Vətənə yol əsgərdən
keçir
Bu yazının başlığını oxuyanda, ola bilər, kimsə bunun bir bədii ifadə vasitəsi mübaliğə olduğunu fikirləşsin. Əslində isə bu nə mübaliğə, nə də bir müəllif uydurmasıdır. Bir yazı hazırlayanda və öz fikirlərimi ifadə edəndə mütləq reallığa və faktlara əsaslanmağa çalışıram. İndi baxaq, "Vətənə yol əsgərdən keçir" ifadəsində hansı faktlara əsaslanırıq?
Döyüş nizamnaməsinə görə, istər müdafiə, istərsə də hücum döyüşləri zamanı əsgərlə əsgər arasında 10 metrə qədər məsafə olmalıdır. Vətən torpaqlarına işğalçılıq məqsədi ilə təcavüz etməyə cəhd göstərən düşmən ilk növbədə, sərhədboyu müdafiə səngərlərimizdə 10 metrdən bir dayanmış əsgərlərimizlə qarşı-qarşıya gələcək. Sözsüz ki, Vətənimizin müdafiəsində dayanmış Azərbaycan əsgəri təpədən-dırnağa qədər silahlanmış azğın düşmənə qarşı cəsarətlə döyüşərək onu geri çəkilməyə məcbur edəcək.
Bu mövzuda uzun illər şəxsi heyətin mənəvi-psixoloji təminat sahəsində bir yerdə xidmət etdiyimiz, böyük təcrübəyə və hərbi elmi biliyə malik yaxın dostum general-mayor Elman Orucovla xeyli müzakirə apardıq. O, döyüşçülər arasında döyüş zolağında olan 10 metrəyə qədər məsafəni hərbi-elmi cəhətdən qısa olaraq belə izah etdi: "Hərbi-elmi taktika bölməsinin akademik hesablamalarına görə, döyüş meydanında verilən tapşırığı yerinə yetirmək üçün hücum edən bölmənin döyüşçüləri arasında ara məsafəsi 10 metrə və daha çox olan zaman döyüşçünün sağ qalma və verilən döyüş tapşırığını yerinə yetirmə ehtimalı artır. Bu ara məsafəsi müdafiə olunan bölmənin atəş sıxlığından, atəş sıxlığı isə müdafiə olunan bölmənin şəxsi heyətinin və atıcı silahlarının sayından asılıdır".
Ölkəmizin müdafiəsində fiziki və əqli cəhətdən sağlam olan hər bir kişi vətəndaşa bu ölkədə 10 metrə qədər torpaq payı düşür. Elə buna görə ölkə vətəndaşı olan hər bir kişi onun payına düşən bu 10 metrə qədər torpaq payını qorumaqda borcludur.
Tarixə nəzər salanda görürük ki, torpağın, Vətənin, millətin, dövlətin taleyi həmişə cəsur döyüşçülərin, ağıllı sərkərdələrin, müdrik dövlət başçılarının, uzaqgörən siyasətçilərin çiyinləri üzərində daşınıb və daşınır.
Əsgər torpaq qədər müqəddəsdir, çünki torpaq üzərində onun qanı tökülür. Torpaq öz gücünü, qüdrətini, dəyərini əsgərdən, əsgər dəyanətindən alır. Vətənin şərəfi də, şöhrəti də məhz belə oğullar, belə qəhrəmanlardır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Əgər qan tökülmürsə, o Vətən Vətən deyil, şəhid olmasa, o Vətən müstəqil ola bilməyəcək".
...1992-ci il aprel ayının 10-dan 11-nə keçən gecə səhər saat 05:00 radələrində erməni terrorçu-quldur dəstələri yeni seçilmiş "prezident"in rəhbərliyi ilə Füzuli rayonunun Cəmilli kəndinə qəflətən hücuma keçdilər. Düşmənin məqsədi kəndi ələ keçirməklə qonşu Qacarlar kəndini mühasirə vəziyyətinə salmaq, onun işğalını asanlaşdırmaq, bununla da Qırmızı bazar qəsəbəsinin etibarlı müdafiəsini təmin etmək, Füzuli-Şuşa çöl yolunu bağlamaq idi.
Həmin dövrdə Füzuli rayonunun müdafiəsini təşkil və təmin edən yeganə silahlı bölmə Füzuli Ərazi Özünümüdafiə taborunun və rayon Polis Şöbəsinin çevik polis bölmələrinin döyüşçüləri idi. Füzuli Ərazi Özünümüdafiə Taborunun bölmələri, yüzlərlə, minlərlə füzulili tabor komandiri mərhum polkovnik-leytenant Mobil Yusifovun rəhbərliyi altında əks-hücuma keçdi. Gün ərzində qanlı döyüşlər aparıldı, döyüşçülərimiz düşmən üzərində üstünlüyü ələ aldı. Ağır zərbələrə məruz qalan düşmən onlarla canlı qüvvə itirərək geri çəkildi. Düşmənin quldur dəstələri darmadağın edildi.
Düşmənin bölük dayaq məntəqəsindən döyüşü seyr edən "prezident" Levon Mıkırtıçyan döyüşçülərimiz tərəfindən endirilən sarsıdıcı zərbələr nəticəsində ölümcül yaralanmışdı. Döyüşçülərimiz xeyli silah-sursat və bir ədəd "BTR-60" zirehli maşını qənimət olaraq ələ keçirmişdilər.
Bizim tərəfdən Azərbaycanın Milli Qəhrəmanı, polis baş leytenantı Pəhləvan Fərzəliyev və onun döyüş yoldaşları şəhid oldular.
Uğurlu qələbədən iki gün sonra tabor komandiri mərhum polkovnik-leytenant Mobil Yusifov taborun idarə heyəti ilə yığıncaq keçirərkən bildirdi ki, "11 aprel günü bizim üzərimizə döyüşə gəlmiş qondarma respublikanın "ilk prezidenti" Levon Mıkırtıçyan həmin gün ağır yaralanıb, bu gün isə aldığı yaraların nəticəsində xəstəxanada ölüb. Erməni KİV-ləri bu məsələni ört-basdır etməyə çalışır ki, guya ona iş otağında sui-qəsd edilib. Ancaq bizə sızan kəşfiyyat məlumatına görə, o, bizim döyüşçülərimiz tərəfindən 11 aprel günü əks-hücum döyüşlərində zərərsizləşdirilib".
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Aslan Mehdiyev Cəmilli-Qırmızı Bazar istiqamətində aparılmış əks-hücum döyüşlərində iştirak edən bütün döyüşçülərə təşəkkür etdi.
...1993-cü
ilin yanvar ayının 4-ü idi. Qarabağda ağır döyüşlər gedirdi.
Səhərə yaxın
ermənilər Füzuli
rayonunun Aşağı
Veysəlli kəndi istiqamətində qəflətən
hücuma keçmişdilər.
Bölmələrimiz düşmənə
qarşı müqavimət
göstərirdi. Ağır
və qanlı döyüşlər nəticəsində
düşmən ağır
itkilər verərək
geri çəkilməyə
məcbur oldu. Düşmən tərəfindən
Daşnaksütyun partiyasının
fəallarından biri,
tabor komandiri, uydurma
"əfsanəvi qəhrəman"ları
Şumayis başda olmaqla öldürülən
ermənilərin cəsədləri
tərəfimizdən ələ
keçirildi. Bizim də itkinlərimiz olmuşdu. Kənd sakinlərindən də həlak olanlarımız
var idi. Allah şəhidlərimizə
rəhmət eləsin!
Döyüşün sonunda biz şəhid olmuş əsgərlərimizin cənazəsi
ilə Aşağı
Veysəlli kənd orta məktəbinin qarşısında vidalaşırdıq.
Əsgərlərimizin şəhid
olması bizi sarsıtmışdı. Mən
Şəmkir rayonunun Kür qəsəbəsindən
olan əsgərimiz Elçin Bağırovun nəşini görəndə
daha çox kədərləndim. Elçin
uşağ ikən hər iki valideynlərini
itirmişdi, səmimiyyəti,
mədəniyyəti, cəsarəti
ilə hamının hörmətini qazanmışdı.
O, valideynləri ilə
birlikdə Qərbi Azərbaycan torpaqlarından
didərgin düşərək
müvəqqəti olaraq
Kür qəsəbəsində
yerləşmişdi. Onu
da qeyd edim ki, Elçin həm də nişanlı idi. Deyirdi ki, müharibə qurtaran kimi toyum olacaq,
sizi də toyuma dəvət edəcəyəm. Briqada komandiri, hazırda Heydər Əliyev adına Azərbaycan Milli Müdafiə Universitetinin
rektoru, general-leytenant Heydər Piriyev və Füzuli rayon İcra Hakimiyyətinin sabiq başçısı
Nofəl Qasımov (oğlu, şəhid baş leytenant Səid Rəşidzadə
2020-ci ilin oktyabrında
Hadrut qəsəbəsinin düşmənlərdən
azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına
həlak oldu. Allah şəhid qardaşımıza
rəhmət eləsin!)
da şəhidlərimizlə vida mərasimində iştirak edirdi.
3-cü bölüyün feldşeri
Zülfi mənə yaxınlaşdı, əsgər
Elçin Bağırovun
cənazəsini göstərib
hüznlü şəkildə
dedi: "Heç bilirsiz nə olub? Bu gün səhər "qalx" komandasından sonra əsgər Elçin Bağırov mənə yaxınlaşıb dedi
ki, "Zülfi əmi,
səhərə yaxın
maraqlı bir yuxu görmüşəm.
Yuxuda gördüm ki,
Aşağı Veysəlli
kənd orta məktəbinin qarşısında
bütün əsgər
yoldaşlarım və
komandirlərim mənə
toy edirdilər. Gördüm
ki, valideynlərim də
yanımdadır. Hamı
məni təbrik edir, xeyir-dua verirdi. Mən ətrafıma baxıb fıkiləşdim ki, yaxşı,
bunlar məni hansı qızla evləndirirlər, o qız
kimdir, haradadır? Mən yanımdakı adamlardan və əsgər yoldaşlarımdan
soruşdum ki, bəs mənim gəlinim hanı? Heç kim mənə cavab vermir və
qarma-qarışıq şəkildə
rəqs edirdilər. Mən bir də
ətrafıma baxdım,
görüm mənimlə
toyu olan qız kimdir. Bu zaman məktəbin damındakı
bacadan ağ gəlinlik duvağında
bir qızın mənə baxaraq gülümsəyə-gülümsəyə
əl etdiyini gördüm. Mən onu çağıraraq, sən orada nə edirsən, gəl yanıma dedim. Qız sanki məni nə görür, nə də eşidirdi. O da gülə-gülə
mənə əl edir və məni
yanına çağırırdı.
Sonra qız məktəbin
damındakı bacanın
qapısını örtərək
yox oldu. Bu zaman mən yuxudan oyandım, gördüm
ki, qan-tər içindəyəm.
Bu yuxunun mənası
nədir?" Mən ona dedim ki, Allah xeyirə calasın, toy, şənlik görmüsən,
yaxşı olar. Elçin yuxusunu mənə danışdıqdan
təqribən 40-45 dəqiqə
sonra ermənilər qəflətən hücuma
keçdilər. Elçin
döyüşdə həlak
oldu".
Feldşer Zülfünün bu
söhbətindən sonra
sanki damarlarımda qanım dondu. Uşaqlıqdan həmişə
eşidərdim ki, yuxu
tərsinə yozular. Ancaq onun belə
reallığa çevrildiyini
görməmişdim.
Vətəni, torpağı uğrunda
düşmənə qarşı
döyüşən əsgəri
yalnız bir şey düşüdürür:
Vətənini, torpağı
qorumaq, müdafiə etmək, düşmənə
bir addım da olsun irəli keçməyə imkan verməmək. Həmin anda əsgərin gözü önündə
onun şəxsi arzuları yox, yalnız milli dövlətçilik
maraqları dayanır.
Çünki hər şey torpaq uğrundadır. Bizim arzularımız, istəklərimiz,
millətimiz, dövlətimiz,
ata-babalarımızın qəbri,
ana-bacılarımızın namusu, bir sözlə,
nəyimiz varsa, hamısı bu torpağın üzərindədir.
Əgər bu torpaq varsa, yuxarıda
sadaladığımız hər
şey bizimdir, bizimlədir və bizimlə olacaq.
...Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin
1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıdışı xalqımızı
bütün bəlalardan
xilas etdi.
1993-1994-cü illərdə Qarabağ cəbhəsində
gedən qanlı döyüşlərdə düşmən
hücumlarının qarşısının
qətiyyətlə alnaraq
dayandırılması və
döyüş cəbhəsində
dönüş xəttinin
yaradılması məhz
böyük rəhbərimizin
adı ilə bağlıdır.
1994-cü
ilin yanvarın 4-dən
5-nə keçən gecə
hücuma keçərək
yeni ərazilər əldə
etməyə cəhd göstərən azğın
düşmənin niyyəti
əvvəlcədən bəlli
oldu. Həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
Heydər Əliyev düşmənə layiqli
cavab verilməsi haqqında Azərbaycan Silahlı Qüvvələrinə
əmr verdi. Həmin gün düşmənin hazırlamış
olduğu döyüş
niyyəti pozuldu. Azərbaycan Ordusunun Füzuli rayonu ərazisində yerləşən
qoşun hissələri
əks-hücuma keçərək
Əhmədbəyli-Horadiz və
Beyləqan-Xocavənd istiqamətində
yerləşən düşmən
bölmələrini bir
neçə saatın
ərzində darmadağın
edərək inamla irəliləməyə başladı.
Qoşunlarımız döyüş
cəhbəsinin şimalında
Nərgiztəpə yüksəkliyi
uğrunda döyüşləri
davam etdirdi, cənubda isə Horadiz şəhəri və xeyli yaşayış
məntəqələri düşməndən
təmizləndi. Bu uğurlu
döyüş əməliyyatının
nəticəsində Azərbaycan
Silahlı Qüvvələrinin
şəxsi heyəti
arasında böyük
ruh yüksəkliyi yarandı. Polkovnik Şair Ramaldanov, mərhum polkovnik Vahid Osmanov, polkovnik Nizami Mirzəmmədov, polkovnik-leytenant Ələsgər
Vəliyev, polkovnik-leytenant
Taryel Qəhrəmanov,
şəhid polkovnik-leytenant
Elxan Bağırov, şəhid kapitan Elxan Zülfüqarov, baş leytenant Zahir Həsənov, baş leytenant Rafiz Kərimov, kapitan Vüqar Paşayev, kapitan İlham Ağalarov, mayor Nizami
Abdullayev, kapitan Oruc Quliyev, leytenant Adil Balaşov, baş çavuş Vidadi Əhmədov və digərləri bu döyüşdə fərqləndilər.
Bu və cəbhənin Tərtər istiqamətində
aparılmış əzmkar
döyüşlərin ardınca
düşmən atəşkəsə
məcbur edildi. Bundan sonra xarici
dövlətlərdə Azərbaycana
qarşı inam və etibar daha da gücləndi, dünyanın ən böyük dövlətləri
ilə iqtisadi müqavilələr bağlandı.
Ölkə iqtisadiyyatının
sürətli inkişafı
nəticəsində silahlı
qüvvələrimizin maddi-texniki
təminat bazası daha da gücləndirildi və növbəti illərdə qazanılacaq
böyük nailiyyətlərin
əsasını qoydu.
Bu yüksəlişin üfüqlərində
Müzəffrə Ali Baş
Komandan cənab
İlham Əliyevin sərkərdəliyi
ilə şanlı Zəfərlə sonunclanacaq,
düşməni kapitulyasiyaya
vadar edəcək
2020-ci ilin 44 günlük
Vətən müharibəsi,
düşmən üzərindəki
tam və qəti qələbəmizi yekunlaşdıracaq
2023-cü antiterror tədbirləri görünürdü...
Mirqiyas Seyidov
525- ci qəzet.- 2023- cü il.- 7 noyabr.- ¹ 203.- S.
12.