşmədən zədəli əskinasları Mərkəzi
Banka təhvil verməlidir. Əlində olan
cırılmış pulunu banka təhvil
verə bilmədikdə, insanlar dəyən zərərlə
barışmalı olur. Nəticədə
dövriyyədə böyük həcmdə korlanmış
pullar qalır.
Azərbaycanın
Mərkəzi Bankından (AMB) verilən məlumata görə,
kommersiya bankları zədələnmiş xarici valyutada pul
nişanlarının yararlı pul nişanına dəyişdirilməsini
öz daxili qaydalarına uyğun olaraq həyata keçirə
bilər: "Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında" Azərbaycan Respublikasının
qanununa uyğun olaraq Mərkəzi Bank yararsız milli pul
nişanlarının dəyişdirilməsini həyata
keçirir, eyni zamanda, "Pul nişanlarının tədavülə
yararsızlıq əlamətləri, dəyişdirilməsi
və ekspertizası Qaydaları"na əsasən Mərkəzi
Bank həqiqiliyi şübhə doğuran xarici valyutada olan
pul nişanlarının ekspertizasını aparır. Müvafiq qaydalara əsasən kommersiya bankları
xarici valyutada pul nişanlarının ekspertizasını apara
bilər. Eləcə də, kommersiya
bankları zədələnmiş xarici valyutada pul
nişanlarının yararlı pul nişanına dəyişdirilməsini
öz daxili qaydalarına uyğun olaraq həyata keçirə
bilər".
Qeyd edilib
ki, kommersiya bankları Mərkəzi Bank tərəfindən
milli valyutaya nisbətdə rəsmi məzənnəsi müəyyən
olunan xarici valyutada olan pul nişanlarını dəyişdirə
bilər: "Əlavə edilib ki, zədələnmiş
xarici valyutada pul nişanının dəyişdirilməsi
qaydaları isə həmin xarici valyutanı tədavülə
buraxan emitent bank tərəfindən müəyyən
edilir".
Maliyyə
Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata
görə, Palata tərəfindən davamlı olaraq kommersiya
bankları tərəfindən aparılan əməliyyatların,
göstərilən xidmətlərin, eyni zamanda
istehlakçıların hüquqlarının müdafiəsi
istiqamətində görülən işlərin statusu
monitorinq olunur və nəzarətdə saxlanılır:
"Bank sistemində pulların ekspertizasının təşkili
və aparılması Qaydaları"na əsasən,
kommersiya bankları əhali tərəfindən təqdim
olunan tədavülə yararlı, yararsız, həqiqiliyi
şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən
ibarət səthinin 60 faizdən az olmayan hissəsini
saxlamış milli pul nişanlarını qəbul etməli,
dəyişdirməli və ekspertizasını təmin etməlidir.
Bununla əlaqədar olaraq Palata tərəfindən
banklara müvafiq tapşırıq verilib".
Sevinc QARAYEVA
525-ci qəzet.-2 noyabr 2023.-¹199.-S.7