Nə yaxşı ki ...
İzn
verin, bu bozarmış dünyanın rəngsiz
duyğularına qarışan adamlardan, solğun fikirlərdən
sıyrılıb bir-iki kəlmə də mən
danışım. Ki, məsələn, nə deməkdir övladlıq və necə duyğudur məsuliyyət?
Ancaq bir qədər əvvələ
qayıtsaq, adım Mir Çingizdir. Bəli, məhz Mir Çingiz. Hər nə qədər şəxsiyyət
vəsiqəmdə Mirçingiz
yazılsa da, fərz edin, heç yazılmayıb. Jurnalist ailəsində göz açmışam.
Aid olduğum hər iki nəsil
kitabxanalara sahib insanlardır. Atamın anası da, anamın atası da göz nurunu
kitab vərəqlərinə
bəxş edib. Balkona bitişik otağımızın pəncərəsi
atamın kitab kolleksiyasının yarısından
ibarətdir. Digər yarısını o, özüylə
aparıb. Və böyüyüb atamlaşdıqdan
sonra həmin boşluğu yenidən doldurmuşam. Gördüyünüz
kimi, mənim də kitabxanam var. İşim-gücüm
oxumaq və yazmaqdan ibarətdir.
Dedim axı, jurnalist ailəsində doğulmuşam.
11 yaşımda önümə
qoyduğum məqsəd
gah müxbirlik, gah aparıcılıq, gah layihə rəhbərliyiydi. Möhtərəm
oxucu soruşa bilər ki, öz hədəfin olmayıbmı? Əlbəttə
olub. Məsələn,
hələ jurnalistliyin
mənasını qavramazdan
öncə 12 vərəq
dəftərlərdə qəzet
düzəldər, jurnal
hazırlayar, guya kitablar çap edər, hər bayram günü otağın qapısını
kilidləyib "studiya"
qurar, beləcə, anamla qardaşımı qonaq çağırardım.
Atamı çox tapmazdıq evdə. Mütəmadi çalışar,
çalışar və
çalışardı. Bəzən
gecəyarı qonaq otağını bürümüş
göyümtül işıqdan
ötrü oyanardım.
Hənirtisizcə çıxardım
dəhlizə və görərdim, atam məqalə hazırlayır
- Hesabat üçün.
Sənədli filmlər
üçün. Yaxud
gecəyarı zəng
edərdi hansısa əməkdaşa: O adama əlli dəfə tapşırmışdım ki,
kadrı dəyişsin!
Hara baxır bu uşaqlar? Yığışdırın efirdən. Dərhal!
Sonra yenə
səssizlik. Qapının
cəftəsi dartılır.
Və kilidin keçinmə səsi duyulur. Gecədir. Yatmaq vaxtıdır. Amma möhtərəm oxucu soruşmaq istəsə ki, "Bəs axı, bu söhbətin övladlıq hissinə nə dəxli var?", izah edə bilərəm: Mən övladlığı
kitablarla, tənqidlərlə
və təltiflərlə
öyrənmişəm.
Təltiflər beşinci sinifdən bəri otağımızı
bəzəyən mükafatlardı.
Kitablar özümkülərdən
doyub atamın qardaşıma aldığı
bədii əsərləri
oxumağımın obrazıdır.
Tənqidlərsə məni
həm övlada, həm insana, həm də jurnalistə çevirən
hadisənin təzahürləridir.
Məsələn, babam
deyərdi, oğulsan,
halal olsun! Nə gözəl şeirdi! Qürurlanar, fəxr edər, öpərdim babamın yanaqlarından. Söz yox, saqqalı dalayardı burnumu. Ancaq yenə də sevərdim boynunu qucaqlamağı. Fəqət elə ki, atamın yanına gələr və şeiri ucadan deyərdim, vəssalam, başlayardı
tənqid atəşi!
- Bala, bu cümlədə nə demək istəmisən? Məqsədin nədir? İnversiya nəyə lazımdır? Pehmən cümləni yerli-dibli silmək lazımdır. Uşağı tərifləməyin.
Bax, budur
övladlıq məsuliyyəti:
tərifsizlik arzusu və tənqid yanğısı. Məni
jurnalist edən ilk meyar atamın
tənqid atəşiydi.
Ki, hələ də sönmək bilmir. Sözsüz, hər övlad atasını yenilməz qəhrəman sayır və bu təxəyyül
məhsulu o vaxtadək
böyüyür ki, körpə, atasının
adi insan olduğunun fərqinə varır. Mən varmadım ancaq. Əksinə, zaman keçdi, il dolandı, üzüm yüngülvari qırışdı,
hətta saçlarımdakı
sarı-qırmızı tellər
də ağarmağa başladı, təkcə
o mübhəm adiliyin
şahidi olmadım! Və bunun yerini
zamanla ruhuma sirayət etmiş qeyri-adi özgüvən doldurdu. Fərq etmir, biz söhbətləşirik,
dərdləşir, görüşürük,
ya yox. Çevrilmə!
Qonaqlarla birgəyik. Kənddə. Ətrafımızda
xoş rayihə dolaşır. Kənd evlərinin hüzurunu bilməyən olmaz. Təbiətin çulğayan
diriliyi fonunda əyləşib domino oynayırıq. Hardansa bir nəfər kimliyimlə maraqlanır və dərhal da təbəssümümdən
tanıyır məni.
- Oxşayırmış...
Xarakter? Hə,
bax, bu məqamda
təbrikdən daha çox təşəkkürlərə
ehtiyacım var. Çünki xarakterimin böyük qismi mənə ondan miras qalıb. Səsi, jestləri, mimika və təbəssüm edərkən
burun kənarında yaranan o şırımlar
kimi. Nə isə. Bura qədər yazdıqlarımın
məramını anlamaq
çox çətin
olmamalıdır. Hər
halda Kafkadan daha möhtəşəm
məktublar yazmaq iqtidarına sahibəm. Təvazökarca görünməsə
belə, mən, öz xislətimlə qürur duyuram. Misal, bilirəm, əlimdən hər şeyimi alsalar, içimdəki bu sonsuz güc ən dibdən qaldırıb ən yüksək nöqtələrin
fatehinə çevirəcək
məni. Necə ki, atamı çevirib və necə ki, onun
çatdığı bütün
zirvələr mənim
"keçilməz"lərimi yoxa çıxarır. Önümü açır.
"On bir" adlı hekayəm gəlirmi yadına, Ata? Oxuyar-oxumaz
zəng etmiş və reanimasiyadakı oğluna, mənə demişdin: Bala, elə bil ki,
bu hekayəni ad gününə təbrik postu kimi mən yazmışam.
Və dərhal da paylaşmışdın.
Hətta bir gün ölkənin ən möhtəşəm
televiziyasını qursam
belə, söz verirəm, həmin cümlələrini heç
bir oğulun öz atasından eşitmədiyi bir biçimdə qoruyub saxlayacam qulaqlarımda. Lap balaca uşaqlar
kimi! Məsumca və təmənnasız...
Noyabrı mənə
cəmi iki adam sevdirib: Atam və qardaşım.
Ki, an etibarilə
atamın 60 illik yubileyidir. İşə bir bax! Hər
oğulun rastlaşmağa
məcbur olduğu həqiqət yerinə gör mənə hansı xəbəri çatdırırlar?
- Atan təltif olunub. Birinci Dərəcəli. Bax bu!
Birinci dərəcəli - Müqayisələr
içində ən kritik məqam!
Vətənə xidmət - Övladlığın
ilk şərti. Vətən
oğlu olmağın
məramı və nəticəsi!
Orden - Ömürlük məsuliyyətin
möhürləşən meyvəsi! Necə ləzzətlidir...
Bilirsən, ən qəribəsi
nədir, Ata? Az qalsın,
ətrafımdakı bütün
jurnalistlərdən, hətta
sənə nifrət edənlərdən də
yenə səni öyrənirəm və bu, möhtəşəmdir.
Doğum günün qədər möhtəşəm...
Təbrik
edirəm, Birinci Jurnalist! Bütün çətinliklərə, bütün
tənqidlərə, bütün
kölgələrə, bütün
işıqlara, bütün
kədər və bütün sevinclərə
rəğmən, yaxşı
ki, altmış yaşın
zirvəsinə çevrildin.
Varsan və dirisən! Nə yaxşı ki!
2023.11.12
Mirçingiz
Ağazadə
525- ci qəzet.- 2023- cü il.- 14
noyabr.- №- 205.- S. 9.