Çaparaq notlar
Namiq
Abdullayev: "Əbülfət, məni girovluqdan azad
et..."
Bir vaxtlar
televiziyada (indiki AzTV-də) fantastik əsərlər müəllifi Namiq Abdullayev və realist əsərlər müəllifi Əbülfət Misiroğlu
eyni redaksiyada işləyirdi. Namiq bir qədər sadəlövh, Əbülfət
zarafatcıl adam idi.
O zamanlar Əbülfətin
"Qaz 24"ü vardı.
Bir dəfə
xasiyyətcə müxtəlif
olan bu maraqlı
qələm əhli sübh tezdən harasa getməli olurlar. İndiki Hüseyn Cavid (o vaxtki N.Nərimanov) prospekti ilə Ə.Haqverdiyev küçəsinin
kəsişdiyi yerdə
iri meyvə-tərəvəz
köşkünün yanından
keçəndə Əbülfət
qəfildən maşının
əyləcini basır.
Xaraktercə səbrsiz olan Namiq həyəcanla ətrafa boylanıb soruşur:
- Əbülfət, nə olub? Maşını
niyə saxladın? Bəyəm QAİ var?
Əbülfət gülümsəyib sakit tonda deyir:
- Yox, əşi,
QAİ kimdir ki, məni saxlasın. Orada pomidor satırlar.
- Pomidorun sənə nə dəxli?
- Dəxli odur ki, mən pomidor turşusunu çox sevirəm. Dəxli odur ki, evdəkilər mənə deyiblər pomidor görsən al... Dəxli odur ki, pomidor faydalı...
- Mən nə deyirəm ki? Alırsan, al
də... Ta bu qədər izahata nə ehtiyac?
Əbülfət maşından düşür.
Bir neçə iri yeşiyi seçib kənara qoyur. Sonra Namiqlə köməkləşib
pomidor yeşiklərini
maşının yük
yerinə qablaşdırır.
Realist yazıçı əlini
cibinə atanda məlum olur ki, pul çatışmır.
Satıcıya deyir
ki, üstümdə pul
azdır. Satıcı
soruşur ki, bəs onda nə edək.
Əbülfət deyir:
- Onda belə edək. Mənim bu dostum hələlik
qalsın sənin yanında. Pomidor yeşiklərini aparım
evə, pul gətirim. Evim odur ey, orada
universitetlə çörək
zavodunun arasındadır.
Uzaqbaşı beş-altı
dəqiqəyə qayıdıb
gələcəm.
Namiq əsəbiləşir:
- Mən nyə qalmalıyam burada, səninçün girov-zadam
bəyəm?
Əbülfət gülüb deyir:
- Namiq müəllim, onda sən bu
yeşikləri apar bizə,
pul gətir, mənsə səni gözləyim burada.
- Axı mən nə maşın sürə bilirəm, nə də sizin evi tanıyıram,
- deyə Namiq deyinir.
Bir xeyli mübahisədən,
götür-qoydan sonra
Əbülfətin dediyi
həyata keçir.
Realist yazıçı maşını
sürüb gedir,
fantast yazıçı yerdəki
boş pomidor yeşiklərindən birinin
üstündə əyləşib
kəmali-ədəblə öz
dostunu gözləməyə
başlayır.
Anlar, dəqiqələr, saatlar
keçib keçir. Axşam düşür. Əbülfət gəlmir
ki, gəlmir. Çox
mədəni və dürüst bir insan olan Namiq
Abdullayev bir neçə
dəfə pomidor satıcısına "saqqal
tərpətməli" olur:
- Əzizim, bəlkə icazə verəsiniz mən gedim? Sizi əmin edirəm ki, dostumu tapıb gətirəcəm,
pomidorun pulunu da artıqlaması ilə ödəyəcəyik. O, elə
adam deyil... Yəqin nəsə bir hadisə baş verib.
Satıcı bu xoşməramlı
təklifə qətiyyən
razı olmur.
Axşam
düşən zaman Namiq
birdən ilan çalmış adam kimi yerindən atılıb küçədən
keçən maşının
arxasınca götürülur
və başlayır uca səslə qışqırmağa:
- Əbülfət, Əbülfət!
Əşi, bir maşını saxla görüm, hara gedirsən
belə?
Əbülfət Misiroğlu maşını
saxlayıb təəccüblə
həmkarının üzünə
baxır:
- Namiq müəllim, salam.
- Əleykümsalam, - deyə
Namiq hiddət və qəzəblə dillənir.
Əbülfət ciddi şəkildə
soruşur:
- Namiq müəllim, xeyir ola, bu tərəflərdə
nə gəzirsən belə?
Namiq
Abdullayev hirsindən dili
dolaşa-dolaşa deyir:
- Əşi, sən də qəribə adamsan. Bəyəm bilmirsən nə gəzirəm burada? Bu səhərdən məni
bu pomidorsatanın yanında "girov" qoyub getmisən. Hələ üstəlik,
soruşursan da ki, burada
nə işim var? Pomidorun pulunu ver, qoy buradan,
bu "girovluqdan",
bu "əsirlikdən"
xilas olum.
Realist yazıçı Əbülfət
Misiroğlu and-aman edir ki, onu sübh
tezdən burada qoyub getdiyini tamam unudub. Buna görə satıcıdan
və dostundan üzr istəyir. Pomidorun pulunu artıqlaması ilə ödəyərək fantast yazıçını "girovluqdan"
azad edir.
Qəzzafinin Ukrayna payızı
2008-ci il payızının sonu idi. Kiyevin küçələri
boyu uzanan qazon və yaşıllıqların
üstünə "əl
gəzdirən" dümağ
qırov artıq qapını kəsdirən
qışın ilk əlamətlərindən
xəbər verirdi. O vaxt Ukraynada Yuşşenko prezident, Timoşenko isə baş nazir idi. Xatırlayıram, həmin
günlərin ən mühüm hadisələrindən
biri Obamanın Amerikada prezident seçilməsi idi. Seçkidən bir gün sonra Kiyevdəki qaradərili adamların hamısı -
ali məktəb tələbələrindən tutmuş
bazarlardakı alverçilərəcən,
bütün gecəni
fişəng atıb mahnı oxudular, çalıb oynadılar.
Həmin
günlərin yaddaqalan
hadisələrindən biri
də Liviya lideri Qəzzafinin Kiyevə gəlişi idi.
Yadımdadır, Ukraynanın Yazıçılar
Birliyinə getməli
idim. Səhər tezdən durub qəlyanaltı etdim. Sonra
televizorda yerli xəbərlərə qulaq
asmağa başladım.
Proqramlarda Qəzzafinin
Kiyevə gəlişi
barədə informasiyalar
verilirdi. Mən heç yerə tələsmirdim. Görüşəcəyim
yazıçı ilə
də xüsusi bir işim yoxdu.
Bir də ki, bu yazı-pozu tayfasının
əksəriyyətinin tənbəl
olduğuna, günortayacan
yatmağına olan inamımdan dolayı, özümçün hoteldən
bir az gec
çıxmağı qərarlaşdırmışdım.
Nəhayət, günorta oldu.
Gödəkcəmi geyib
küçəyə çıxdım.
Avtobusa minib şəhərin mərkəzinə
yola düşdüm;
Yazıçılar Birliyi
orada yerləşirdi.
Avtobusdan
düşüb yolu keçdim. Geniş prospektlə üzüyuxarı
getməyə başladım.
Nəhəng inzibati binanın yanından keçərkən polisin
mənə gəldiyim
yolu, daha doğrusu, istiqamətimi dəyişmək barədə
işarə etdiyini gördüm. Görəsən,
nə baş vermişdi belə?.. Ayaq saxlayıb
ətrafa göz gəzdirdim. İrəlidə
möhtəşəm bir
çadır qurulmuşdu.
"Görəsən, toydur,
yoxsa yas?", - deyə ürəyimdən
keçirdim. Polis nəfərinin
kürəyinin arxasında,
çadırın ətrafında
dolaşan ucaboy, qaraşın, silahlı qızlar diqqətimi çəkdi. Yox, deyəsən, nə toy idi, nə də
yas. Möhtəşəm,
zəhmli çadır
elə uzaqdan adama... "get-get" deyirdi.
Az sonra yolüstü köşkdən aldığım
yerli qəzetlərdə
öz-özümə verdiyim
suala cavab tapa bildim: sən demə, gördüyüm
o nəhəng çadır
Liviya lideri üçün qurulubmuş.
Axşam televizorda göstərilən geniş
bir reportajda isə Qəzzafi və onun çadırı
barədə ətraflı
məlumat verdilər.
O da məlum oldu ki, diktatoru qırx bakirə qız qoruyur. Qəzzafinin düşüncəsinə görə,
bu cür qızlarda hissetmə, duyma qabiliyyıti yüksək olur.
Baş
nazir Timoşenko ağ
paltarda bədəvi çadırına, məşhur
qonağın görüşünə
gəlmişdi.
Həmin
gün mənim yadımda həm də digər bir hadisə ilə qalıb. Amma bu, sırf mənim
özümlə bağlı
olan bir faktdır. Həmin gün, daha doğrusu, gecə, televizorun pultundakı düymələri basıb
Bakı kanallarını
gözdən keçirməyə
başladım. Ekranda
mədəniyyət yeniliklərindən
bəhs edən xəbərlər verilirdi.
Əl saxladım. Aparıcı elan etdi ki, Dövlət Gənclər
Teatrında "Su pərisi" adlı əsərin uğurlu premyerası olub. Əsərin müəllifi
Firuz Mustafa, rejissoru Rəhman Əlizadədir.
Sonra əsərin lentə
alınmış bir parçası göstərildi.
Həmin
ilin soyuq Kiyev payızı yadımda bax bu cür qalıb.
Tanıdığımız və tanımadığımız Tolstoy
Böyük yazıçı öz
toyu ərəfəsində
gələcək həyat
yoldaşını uzun
illər boyu qələmə aldığı
gündəliklərlə tanış
olmağa təhrik etmişdi.
Lev Tolstoy
az qala bütün
dünyanın sevdiyi,
qiymətləndirdiyi böyük
söz və fikir adamıdır. Onun əsərlərində
rus adamının psixologiyası, dünyagörüşü
sözün imkan verdiyi bütün rəng və qatlarla təsvir edilmişdir.
Lev Tolstoy
həm də bir ailəcanlı adam kimi tanınır.
O, öz arvadı Sofiya Andreyevna Bers-Tolstayaya daim sadiq olmuş, onunla birgə 48 il ömür sürmüşdür.
Bütün bunlar, bu ailə səadəti və etibarı böyük yazıçı
ailə həyatı qurandan sonra baş vermişdir. Məsələ burasındadır
ki, subay Tolstoyun həyatı coşqun, odlu-alovlu macəralarla zəngin olmuşdur. Məlumdur ki, Lev Nikolayeviç
uzun illər gündəliklər yazmışdır.
Həmin qeydlərdə
yazıçının həyatının
bir çox maraqlı anları əks olunub. Gündəliklərdə ədib
öz intim duyğuları, sevdiyi qadınlar, hətta aldatdığı xanımlar
haqda da çəkinmədən
söhbət açır.
Gənc Tolstoyun vurulduğu, görüşdüyü
qadınlar arasında
evli-ailəli xanımlar
da olub, subay-ərlik qızlar da.
Tolstoy həyatında yaxınlıq
etdiyi ilk qadın barədə gündəliyində
belə yazırdı:
"Qardaşlarım məni
ilk dəfə "ümumxanaya"
apardılar, bu, mənim ilk əlaqəm idi və mən
bundan sonra həmin qadının çarpayısı yanında
dayanaraq ağladım".
Gənc
Tolstoy ailə həyatı
qurana qədər bu cür bir
çox sevgi macəraları yaşayır
və öz "təəssüratlarını" ərinmədən gündəliklərdə
səliqə ilə qeyd edir. Qrafın
ən çox əyləndiyi "xanımlar",
təbii ki, onun öz malikanəsindəki
qulluqçular, xidmətçilər,
əkinçi-biçinçi qadınlar idi. Onlardan birinə - Aksinya adlı ailəli qulluqçu xanıma isə Lev Nikolayeviç qəlbən
vurulmuşdu. Tolstoyun bu qadınla bağlı fikirləri ilə tanış olarkən mən nədənsə digər
bir dahi rus yazıçısı
- Nobel mükafatı laureatı
Mixail Şoloxovun
"Sakit Don" romanının
eyniadlı qəhrəmanı
olan Aksinyanı xatırladım: Qriqori Melexovu başdan çıxaran odlu-alovlu və evli-ailəli Aksinyanı. Gənc qrafın sevgisi Yasnaya Polyanada çoxlarına məlum idi.
Bütün bunlar öz yerində.
Qraf
Tolstoy ailə qurmaq qərarına gələrkən
artıq 34 yaşı
vardı. O, əvvəlcə
Sofiya Andreyevnanın böyük bacısı Lizaya vurulmuşdu. Tolstoy gündəliklərində yazırdı:
"Liza Bers məni cəlb
edir. Amma bu, baş tutmayacaq... Hissiyyat yoxdur".
Sofiya Andreyevna ilə tanışlıq onun həyatında yeni mərhələ
olur. Gənc qraf qıza, necə deyərlər, bir könüldən min gönülə vurulur. Gündəlikdəki qeydlərdə
oxuyuruq: "Mən vurulmuşam. Heç ağlıma gəlməzdi
ki, belə sevmək olar". O zaman Sofiyanın
on yeddi yaşı vardı.
Amma... Tostoy qıza ürəyini açmağa
tərəddüd edirdi.
Yox, məsələ təkcə qrafın cəsarətli olub-olmamağında
deyildi. Məsələ
burasında idi ki, Lev Nikolayeviç çox vicdanlı bir adam kimi gələcək
arvadını özünün
"keçmiş həyatı"
ilə tanış etmək istəyirdi. Tolstoy
belə hesab edirdi ki, indiyəcən bada verdiyi ömür
bəlkə də bağışlana bilinməyəcək
pozğunluqlarla doludur
və o, bu barədə mütləq
əvvəlcədən Sofiyaya
məlumat verməlidir.
Bax buna görə o, iki od arasında qalmışdı. Qraf gündəlik qeydlərində
yazırdı: "Sabah onunla
görüşüb ya
bütün həqiqəti
deyəcəm, ya da başıma güllə sıxacam".
Tostoy öz keçmişi haqda gələcək zövcəsinə şifahi
yox, "yazılı"
məlumat verməyi qərara aldı. O, bunun üçün sevgilisinə ilk növbədə
illərdən bəri
yazdığı gündəliklərlə
tanış olmağı
təklif etdi. Gənc xanımın gündəlik oxumağa marağı və həvəsi yox idi. Tolstoy şərt qoydu: əgər mənimlə, daha doğrusu, mənim yazdıqlarımla tanış
olmasan, bu izdivac baş tutmayacaq. Yazıq Sofiya Andreyevna zorən də olsa gələcək ərinin qeydlərini oxumağa başlayır və oxuduqca da dəhşətə gəlir.
Aman Allah, Lyova nə qədər pozğun adam imiş. Tolstoy hətta vurulduğu ailəli qadın qulluqçu Aksinya ilə əlaqələrini
bütün "detalları"
ilə qələmə
almışdı... Amma artıq
gec idi. Sofiya qrafla ailə
qurmağa söz vermişdi. Bir həftədən
sonra onların toyu oldu.
Sofiya Andreyevna yazırdı:
"Onun keçmişi
o qədər dəhşətli
idi ki, mən onunla heç vaxt barışmayacağımı
zənn edirdim. O, məni öpür, mən isə ürəyimdə düşünürəm
ki, bu, ilk dəfə deyil ki..."
Amma ailə qurandan sonra qraf Tolstoy bütün keçmiş
"səhvlərindən" xilas oldu. O, indi Rusiyanın ən nümunəvi ailələrindən birinin
başçısı hesab
edilirdi. Sofiya Andreyevna ilə Lev Nikolayeviçin bu izdivacdan on üç uşağı dünyaya
gəldi ki, onlardan da beşi hələ körpə ikən həlak oldu. Tolstoyların sonuncu uşağı doğulanda
dahi yazıçının
60, onun arvadının
isə 44 yaşı vardı.
Əksər qohumları, dostları
və həmkarları
ər-arvad Tolstoyların
bir-birinə sədaqətinə,
diqqətinə görə
qibtə edirdilər. Həqiqətən, onlar bir-birini çox gözəl tamamlayırdı.
Bütün bunlara baxmayaraq, dahi söz ustası ölümündən on gün
əvvəl arvadından
inciyib evdən getmişdi. Bunun da bar başqa
səbəbi vardı.
Səhv etmirəmsə,
vaxtilə bu "səbəb" barədə
ətraflı yazmışam.
Yeri gəlmişkən, bir nüansı da qeyd etmək yerinə düşərdi. Tolstoyun gənclik illərində sevdiyi Aksinya ömrünün sonunacaq onların evində qulluqçu kimi fəaliyyət göstərdi. Tez-tez həmin qadınla üz-üzə gələn Sofiya Tolstayanın elə indinin özündə belə daxilən nələr çəkdiyini anlamaq çətin deyildir. Dahi Tolstoyun özü demişkən, "bütün xoşbəxt ailələr bir-birinə bənzəyir..." Əlbəttə, bu məşhur ifadənin ardı hər kəsə məlumdur.
Firuz Mustafa
Əməkdar incəsənət
xadimi
525- ci qəzet.- 2023- cü il.- 14
noyabr.- ¹- 205.- S. 14.