Qarabağda
UNEC filialı
Ədalət
Muradov: "UNEC Qarabağda filialının yaradılması
istiqamətində
zəruri tədbirləri həyata keçirməyə
hazırdır"
Xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Qarabağda UNEC-in filialının yaradılmasını
təklif edir. Rektor bildirib ki, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə təkcə Azərbaycan tarixində deyil, bütün Türk Dünyası tarixində böyük Zəfərə imza atıldı. Azərbaycanın
ayrılmaz hissəsi olan Qarabağ 30 illik Ermənistan işğalından azad edildi. Biz UNEC olaraq, işğaldan azad olunmuş ərazilərin cənnətə
çevrilməsinin reallaşdırlmasına
və Qarabağın
bərpasına töhfə
vermək məqsədilə
Qarabağda UNEC-in filialının açılmasını
təklif edirik: "Hazırda UNEC-in Zaqatalada, eyni zamanda Rusiya Federasiyasının Dərbənd
şəhərində filialları
fəaliyyət göstərir.
Filialların yaradılması
və idarəedilməsi
ilə bağlı
UNEC-in zəngin təcrübəsi və uğurlu təhsil modeli var. Bu
təcrübəni nəzərə
alaraq, UNEC Qarabağda
filialının yaradılması
istiqamətində zəruri
tədbirləri həyata
keçirməyə hazırdır". Ədalət
Muradovun təklifi ictimaiyyət tərəfindən
böyük maraq və rəğbətlə
qarşılanıb. Bildirilib ki, işğaldan azad olunan ərazilərdə
Azərbaycan Dövlət İqtisad Universitetinin
filialının yaradılması ilə bağlı irəli
sürülən təklif təqdirəlayiqdir.Azərbaycan
Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin
ən iri ali təhsil ocaqlarından biridir. Xaricdə
filialı olan, Azərbaycanda 4 dildə təhsil verən
UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi
olaraq yüksək ixtisaslı iqtisadçı kadrların
hazırlanmasında müstəsna xidmətləri var. UNEC
maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir
sıra digər istiqamətlər üzrə bir çox
regional universitetlərə örnək ola biləcək ali təhsil
mərkəzidir. Yarandığı gündən ölkə
iqtisadiyyatının tələblərinə uyğun olaraq ən
mühüm ixtisaslar üzrə iqtisadçı kadrların
hazırlanması, onların ixtisaslarının
artırılması missiyasını öz üzərinə
götürən, həm də bu işi şərəflə
yerinə yetirən UNEC-in ölkəmiz üçün insan
kapitalının inkişafına öz töhfələrini
artırmaq üçün məkanını genişləndirməsi,
Qarabağda yeni filialın yaradılması təklifinin real
olması mühüm hadisə olar.
Əməkdar
elm xadimi, professor Şahlar Əsgərov deyir ki, Qarabağda
UNEC-in müasir infrastruktura, standartlara cavab verən və zəngin
maddi texniki bazaya malik filialının açılması əlamətdar
bir hadisə olar: "İşğaldan azad olunan ərazilərdə
ali təhsil müəssisələrinin açılması zəruridir.
Bu təhsil müəssisələri regionda ixtisaslı,
savadlı kadrların sayının daha da çox olmasına,
gələcəkdə həmin ərazilərdə
bütün sahələr üzrə mütəxəssislərin
yetişməsinə zəmin yaradacaq. Fikrimcə, azad olunan
yerlərdə məskunlaşan insanların Bakıda yox,
yaşadıqları bölgələrdə ali təhsil
alması məsələsinə mütləq
baxılmalıdır. Məhz bu baxımdan bu ərazilərdə
Azərbaycan Dövlət İqtisad Universitetinin və digər
ali təhsil müəssisələrinin filialının
açılması yaxşı olar. Bu filialda ən son
texnologiya ilə təchiz olunmuş laboratoriya, idman zalı,
kitabxana təşkil edilməlidir. Təlim-tədris prosesini
yüksək səviyyədə aparmaq üçün
bütün standartlara cavab verən auditoriyaların olması
isə vacib şərtlərdəndir".Şahlar Əsgərov
qeyd edib ki, UNEC sürətli islahatlar aparılan və
inkişaf edən Azərbaycan iqtisadiyyatını lazımi
kadrlarla təmin edən əsas mənbədir: "Son zamanlar
müəllim və tələbələrdə öyrətmək
və oxumaq həvəslərinin yeni metodlarla müşayiət
olunması, universitetin reytinqinin hər il artması ictimaiyyət
tərəfindən yüksək dəyərləndirilir".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov UNEC-in rektoru Ədalət Muradovun Qarabağda universitetin filialını yaratmaq təklifini çox vacib hesab edir: "Qarabağda ali məktəb və filialların yaradılması vacibdir və bu, olacaqdır. UNEC ölkənin aparıcı universitetidir. Bu baxımdan Qarabağda UNEC filialının olması yerinə düşər. Gələcəkdə Xankəndidə də, Ağdamda da müxtəlif ali təhsil müəssisələri və filialların yaradılması zəruridir".Sahib Məmmədov bildirib ki, UNEC-də tədris olunan ixtisaslar üzrə kadrların haqırlanması sözügedən ərazilər üçün çox vacibdir: "Sürətlə dəyişən dünya reallıqlarında təhsilalanların gələcək əmək bazarında hələ mövcud olmayan bir sıra peşələrə hazır olmaları onlarda xüsusi səriştə və bacarıqların da olmasını tələb edir. UNEC-in əmək bazarının tələblərinə uyğun çevik strategiyası artıq bir neçə illərdir bu sahədə çox ciddi keyfiyyət dəyişikliklərinə gətirib. Məsələ ondadır ki, UNEC məzunu hazırda əmək bazarına hazırlıqlı, səriştəli, bacarıqlı gedir. Bu səbəbdən də Ağdamda da UNEC filialının yaradılması zəruridir".
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Qarabağda UNEC-filialının yaradılması təklifinə qatılır və dəstəkləyir: "Ağdamda UNEC filialının yaradılması çox yaxşı fikirdir. Bu, Qarabağ rayonlarının inkişafına təkan verər. Fikrimcə, Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində bölgədəki təhsil sisteminin inkişafı həlledici rol oynamalıdır. Bölgədə təhsilin inkişafı, tələb olunan sahələrə uyğun peşəkar kadrların yetişdirilməsi üçün lazımi addımlar atılmalıdır".Təhsil üzrə ekspert Elçin Əfəndi Qarabağda universitetlərin və UNEC filialının yaradılmasının əhəmiyyətinə toxunaraq deyib ki, bu layihə bölgənin daha sürətlə inkişafına təkan verəcək: "Qarabağda elə bir ali məktəb və filiallar yaradılmalıdır ki, beynəlxalq arenada rəqabətə davamlı ola bilsin. Bunun üçün peşəkar professor-müəllim heyəti formalaşdırılmalı, universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalıdır. Eyni zamanda, rəqabətqabiliyyətli ixtisasların açılması təmin edilməlidir. Məsələn, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kosmik texnologiyalar mühəndisliyi, uçuş aparatlarının hazırlanması mühəndisliyi, silah hazırlığı mühəndisliyi, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, informatika müəllimliyi, mühasibat, maliyyə, dövlət və bələdiyyə idarəetməsi, menecment, biznesin idarəolunması, coğrafiya müəllimliyi, beynəlxalq münasibətlər, beynəlxalq jurnalistika, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, tarix, tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, ingilis dili və ədəbiyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, tərcümə, tibb, ictimai səhiyyə, beyin cərrahlığı, biotibbi texnologiya mühəndisliyi, gen mühəndisliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, musiqi nəzəriyyəsi, muğam sənəti və xanəndəlik, idman və s. ixtisaslar olmalıdır. Həmçinin peşəkar müəllimlər cəlb edilməli, əsasən Türkiyə və Avropa ölkələrində təhsil almış yüksəkixtisaslı kadrlara - vətəndaşlarımıza üstünlük verilməlidir. Başqa xarici ölkələrin yüksəkixtisaslı kadrları da təhsilverən qismində prosesə cəlb edilməlidir. Xarici ölkə vətəndaşlarının Ermənistan istisna olmaqla universitetə qəbulu həyata keçirilməlidir. Çünki bunun Qarabağın təbliğatını aparmaq baxımından əhəmiyyəti böyükdür. Digər tərəfdən xarici tələbələri universitetə cəlb etmək üçün ali məktəbin həm kampusunun, həm də yataqxanasının olması vacib məqamdır. Bu, həm də yerli tələbələrin rahat təhsil almaları üçün olduqca əhəmiyyətlidir. Təbii ki, sadaladığım bu detallar Qarabağda yaradılacaq universitetlərin, UNEC filialının təşkili prosesində nəzərə alınarsa, yaxın illərdə həmin təhsil müəssisələri dünya universitetləri ilə rəqabət aparacaq səviyyəyə çata bilər" .Millət vəkili Fatma Yıldırım bildirib ki, Qarabağda ali təhsil müəssisələrinin, filialların yaradılması böyük əhəmiyyət kəsb edir: "Qarabağda universitet, universitet filiallarının yaradılması çox önəmlidir. Düşünürəm ki, bu ali təhsil müəssisələrində ilk növbədə Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. Bu ali təhsil müəssisələrinə, filiallara xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır. Yəni bu təhsil ocaqlarının beynəlxalq əlaqələri yüksək səviyyədə qurulmalıdır".Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, UNEC-in rektoru Ədalət Muradovun təklifi qiymətli təşəbbüsdür: "Hesab edirəm ki, Xankəndidə də yeni keyfiyyətdə, müasir çağırışlara cavab verəcək ali və orta ixtisas müəssisələri yaradılsın. Bu, Azərbaycan ictimaiyyəti tərəfindən də çox böyük rəğbətlə qarşılanar. Professor Ədalət Muradovun Qarabağda UNEC filialı yaratmaq təklifinə yəqin ki, digər universitetlər də qoşulacaq. Hətta Xankəndidə Beynəlxalq universitetlər və elmi tədqiqat mərkəzləri də qurmaq olar".
Sevinc Qarayeva
525- ci qəzet.-
2023- cü il.- 5 noyabr.- №- 202.- S. 7.