GÖZƏL
ARZULAMAQ İNCƏLİYİ
O,
Bakını sevirdi və bu əziz şəhərə
özündən əvvəl şeirləri gəlib
çıxmışdı. "Maarif və mədəniyyət"ə
məktub yollamışdı, zərfdə şeirləri idi
və həmin şeirlər, o məktub səbəb
olmuşdu ki, ardınca özü də 1927-ci ildə sonralar
elə İstanbul qədər aşiq olacağı küləklər
şəhərinə ilk dəfə qədəm bassın. Uzaqdan-uzağa
yaxın bilmişdisə, bu dərgidə şeirlərinin dərc
olunmasını arzulamışdısa, bu, təsadüf
deyildi. O çağlar Azərbaycan ədəbi-mədəni
düşüncəsinin əsas ifadə mərkəzlərindən
birinə çevrilmiş "Maarif və mədəniyyət"ə
sadəcə bir jurnal kimi baxmaq düz olmazdı. Bu dərgi varlığıyla artıq bir mühitə
dönmüşdü, ətrafında ən sağlam
yaradıcı qüvvələri toplamağı
bacarmışdı, həm köhnə, həm yeni nəsil
burada çap olunmağı özünüifadənin,
özünütəsdiqin, tanınmanın ən münasib
meydanı sayırdı. Yəni bu dərgi
bir jurnal olmaq çərçivəsindən kənara
çıxaraq müəyyən mənada ədəbi mərkəzə
çevrilmişdi. Onu yalnız Bakıda
oxumurdular. Sədası Orta Asiyaya da
çatmışdı, Türkiyədə də onu izləyirdilər,
"Maarif və mədəniyyət" artıq həm də
bir səviyyə göstəricisi idi, mahiyyətcə, əhatəcə
dalğası Azərbaycan ziyalı mühitindən daha
geniş çevrəni bürüyən özünəməxsus
yaradıcı qüvvələri yaxınlaşdıran,
qovuşduran Yazarlar Birliyi idi. Nazim Hikməti bu dərgiyə
şeirlərini göndərməyə sövq edən də
həmin cazibə idi. İllərcə birlikdə
işlədiyimiz, ən əsas ustadlarımdan biri kimi qəbul
etdiyim, sanbalı, dərinliyi ilə elə sağkən
klassiklər zümrəsinə aid olunmağa layiq, Nazim Hikməti
də ilk tanıyanlardan olmuş unudulmaz Əkrəm Cəfərin,
onun yaşıdı, elə Əkrəm müəllim kimi həm
də uzun müddət həm dostum, həm iş
yoldaşım olmuş Cəfər Rəmzinin (hərçənd,
təvəllüd tarixi məsələsində aralarında
hərdən mübahisə də düşərdi, Cəfər
müəllim Əkrəm ustada "sən məndən
uşaqsan" deyərdi, "mən 1905-dənəm, sən
1906-dan". Əkrəm müəllim bu höcətləşmələrdə
kürəyini yerə vurmazdı, "yox, mənim doğum
tarixim tam dəqiq məlum deyil, ya 1905, ya 1906-dır" və
rəsmən tərcümeyi-halını yazanda da elə əvvəldə
məxsusi qeyd edərdi ki, "1905, yaxud 1906-cı ildə
anadan olmuşam") dillərindən dəfələrlə
eşitmşiəm ki, "Maarif və mədəniyyət"i
hörmətlə, xiffətqarışıq məhəbbətlə
xatırlar, sonrakı bütün ədəbi və mədəni
dərgilərlə müqayisədə ona üstünlük
verər, söylərdilər ki, bapbalaca bir jurnal idi, içərisində
hər şey vardı, onun bircə sayını oxuyub
bütün ədəbi-mədəni həyatın da,
ictimai-siyasi ab-havanın da rəngini, dadını duymaq
mümkündü.
"Maarif
və mədəniyyət" artıq vazkeçilməz,
mövqeyi və baxışları, təklif etdiyi ədəbi
meyarlarla barışılan elə vacib Mühitə
çevrilmişdi ki, gənc Nazimi də (Azərbaycandan kənardakı
türkdilli ədəbi qüvvələr içərisindən
neçə-neçə başqasını da) gendən cəlb
edə bilmişdi və xeyirxah baisə dönmüşdü
ki, Nazim Hikmət özü də şəxsiyyəti və
doğurduqları ilə lap az sonra Azərbaycanda qüvvətli
təsiri uzun müddət davam edəcək, çox səmərələr
də verəcək ayrıca bir Mühit yaratsın.
Özü
də o vaxt Azərbaycanın gənc ədəbi qüvvələrindən
olan Süleyman Rüstəm Nazim Hikməti Bakıda ilk
tanıyanlardan olmuşdu, çünki 21 yaşlı gənc
Nazim Hikmətin redaksiyaya çatan şeirlərini oxuyub
çapa hazırlayanda, ona ilk məktubunu göndərəndə
"Maarif və mədəniyyət"də katib işləyirmiş.
Bu ilk qaibanə təmaslar ömür boyu davam edəcək
dostluğun bünövrəsi oldu, Süleyman müəllim
ona da, oçağkı bir çox cavan şairlərə də,
yalnız ədəbi deyil, həm də bütövlükdə
sonrakı Azərbaycan düşüncə mühitinə də
Nazimin danılmaz münbit təsirini həmişə minnətdarlıqla
xatırlayırdı.
Elə Azərbaycana əvvəlcə sözünün,
ardınca da özünün gəlişi ilə Nazim Hikmət
oldu buralı, oldu bizimki və artıq həyatdan getdiyi
çağlarda - 1960-cı illərin ikinci yarısında,
1970-lərdə də yenilikçi ədəbi qüvvələrin
başlıca mayaklarından olaraq qaldı. Nazim Mühiti milli ədəbiyyatımız
və milli düşüncəmizin inkişafına parlaq,
örnək yaradıcılığından da artıq
faydalar verdi və bu müstəsna sərvət
daimilik Azərbaycan mənəvi irsinin ayrılmaz
parçası olmaq haqqı qazandı.
Nazim Hikmət Moskvada yaşayırdı. Əslində
o, elə sovet paytaxtında da, bütövlükdə Sovet
İttifaqında da təkcə böyük bir yaradıcı
deyil, həm də Mühit idi. Həm də yalnız
yaradıcılığının bədii məziyyətləri
ilə yox! O, SSRİ-nin senzuralı, fikir yasaqları bol
gerçəkliyində azad sözün hüdudlarını
genişləndirə bilirdi. Dünya şöhrətli
kommunist idi, sovet ədəbi aləminin məruz
qaldığı labüd siyasi qayçılamalar onun eyninə
deyildi, daxillərində çöldəki redaktor və
senzorlardan əlavə, öz senzorluqları da olan sovet
yazıçılarından fərqli olaraq, Nazim belə
buxovlardan azaddı, duyduqlarını, düşündüklərini
qələmə daha sərbəst gətirirdi və məhz
dünya kommunist hərəkatının öncülləri
sırasında yer alması onun qarşısındakı
senzura çəpərlərini aradan götürürdü.
Yazdıqları, çap olunan əsərləri
ilə o, sərbəst düşüncənin dairəsini
genişləndirirdi. Nazimin yasaqlar maneəsini
adlamış hər deyişi, nümunə yaratması Azərbaycanda
və Sovetlər Birliyinin digər yerlərindəki ədəbi
qüvvələrə də meydan açırdı. Artıq senzuranı adlayaraq Nazimin yazdıqları
işıq üzü görmüşdüsə, onun
ardınca digərlərinə əmma qoymaq müşkülləşirdi.
Nazim Hikmət pəncərə
açırdı, çətin yolların daş-kəsəyini
təmizləyirdi, cığırları açırdı,
onun ardınca həmin cığırları genişləndirərək
yollara döndərmək də asanlaşırdı. Nazimin bizlərçün - yalnız Azərbaycan da
deyil, yaradıcı sovet adamı üçün etdiyi fəlsəfəsi
etibarı ilə ədəbiyyata xidmətdən daha
miqyaslı idi, sovet və bütövlükdə ozamankı
sosializm mühitində azad təfəkkürün
üfüqlərini genişləndirmək missiyası idi.
Nazimlə hər görüşdən, hər ünsiyyətdənsə
ətrafındakılara mütləq yaxşı bir iz, əməl
ediləsi dərs yadigar qalırdı. Hüseyn Cavid
ocağının işığını sönməyə
qoymayan, onun tək yadigarı Turan xanım çox təmiz,
qatışıqsız azərbaycanca danışırdı.
Bu da sovet əyyamlarının bəd təsirlərindən
idi ki, rus dili gündəlik həyatımıza dərindən
sirayət etdiyindən ən tanınmış
ziyalılarımız belə kürsülərdən,
ekranlardan, səhnələrdən nə qədər mükəmməl,
qatqısız Azərbaycan dilində çıxış etsələr
də, məişət danışıqlarında
alaqlaşmış, dilimizə zəli kimi
yapışmış rus kəlmələrindən yan
keçə bilmirdilər, bu mərəz elə kütləviləşmişdi
ki, hətta rusca bilməyən, yaxud alayarımçıq bilən
azərbaycanlıların belə nitqlərinə
daraşmışdı. Bunu da müşahidə
etmişdim ki, o mərəz tək bizə aid deyildi, digər
sovet respublikalarında da - özbəkdə, tacikdə, qazaxda
və digərlərində də müşahidə olunurdu.
Turan xanımsa nəinki dilimizdə
qarşılığı olsa da, başqaları
üçün tinbaşı işlədilməsi adiləşmiş
kəlmələri dilinə almazdı, hətta dilimizdə rəsmən
oturuşmuş rus sözlərini belə imkan daxilində
öz müvafiq sözümüzlə əvəz etməyə
çalışardı, buna görə hətta bəzən
hansısa deyişləri bir qədər süni kimi
çıxar, adama birtəhər gələrdi. Turan xanım
bu minvalla öz nitqinə nəzarət edirdisə, bizim Xəlil
Rza kimi başqalarının nitqindəki rus kəlmələrinin
yeri gəldi-gəlmədi istifadəsinə qarşı
açıq mübarizə aparan, hər namünasib işlənən
əcnəbi sözə görə ərklə "bir
quruş cərimə" qoymuş dil keşikçimiz də
vardı. Bir dəfə maraq güc gəldi,
soruşdum və Turan xanım nitqini o cür arıtlayaraq
danışmağının sirrini açdı. Dedi ki,
yazıçı Ənvər Məmmədxanlının
bacısı, yaxın rəfiqəsi Həbibə ilə
Moskvada Nazimin görüşünə gediblərmiş.
Deyir, Nazim nəsə xəbər almışdı,
danışırdım və necə oldusa
danışığımın içərisində bir
"uje" sözü keçdi və şairin sifətinin
ifadəsi dəyişdi: "Sən Cavidin qızısan, gərək
elə təmiz, qatışıqsız türkcə
danışasan ki, nitqin başqalarına da görk ola!" Turan xanım söyləyirdi
ki, o-bu, həmin vaxtdan hər cümləmi deməzdən əvvəl
beynimdə nəzarətdən keçirirəm ki, içərisinə
təsadüfən rus kəlməsi düşməsin. Elə zənn eləyirəm ki, Nazim qıraqda
dayanıb məni dinləyir, hansısa uyğunsuz yad kəlmə
dilimə gəlsə, yenə onun məzəmmətli
baxışları ilə qarşılaşacağam.
Beləcə, Nazim hər məqamda, hər sözü,
hər əməli ilə işıq paylamağı, ibrət
olmağı bacarırdı.
...Nazim
sovetin nəzərində böyük kommunist olsa da, sovetinki
sayılsa da, hər halda bir əcnəbi idi, türk idi,
türkiyəli idi - SSRİ-nin əks cəbhə hesab etdiyi
NATO blokuna daxil ölkənin təmsilçisi idi, buxovsuz
düşüncə sahibi idi və ona görə də əl
altından ona nəzarət daim var idi. Yanındakı
rus həyat yoldaşlarından tutmuş ətrafındakı
şair-yazıçılaradək onun hər addımı,
sözü, hərəkəti barədə Dövlət Təhlükəsizlik
Komitəsinə xəbərlər ötürənlər bəs
deyincə idi. Anar bu babətdə Süleyman
Rüstəmin zarafata qarışdırıb dediyi bir mətləbi
çatdırır. Nazimin Bakıya gəlişlərində
onu yaradıcılığının əsas
araşdırıcısı və dostu Əkbər Babayev
müşayiət edərmiş. Türkoloq Əkbər
Babayev özü də sovetin xüsusi xidmət
orqanlarının etibarsız hesab etdiklərindən,
güdükçü diqqətində saxladıqlarından
idi, mütaliələri ilə, Türkiyədən gələnlərin
söhbətləriylə hətta istanbullulardan da
yaxşı tanıdığı, görmədən
küçə-küçə bələd olduğu,
neçə dəfə rəsmi dəvətlər gəlmişdisə
də, həmişə görməyi arzuladığı bu
sevimli şəhərə onun səfərlərinə icazə
verməmişdilər. Ancaq bütün bunlara
baxmayaraq, hətta ondan da yeri gəldikcə Nazimə nəzarətçün
dolayısı ilə istifadə edirdilər.
Nazimin Bakıda olduğu günlərdə adətən
ona hara gedib-getməməyin, kiminlə
görüşüb-görüşməməyin məsləhətini
Əkbər verirmiş. Deyirmiş ki, məsələn, filan
tamaşaya gedək, filana baxmağa ehtiyac yoxdur, ya filan adamlar
səni çağırır, ora gedək, amma filanlar
çağırır, ora getməyək. Anar müəllim
də xatırlayır ki, baməzə Süleyman Rüstəm
deyirmiş ki, Əkbər Nazimə Azərbaycanı redaktə
edib verir...
Nazim Hikmətin
əsərlərinin nəşriyyatlara, səhnələrə
yolu nə qədər açıq olsa da, ona açıq, ya
üstüörtülü "elə yaz, belə yazma"
iradları tutulmasa da, hər halda hər şey yağ
kimi gedirdi xülyasına qapılmaq da düz olmazdı.
"İvan İvanoviç varmıdır, yoxmudur?" pyesi
ortaya çıxandan sonra başı az
ağrımadı. Senzura əsəri
buraxmağına buraxmışdı, ancaq yasaqlar, incitmələr
sonra gəldi. Moskvada Akademik Satira
Teatrında pyes tamaşaya qoyulmuşdu, axın-axın adamlar
gəlirdi, baxırdı və maraq o qədər
çoxmuş ki, hətta tamaşa günləri teatrın həndəvərinə
gücləndirilmiş milis qüvvələri
toplayırmışlar. Söz yox, bu əsərə
belə tamaşaçı həvəsi yalnız pyesin bədii
gücü ilə deyil, həm də siyasi mündəricəsi,
sovet adamlarından ötrü bir udumluq azadlıq havası
olması ilə bağlı idi. Sovet buna
uzun müddət səbir edə bilməzdi. Odur ki, iki-üç tamaşadan sonra əsərin səhnə
yolu qapanır. Anar o günlərdə burada və
Moskvada ədəbi çevrələrdə gedən söhbətləri,
həmin vaxtlar SSRİ-nin "Pravda" ilə yanaşı
iki baş qəzetindən biri olan "İzvestiya"da
şair əleyhinə çıxmış "Tovarih Nazim
Xikmet navodit tenğ na pletenğ" adlı kəskin tənqidi
məqaləni, hətta o dövrdə moskvalı
ziyalılardan eşitdiyi - sıxma-boğmalardan bezmiş
Nazimin Varşavada intihar etmək istədiyi haqda kədərli
söhbətləri yada salır.
Dünya kommunist hərəkatının aparıcı
simaları mərtəbəsində tutulan Nazim Hikmət Sovet
İttifaqı Kommunist Partiyasının qurultayına dəvət
edilməyəndə də çox sarsılmışdı. Təbii, qurultaydan
ötrü gözü atmırdı, onu ağrıdan bu idi
ki, belə etinasızlıq ona Kremlin etimadının tükənməsinin,
artıq sovetin nəzərincə başqa cür
düşünənlər zümrəsinə əlavə
edilməsinin, daha əvvəlki Nazim Hikmət kimi qəbul
edilməməsinin göstəricisi idi.
Yəni Nazim Hikmətin
yolaçıcılığının onun başına
açıq və gizli şəkildə bəlalar gətirən
bu tərəfi də vardı.
Ancaq bu, onun taleyi idi. Bəlkə elə
Nazim təbiətli adamlar məhz həyatları bu biçimdə
olanda, ömürlərini belə gərgin rejimdə sürməyə
vadar qalanda daha səfərbər və daxilən daha rahat
olurlar?!
O, ilk gəncliyindən
inqilab, mübarizlik, etirazçılıq,
barışmazlıq yolunu seçmişdi, ya bəlkə daha
dəqiq - taleyin hökmü ilə həmin yol özü onu
seçərək qoynuna almışdı.
Və Nazim axıradək elə o cür də qaldı.
Siyasi
baxışlarında da, ədəbi fəaliyyətlərində
də, elə lap həyatı bir insan kimi yaşamaqda da o,
hamı kimi olmadı, ola bilmədi, qəliblərə
sığmadı.
Müdam
daha geniş ənginliklərə can atmaq, vaxtın, şəraitin,
adamların doğurduğu darısqallıqları yarıb
çıxmaq onunçün sabit mövcudluq düsturu idi...
Anar Nazim Hikmətin söylədiyi çox ilginc bir təfərrüatı
da bölüşüb mənimlə. Nazim
deyirmiş ki, adətən dünya kommunist hərəkatının
seçkin simalarından biri kimi SSRİ-dən xaricə
getdiyi ilk vaxtlarda onu hər yerdə sosialist ölkələrinin
birinci katibləri qəbul edirmiş. Həmişə
də Nazimin yanında ona qoşulan bir şəxs
olarmış. Günlərin birində
Budapeştə gedirlər. Həmin
müşayiətçi şəxslə bərabər
Macarıstana səfər edirlər. O vaxt Macarıstan
Kommunist Partiyasına Matyaş Rakoşi (1892-1971) rəhbərlik
edirmiş. Nazim deyirmiş ki, girdik içəri, əsas adam mənəm, görüş mənimlədir,
ancaq Rakoşi yanımdakı bu adamı görüncə rəngi
qaçdı, mən qaldım bir qıraqda, özünü
necə itirmişdisə, birinci həmin yanımdakı adama əl
verdi. Sonra məlum oldu ki, bu adam, sən demə,
sosialist ölkələrinin başçılarına Stalinin
gizli məktublarını gətirirmiş. Və o məktubların
içində də belə şeylər
yazılırmış: filankəsi güllələmək
lazımdır, filankəsi asmaq lazımdır...
...Nazimşünas
Əkbər Babayev əslən gəncəli idi. Moskvada yaşayıb-işləyən, mənim elmi
rəhbərim olmuş, heyiflər ki, erkən itirdiyimiz
görkəmli şərqşünas alim Qəzənfər
Əliyev kimi (Əkbər müəllim 1979-da 55, Qəzənfər
müəllim 1984-də 54 yaşında getdi), o da doğma
şəhərini çox sevirdi (hər ikisi qürbətdə
ömür sürəsi olsalar da, bu gün Gəncədə
eyni məzarlıqda uyuyurlar), Azərbaycana hər dəfə
yolları düşəndə mütləq ata-baba yurduna
baş çəkməyə çalışırdılar.
Əkbər Babayev Nazimlə Bakıya gəlişində
səy edərdi ki, gedəcəkləri yerlər
sırasında Gəncə də olsun. Yəni
həm ziyarət, həm ticarət. 1950-60-cı
illərdəsə Gəncənin yetərincə qaynar ədəbi-mədəni,
elmi mühiti vardı və Nazimin ora hər gəlişi
toy-bayrama çevrilərdi. Nazimin Gəncə
səfərlərinin şahidlərindən olmuş
yazıçı Altay Məmmədov yaddaşlarını qələmə
alaraq artıq şairin həyatda olmadığı illərdə
ayrıca bir kitab da buraxmışdı. Unudulmaz
yazıçının Nazimli xatirələr silsiləsini
tamamlayan son cümləsi riqqət oyadır. Yazırdı ki, yalnız Nazimi görmək, Nazimi
eşitmək, onunla həmsöhbət olmaq üçün
bu dünyaya gəlməyə dəyərmiş.
Nazimlə ədəbi söhbətlərindən birini
Altay Məmmədov belə xatırlayırdı ki, şairin
Gəncəyə səfəri ərəfəsində "Azərbaycan"
jurnalında Rəsul Rzanın bir dəstə şeiri
çap olunubmuş. Söhbət əsnasında Nazim Hikmət
həmin silsiləni oxuduğunu və məmnun
qaldığını gizlətmir. Altay Məmmədov
yada salır ki, Nazim məndən soruşdu ki, o şeirləri
oxumusanmı? Deyir, mən də cavab verdim
ki, oxumuşam, mənim də xoşuma gəlib, ancaq orada bəyənmədiyim
bir məqam da var. Şeirlərdən birində Rəsul Rza
belə ifadə işlədir ki, "sən öpüşməyi
sevirsən, mən sarımsağı", bunu bəyənmədim.
Rəsul Rzanı dost, zövq, məslək sirdaşı kimi
çox sevən Nazim Hikmət ciddiləşir, hiss olunur ki,
onsuz da tez-tez haqlı-haqsız tənqidlərlə
qarşılaşan şair qardaşına qarşı bu
iraddan narazıdır: "Nədir, məgər sarımsaqdan
yazmaq olmaz?"
Nazim Hikmətin Bakı səfərlərindən birində
kinolentə alınmış müsahibəsi qalır. Açır "Azərbaycan"
jurnalının təzə sayını, orada Rəsul Rza tərcüməsində
dərc edilmiş öz şeirlərini oxuyur və
anındaca "qayət gözəl" deyərək bu
çevirmələrə qiymətini də verir. O, Rəsul
Rzanı çox sevirdi və Altay Məmmədovun da həmin
xatirəsində sezdiyim budur ki, əziz dostunu hətta rəqib
olmayanların, dost sayıla biləcəklərin belə
hansısa kiçik "əmma"sından
qorumaqçün köksünü irəli verməyə hər
an hazır idi.
Rəsul
Rzanın fitri istedadı öz yerində, amma onun Rəsul Rza
olmağında, bu düşüncə və yazı tərzinin
ədəbiyyatımızdakı öncülü və rəmzlərindən
birinə çevrilməsində də Nazim Hikmətdən gələn
işığın əhəmiyyətli təsiri və yeri
var.
Nazim Hikmət Rəsul Rza haqqında müxtəlif
vaxtlarda üç dəfə məqalələr yazıb. Anar dəqiqləşdirir
ki, atamın xəbəri olmadı, mən də onun
ölümündən sonra bildim ki, bir İtaliya jurnalında
Nazimin Rəsul Rza ilə bağlı yüksək fikirlərini
bildirdiyi müsahibəsi də dərc edilibmiş. Nazim Hikmətdən soruşurlar ki, siz sovet ədəbiyyatında
hansı yazıçıları təqdir edirsiniz? O da
birinci Rəsul Rzanın, ikinci Yevgeni Yevtuşenkonun
adını çəkir.
Nazim Hikmət Rəsul Rzanı həm də hayanı, ən
məhrəm sirlərini bölüşə biləcəyi
simsarı sayırmış. Anarın
yaddaşına Nazimin Rəsul Rzanın evinə qonaq olduğu
günlərdən birinin hər anı dəqiqliyi ilə
hopub. Söyləyir ki, Nazim Hikməti atamgil kitab
pasajının üstündəki mənzillərinə dəvət
eləmişdilər, zövcəsi Qalya ilə gəlmişdi,
o da hər yarım saatdan-bir saatdan bir Nazimin köynəyini dəyişdirirdi,
dərmanını verirdi. Çox
qayğısını çəkirdi, çox həssaslıqla
baxırdı ona. Həmin məclisdə
Süleyman Rüstəm, Cəfər Cəfərov, Sabit Rəhman,
Bülbül də vardılar. Bülbül
oxuyanda Nazimin çox xoşuna gəlirdi. Bülbül
oxuyanda ki, "Oğlana qız yaraşır xəncərə
gümüş kimi", Nazim sadədil qayıtdı ki, nə
gözəl sözlərdir! Şirin bir
axşam idi. Süleyman Rüstəm həmişə
olduğu kimi, lətifələr danışırdı.
Lətifələrindən biri də bu idi ki,
deyir, Nazim Hikmət gələndə (20-ci illərdə yox,
son vaxtlar gələndə) zəng vurdum Mərkəzi Komitənin
ovaxtkı katibinə.
-
Yoldaş filankəsov...
- Bəli,
Süleyman müəllim, xoş gördük, necəsiniz, nə
var, nə yox? Kefiniz necədir?
-
Yaxşıyam, çox sağ olun. Yoldaş
katib, Nazim Hikmət gəlir Bakıya. Necə
bilirsiniz, biz onu qarşılayaq?
- ... (sükut).
-
Yoldaş katib?
- Bəli.
- Deyirəm,
Nazim Hikmət gəlir, onu biz qarşılayaq?
- ... (sükut).
-
Yoldaş katib, Süleyman Rüstəmdir.
- Hə,
Süleyman müəllim, necəsiniz, kefiniz necədir?
- Nazim Hikmət gəlir, biz onu qarşılayaq? Yaxşı,
onda qarşılayarıq da.
- Sağ
olun, Süleyman müəllim, sağ olun.
Nə yaxşı bu qırpımlar Anarın hafizəsində
qalıb, bugünə çatır, dönüb olub tarix. Nazimin, o gecənin
içindəkilərin hamısının ömrünün
ləzzəti damaqdan heç vəchlə getməyəcək
onların ruhlarının bu dünyadan özüylə
götürüb apardığı məsud dəqiqələrin
tarixi. Bir neçə saat sürən,
amma ömürdə əks-sədası son nəfəsədək
qalası, şux zarafatlarla, səmimi sağlıqlarla, məhz
o ab-havalı yığnaqların yada saldığı zərif
xatirələrlə naxışlanan, indi adama nağıl
kimi gələn həmin axşamda söz sözü, zarafat
zarafatı gətirirmiş. Nazim danışırmış
ki, azərbaycanlıların "ayaq" mənasında
işlətdiyi "qıç" sözünün
Türkiyə türkcəsində ayrı, kobud anlamı var.
Deyir, 1927-ci ildə mən Bakıya birinci dəfə gələndə
tramvayda müvazinətimi saxlaya bilməyib bir qıza toxundum.
Qız qışqırdı: "Vay, qıçım".
Öz-özümə düşündüm ki, aman, bu azərilərin
üzləri necə açılmış, adam
arasında ucadan belə sözlər danışırlar?
Nazim Nazim olmazdı, üzdən bu adi məişət lətifəsi
kimi görünən əhvalatı söyləyəndən
sonra ardınca yaddaşda daimilik qalmalı, ictimai çəkisi
və dəyəri olan söz deməsəydi. Bu məzəli
söhbəti bitirincə davam edir ki, ayrı-ayrı sözlərdə
belə cüzi fərqlər olsa da, bizim dillərimiz eynidir.
Türkiyə türkcəsi və Azərbaycan
dili bir dildir, biz bir millətik. Kim başqa
şey deyir, qıçını yeyir - bizim anlamda.
...Nizami
muzeyində Nazim Hikmətin 120 yaşı dolayısı ilə
qurduğum xatirə axşamına şair Zeynal Xəlilin
oğlu Etibarı da dəvət etmişdim. Etibar
atasının Nazimlə olan görmədiyim şəkillərini
gətirmişdi, mən də həmin məclisimizə az qalmış Nizami muzeyinin arxivində iki şairin
heç kəsə bəlli olmayan məktublaşmaları ilə
rastlaşmışdım, o axşam ilk dəfə Nazimin həmin
məktubunu toplaşanlarçün oxudum. Nazim
Hikmətə xas incə yumor duyğusu Zeynal Xəlilə həmin
məktubuna da çökmüşdü. "Domoklun
qılıncı" pyesinin bizim Milli Dram Teatrındakı gələcək
mümkün tamaşası ilə əlaqədar Zeynaldan dost
təvəqqesini edirdi: "Canım, kardeşim,
Zeynalciğim. Evvela merhaba. Sonra yahu! Zat-i
dövletleri naçalniklerinden (başqalarına nitqini,
yazısını yeri gəldi-gəlmədi rus kəlmələri
ilə bulaşdırmağı qüsur tutan Nazim Hikmət bu
qısa məktubunda "rəis" əvəzinə rus
sözü olan "naçalnik"i qəsdən, zarafat
olaraq işlədir - R.H.) olduğunuza göre şu fakir kulunuzun (fağır bəndənizin
- R.H.) "Demoklesin kılıcı" pyesinin
Şafika Ağayevanın son yaxşı çevrisi ile Bakü
Azerbaycan Dram teatrosunun repertuarına aldırmanız nə iyi
olur. Sayenizde bizim de sokakta bayram olurdu.
Hasretle gözlerinden öpürem. Nazim
Hikmet".
...Bu da kəc
bəxtin, bu fani və dərdli-sərli dünyanın
yazılmamış tərs qanunauyğunluqlarındandır
ki, dürlü-dürlü əzab-əziyyət və məhrumiyyətlərlə
yanaşı həbslər, sürgünlər, nəmli
zindanlar da nurlu zəka sahiblərini qarabaqara izləyib, bir
çoxunun ömründə qara ləpirlərini buraxıb.
Onları zindanlara atmışdılar. Lakin həmin
dustaqxanaları quranlar, o türmələri idarə edənlər
bilmirlərmiş ki, əsl həbsxana necə olur. Zahirən özlərinə əqidə düşmənləri
saydıqlarını tolazlamışdılar qazamata. Öz aləmlərində guya onları azadlıqdan
məhrum etmişdilər. Sanki onların əlindən
sərbəstliklərini almışdılar. Ancaq həmin həbsxanada əqidə, məslək
ortaqları yanaşıydılarsa, daha bura necə zindan
sayıla bilərdi.
Nazim Hikmət də növbəti həbsini çəkməyə
gəlmişdi. Onun özünün bu həbsxanaya gəlib
çatmasından əvvəl dustaqlar sorağını
almışdılar. Burada dünənəcən bir-birlərini
görməyib bir-birlərinin söz-söhbətini uzaqdan
eşidib-bilənlər az deyildi.
Bütün həbs əmri verənlər və cəzaların
çəkilməsinə nəzarət edənlərin
acığına burada onlar bir-biri ilə tanış
olmaq, çoxdan həsrətində olduqları şəxsiyyətlərlə
görüşmək girəvəsi qazanmışdılar. Burada - bu qalın divarların arasında yeni
mübarizələrin təməlləri qoyulurdu.
O ilham
sahibi, əqidə yiyəsi, mətin insanlar üçün
burada ilk dəfə görüb tanış
olduğu neçə insanla təmasların hər anı bəxtiyarlıq
idisə, daha bu zindan nə zindan oldu!
Orxan Kamal da həbsxanada idi. Soraq çatdı ki,
Nazim Hikməti də bura gətirirlər. Sonra
illər ötəcək, Orxan Kamal da, Nazim Hikmət də
orada birgə olduqları anları həmişə riqqətlə
xatırlayacaqlar. Bu, Orxan Kamalın səsidir,
Nazimli günlərinin necə başlandığını
yada salır. Dinləyirəm, elə Orxan
Kamalın özü də bu mehriban səsin bələdçiliyi
ilə bizə yaxınlşaır, o səhnələri
görər kimi oluruq. Orxan Kamal deyir ki,
1940-cı ilin qışı idi və müharibə
başlamışdı, amma hələ ki savaş Qərbdə
gedirdi. Orxan Kamala o vaxtlar həbsxananın dəftərxanasına
daxil olan müəyyən sənədləri sahmanlamaqla
bağlı iş tapşırılıbmış. Yada
salır ki, ona bilavasitə göstərişlər verən məmur
poçtdan yeni gəlmiş vərəqlərə
baxırmış və birdən ona sarı çevrilərək
deyir: "Oo, gözün aydın, üstadın
geliyormuş". Ustad da kim ola? Orxan Kamal deyir, məmur bu cür söyləsə də,
mənim heç bir ustadım-filanım yox idi, bunu məmura
da deyir. Ancaq həmin sözləri dilə
gətirən həbsxana işçisi hər halda
yaxşı ilə yamanın təfavütünü dərk
edənmiş. Orxan Kamalın bir
yazı-pozu adamı olduğunu bilən o həbsxana məmuru
hər halda Nazim Hikməti uzaqdan da olsa
tanıyırmış və bu həqiqəti də
anlayırmış ki, Nazim hər qələm adamına ustad
sayıla biləcək qədər böyükdür. Ona görə də Orxan Kamal "Heç bir
ustadım yoxdur" deyəndə məmur qayıdır ki, mənə
nömrə gəlmə, canım, Nazim Hikmət gəlir, sənin
ustadın sayılmazmı?
Orxan Kamal Nazim Hikmətin
adını eşidincə məmurun haqlılığı
ilə daxilən o dəqiqə razılaşır, amma
eşitdiyinə də inanmır ki, doğrudanmı Nazim Hikmət
bura gəlir? Məmur ona indi həbsxanaya gətiriləcək
və cəza müddəti 1966-cı ilin 14 mayında bitəcək
dustaq Nazim Hikmətlə əlaqədar sənədi uzadır
(Təsəvvür edirsinizmi - Nazim əgər cəza evindən
vaxtından əvvəl qurtulmasa idi, ömrü elə
dustaqlıqda bitməliymiş. Azadlıqda,
kifayət qədər rahat şəraitdə ömür
sürərək 1963-də dünyadan köçən
Nazimin ürəyi məhbəs üzüntüləri
axarında bəlkə də daha erkən dayanardı).
Qarlı
qış günüymüş və Orxan Kamalın etirafınca,
bu sazaqlı gün Nazimin adını eşidincə onun
gözlərində çevrilir olur bahar: "Həbsxana
bağçasında bitən zanbaqların yaşıl
yarpaqları üzərindəki qar dənələri mənə
ərimiş kimi gəldi, elə zənn etdim ümumi əfvlə
sərbəst buraxılmışam, cəzamın bitməsinə
qədər qalan illər də mənə tükənmiş
kimi gəldi. Hər kəs kimi, mən də ona
qaibanə valeh idim. Hər kəs kimi, onu
tanımadan sevirdim. Müəzzəm, azman
şair".
Duyğulanmış
Orxan Kamal dinməz-söyləməz otaqdan çıxır
və əlavə edir ki, biz həbsxanada şeir yazan,
özünü şair hesab edən üç nəfərdik
- Nicati, İzzət və mən. Ancaq
onların arasında birincilik məndə idi. Necə olsa, hər halda yazdıqlarımız
basılırdı. O anda Orxan Kamalın Nazim xəbərinə
nə təhər sevindiyini olduğu kimi nişan
verməkçün gərək özünün dediyini iqtibas
edəsən: "Qaça-qaça getməkdən
özümü zorla saxlayırdım". Əvvəlcə
yollanır Nicatinin koğuşuna - kamerasına. Nicati Nazimi İstanbul kitabxanasından
tanıyırmış. Nicati də Nazimin gəlişi
xəbərini eşidincə Orxan Kamaltək uşaq kimi
sevinir, yenə lap dəqiq olsun deyə Orxan Kamalın dediklərini
sözbəsöz gətirirəm: "Nicati Nazimin gələcəyini
duyar-duymaz bir cocuq kimi əl çalmağa,
sıçrayıb hoppanmağa başladı.
İki saat keçmədən bütün həbsxana
öyrənmişdi - Nazimi gətirirlər".
Nazim Hikmət
bu idi - zindanda da, zülmətin ağuşunda da parlayan, qətiyyən
söndürülə bilməyən, bərqi əksilməyən
işıq, qaçılmaz cazibəsi ilə ətrafına
vurğunlarını, həmməsləklərini, əqidədaşlarını
toplaya bilən!
Doxsanını
adlamış Xalq şairi Nəriman Həsənzadəni Nazim
Hikməti görmüş, onunla bağlı xatirələri
olan müasirlərimizdən seçdirən, onu Ustada bir
köynək də yaxın edən həm də budur ki,
taleyində Nazimin silinməz, daim minnətdarlıqla
andığı xeyirxah izi var. Gəncliyində bu ehtiyacın
həllinin xeyli müşkül olduğu vaxtlarda Nəriman
müəllimə Bakıda ilk mənzilinin verilməsi Nazim
Hikmətin sayəsində mümkün olmuşdu.
Nəriman Həsənzadənin böyük Nazimlə
çox görüşləri olub. Burada - Bakıda da,
Moskvada da, Moskva ətəyindəki Peredelkinoda da. Nəriman müəllim Nazimi son mənzilə yola
salanlardan, onunla vida mərasimində iştirak etməkçün
məxsusi olaraq Bakıdan Moskvaya uçan azlardandır. Deyir ki, Nazim Hikmətin oğlu Mehmet Ustad keçinəndə
Polşada idi, dəfnə gəlib çatmadı. Nəriman
müəllim şairdir, həssas insandır, hər
ayrıntını düşünərək bunu da dəqiqləşdirir:
"Ya gəlmədi". Və Nəriman
müəllim 1963-cü ilin iyununun - "həsrətli
şair" dediyi Nazimlə əbədi ayrılıq
anlarının bu təəssüratını da unuda bilmir:
"Gedəndə çox ağır getdik, gələndə
çox yüngül qayıtdıq. Sonra
mən Nazimin Novodeviçye qəbiristanlığındakı
məzarını ziyarətə yenə getmişdim".
Nəriman
müəllim söyləyir ki, Nazim Hikmət Bakıda
üç binanı çox bəyənirdi: "İsmailiyyə"ni, Nizami muzeyinin, bir də Mirzə Fətəli
Axundzadənin adını daşıyan Milli kitabxananın
binalarını. Ancaq bir vaxt mən Nazimin müxtəlif səslərini
toplayırdım, Bakı haqqında düşüncələrinin
əks olunduğu bir lent yazısı da qarşıma
çıxmışdı, paytaxtımızdakı qəlbinə
yatan, həmin Nəriman müəllim sadalayan binalardan daha əvvəl
Qız qalasının adını çəkir, deyir ki,
keçmişin əsiri olub qalmaq yaramaz, amma Qız qalası
kimi dünənin memarlığının rəmzi olan
misilsiz tikililərin elementlərindən də müasir
üslublara uyğunlaşdıraraq yararlanmaq vacibdir. Vaxtilə yığdığım nadir Nazim səsləri
sırasındakı bir başqa çıxışında
o, Azərbaycan Dövlət Universitetində tələbə
və müəllimlər qarşısındadır.
Aşiqi olduğu Füzulidən bəhs edir, deyir ki,
Füzulinin Bakıda abidəsi var. Amma mən arzulayıram, o
gün gəlsin ki, Füzulinin abidəsi İstanbulda da,
Bağdadda da, dünyanın müxtəlif ölkələrində
də olsun.
İndi Nazim Hikməti anırkən onun qulaqlarımda səslənən
o sözləri bir başqa arzu da oyadır. Gün olsun
ki, Nazim Hikmətin böyüklüyünə yaraşan abidə
elə Bakıda da ucalsın. Nazim heykəlləşərək
həsrəti ilə dünyadan getdiyi Türkiyəsinə də
qayıtsın, bir ceviz ağacı yanındakı abidə
olaraq İstanbulunda da dikəlsin, Avropada yalnız köhnəlməz
kitabları ilə deyil, həm də abidələri ilə
görünsün!
Nazim Hikmət nə tək Azərbaycanınkıdır,
nə yalnız Türkiyəninki. O, lap çoxdan dünya şairləri
zirvəsinə ucalmışlardandır. Və haqq etdiyi abidələrinin
də uzaq olmayan gələcəkdə dünya boyu yüksələcəyi
də bir xülya deyil!
...Ömrünün
dörddəbiri qürbətdə keçdi, dörddəbiri
həbsxanada, dörddəbiri də hər kəs kimi yuxuda. Ömrünün yerdə qalan 15-16 ilinin neçə
ayını, neçə gününü rahat yaşaya
bildi? Ya bu dünyada ona rahatlıq nəsib deyilmiş?! Bəlkə Nazim Hikmət həyata nigaran
dünyamıza dərddaş, pasiban olmaq üçün gəlmişdi?
Sən
sabahlar və şəfəqlər qədər gözəlsən
Sən
ölkəmin yaz gecələri kimisən
Səadətdən
xəbər gətirən atlı
qapını döyəndə,
Məni unutma.
Sən məmləkətim
qədər gözəlsən
Və gözəl qal.
Bu şeiri böyük Nazim Hikmət sevgilisinə
yazmışdı. Elə bil bu misraları həm də
özünə həsr edib. Nə qədər incə,
necə də gözəl arzulayır: "Məmləkətim
qədər gözəlsən və gözəl qal".
Böyük
ustad! Elə sən özün də yurdunun yaz
gecələri kimi aydın, saf, məmləkətin kimi,
sözün kimi, dilin kimi gözəlsən. Əlbəttə
ki, daim gözəl qalacaqsan!
1 noyabr 2023
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.-4 noyabr 2023.-¹201.-S.14-15