Firidun bəy Köçərli
Kamal Talıbzadənin nəzəri – estetik görüşlərində
Aygün BAĞIRLI
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Milli ədəbiyyat
tarixinin tədqiqində,
təbliğində müstəsna
xidmətləri olan ədəbiyyatşünas alim,
pedaqoq Firidun bəy Köçərlinin
zəngin ədəbi-nəzəri
irsi, çoxcəhətli
fəaliyyəti həmişə
diqqət mərkəzində
olub, yüksək dəyərləndirilib. Onun
əsasını qoyduğu,
Salman Mümtaz, Hənəfi Zeynallı, Əmin Abid, Abdulla Şaiq, Bakir Çobanzadənin inkişaf etdirib formalaşdırdığı milli ədəbiyyatşünaslıq
məktəbinin layiqli
varisi akademik Kamal Talıbzadə "Firidun bəy Köçərlinin ədəbi-tənqidi
görüşləri", "Firidun bəy Köçərlinin Abdulla
Şaiqə məktubları",
"Firidun bəy Köçərlinin pedaqoji
fəaliyyətinə dair
yeni sənədlər"
adlı araşdırmalarında
bu görkəmli alimin həm elmi-publisistik, həm pedaqoji, həm ictimai fəaliyyətindən
geniş bəhs edib, onun çoxistiqamətli
yaradıcılığını yüksək dəyərləndirib.
Kamal Talıbzadə F.Köçərli haqqında
M.F.Axundzadədən sonra
ədəbi tənqid
və ədəbiyyat
tarixi sahəsində fəaliyyət göstərən
ən fəal və məhsuldar şəxsiyyət kimi danışır, onun Azərbaycan ədəbiyyatında
demokratik ideyaların yaranması və yayılmasındakı xidmətlərini,
müasir ədəbi
hadisələri diqqətlə
izləməsini, mövcud
nöqsan və qüsurların aradan qaldırılması üçün
etdiyi cəhdləri alimin diqqətəlayiq keyfiyyəti kimi sadalayır.
K.Talıbzadəyə görə, Köçərlinin
40 ilə yaxın bir dövrü əhatə edən elmi yaradıcılığı
həm Axundzadənin estetik görüşlərinin
necə və nə tərzdə davam və inkişaf
etdiyini öyrənmək
baxımından, həm
də mənsub olduğu dövrün ədəbi-mədəni həyatında
cərəyan edən
prosesləri, çatışan
və çatışmayan
cəhətləri, meylləri
izləmək nöqteyi-nəzərdən
dəyərli mənbədir.
Akademik Talıbzadə
Köçərlinin "Azərbaycan
türklərinin ədəbiyyatı"
kitabından söz açanda qeyd edirdi ki, o, ədəbiyyat
tarixi yaratmaq işinə ciddi yanaşmış və onun prinsiplərini doğru dərk etmişdi. "Odur ki, "Azərbaycan türklərinin ədəbiyyatı"
kitabını material
hesab edənlər, onun elmi mahiyyət
daşımadığını iddia edənlər səhv edirlər" qənaətində idi. Bildiyimiz kimi, bu ədəbiyyat tarixində 130-a yaxın şair və yazıçıdan söz
açılır. Talıbzadə
bu əsəri Azərbaycanın mədəni
həyatında təqdirəlayiq
hadisə hesab edir, Köçərlinin
Füzuli haqqındakı
fikirlərini isə yeniliyi ilə seçilən mülahizələr
adlandırırdı.
M.P.Vaqif, M.V.Vidadi,
Q.Zakir, M.F.Axundzadə
və S.Ə.Şirvaniyə
həsr olunmuş oçerkləri isə fakt nöqteyi-nəzərindən
daha zəngin, təhlil baxımından daha dərin hesab edirdi. Kamal
müəllim Köçərlinin
ədəbi konsepsiyasını
aydın təsəvvür
etmək üçün
onun M.F.Axundzadə haqqındakı tədqiqatlarına
xüsusi diqqət yetirməyi lazım bilirdi. "Çünki Axundzadə onun əsərlərində həm
qədim tarixi olan bir ədəbiyyatın
ən gözəl xüsusiyyətlərini özündə
cəmləşdirən bir
şəxsiyyət, həm
də yeni ədəbiyyatın təməlini
qoyan, onun gələcək inkişafını
təmin edən nəhəng bir sima kimi göstərilir,
Azərbaycan realizminin
əsas prinsipləri Axundzadə yaradıcılığı
əsasında müəyyənləşdirilirdi".
Amma adı çəkilən əsərin
-"Azərbaycan türklərinin
tarixi"nin bir ədəbiyyat tarixi kimi çatışmayan,
qüsurlu tərəflərini
də göstərən
Talıbzadə, haqlı
olaraq Köçərlinin
ədəbiyyat tariximizi,
onun inkişaf mərhələlərini tarixi,
xronoloji ardıcıllıqla
deyil, ayrı-ayrı coğrafi ərazilər, şəhər və xanlıqlar üzrə izləməsi prinsipi ilə razılaşmır,
bu tendensiyanı əsərin ən böyük nöqsanı
hesab edirdi.
Köçərlinin pedaqoji fəaliyyətini, onun tərtib etdiyi dərslikləri, müntəxabatları yüksək
dəyərləndirən K.Talıbzadə
görkəmli alimin bu istiqamətdə gördüyü işlərin
mütəxəssislər tərəfindən
araşdırılmasını, öyrənilməsini vacib
sayırdı. Böyük
bir müəllim nəslinin yetişməsində
xidmətləri olan, dərsliklərin tərtib
prinsipləri haqqında
dəyərli fikir və mülahizələr
irəli sürən,
35 il (1885-1920) Azərbaycanda
maarif və təhsil məsələləri
ətrafında gedən
mübahisə və müzakirələrdə fəal
iştirak edən Köçərlinin zəngin
pedaqoji irsini tədqiq etməyi, oradakı işıqlı
ideya və metodları müasir təhsil sisteminə tətbiq etməyi çağdaş elmin vəzifəsi hesab edən Kamal müəllim Gürcüstan
Dövlət Tarix Arxivində bununla bağlı əldə etdiyi sənədləri çap etdirərək ictimaiyyətə təqdim
etmişdi. Bu sənədlər əsasında
Köçərlinin pedaqoji
fəaliyyətinə görə
dəfələrlə mükafatlar
aldığı, "Titulyar
sovetnik", "Statski
sovetnik" kimi rütbələrə, Stanislav
ordeninə layiq görülməsi məlum
olur. Həmçinin,
Qafqaz Təhsil Dairəsinin, Zaqafqaziya Müəllimlər Seminariyasının
rəhbərləri ilə
yazışmaları, izahat
və məktubları,
onun haqqında verilən raport va məlumatlar bu qiymətli sənədlər arasındadır.
Bu sənədlərin
ilk dəfə ictimaiyyətə təqdim
olunması Kamal Talıbzadənin Köçərli
irsinin öyrənilməsində
böyük xidməti
hesab edilməli, öz sələfinə belə qədirşünaslıqla
yanaşması təqdir
olunmalıdır
K.Talıbzadə Köçərlinin məktublarından,
müasirləri ilə
yazışmalarından da
söz açıb. Bu məktublar Azərbaycan mədəniyyətinin
35 illik bir dövrünün panoramasını,
mühüm məsələlərini,
dövrün dünyagörüşünü,
ziyalıların ictimai-siyasi
hadisələrə münasibətini,
ədəbiyyat, dil, əlifba, təlim-təhsil
haqqındakı fikirlərini
öyrənmək baxımından
qiymətli mənbədir.
Kamal Talıbzadənin
təqdimatından öyrənirik
ki, Köçərlinin
arxivində müasirlərindən
aldığı 900-ə yaxın
məktubun siyahısı
saxlanılır. Bu siyahıya əsasən demək olar ki, o, öz dövrünün bütün
qabaqcıl ziyalıları
ilə məktublaşmışdır.
Kamal müəllim məktubların bəzisi
haqqında geniş məlumatda verir. Məqalədə həmçinin
Köçərlinin məktublaşdığı
ziyalıların adları
və məktubların
sayı da göstərilib. Təkcə
Sultan Məcid Qənizadə Köçərliyə
78 məktub göndərib.
Abbas Səhhətin
27, Üzeyir bəyin 14, Abdulla
Şaiqin 24, Mirzə Cəlilin 22, Hüseyn Cavidin Firidun bəyə 4 məktubu olub. K.Talıbzadənin dediyi kimi, bu
məktubların üzə
çıxarılıb çap
olunması mühüm
mədəni tədbir
olardı. Qeyd edək ki, Köçərli
bu məktublar vasitəsi ilə öz qələm dostlarına, onların yaradıcılığı ilə
bağlı dəyərli
məsləhət və
fikirlərini söyləmiş,
dövrün bir çox ədəbi-mədəni,
ictimai hadisələrinə
münasibətini bildirib,
həm də mətbuatda açıq deyə bilmədiklərini
yazıb. Söz-fikir xəzinəmizin təmənnasız
tədqiqatçısı Azərbaycan ədəbiyyatının
tarixinə dair materialların böyük
bir hissəsini bu məktublar vasitəsilə əldə
edib.
Kamal Talıbzadə
Köçərlinin Abdulla
Şaiqə yazdığı
13 məktubda bəhs edilən mətləblərdən,
böyük alimin Şaiqə əsərlərinin
dili, məzmunu ilə bağlı dəyərli məsləhətlərindən
söz açır və məqaləni belə bir sonluqla
bitirir: "Məktublarda
"Azərbaycan türklərinin
ədəbiyyatı" kitabının
illərlə yaradılması
prosesi, onun yazıldıqdan sonra necə təkmilləşdirilməsi,
neçə cilddən
ibarət olması, nə üçün uzun illər çap oluna bilməməsi, alimin keçirdiyi həyəcanlar
da əks etdirilmişdir. Məktublar
F.Köçərlinin öz
şəxsiyyəti haqqında
da bəzi məsələləri aydınlaşdırmağa
kömək edir. On üç məktubu oxuyub qurtardıqdan sonra insanın qarşısında çox
mehriban, qayğıkeş,
mədəni, çəkilən
əməyə, zəhmətə
qiymət qoymağı
bacaran qədirşünas
bir vətənpərvərin,
bütün varlığı
ilə xalqa bağlı bir vətəndaşın surəti
canlanır". Köçərlinin
ədəbi-tənqidi irsi,
nəzəri-estetik görüşləri
təkcə milli ədəbiyyat tarixinin yaradılması, müasir
ədəbi hadisələri
öz prinsipləri ilə qiymətləndirməsi,
çağının ən
aktual elmi-mədəni
problemlərinə marağı
ilə məhdudlaşmırdı.
O, eyni zamanda digər xalqların da ədəbi-bədii təcrübəsinə, onların
bədii-fikri uğurlarının
öyrənilməsinə, tədqiq və təbliğinə maraq göstərir, bunlarsız
böyük ədəbiyyatın
yaranmasını mümkün
hesab etmirdi. Köçərlinin Tolstoydan,
Puşkindən, Lermontovdan,
Çexovdan, Turgenevdən
tərcümələri, Şərqin
və Qərbin böyük ədəbi simalarından, klassiklərindən
araşdırmalar aparması
da bu məqsədə
xidmət edirdi. Onun fikrincə, ədəbiyyatın irəli
getməsində qarşılıqlı
ədəbi təsir vacib amildir. K.Talıbzadə Köçərlinin
ədəbi fəaliyyətinin
bu sahəsinə də nəzər salır, onun rus klassikləri haqqındakı fikir və mülahizələrindən
geniş bəhs edir. Talıbzadə Köçərlinin "Nikolay
Vasilyeviç Qoqol"
adlı məqaləsini
Azərbaycan ədəbiyyatşünaslığında
Qoqol haqqında yazılmış ən yaxşı məqalə hesab edir, orada
səslənən fikirlərin
elmi əhəmiyyətini
həmişə saxladığını,
bu yazıda Qoqol yaradıcılığının,
Qoqol satira və gülüşünün
xüsusiyyətlərinin, ictimai
mənasının çox
düzgün və dəqiq açıldığını
qeyd edirdi. Kamal müəllim Köçərlinin "Puşkinin
təbi durbinə, amma Qoqolun təbi
zərrəbinə təşbeh
olunubdur. Puşkin durbin kimi məişətin
uzaq yerlərini və gözəl mənzərələrini işıqlı
va qəşəng bir halda göstərirkən,
Qoqol zərrəbin kimi yaxında olan və gözün
önündə, şüşənin
altında tərpənən
nifrətgiz həşarat
və mikrobları böyüdüb göstərir"
kimi müqayisəsini
Qoqolun Puşkindən
sonra rus realizmini irəli aparması və onu yeni bir
mərhələyə qaldırması
kimi izah edirdi.
1909-cu ildə Rusiyada böyük rus ədibi N.V.Qoqolun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunduğu günlərdə Firidun bəy onun haqqında yazdığı məqaləni bu sətirlərlə bitirmişdi: "Mirzə Fətəli Axundzadənin yüzillik yubileyi də bizim yadımıza düşəcəkdirmi və bizdə dəxi millət hissi və milliyyət damarı ayılacaqdırmı? Biz də öz ədiblərimizin şan və şərəfini, qədr və qiymətini dərk edəcəyikmi?" - bu sətirlərin yazılmasından bir əsrdən çox müddət keçir. Bu gün öz ziyalısına, düşüncə və fikir adamlarına, münəvvər şəxsiyyətlərinə böyük qədirşünaslıqla yanaşıb onlara yüksək dəyər verən xalqımız Firidun bəy Köçərlinin 160, Kamal Talıbzadanin 100 illiyini qeyd edir. Bu, böyük alimin, ömrünü xalqının, millətinin yolunda əridən tərəqqipərvər ziyalının zəhmətinin heç də hədər getmədiyini göstərir və bir əsr keçsə belə, öz varislərinin onlara verdiyi dəyərli töhfədir.
525- ci qəzet.- 2023- cü il.- 5
noyabr.- ¹- 202.- S. 15.