Oxunmamış səhər qəzetləri
Allah hamı kimi, ona da bir cüt
göz vermişdi. Amma
Pərvərdigar ona həm də hər kəsdə olan iki gözdən
qat-qat çox görmək
qabiliyyəti də bəxş etmişdi. Və bu, elə
müstəsna bir qabiliyyət idi ki, çoxları kimi, yaşa dolandan sonra onun da gözlərinin
işığı azalsa,
rahat oxuyub-yazmaqçün
eynəyə ehtiyacı
yaransa da, əvvəlkindən
də dərin, əvvəlkindən də
iti, əvvəlkindən
də dəfələrcə
aydın görməyə
başlamışdı.
1963-cü
ilin aprelində onun yaşı 61 idi, yaxşını da, yamanı da hər kəsdən sərrast görməyə qadir gözlərinin əbədi
yumulmasına üç
aydan da az qalırdı və o, təzə şeirlərini
yazırdı, həmin
yeni şeirlər ilk dəfə
səslənən misralarıyla
bir daha sübut edirdi ki, Allahın bu adama bağışladığı
bir cüt göz gəncliyindəkindən
də incəliklə
görə bilir.
Cavan çağlarında göydən
səpələnən yağışı
görərkən yağmurun
nə demək olduğundan, uçan damlaların necə yarandığından gözəlcə
xəbərdar olsa da,
səmadan çilənən
damcılar selinə sadədil heyranlıqla baxır, həmin gözəlliyi məftunedici
zərifliklə də
şeirə döndərirdi.
Vaxt ötdü, yaşa doldu, gördükləri, bildikləri
yüz kərələrlə
artdı, amma yeniyetməliyində, gəncliyindəki
həmin sadədil valehlik onu tərk
etmədi, ömrün
bitər-bitməzində, özünə
"qoca" dediyi ahıl sinnində də yenə əvvəlki məsumluğu
ilə növbəti dəfə göydən gələn bu əsrarəngiz axışa,
bu şırıltıdakı
musiqiyə valeh oldu, yenə bir uşaq, yeniyetmə kimi duyğulandı. Lakin bir fərqlə ki, indi içərisindən keçmişdəkilərindən
fərqli qüssəqarışıq
bir dilək və arzu keçirdi.
Arzulayırdı ki, yağışlar
yenə onun uşaq, yeniyetmə olduğu vaxtlarındakı
kimi təmiz olsun, yenə çocuqlar yağışın
altında sevinclə qaçıb oynaya bilsinlər, yenə insanlar, onillərlə uzaqda qalmış dünənlərdəki kimi,
pəncərələrini şüşəni
döyəcləyən yağışa
arxayınca taybatay aça bilsinlər ki, bu saf damlalar
onların da üzünə-gözünə
çilənsin...
İndi onun ürəyindən bir zamanlar hər
şeyi yuyub təmizləyən yağışın
özünü çirkdən-pasdan
arıtlamaq üçün
suya çəkmək
keçirdi:
Yağmurları təmizləməli,
Yenə
günəş kimi parlatmalı yağmurları.
Həyatdan ayrılmasına üç
aydan da az qalırdı, ancaq yenə bütün ömrü uzunu olduğu kimi, hər üzü ilə sevdiyi bu dünyanı bir az da saf,
bir qədər də gözəl etmək istəyi çırpınırdı ürəyində.
1963-cü
ilin baharı idi, böyük Nazim Hikmət son qayıdışsız
gedişinin astanasında
idi və daha gəncliyində, uşaqlığında olan
sayaq, indiki yağışların sən
deyən təmiz olmadığını bilsə
də, bu çirklənmiş yağışları
yuyub-təmizləməyin gərək
olduğunu söyləsə
də, hər halda elə o uzaqda qalmış dünənlərdəki səmimiyyəti
ilə yenə inanırdı. Asfaltdakı,
yağmurdan qalan aynalarda göyün yerə çökmüş
maviliyinə baxıb valeh qalan bu
möcüzə insan
inanırdı ki, hətta
dumduru yağışı
belə, bəyazlı-mavili
göyçək buludları
belə adamlar çirkaba bulaşdırıb
zəhərləsələr də, yenə yağışda - göy
üzündən, buluddan
daman nur gilələrində
ayrılıqları silib
təmizləyəcək qədər
ilahi güc qalmaqdadır:
Yağmurun içindən müjdələr
gəlir,
Yağmurun içindən uçaqlar
uçar.
Yağmurun içindən günəş
açılar,
Ayrılıq arxada, çox uzaqlarda
Sildin ayrılığı, bahar
yağmuru,
Məndən mutlu adam varmı dünyada?
Əlbəttə ki, böyük şair,
siz bu əzablı
və əziz, dərdli və səadətli, həm nəhayətsiz qədər
əngin, həm də ovuca sığacaqmış
qədər kiçik
dünyamızın, bu
məhrəm yuvamızın
özünü "bəxtiyar"
saymağa haqqı olan ən nadir insanlarındansınız!
Yerin-Göyün adicə yağışını
da insanca görən,
bala nəvazişi çəkirmiş kimi o yağışın da halına
yanan, qeydinə dalan, qayğısına dalan, o yağışın
hər təzə gəlişi ilə riqqətlənən, o yağışın
hər zərrəsində
min bir gizlinci görə bilən, gördüklərini də
heç kəsin edə bilmədiyi gözəllikdə sözə
çevirməyi bacaran
ölümsüz adama
elə "xoşbəxt"
sözü yaraşar.
"Xoşbəxt" və
"bəxtli" kəlmələri
sanki eyni olsalar da, hər halda məna çalarları da var. Nazim Hikmət
həm də bəxtli - naxışı
gətirən, şanslı
bir insan idi və bütün
ürəyini, ruhunu şeirə qatıb insanlara bağışlayan,
bunca səxavət yiyəsi olan insana tale də, əlbəttə ki, hərdən-hərdən
gülümsəməli idi.
1966-cı
ildə buraxılmalı
olduğu dustaqlıqdan
1950-ci ildə azad edildi. Az sonra - 1951-ci ildə gəldi Sovet İttifaqına.
Və Moskvada hava limanında
yerə endikdə onu ilk qarşılayanlardan
biri Radi Fiş idi. Sözə
münasibətdə çox
həssas olan, şairanə düşünən
Radi Fişlə yollarının SSRİ-yə
biryolluq gəlişinin
lap əvvəlindən kəsişməsi
də Nazimin ömründəki bəxt
gülümsəməsi idi.
Radi Fiş Nazimə qəlbən bağlandı, illərcə
onun irsini araşdırdı, özü
ilə təmaslarda oldu, Nazimi yaxşı
tanıyanları danışdırdı,
çox yazılar qələmə aldı və böyük şair haqqında "Görkəmli adamların
həyatı" silsiləsindən
nəşr edilən cildin də müəllifi oldu (Radi Fişin düşüncəsində dilə
gələn hər sözlə bağlı dərhal assosiativ obrazların yaranmasını
onunla ilk görüşümüzdən
tutmuşdum, yazılarını
oxuduqca da bu qənaətim möhkəmləndi.
1985-ci ilin bir qış axşamında
Moskvada Anarla SSRİ Yazıçılar İttifaqının
qısaca "ÜDL" deyilən
- Mərkəzi Ədəbiyyatçılar
Evinin məşhur restoranında şam edirdik. Qonşu stolda əyləşmiş
Radi Fiş Anarı görüncə
əlində elə
biz içdiyimiz italyan
şərabı ilə
dolu qədəh masamıza yaxınlaşdı,
hal-əhval tutdu, bunu da soruşdu ki, "Çto za Pervıy Sekretarğ u vas takoy nepriliçnoy familiey?"
- "Sizin belə biədəb soyadlı Birinci katibiniz necə adamdır?" Aydın məsələdir
ki, ixtisasca türkoloq
olan, Azərbaycanı
da yaxşı tanıyan
Radi Fiş bilirdi ki, Bağırov da Cəfərov, Həsənov,
Ağayev kimi sıradan olan familiyalardan biridir. Amma belə soruşması da səbəbsiz deyildi. Bu soyad onun hər
sözdə dərhal
bir obraz arayan düşüncəsində
Mircəfərlə həmahənglik
yaratmışdı və
sualı verməsində
də hər halda bu maraq
da olmamış deyildi
ki, bu necədir, qəddar soyaddaşına
hər hansı bənzərliyi yoxdur ki?).
Nazim Hikmətin bəxti bu baxımdan da ayaq üstə idi ki, azərbaycanlı Əkbər Babayev Moskvada yaşayırdı, qismət
onları birləşdirdi,
Əkbər yalnız
Nazim Hikmətin ən
yaxşı tədqiqatçısına,
tərcüməçisinə, təqdimçi və təbliğçisinə deyil,
həm də daim yanında olan etibarlı həmdəminə, sirdaşına
çevrildi, şair haqqındakı ilk böyük
kitabı yazan da, Bolqarıstandakı "Narodna
Prosveta" nəşriyyatında
işıq üzü
görən səkkiz
cildlik külliyyatını
da toplayıb çapa
hazırlayan o oldu.
Yəni
Nazim qərib ömrü
yaşadığı, layiq
olduğunca yarımadığı
bu dünyada ən azı bu baxımdan şox şanslı idi ki, onun yaradıcılığı
ilə bağlı olanlar, haqqında yazanların hər biri ona sadəcə
barəsində araşdırma
apardıqları növbəti
bir ədib kimi yanaşmırdılar,
həm də Nazimi qardaş, doğma, özününkü
bilirdilər.
Yazıçı, alim, jurnalist Aqşin Babayev Nazimə sevgini həyatı boyu daşıyanlardan idi. İlk gəncliyindən, tələbəlik çağlarından
başlayaraq ömrünün
axırınacan sədaqət
və məhəbbətlə
Nazim Hikməti öyrəndi, əsərlərini
tərcümə etdi,
insanlarla Nazimli xatirələrini bölüşdü,
çalışdı ki,
Nazim Hikmətin surəti həmişə
günümüzün içərisində
olsun. Aqşin Babayevin Nazim Hikmət haqqındakı son işi "Nazim Hikmət qalaktikası" adlı kitabı oldu. Əsərə ön söz əvəzi yazdığı qısa başlanğıcda həm
Nazim Hikmətə sevgiylə yaşamış
ömrünün bütöv
mənzərəsi vardı,
həm də son nəfəsinədək
Nazimlə olacağı
əhdi: "1957-ci il.
Azərbaycan Dövlət
Universitetinin iclas salonu. Nazim Hikmət
kürsüdədir. Biz
tələbələr uzaqdan-uzağa
seyr edirik onu. Gur səsi
dalğa-dalğa yayılır:
"Bu müqəddəs,
bu qutsal evinizə - Darülfununuza
çağırdığınız üçün təşəkkürlər
edirəm". 1961-ci il.
Şairin evində onunla üzbəüz oturmuşam. İnana bilmirəm ki, "mavi gözlü dev"lə görüşmüşəm.
1962-ci il. Şair Bakıda qonaqdır. Radio jurnalisti kimi səsini lentə yazıram. Ayrılanda deyir: "Müdafiə edəndə
məni çağır,
unutma". 1963-cü il. Nazimin
qəfil ölüm xəbərini eşidirəm.
Uşaq kimi ağlayıram. 1972-ci il. Şairin
vətəni Türkiyədəyəm.
Üç illik işləməyə gəlmişəm.
Nazimin həsrətində
olduğu, bircə dəfə də görmədiyi Toros dağlarından
keçirəm. Adana şəhərində
kitab mağazasında bir
türk "Bizdə vətən xaininin kitabı satılmaz deyir". Baxıram türkə, ürəyimdən
qara qanlar axır. Amma çox keçmədən bu xəyal qırıqlığı
tərk edir məni. Türkiyədə
tanış olduğum
dostlar - Ercan, Kamal, Yusif Nazimdən şeirlər deyirlər. Sevinirəm. Demək, türklər Nazimi sevirlər. 1976-1991-ci illər
- radioda işlədiyim
illərdə Türkiyədən
gələn qonaqları
- Haldun Taneri, Əziz Nesini, Kamal Bayramı, Vedat Türkelini, Oktay Akbalı, Asim Bezercini və başqa sənət xadimlərini qarşılayıram. Sözümüz,
söhbətimiz Nazim Hikmətdəndir.
1978-ci il. Nazim Hikmət haqqında
kitabım Bakıda
"İşıq" nəşriyyatında
çap olunur.
1996-cı il. Doktorluq dissertasiyası.
Onun da böyük qismi Nazim Hikmətə həsr olunub. 2000-ci il. "Yüz yaşlı Nazim Hikmət" adlı kitabım işıq üzü görür.
Nazim Hikmətə həsr olunmuş "Ceviz ağacı" adlı radiopyesim Azərbaycan radiosunda səslənib. İnanıram ki, gündən-günə
şöhrəti ucalan
Nazim Hikmətin gələcək
tədqiqatçıları heç olmasa bir yerdə mənim adımı çəkəcəklər. Bu, mənim üçün böyük qürur olacaq. Həyatda olsam da, olmasam da. Amma hələ ki torpağın
üstündəyəm. Nə
qədər ki torpağın
üstündəyəm, Nazimdən
deyəcək, Nazimdən
yazacağam".
Aqşin
müəllimi 2020-ci ilin
10 iyununda itirdik. Axıracan Nazimlə bağlı vədinə sadiq qaldı və 2022-ci ilin dekabrında Nazim Hikmətin
120 yaşını xatirə
gecəsi və elmi konfransla yad etdiyimiz günlərdə
də ümidi doğrulmuşdu, həm söylənən xatirələrdə,
həm də ertəsi gün gənc alimlərin Nazim Hikmətlə bağlı
çeşidli məruzələrində
Aqşin Babayevin adı kitablarından edilən iqtibaslarla tez-tez anılırdı. Oğlu Gündüz həmin məclislərdə
iştirak edirdi, onu da kürsüyə dəvət etdik, o da canlı Aqşin Babayevi yanımıza gətirdi, cib telefonunu yaxınlaşdırdı
mikrofona, düyməni
basdı və Aqşin müəllim Nazimdən danışmağa
başladı, şairin
özünün də
səsi gəldi - gənc Aqşinə müsahibə verən səsi.
Gündüz kövrəlmişdi: "Ata, "torpağın altında olsan da" demək istəmirəm, çünki
yalnız ruhun burada deyil, varlığınla
burada, səni unutmayan qiymətli insanların arasındasan,
istəyin də doğrulub, Nazim Hikmətin
adı çəkildikcə
sən də xatırlanırsan".
...Nazim çoxdan dünyasını
dəyişib, haçandır
ki, haqq dünyasında
olduğu halda sağlığındakı kimi,
indi də onu kinlə "xain" adlandıranlar ara-sıra gözə dəyir.
Şairlərə, dühalara qarşı
bu amansızlıq insanlarda haradan qaynaqlanır? Elə bil hamı onları
özlərinə borclu
sayır, belə hesab edirlər ki, onlar həm xalqın xidmətində durub gözəlliklər yaratmalı, həm də hər məşəqqətə tab gətirməli,
öz şəxsi həyatları, təminatları,
hətta dirilikləri
barədə düşünməməlidirlər.
Parlaq zəka və istedad sahiblərinə, seçkin
aydınlara xalqın daim buyruğa hazır olmalı borclular kimi baxmaq, bir az
da qısqanclıqla yanaşmaq
vərdişi insanlarda
keçmişlərdə də
olub, elə indi də var. Nazim bir başqa məfkurəyə ömrünün
hansısa mərhələsində
bağlanıbmışsa, xaindir, Nazim labüd ölümdən canını
qurtararaq SSRİ-yə
keçibmişsə, satqındır.
Gərək Türkiyədə
həbsxanada qalaymış,
gərək Sovet İttifaqına gəlməyəymiş,
elə türmədə
çərləyib öləymiş.
Bəs onda həbsxanadan qurtulandan sonrakı 10 ildən artıq müddətdə
yazdığı, oxuyub
ləzzət aldığınız,
gələcəkdə də
nəsil-nəsil insanların
mütaliə edib feyziyab olacağı əsərləri kim yazacaqdı? Niyə hər yerindən duran elə zənn edir ki, o, daha haqlıdır və özündən
min dəfələrlə qat üstünlərin başına
ağıl qoymaq səlahiyyətinə malikdir,
niyə parlaqların,
seçilmişlərin yaratdığı
neçə-neçə əsərdə
onların böyüklüyünü
hətta sözlə ifadə etməsəniz də, hər halda görürsünüz,
o əsərlərdən ləzzət
də alırsınız,
faydalanırsınız da, amma döşünüzə
yatmayan, baxışlarınıza
tən gəlməyən
bircə fikrinə, cümləsinə görə
onları yerdən-yerə
vurmağa da hazır olursunuz? Niyə düşünmürsünüz ki, başqa bütün məqamlarda haqlı görünən o zəkalar
bəlkə elə sizin razı olmadığınız məqamlarda
da haqlıdırlar, haqsız
olan sizsiniz, onların da elə etmək, elə deyib-yazmaqçün də
öz məntiqləri,
əsaslandırmaları var və nə təhər olur ki, hər nöqteyi-nəzərdən
sizdən artıq olanlar bu yerdə
sizdən aşağı
oldular, bəlkə elə yenə düz olan onlar,
səhv edən sizsiniz?
Bu, təkcə Nazim söhbəti
də deyil, yalnız bizlərə, bizim zamanlara aid də nisgil deyil. Hər yerdə, hər zaman nuru göz qamaşdıran
aydınlara qarşı
belə yekəxana iddialara da, qınayıcı
ittihamlara da, belə qeyd-şərtsiz borcluçıxarmalara
da rast gəlinib.
Axı insafa dinin yarısı
deyiblər. İmanlı
olmaq istəyən gərək bunu da unutmasın ki, bəzən
nələrisə güzəştə
gedəndə də onların indi qınadıqları və
əslində onlardan dəfələrlə dərin
və uzaqgörən
olanlar daha mühüm olan nələrisə xilas etməyə, nələrisə
qorumağa, nələrisə
yaşatmağa müvəffəq
olublar. Qarşısında
onlara daha güclü məntiqi ilə susdurucu cavab verməyə hazır olanları görməyib özünü
küll-i ixtiyar sahibi prokuror kimi təsəvvür edib ayaqlarının tozuna dəymədikləri
haqqında hərzə-hərzə
yazıb-danışan, idbarcasına
hökmlər verən
cılızlar son sözün
məhkəməninki olmasını
heç vaxt unutmasınlar. Ölməzlərin,
üstünlərin, parlaqların
məhkəməsinin hakimisə
heç zaman yanılmayan
və həmişə
ədalətli Tarixin özü olur!
Başqaları cəhənnəm, özü
də SSRİ-dən çıxmış, Sovet
İttifaqında ali hərbi təhsil almış, İkinci Dünya savaşı -
1941-1945-ci illər davasında
faşistlərlə əməkdaşlığa
başlamış, almanların
Sovetə qarşı
döyüşməkçün yaratdığı Azərbaycan
legionuna rəhbərlik
etmiş, faşistlərlə
əməkdaşlığa da əqidə naminə deyil, milli maraqlara xidmət üçün
yararlanma fürsəti
kimi baxaraq getmiş mayor Əbdürrəhman
Fətəlibəylinin - Əbo
Düdənginskinin 1954-cü ildə "Türk izi" dərgisində çap olunmuş, Nazimi xəyanətdə suçlayan yazısı daha artıq qəlb incidir. Mən mayorun taleyindən yaxşı xəbərdaram, onunla əlaqədar qovluqlarla sənədim var, neçə
silahdaşını dinləmişəm,
o cümlədən, yavəri
olmuş Kərrar Ələsgərovla illər
öncə müfəssəl
söhbətlər etmişəm
və onu faciəvi bir sima sayır, yalnız sovet ideologiyasının yox, bir para alimlərin,
sovet-alman davasında əzizlərini itirmiş
sadə insanların birmənalı şəkildə
"düşmən, vətən
xaini" adlandırmasına
rəğmən də,
xain-filan hesab etmirəm. Ancaq hüquqi və mənəvi baxımdan xain adlandırılmağa
daha çox layiq olanın Nazimi "xain" adlandırmasını da rədd
edirəm, onun Nazimə hansı işləri görməli
olması haqda dərs deməsini də cahil sayıqlamalar
kimi dəyərləndirirəm.
Çox da ölünün
dalınca danışmazlar,
ölünün yazdığı
diridirsə, danışarlar,
o yana da keçərlər.
Nazim, olsun ki, bir vaxtlar kommunizm ideallarına sidq-ürəkdən
inanmışdı da, ancaq
Sovet İttifaqına
get-gəllərindən, mənzərəni
daxildən seyr edəndən sonra onda xəyal qırıqlığı da yaranmışdı
və bunu da Nazimi tanımış, onunla dərd bölüşmüş Əkrəm
Cəfər kimi insanların mənə söylədiklərinə əsasən
yazıram. Nazimin Kommunist Partiyasını, onun liderlərini, xəttini öyən hansısa tək-tük şeirləri yüzlərlə
başqa həmişə
yaşayacaq kəskin,
cəsarətli, çərçivələri
qıran mübariz şeirlərini, fəlsəfəsi
ilə baş qəhrəmanı insan olan bütöv poeziyasını qorumaq, bu yaradıcılığa
yol açmaq, başqalarına da dayaq
ola bilməkçün bir
zireh idi.
"Nazim
Hikmət kommunist bir yazar deyil,
namuslu bir yazar olsaydı, aşağıdakı mövzular
üzrə pyeslər
yazması vacib olardı: "Krımın
Türk-müsəlman xalqından
təmizlənməsi", "Şimali Qafqazda müsəlman xalqın yox edilməsi", "Azərbaycan və Türküstanda hökm sürən müstəmləkə
köləliyi", "Sovetlərin
qucağında boğulan
Ermənistan və Gürcüstan", "Demokratik
Türkiyədəki gəlişmələr",
"Türkiyədə kommunist
totalitarizminin kökündən
çürüməsi", "Azad dünyanın zəbtedilməz
qalası Türkiyə".
Xeyr. Kremlin nökəri
Nazim Hikmət bu mövzularda yazı yaza bilməz. O, ancaq ağaları tərəfindən ona əmr edilən və sovet diktaturasının
işinə yarayan mövzularda, sifarişli yazılar yaza bilər. Sovet imperializminin işinə gələn yazılar isə həqiqətin əksidir. Buna görə
də Nazim Hikmət və ona bənzər
digər Kreml nökərləri ayaqları
ilə həqiqəti
tapdalamaqdadırlar". Əbo
Düdənginski özü
kimi düşünən
bir başqa həmqələmi ilə
Nazimdən bunları tələb edirdi və bunun mənası
o idi ki, belə et, səni Sibirə yollasınlar, güllələsinlər,
yazıb-yaratmaq imkanlarını
əlindən alsınlar.
Müdrik
Nazim, aqil Nazimsə nə etdiyini yaxşı bilirdi, çünki çox uzaqları görmək iqtidarında idi. Yaxşı anlayırdı
ki, gün gələcək,
onun digər ürəkdən gələn
əsərlərini qorumaqçün,
onlara yol açmaqdan ötrü yazdığı beş-on
şeir çıxdaş
ediləcək, dünəndə
qalacaq, gözəl şeirlərsə yaşadıqca
yaşayacaq, kitab-kitab çap
olunacaq.
Həm də o günlər çox da gec yox, Nazimin vəfatından
25-30 il sonra gəlməyə
başladı. Nazim dövrünün
hansı böyük şairinin, yazıçısının
o cür qoruyucu yazıları yox idi? İndi kitabları o yazılarsız nəşr
edilir, getməli olanlar gedib, qalmalı olanlar qalıb, daha müasir oxucu haçansa bu yaradıcılıqlara yamaq
kimi yaranmış bir ovuc ömrü
bitmiş ideoloji yazıları heç xatırlamır, yaxud doğru olaraq təlatümlü zəmanənin
törətdiyi həmin
alaqları heç
yada salmaq istəmir.
Ancaq goreşənlər, nəfsi
bəd xəbislər
indi də tapılır ki, qurdalayıb
Nazimin kommunist şeirlərini üzə
çıxarıb gözə
soxmağa cəhd edir, bunlardan böyük ustadın bütün misilsiz, müstəsna irsinə çirkab atmaqçün
istifadə etməyə
çalışırlar.
Ancaq nəcib nəzərlərlə
baxanlar hətta məfkurəcə ömrünü
çoxdan başa vurmuş o şeirlərdə
də Nazimin şair böyüklüyünü,
sözün cilasını,
fikrin söz qəlibinə yerləşdirilməsindəki
təkrarsız məharətini
görüb heyran qalmaya bilmir.
Bu da həyat tərəzisinin bir başqa qanunauyğunluğudur - nə
qədər ki gözü
çəp, qəlbi
və beyni iltihablılar tapılaraq istənilən düzü
əyri görəcək,
hökmən onların
qarşısına çıxaraq
şəri yenən, nəzərləri ilk növbədə
ən yaxşı olanı seçib ayıran dürüstniyyətlilər
də olacaq!
Tanınmış jurnalist və televiziyaçı Etibar
Babayev də atası Nazimlə dost münasibətində
olanlardandır. Danışır
ki, Nazim Hikmət 1957-ci ildə
Bakıya gələndə
"Yad adam" adlı
pyesini Akademik Teatrımızda özü
oxuyub, özü təqdim edib və bu olub
noyabr ayının
10-da. Etibarın həmin
tarixçəni bunca
dəqiqliyi ilə bilməsinin səbəbi atası, şair Adil Babayevin gündəlikləridir.
Amma həmin teatrda o vaxtacan Nazimin oxşar adlı bir başqa pyesi də oynanmışdı
- "Qəribə adam". Nazimin Bakı teatrlarında tamaşaya qoyulan hər əsəri barədə
o çağlar xeyli məqalələr yazılıb.
Ancaq 1956-1964-cü illər
arası Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri işləmiş, teatrın
səhnəsində və
tamaşaçıya görünməyən
həyatında baş
verənlərin axarında
olmuş şair Adil Babayevin gündəliklərindəki
təəssüratlar, həmin
irili-xırdalı resenziyalardan
fərqli olaraq, istiliyi soyumayan hisslərdir, gündəliyin
sətirlərindən görünən
teatr səhnəsində
rejissorla, aktyorlarla birgə əyləşib
əlindəki vərəqlərdən
pyesin mətnini ucadan oxuyan, arada eynəyini çıxarıb mətndən
ayrılan, nələrisə
izah, şərh edən dipdiri Nazimdir.
"Atam gündəliyində yazır ki, Nazim o gəlişində
bir aya yaxın
burada qaldı. Həmin müddətdə
teatrda başqa tamaşalara da baxırdı.
Nazim Hikmət Səməd
Vurğunla Moskvada
1956-cı ildə görüşmüşdü.
Amma 1957-ci ildə Nazim Bakıya
gələndə artıq
Səməd Vurğun
vəfat etmişdi və öz əsərinin səhnəyə
hazırlandığı müddətdə
tez-tez gəldiyi Dram Teatrında Səməd Vurğunun "Vaqif"inə
də tamaşa etmişdi".
Təbii
ki, Milli Dram Teatrımızın səhnəsində yüz
dəfələrlə tamaşaya
qoyulmuş "Vaqif"
haqqında elə yüz dəfələrlə
də yazılıb, illah da Ələsgər Ələkbərovun Vaqif,
Sidqi Ruhullanın Qacarı oynadığı
1950-ci illər tamaşaları
ən hərarətli
deyişlərlə dəfələrlə
mətbuat səhifələrində
də, ayrı-ayrı
tədqiqat əsərlərində
də təqdirlə təhlil edilib. Ancaq o düşüncələrini
ki Nazim Hikmət 1957-ci ilin
payızında "Vaqif"ə
baxandan sonra həmin teatrdaca yaxın bildiyi insanlarla bölüşüb,
Adil Babayev də həmin
tarixi söyləyişləri
bir uçumluq sözlər olmaqdan qurtararaq gündəliklərinə
köçürüb. Əlbəttə
ki, bu cür mülahizələr əvvəllər
lap başqa kiminsə
ağlına gəlsəydi
də, nə yazıya, nə dilə gətirməyi münasib sayardı, cızıqdan qırağa
çıxan belə
fikirlər sovet dövrünün heç
bir kütləvi nəşrində də əksini tapa bilməzdi. Ancaq Nazim düşündüyünü
deyən idi və gündəlik də qapısı təkcə sahibinə açılan mücrü
idi ki, ora nə istədiyini yerləşdirməkdə sərbəst
idin. Nazim Hikmət söyləyibmiş ki, əsər
də, tamaşa da çox gözəl idi, bu, öz
yerində, amma onlardan da gözəl olan tamaşaçılar
idi. Mənim diqqətimi cəlb edən bu oldu
ki, adətən hər
tamaşada olduğu kimi, "Vaqif"də də alqışlar səslənsə də, hər halda bir fərq də
vardı. Fikir verirdim ki, tamaşa salonunda əyləşənlər
müəyyən səhnələrdə,
azadlıq, iradə sərbəstliyi haqqında
fikirlər səslənəndə
xüsusi əl çalırdılar. Və
mən sətiraltı
mənaları tutaraq qopan o alqışları eşitdikcə duyurdum ki, Azərbaycan xalqının
içində azadlıq
eşqi çox güclüdür.
Nəğməlilik elə cövhərində olan bir çox Nazim Hikmət şeirləri Türkiyədə də,
dünyanın bir sıra başqa ölkələrində də
bəstəkarların diqqətini
çoxdan çəkib,
mahnılaşanları da az
deyil. Amma Azərbaycanın
Nazimə əsl Vətən olmasının
bir başqa təsdiqi də budur ki, yalnız bizdə ötən əsrdə də, yeni yüzildə də Nazim Hikmət irsi musiqimizlə fasiləsiz yol yoldaşıdır, köhnə və yeni bəstəçilərimizin neçəsi
Nazim şeirlərindən ilhamlanaraq
yazıb-yaradıblar və
günlərin birində
həmin əsərlərin
seçmələrindən ibarət albom hazırlansaydı, oradakı
bəstələrin yaranış
illərinin ardıcıllığından
aşkar olardı ki, Nazimə Azərbaycan musiqisinin marağının
azaldığı, soyuduğu
dövr heç olmayıb. Həm də bu bəstələrin
elələri var ki, çoxdan
yazılsa da, hələ
heç səslənməyib
də və səslənmələri də
vacibdir, çünki
bəyənimli olacaqlarına,
rəğbət qazanacaqlarına
bəri başdan inanıram. Elə biri rəhmətlik Emin Sabitoğlu. O, vaxtilə mənə Nazimin sözlərinə bəstələdiyi və
əksəri çalınıb-oxunmamış
silsilə mahnı və romanslardan danışırdı, bu
haqda Azərbaycan radiosunda 1980-ci illərdə
ayrıca veriliş də hazırlamışdım.
Hələ səslənməmiş
bəstələrin seviləcəyinə
bəri başdan əminliyim ən azı Eminin yazdıqlarına görədir.
Onun hansı əsəri qəlbəyatan
deyil ki!
Nazim Hikmətin 100 illiyi ərəfəsində, təzə
əsrin başlanğıcında
bəstəkar və müğənni dostum Rizvan Sədirxanovu Nazim Hikmət şeirlərinə
mahnılar yazmağa həvəsləndirmişdim. Gözəl
bir silsilə yaratdı. O nəğmələr
Türkiyədə ifa
edildi, disklər buraxıldı. Çoxusu
hələ Azərbaycanda
heç oxunmayıb. Həmin nəğmələrin
notlarını mənim
ön sözümlə
ayrıca bir kitabçaya da çevirib
nəşr etdirdik.
Amma Nazim Hikmətin Nizami muzeyində 120 yaşı
münasibətilə xatirə
axşamı və elmi konfrans keçirməyi
düşünəndə bu da ürəyimdən keçdi ki, köhnə
Nazim nəğmələri öz yerində, bu yubiley axşamında
qəttəzə bir mahnı da olsun. Təəssüf ki, bu istəyim Nazim gecəsindən
bircə gün öncə qətiləşdi
və artıq hansısa bəstəkara bir gecəyə mahnı yazdırmaq xeyli gec idi,
üstəlik, lap gecəylə
bəstələnərsə də, bunun oxunmaqçün müğənniyə
öyrədilməsi müşkülü
də vardı. Ancaq vaxt məhdudluğuna
təslim olmaq da istəmirdim və çox düşünəndən
sonra üçü birində olanı tapdım. Bu darmacalda niyyətimi gerçəkləşdirə
biləcək tək şəxs olaraq alim, şair, müğənni,
bəstəkar, gitaraçı,
bütün məziyyətlərindən
savayı həm də vaxta sığışmaq
istedadı olan dostum Rasim Müzəffərli
ağlıma gəldi.
Adamıma bələd
idim, bilirdim bəhrəsi yaxşı
olacaq - özü bəstələyib, özü-özünü
müşayiət edib,
özü də gözəlcə oxuyacaq.
Nazim Hikmətin 1927-ci ildə
yazdığı bir şeiri göndərdim Rasimə, məqsədimi bildirdim və "bu gecəni oyaq qal" dedim. Səhərə yaxın mənə yazdı ki, mahnı hazırdır, gedirəm yatmağa, yəni arxayın ol, tapşırıq yerinə
yetirilib.
Axşam
Rasim gitarasıyla gəldi və Nazim gecəsinə ayrı bir rəng qatan
təzə Nazim sözlü
nəğməsini çalıb-oxudu
və ifasını başlamazdan qabaq bir neçə kəlmə danışdı
da. Dedi ki, mənim indiyədək müxtəlif
auditoriyalar qarşısında
çox çıxışlarım
olub. Amma bugünkü
çıxışımın iki əsas məziyyəti
var. Biri odur ki, bu tarixi binada, Azərbaycan ziyalılığının
qaymaqları olan bu insanların qarşısında çıxış
eləməyin ayrı
bir hüsnü var, bu, minlərlə insanın qarşısında
çıxış eləməkdən
daha məsuliyyətlidir.
İndi eşidəcəyiniz mahnını bu gün səhər saat 6-da bitirib Rafael müəllimə mesaj yazdım ki, tamamladım, yəni bilsin ki, axşamkı məclisdə
ifa edə biləcəyəm. Ondan sonra yatdım, yatıb durandan sonra isə hələ təkrarən
oxumamışam. Yəni
tək siz yox, elə özüm
də hazır mahnını ilk dəfə
eşidəcəyəm. Mən
Rafael müəllimdən xahiş
elədim ki, mənim üçün çətin
olar, şeiri özü seçsin, o da
Nazim Hikmətin "Həsrət"
adında bir şeirini mənə göndərdi. Amma mən
mahnının adını
"Dənizə dönmək
istəyirəm" qoydum".
...Nazim Hikmət ayrı-ayrı şeirlərinin altında
onların doğum tarixini nişan verən illəri, bəzənsə ayları,
lap az hallarda isə günləri də göstərib.
Nazimin sözlərinə bəstələnmiş
mahnıların, romansların
illəri məlum olanı var, olmayanı
var. Ancaq Rasim Müzəffərlinin bəstələdiyi
və hələ ki
Nazim Hikmət sözlərinə
Azərbaycanda yazılmış
axırıncı olan
(amma qətiyyən sonuncu olmayacaq!) mahnınınsa dünyaya
gəlişinin nəinki
ili, ayı, günü, hətta saatı da dəqiq bəllidir: Bakı, 2022-ci
il, dekabrın 19-u, səhər
saat 6.11.
Şeirin
adı "Həsrət"
olsa da, nəğmə
kimi "Dənizə
dönmək istəyirəm"
olmasının məntiqi
odur ki, həmin ifadə şeir boyu dönə-dönə
keçir:
Mavi suların aynasında
Mən görünmək istəyirəm.
Dənizdə batan işıq
kimi
Sularda sönmək istəyirəm.
Dənizə dönmək istəyirəm.
Boy verib görünmək,
Sonra batıb sönmək,
Dənizə dönmək istəyirəm.
"Həsrət" sözünün
içində ayrılıq,
darıxqanlıq, hicran
kədəri var, amma Nazimin adını "Həsrət" qoyduğu
bu şeir ağrıdan daha çox ümid şeiridir, sətirlərdəki
həsrət də dənizə çevrilmək
xiffətidir. Nazim bu şeiri yazanda 26 yaşlı qaynar, sabahlara ümidli və inamlı bir cavandı, o yaşda həsrət nədir ki, "ölüm"
kəlməsinə də
ciddiyə almadan, sənə yaxın düşə biləcəyinə
inanmadığın anlayış
kimi baxırsan.
Dənizə dönməyi arzulayırdı,
nəhayətdə muradına
çatdı da.
Nazim Hikmət artıq sağlığında həmişə
var olacağı şəkk
doğurmayan, ən uzaq sahilləri qovuşdura bilən dənizə çevrilmişdi,
vaxt ötdükcə
də cazibəsi ilə yeni-yeni insanları
sahilinə çəkmək
gücü artmaqdadır.
Bu Dəniz Adam haqqında
düşünərkən 1962-ci ildə dünyadan ayrılmasından az öncə dahi Mirzə Ələkbər
Sabir haqqında söylədiyi
fikirlər keçir xəyalımdan. Sabir sözünün
qüdrətindən məftunluqla
bəhs edir və bütün Azərbaycana, millətə
üz tutur: "Siz azərbaycanlılar nə xoşbəxtsiniz
ki, Sabiriniz var!" - deyir.
Və
Nazim Hikmətin millətimizə
bəxtəvərlik oxuyan
həmin sözlərini
yada salıb onun görmədiyi təzə
yüzillik və yeni minillikdə, böyük şairin bizimlə əbədi ayrılığından
onillər sonra onun özü və irsi haqqında
düşünərkən ürəkdən ona elə öz sözləriylə də
səslənmək ehtiyacı
keçir: Azərbaycanlılar,
siz nə xoşbəxtsiniz ki, sizin
Nazim Hikmətiniz var! Türk
dünyası, sən
nə bəxtiyarsan
ki, sənin Nazim Hikmətin
var! Dünya, insanlıq
nə məsudsan ki, sənin Nazim Hikmətin
var!
...Dünyada qəzetin mənəm-mənəmlik əyyamları
çoxdan arxada qalsa, möhtəşəm
Dünya Hörümçək
Toru - internet şəbəkəsi şəksiz birinciliyi ələ keçirmiş
olsa da, çap mətbuatı tamam taxtdan düşüb söyləmək də olmaz. Qəzet qəzetdir, ondan daha üstün və qalıcı xəbəryayıcı gücü
təsəvvür etmək
çətindir. Ötənlərdəki
kimi olmasa da, hər halda dünyada yenə oturuşmuş ənənələri
olan bolluca səhər qəzetləri
də var, axşam qəzetləri də. Yenə XIX əsrin axırları, XX yüzilin
onilləri boyunca olduğu kimi, çox ingilis ailəsi səhərini çay süfrəsi arxasında təzə qəzetləri oxumaqla başlayır. O şakər
ingilislərdən təxminən
bütün dünyaya
yayılan kimi idi - indi sübh
ertədən və gün ərzində dəqiqəbaşı telefonlarımızda
və bilgisayarlarımızda
saytlara baxmağa adətkərdə və mübtəla olmuş bizlər də bir zamanlar elə
həmin cür deyilmiydik?
...Moskvanın daha bir yaz səhəri
başlanırdı. 1963-cü il iyunun 3-ü idi. O da mənzilinin
qapısından asılmış
poçt qutusunun açarını götürüb
poçtalyonun ertədən
gətirdiyi qəzetləri
götürməkçün dəhlizdən keçdi,
qəzet-jurnalı, məktubları
çıxartdı, elə
dəhlizdəcə qəzetlərdən
birini açdı və ömrünün sonu gözünün son xəbərə çatmasından
tez gəldi. Əli-qolu sustaldı, qəzetlər döşəməyə
töküldü. Dünyanın
ən şeirli ürəklərindən biri
qəfilcə dayandı.
Nazim Hikmət son şeirini bu son anlarından saatlar əvvəl, bu səhərə açılacaq gecə yazmışdı...
Dünyanın elə qocaman və elə dəbdəndüşməz güclü
qəzetləri var ki, lap ən
axırıncı xəbərləri
də oxucusuna isti-isti yetirməkçün
nəhəng tirajlarla
gündə bir yox, bir neçə
dəfə, yenilənmiş
şəkildə çap
olunurlar. Amma bütün
səhər qəzetlərindəki
bütün təzə
xəbərlər gec-tez
köhnələndir. Naziminsə
nə son gecəsində,
nə də ömrü boyu müxtəlif illərdə
yazdığı, hərəsində
də insanlıq üçün mütləq
təzə bir xəbər olan şeirləri köhnələsidir.
Onun hər şeiri açıb oxumağa ömür macalının çatmadığı
son məktublar kimi həmişə təzə
xəbərli, təzə
sözlü qalacaq. Fani dünyanın, üstündən azacıq
ötüncə boyatlaşan
adi xəbərlərindən
fərqli olaraq, Nazim Hikmət misralarındakı
duyğu xəbərlərinin
hamısının nüvəsində
gələcək döyünür.
Gələcəyinsə köhnəsi
olmur!
Rafael
Hüseynov
Akademik,Milli
Məclisin deputatı
525- ci qəzet.- 2023- cü il.- 7
noyabr.- № 203.- S. 10-11.