Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Frants İosif Macarıstan kralına həmin ölkənin sərhədləri daxilindəki idarəçiliyi verdi və Avstriya imperatorunun (yəni özünün) oradakı idarəçiliyə müdaxilə etməsinin qarşısı əvvəlcədən alındı. Macarıstan öz növbəsində 1871-ci ildən konstitusiyanın hər bir dəyişikliyinə veto qoymaq hüququ qazandı.

 

Avstriya-Macarıstan siyasətində həlledici məsələlərdən biri  kronprints (tac printsi) Rudolf ilə əlaqədar idi. 1888-ci ildə o, atasını xəbərdar etdi ki, Bosniya Herseqovinanın işğalı "qəbirə tərəf bir addım atmaq" demək olacaqdır. Lakin atası oğlunun ağıllı sözünə əhəmiyyət vermədi, digər tərəfdən onun üçün Rudolfun şəxsən özü bir problem olaraq qalırdı. Alman ittifaqına Rudolfun müxalifliyi, onun özünü sol liberallarla əhatə etməsi və macarların xeyrinə olan mövqeyi, anası imperatriçə Yelizaveta ilə fikir şərikliyi imperial dairədə çətinlik yarada bilərdi. Lakin bu, varis üçün əslində normal bir davranış idi.

 

Rudolfun fərdi hərəkətlərində isə böyüyən ruhi pozulma hiss olunurdu, atası onu ciddi məsuliyyət tələb edən işlərdən kənar etmişdi. Xəstəliyinin nəticəsində və ya psixoloji qaydasının pozulmasına görə Rudolfun tirbulentləri öz sevgilisi Mariya Vetseranı və sonra özünü Vyana Meşəsində 1889-cu ildə öldürməsi ilə kulminasiya nöqtəsinə çatdı.

 

Rudolfun ölümü imperiya üçün sırf bədən zərbəsi idi. O, Frants İosifin yeganə oğlu idi və heç nəyə baxmayaraq, atası onu çox sevirdi. Bu hadisə imperatorun ürəyini parçalamışdı, lakin Rudolfun ölümü, faktın əleyhinə özünü intihar kimi qiymətləndirilmədiyindən, ona layiqli səviyyədə dəfn mərasimi quruldu.

 

Doqquz il sonra imperatorun başına başqa bir faciə gəldi. Bu vaxt o qədər də yaxın münasibətləri olmayan arvadı Yelizaveta 1898-ci ildə Cenevrədə gölün ətrafında gəzərkən, italyan anarxisti onu xəncər zərbəsi ilə öldürdü. Bavariya hersoqu Maksimilianın qızı olan  Yelizaveta çox gözəl idi, 1854-cü ildə Avstriya imperatoruna ərə getmişdi. Gözəlliyinə və cazibədarlığına görə gənc imperatriçə tezliklə təbəələr arasında böyük populyarlıq qazanmışdı. Lakin bədbəxtliklərinə, xüsusən oğlu Rudolfun intihar etməsinə görə onun ruhi qüvvəsi sıradan çıxmışdı. Ağır depressiyadan xilas olmağa cəhd edərək, o, demək olar ki, bütün vaxtını Avropaya səyahətdə keçirirdi. Çox vaxt o, özünün Korfu adasında tikdirdiyi qəsrdə yaşayırdı. Oğlunun və arvadının ölümü ilə imperator Frants İosif isə bir dekada ərzində iki ağır zərbəyə hədəf olmuşdu.

 

Bu vaxt milli münaqişə də xeyli pisləşmişdi. Bohemiya münaqişəsi böyüyürdü. Xristian sosialistlər və sosial demokratlar milliləşdirmə meylinə qarşı  çıxırdılar. Macar siyasətçiləri fərqli qaydada inkişaf edirdilər, lakin həmçinin böhranda idilər. Macarıstan artıq macar dövlətinə çevrilmişdi.

 

1900-cü ildə Vyana, həqiqətən, radikal mədəni və intellektual innovasiyanın titrəyən mərkəzi idi. Vyanada xüsusən bu sahədə yəhudilərin idarəçiliyi dominant xarakter daşıyırdı. Şəhər modern mədəniyyətində geniş çoxluq yəhudilərə məxsus idi. Yəhudilər Habsburq Monarxiyasında əsrlərlə yaşamışdılar, yalnız XVIII əsrdə onların inteqrasiyası daha sürətli qaydada yəhudi olmayan bir dünyaya daxil olmuşdu.

 

Avstriyada doğulub böyüdüyü 18 yaşlı Adolf Hitler 1907-1913-cü illərdə Vyanada yaşadı, rəssamlıq təhsili almaq sahəsindəki cəhdləri uğursuz oldu. I Dünya müharibəsi başlananda isə alman ordusunda xidmət etdi. Hitler burada yaşadığı altı il ərzində Vyananın sərt antisemitizmi ilə seçilən meri Karl Lyugerin təsiri altına düşmüş, onun aludəçisinə çevrilmişdi. Hitler antisemitizmi daha eybəcər forma və böyük miqyas aldı. Onun hakimiyyəti dövründə günahsız yəhudi qurbanlarının sayı  milyonlarla ölçülürdü.

 

1913-cü ildə burada həmçinin bir müddət yaşamış İosif Cuqaşvili (Stalin) çox müxtəlif xalqların yaşadığı Avstriya imperiyasındakı milli münasibətləri öyrənmişdi. Həmin ili Hitler isə Vyananın tərk etmişdi. Stalinin bu sahədəki biliyinə rəğbətlə yanaşan V.İ.Lenin ona məhz Vyanaya getməyi məsləhət görmüşdü. 1922-ci ildə SSRİ yarananda İ.V.Stalinin milli münasibətlər barədəki ideyaları da qismən nəzərə alınmışdı.

 

Vyananın Şönbrunn yaxınlığındakı küçələrin birində binanın üzərindəki xatirə lövhəsində Stalinin lopa bığla təsvir edilən portreti və burada olması barədəki məlumatlar təsvir olunmuşdur. Parisdə Stalinqrad meydanında da olmuşdum. Rusiyada isə Moskvanın Qızıl Meydanında Leninin Mavzoleyinin yanında Stalinin qəbrindən və qəbirüstü büstündən başqa heç bir xatirə yoxdur.

 

Demokratik ölkələrdə isə vəziyyət başqa cürdür, onlarda tarixə düzəlişə yol verilmir. Ölkənin tarixində xidməti olanlar adətən layiqincə qiymətləndirilir. ABŞ-ın İnqilab müharibəsidə Saraqota döyüşündəki amerikanların ingilis ordusu üzərində qələbəsi (1777-ci ilin payızında Nyu-York ştatında, Olbani yaxınlığında getmişdir) bu müharibənin dönüş nöqtəsi hesab olunur. İngilis generalı Börqoyn 6 min əsgər və zabiti ilə birlikdə əsir götürüldü. Döyüşün qəhrəmanlarına  Saraqota Milli Tarixi parkında heykəllər qoyulmuşdur. Amerikanlar həmin vaxt qalib  orduya başçılıq etmiş, lakin sonralar düşmən ingilislərə casusluq etmiş general Benedikt Arnoldun da bu danılmaz xidmətinə hörmət bəsləməyi nəzərə alaraq, onun əsgər çəkmələrinin heykəlini qoymuşlar, bu heykəl elə "Çəkmə" kimi də məşhurdur. Generalın yalnız sonrakı   xəyanətinə görə məhz belə xatirə növünə müraciət edilmişdir.

 

Qalib orduya və xalqa başçılıq etmiş Stalinin isə heykəlləri kütləvi qaydada məhv etmişdilər. Ağılasığmayan qəhrəmanlıqla müşayiət olunan müdafiə döyüşünə və şanlı qələbəyə görə tarixə düşmüş Stalinqrad şəhərinin adı da Xruşşovun təkidi ilə dəyişdirilib, yanından axan çayın şərəfinə Volqoqrad adlandırılmışdı. Türklər  bir əsr sonra belə Çanaqqalada (Qallipolidə) 1915-ci ildə ingilislər üzərindəki qələbəni ehtiramla yad etməklə yanaşı, Çanaqqalanı milli iftixar simvoluna çevirmişlər. Rusiya rəhbərliyi isə II Dünya müharibəsindəki qələbədə Qərbin SSRİ-nin mühüm iştirakının kiçildilməsi cəhdlərinə qarşı etirazlarını bildirsə də, qələbənin əsl simvollarını özləri silib, yoxa çıxarmışlar. İkinci Dünya müharibəsində dönüş nöqtəsi sayılan Stalinqrad döyüşünə indi yalnız tarixi kitablarda rast gəlinir, real həyatda isə əsl şöhrət simvolu olan Stalinqrad sözü arxaizm nişanəsi kimi səslənir.

 

Tarixi təftiş etmək yolverilməzdir, lakin buna ilk olaraq rusların özləri başlamışlar, Qərbin onlara qarşı guya ədalətsiz münasibətindən hələ xeyli əvvəl öz qələbələrini özləri oğurlamışlar.  Stalinqradlıların çoxunun şəhərin əvvəlki adın bərpa olunması barədəki arzuları da reallığa çevrilmədi. Təkcə Stalinqrad qələbəsinin 80 illiyi ərəfəsində Sovet İttifaqı Marşalları G.K.Jukovun və A.M.Vasilyevskinin büstlərinin yanında müharibə veteranlarının tələbi ilə İ.V.Stalinin də büstü qoyuldu, axı bu marşallar da Stalinin bilavasitə rəhbərliyi altında işləmişdilər. Vətəni Qoridə ev-muzeyi qalsa da, həyətdəki Stalinin əzəmətli heykəli də götürülmüşdür. Londonda isə ölkənin bir-birinə zidd olan tarixi şəxsiyyətlərinin heykəllərinə toxunulmamışdır. Qan tökməklə daha çox məşhurlaşmış, monarxiya rejimini müvəqqəti də olsa məhv etmiş Oliver Kromvelin də heykəli digər böyük tarixi şəxsiyyətlərin abidələri kimi şəhəri bəzəyir.

 

Stalinin ölkəyə rəhbərlikdə danılmaz uğurları olmuşdu. Rusiya kənd təsərrüfatı ölkəsindən qısa müddətdə inkişaf etmiş sənaye dövlətinə çevrilmişdi. SSRİ-də savadsızlıq ləğv edilmişdi, elm və təhsil sürətlə inkişaf etdirilmişdi. Dünyada ilk dəfə kosmosun fəth edilməsinə bu ölkə başlamış, hətta daha güclü sənaye potensialına və texnologiyaya malik olan ABŞ-ı da ötüb keçmişdi. Alman faşizmi üzərindəki qələbədən sonra dünyada meydana gələn iki fövqəldünya dövlətindən biri olmuş, beynəlxalq aləmdə böyük nüfuza yiyələnmişdi. Çox sayda möhtəşəm uğurları ilə yanaşı, onun ölkədə rəhbərlikdəki  fəaliyyətinin ağır nəticələrə səbəb olan ciddi nöqsanları da olmuşdur. 1937-38-ci illərdə SSRİ-də təqiblər baş alıb getmişdi, bu Böyük Terrorda 1,3 milyon adam azadlıqdan məhrum edilmiş, 682 min adam güllələnmişdi. Qolçomaqlara qarşı mübarizə adı altında isə bundan xeyli əvvəl, 1928-32-ci illərdə kəndin əsas məhsuldar qüvvəsi sıradan çıxarılmışdı. Kolxozların kütləvi şəkildə yaradılması prosesi ölkənin iri ərazilərində aclığın meydana gəlməsinə gətirib çıxarmışdı. 1932-33-cü illərdə Ukraynada baş verən aclıqda milyonlarla adam ölmüşdü. Yeni dövlət sisteminin qurulması,  başqalarına bənzəməyən və tam fərqli nəzəri ideyalar əsasında yeni cəmiyyətin yaradılması faktiki olaraq əhalinin müəyyən seqmentinin qurban getməsinə səbəb olmuşdu. Uinston Çörçill özünün 6 cildlik "Memoirs of the Second World War" - "İkinci Dünya Müharibəsinin xatirələri" əsərində, Stalinin 16 avqust 1942-ci ildə Kremldəki çox sadə mənzilində ona dəbdəbəli qonaqlıq verərkən etdiyi söhbətdə SSRİ-də repressiyalar nəticisində itkinin 10 milyon adam ölmasını etiraf etdiyini qeyd edir.

 

Stalin alman faşizmi, Hitler ordusu üzərindəki qəti qələbənin baş müəlliflərindən biridir. SSRİ-də isə Qələbədən 16 il sonra Stalinin xatirəsinin bütünlüklə unudulması prosesi başlanmaqla, getdikcə genişlənmişdir. Böyük Britaniyanın ağalığına qarşı 13 koloniyanın apardığı mübarizə və İnqilab müharibəsi nəticəsində ABŞ dövləti yaranmışdır. Lakin orada düşmən münasibəti bəslənilən İngiltərə krallarının və kraliçalarının coğrafi məkanlara və şəhərlərə qoyulan adları heç bir düzəlişə yol verilmədən əsasən saxlanılmışdır.  Kromvel ilk dəfə İngiltərə kralı I Çarlzın boynunu vurdurmuş, Şimali İrlandiyadakı Droqheda şəhərində  monastır rahiblərinin kütləvi qırğınına səbəb olduğu halda nə ölkənin tarixindən silinmiş, nə də onun Londondakı heykəlinə toxunulmuşdur.

 

Stalinin xatirəsinə isə məhvedici hücum baş verdi və davam etdirildi. Stalinin təqsiri üzündən milyonlarla insan əzab çəkməli olmuşdur, lakin onu sevənlər və ona valeh olanlar da olduqca çox idi. Ancaq o, anafemaya məruz qaldı. Əlbəttə, duman nə qədər sıx olsa da, Stalin şəxsiyyətindən çıxan işıq onu yarıb, görkəmli və fəaliyyətinin qütbvariliyi ilə seçilən bu böyük insanın unudulmasına imkan verməyəcəkdir. Xruşşov da, Qorbaçov da gəldi gedərdir, Stalin isə öz müsbət və hətta onun dialektik davamı hesab edilən mənfi əməlləri ilə tarixə dərin kök salmışdır, onu səhvən alaq otu timsalında güman edib, tarix torpağındakı kökündən çıxarmaq mümkün olmayacaqdır. Axı palıd ağacını heç tufanlar da məhv edə bilmir. Hətta ona olan hücumlar da, parodoksal görünsə də, güman ki, əks effekt verməklə, həm də onun xatirəsinin yaşamasına xidmət edəcəkdir.

 

Stalinin xidmətləri böyük olduğu kimi, qurbanlarının sayı da nəhəng ölçüdədir. Onun fəaliyyətinə qiymət verərkən bu cəhət də unudulmamalıdır. Böyük rus yazıçısı L.N.Tolstoy ilk dəfə 1857-ci ildə Parisdə olarkən I Napoleonun orada mövcud olan  şəxsiyyətinə pərəstişə bəslədiyi öz hiddətini gizlətməyərək, yazmışdı: "Şər qüvvənin ilahiləşdirilməsi dəhşətdir". Ona görə də Stalinin tarixi fəaliyyəti təhlil edildikdə, onun rəhbərlik xarakterinin ambivalentliyi nəzərdən qaçırılmamalıdır.

 

Telman ORUCOV

525-ci qəzet.-4 noyabr 2023.-¹201.-S22

(Ardı var)