“Balaca Fuad” ın son
xahişi
Taksi
Fəxri xiyabanın qarşısında dayandı. Qabaqda oturmuş Fuad, arxada əyləşmiş
Rumiyyə maşından
düşdülər. Fuad
iri gül dəstəsini götürüb
sürücüyə: - Gözlə,
indi gəlirik - dedi.
Sürücü: - Burda çox dayana bilmərəm, - dedi, - cərimələyərlər.
- Tez qayıdacayıq.
Xiyabana girdilər,
qara mərmərdən
sinə daşının
üstündə ŞÖVQÜ
ŞƏFİZADƏ (1911-1987) yazılmış
məzara yanaşdılar,
gül qoydular.
Şövqü Şəfizadənin boya-boy
heykəli onlara zəhmlə, bir az da məzəmmətlə
baxırdı sanki.
Rumiyyə yanındakı
məzara narazı nəzər atdı: - Elə bil ayrı
yer qəhətdi, burda da yanaşı
olmalıydılar, - dedi.
Sağ tərəfdəki
məzarın üstündə:
FUAD SALAHLI (1918-1976)
yazılmışdı.
Ağ mərmər
başdaşının üstündə
mərhumun arvadı, heykəltaraş Solmaz tərəfindən yaradılmış
qabartma-portret vardı.
Fuad Salahlıdan fərqləndirmək üçün
hamının "balaca
Fuad" adlandırdıqları
Fuad Mehdiyev daxilən gülümsündü.
Təsadüfənmi, ya
bilərəkdənmi Şövqünün
heykəli və Fuad Salahlının qabartma - portreti əks istiqamətdə baxırdılar, elə bil bir-birindən üz çevirmişdilər.
Rumiyyə bəyaz dəsmalını çıxarıb
gözlərinin yaşını
sildi. Fuad: - Gedək - dedi - sürücünü cərimə
edərlər. - Sən
get, indi gəlirəm. Fuad çıxışa tərəf
addımladı. Rumiyyə
atasının heykəlinə
bir az da
yaxınlaşdı. Əlini
heykəlin başına,
üzünə çəkdi,
sığalladı, sonra
çönüb iti addımlarla ərinə çatdı. Taksiyə mindilər, Fuad sürücüyə ünvanı
dedi, Rumiyyə açıq sezilən istehzayla: - Oqtay bəyin hüzuruna gedirsən? - dedi.
- Qasım deyib
ona xahişimi.
Rumiyyə köksünü
ötürdü: - Gör
nə günə qalmışıq, Qasımın
minnətçiliyinə ehtiyacımız
var.
Fuad dinmədi.
Qasım haçansa
- Nuh əyyamında -
Şövqünün, ondan
sonra da Fuadın sürücüsü
olub. Rumiyyə onun gözləri qarşısında böyüyüb.
İndi də bu, yaşı ötmüş, amma peşəsindən əl
çəkməyən kişi
Oqtayın sürücüsüydü.
Bütün səylərinə
baxmayaraq, heç cür Oqtayla rabitə yarada bilməyən Fuad axır Qasımın vasitəsiylə xahişini
ona çatdırdı.
Evlərinin yanında
Rumiyyə taksidən endi, Fuad yoluna
davam etdi.
lll
Qasımın sürdüyü maşın
İdarələrinin qabağında
dayandı, Qasım:
- Oqtay qədeş,
unutmamısan ki, bu gün Fuad
qədeş yanına
gələcək.
Oqtay: - Unutmamışam
- dedi, maşından düşdü. Qarşısına
çıxa biləcək
növbənöv xahişçilərdən
yayınmaq üçün
ətrafa baxmadan iri addımlarla İdarənin qapısına
tərəf yeridi. İçəri keçmək
istədiyi an qadın səsi eşitdi: - Oqtay!
Oqtay qanrılıb
baxdı. Onu çağıran dümağ
saçlı qadın
idi. Ondan başqa səkidə heç kəs yoxdu. Səs Oqtaya tanış gəldi, həm də məhrəm adam kimi onu
adıyla çağırırdı.
Oqtay diqqətlə baxdı və diksindi:
- Əsmər? Sənsən?
Əsmər yanaşıb əlini uzatdı - mənəm - dedi - yaxşı ki tanıdın. Çox dəyişmişəm?
Oqtayın etiraz
eləməyə dili
gəlmədi, amma həm də Əsməri incitmək istəmədi, odur ki, sadəcə: - Sən hara, bura hara? - dedi.
- Haçan gəlmisən?
- Bir həftə
olar. Telefonun cavab vermir, odur
ki, səni burda gözləməli oldum. Bilirəm, başın çox qarışıqdır. Məni
beş dəqiqə qəbul edə bilərsən?
- Əlbəttə, bu nə sözdür?
Keç.
İkinci mərtəbəyə
qalxdılar. Qəbul otağında hələ
Fuad Mehdiyevin vaxtından katibə işləyən Nelli onlara salam verdi.
Oqtay otağının
qapısını açdı,
Əsməri içəri
buraxdı, sonra özü keçdi, indicə verdiyi sualı təkrar etdi: - Haçan gəlmisən?
Əsmər də təkrarən:
- Bir həftə olar,
- dedi.
- Xeyir ola?
- Xeyir deyil. Eşitməmisən?
Camal rəhmətə getdi.
Oqtay təəssüf hissiylə:
- Yox, bilmirdim - dedi, - Allah rəhmət eləsin.
Əsmər:
- Camalın vəfatından
sonra Moskvada yaşamaq çox çətin oldu bizə, - dedi. - Xumarı da götürüb
- qızımı deyirəm
- Bakıya gəlməli
olduq.
Oqtay bu gözlənilməz görüşdən, Əsmərin
belə dəyişməsindən,
Camalın ölüm
xəbərindən çaşıb
qalmışdı, qarışıq
hisslər keçirirdi,
adda-budda, dağınıq
fikirlər içindən
sıyrılıb çıxmaq
istəyirdi, hər şeyi ayıq başla dərk etməyə çalışırdı.
Əsmər Oqtayın iş
otağına göz gəzdirirdi. Divarda şəhərin ayrı-ayrı
binaları, meydanları,
küçələri, çeşidli
layihələr, Məhəmməd
Əmin Rəsulzadənin
iri şəkli.
- Nə yaxşı məni o saat tanıdın. Bir daha soruşdu: - Çox dəyişmişəm?
Oqtay nəzakət naminə:
- Yox, - dedi. - Əlbəttə, illər
keçib, ikimizin də başı ağarıb. Rəhmətlik
haçan vəfat edib?
- İki ay bundan qabaq. İnfarkt.
Son illərdəki həyatlarından
danışmağa başladı.
Camalı xaricdən, diplomatik işindən geri çağırdılar.
Perestroyka dövründə
təzə nazir bütün
köhnə kadrları
bir-bir dəyişməyə
başladı. Qatı
rus şovinisti idi, Azərbaycan müstəqilliyini elan edəndən
sonra: "Qayıdın
öz müstəqil ölkənizə" demişdi
Camala. Müavinlərindən
biri erməni idi. Camalı görməyə gözü
yoxdu. Bir sözlə,
Camalı ən aşağı təqaüdlə
işdən çıxardılar.
Altı ay sonra elə evdəcə...
Əsmərin səsi əsdi:
- Elə gözümüzün
qabağında beş
dəqiqənin içində
keçindi. Heç təcili yardıma zəng edə də bilmədik.
Oqtay stəkana su süzüb Əsmərə
uzatdı, Əsmər
bir qurtum aldı.
- Bağışla, - dedi.
Araya üzücü sükut çökdü.
lll
Fuad taksinin hesabını ödəyib İdarənin
qabağında maşından
düşdü. Ömrünün
neçə ilini verdiyi idarənin qapısının üstündə
Azərbaycanın üçrəngli
bayrağı dalğalanırdı.
Qapıda
əsgər qiyafəli
saqqallı gənc Fuadın pasportunu uzun zaman o tərəf-bu tərəfə çevirdi.
Sonra qarşısındakı siyahıya bir də nəzər atıb, nəhayət:
- Keçin - dedi, - İkinci mərtəbə,
5-ci otaq.
Fuad qeyri-ixtiyari:
- Bilirəm - dedi, tanış pilləkanlarla
ikinci mərtəbəyə
qalxdı. 5-ci otağın
qapısını açıb
içəri girdi. Qəbul otağı bir qədər dəyişmişdi. Amma katibə
masasının arxasında
onun, Fuadın vaxtındakı kimi Nelli əyləşmişdi.
Bir qədər yaşlanmış
və tosqunlaşmış
Nelli Fuadı görüb dərhal ayağa qalxdı: - Ooo Fuad Qurbanoviç, salam, necəsiz?
- Sağ ol, yaxşıyam.
Sən necəsən,
Nelli?
Nellinin cavabını gözləmədən
əlavə etdi: - Oqtayın... Oqtay bəyin qəbuluna gəlmişəm. Özü
bilir.
Nelli:
- Bəli, bilirəm - dedi - burda qeyd
eləmişəm. Amma bir
az gözləyin, yanında adam var. Çay?
- Yox, sağ ol.
Gözləyərəm.
Keçib qarşıdakı stulda
əyləşdi. Bu qədər
tanış qəbul otağına göz gəzdirdi. Bir elə dəyişiklik yoxdu. Onun keçmiş kabinetinin qapısında Oqtayın ad famili, qarşı-qənşər
otağın qapısında
müdirin ad-famili yazılmışdı: QAFUR
ƏHMƏDLİ.
Fuad gözlərinə inanmadı.
Bir vaxt Fuadın atasını - Qurban kişini işdən çıxarmış məsul
raykom işçisi, indi dəbdə olan sözlə qart partokrat Qafur Əhmədov? Xalq cəbhəsi iqtidarında belə mühüm vəzifədə?
Ağlasığmazdır.
- İndi
burda müdir Qafur Əhmədovdur? - deyə Nelliyə mənasız sual verdi.
Nelli başıyla təsdiq etdi.
- Otağındadır? - daha
bir mənasız sual. Guya yanına
girəsiydi.
Nelli:
- Yox - dedi. - Bir azdan gələcək. Qonşu otaqda namaz qılır.
Fuad:
"Nə yaxşı
ki, o vaxt qəribə
bir şıltaqlıqla
o mühüm tədbirə
getmədim, - deyə düşündü. - Elə
bil məni şeytan yoldan çıxardı ki, ora gedib çıxış
etmə. Demə, bu şeytanın əməli deyilmiş, mələyin işiymiş.
Ora gedib uğurlu çıxış etsəydim,
mütləq məni müdirin yerinə təyin edəcəkdilər.
Çünki Əhməd
Nəzərovun məsələsi
artıq doxsan faiz həll olunmuşdu. Mənim üzrsüz çıxışa
gəlməməyimi: - Bu nə
məsuliyyətsizlik, nə
saymazlıqdır, - deyə
pis yozmuşdular. Şövqü işə
qarışmasaydı, hələ
yəqin müavin vəzifəsindən də
atacaqdılar. Əl-qərəz,
beləliklə, Əhməd
Nəzərovun müdirlik
vəzifəsi bir qədər də uzadıldı. Ta o günə
qədər ki...
O gün Fuadın yaxşı yadındaydı,
bəylər hakimiyyətə
gələndən on gün
sonra avtomatlı cavanlar Nəzərovun kabinetinə girib onu birdəfəlik işdən atdılar. O gün Fuad bir balaca soyuqlamışdı,
işə çıxmamışdı.
Bu xəbəri ona telefonla Nelli çatdırdı.
Səhərisi Fuad istefa ərizəsini
yazıb göndərdi.
Yaxşı deyiblər ki, şər
deməsən, xeyir gəlməz. O həlledici
tədbirdə çıxış
etməməsi Fuadın
xeyrinə imiş. Yoxsa onu da Əhməd
Nəzərov kimi müdir kabinetindən avtomatla çıxaracaqdılar.
lll
- Bəs harda qalırsız?
Əsmər: - Bir rəfiqəmgildə, - dedi və ani tərəddüddən sonra
əlavə etdi. - Elə sənin yanına da bu xahişlə gəlmişəm.
Səndən başqa
burda ərk edəcəyim kimsə yoxdu. Deyirlər, bu, sənin əlindədi. Birotaqlı
mənzil istəyirəm
səndən. Harda olur olsun, şəhərin
lap ucqar yerində. Düzdü, rəfiqəm
deyir, nə qədər istəyirsiz qalın. Amma mən başa düşürəm
axı, sıxılırlar.
Üç otaqda
invalid əri, özü,
iki uşağı.
Lap kiçik otağa
da razıyıq, təki
başımızın üstündə
bir dam olsun.
lll
Qafur Əhmədli, ardınca
da çiyni avtomatlı
yekəpər bir kişi qəbul otağına daxil oldular. Qafur Əhmədli Fuada gözucu baxdı, tanısa da, tanımamış
kimi ağızucu salam verib tələsik
otağına keçdi.
Amma onunla gələn
saqqallı kişi - guman ki, Əhmədlinin cangüdəni idi - Fuadı tanıdı:
- Yallah Fuad müəllim - dedi - Nə əcəb səndən belə? Xeyir ola...
Fuad:
"Görəsən, bu
namərbud adam məni hardan tanıyır" - deyə
düşündü.
- Məni tanımadın? Zeydullayam da. Axır dəfə səninlə aeroportda görüşmüşdük.
"Aeroportda?" Fuad yadına
salm
ağa çalışırdı ki, avtomatlı kişi: "Mən onda nosilşik
işləyirdim də"
- dedi.
An içində Fuad xeyli ixtiyarlaşmış bu yekəpər adamı, ibtidai məktəbdən tanıdığı, unutmaq
istədiyi pis bir vaqiyəylə bağlı olan şəxsi, çox illər sonra aeroporta nosilşik kimi rastlaşdığı
Zeydullanı və onun işlətdiyi "oxartana" sözünü
xatırladı. - Zeydulla
- dedi.
- Həri, Zeydullayam da...
- Görürsən də,
Fuad yoldaş - yoldaş
sözünü açıq
istehzayla dedi, - kiminin əvvəli, kiminin axırı.
Fuad: - Bəli, elədir - dedi, Əhmədovun cangüdənisən?
- Həri, qardaşım oğluyla qonşudu Qafur bəy, məni işə götürdü, canı-başı
sağ olsun, partiyasına da üzv elədi.
- Partiyasına? Əhmədovun
partiyası var?
- Bə nə bilmisən? "İrşad"
partiyasın qurub da Qafur bəy. Dindarlar partiyasıdır,
halallıqla işləyirik.
lll
Oqtay siqaretini odladı. Çətin vəziyyətə
düşmüşdü. Bir neçə an içində
Əsmərlə ta məktəb
illərindən başlanan
və məktəb boyu davam edən,
yuxarı siniflərdə
az qala sevgiyə
çevrilə biləcək
və əfsus ki çevrilməmiş münasibətləri
gözlərinin qarşısından
keçdi. Bəlkə
də bu saf dostluq münasibətləri
mehriban ailəyə dönə bilərdi. Amma
heç kəsin gözləmədiyi halda Əsmər ingilis dili müəllimləri, yaşca hamısından çox böyük olan Camala ərə
getdi. Oqtay da, sinif yoldaşları - oğlanlar və qızlar da - bu nikahdan şoka düşmüşdülər. Dedi-qodular, gümanlar, fərziyyələr, xoş,
ya bəd niyyətlə deyilmiş sözlər baş alıb gedirdi. Bir müddət sonra Camalı Moskvaya apardılar, oradan da müxtəlif xarici ölkələrdə diplomatik
işə keçdi.
Təbii ki, Əsmər
də əriylə birgə Bakıdan, anasından, İçərişəhərdəki
köhnə evlərindən,
məktəb yoldaşlarından
tamamilə ayrılıb
uzaqlaşdı, başqa
bir aləmə düşdü. Və yalnız bir gün - Oqtayın ad günü ərəfəsində qəfilcən
uçub Bakıya gəldi - Oqtayı təbrik etməkçün.
Bütün günü
bir yerdə olsalar da, aralarındakı
bu qeyri-müəyyən
münasibət, Zamanın,
ictimai mövqelərin,
həyat tərzinin yaratdığı sədlər
aşılmadı. Əsmər
növbəti dəfə
ərinin kübar həyat sürməsindən
danışanda Oqtay nə isə cod bir söz işlətdi
və aeroportda çox soyuq vidalaşdılar. Oqtaya elə gəldi ki, bu səfər həmişəlik ayrılırlar,
bir daha heç vaxt, heç yerdə görüşməyəcəklər. Yalnız səhərisi gün Əsmərdən qəribə bir imzayla - Kamikadze imzasıyla gələn teleqramı alanda Oqtay dərk etdi ki, Əsmərin zahirən firavan görünən həyatı
o qədər də qayğısız deyilmiş,
ağrı-acısını, nisgilini büruzə vermədən içində
daşıyırmış. Və budur bax,
artıq bir ömür keçib gedəndən, yalnız ərini deyil, illər uzunu vərdiş etdiyi həyat tərzini də itirəndən sonra indi Oqtayın
qarşısında yaşa
dolmuş, solmuş, aciz və köməksiz
bir qadın əyləşmişdi. Oqtaydan
yardım umurdu və nə yazıq ki, Oqtay onun xahişinə heç cür əməl edə bilməyəcəkdi. Səbəbini
Əsmərə izah etmək də asan iş deyildi.
Səbəb isə ondaydı ki, Oqtaya təklif olunan bu vəzifəni istəməyərək qəbul
edəndə özünə
söz vermişdi ki, heç vaxt qanuna zidd heç
bir iş görməyəcək, heç
bir şəxsi dostluq, tanışlıq hisslərinə məhəl
qoymayacaq, dürüst
işləyəcəkdir. Bütün
bunları ayrı bir dünyadan gəlmiş Əsmərə
necə izah edəydi? Həm də axı Oqtay bu yöndə
müəyyən addım
atsaydı belə, Qafur Əhmədli kimi bir vaxt
sital kommunisti, indi qatı dinçini necə inandıra, razı sala bilərdi? "Necə, kiminçün ev istəyirsən, mənfur sovet diplomatının dul qadını üçün?
- deyəcəkdi. - Hələ
də cibində rus pasportu gəzdirən
adamçün? Bəs
minlərlə ev növbəsi gözləyən
vətəndaşlarımıza nə cavab verəcəyik?
Hələ mətbuatın
nə şəbədə
çıxaracağı bir
yana dursun".
Məsələ ondaydı ki Qafur
Əhmədli Qafur Əhmədov olsa da, bu söylənməmiş,
amma söylənə
biləcək iradlarında
haqlıydı.
Əsmər Oqtayın tərəddüdlərini
gözlərindən oxuyurmuş
kimi yorğun və üzgün bir səslə:
- Səni çətinə
salmışam, həmi?
- deyə xəbər
aldı.
Oqtay sözləri sanki kəlbətinlə içindən
dartıb çıxarırdı:
- Bilirsən, Əsmər, -
sözünü davam
edə bilmədi. Necə deyəydi ki, mümkünsüz bir şey xahiş edirsən. Həyatda ilk,
son və yeganə xahişinə, nə qədər istəsəm
də, əməl edə bilməyəcəm.
Əsmər heç nə demədən ayağa durdu. Əsmər həmin Əsmər idi - məğrur, sözü bir himdən anlayan, heç bir vəziyyətdə yalvar-yaxarla
heç kəsin qarşısında əyilməyən
qadın.
Oqtay: -
Dur - dedi və hardansa sanki vəhylə ağlına
gələn qəfil fikirlə az qala qol qaldırıb
oynayacaqdı. Çıxış
yolu tapmışdı.
Sevincək:
- Mənim mənzilimdə qalarsız, - dedi.
Əsmər təəccüblə:
- Sənin mənzilində? Necə yəni...
- Çox sadə. Mənim ikiotaqlı mənzilimdə.
- Bəs sən, ailən?
- Mənim ailəm yoxdur. Təkəm. Bilmirdin?
Əsmər, əlbəttə, bilirdi
bunu, bilirdi ki Oqtay tək yaşayır. Sırf qadın marağıyla, Oqtayın evlənmədiyini
də öyrənmişdi.
Rəfiqəsiylə hər
telefon söhbətində
bu barədə müfəssəl məlumat
alırdı. Amma bununla
məsələ çözülmürdü
axı.
- Bəs sən?
- Mənim, vəzifəmə
görə, Zuğulbada
Hökumət bağında
iki otağım var, -
bunu düz deyirdi. - Onsuz da ilboyu orda qalıram,
- bu isə yalan idi. Olsa-olsa,
ayda bir, ya iki gün
orda qalmaq imkanı olurdu.
- Yox, axı... - Əsmər hələ də özünə gələ bilmirdi. Bilmirdi ki nəyə, nədən və nə üçün etiraz etsin...
Oqtay cibindən açarları
çıxarıb Əsmərə
uzatdı: - Sürücüm
sizi aparar, şeylərinizi daşımağa
da kömək edər
- dedi.
Əsmərin üzü sanki
işıqlandı, elə
bil son vaxtların bütün ağırlıqları,
qeyri-müəyyənliyi, qayğıları
sifətindən silinib
getdi, əvvəlki bir az şıltaq,
bir az işvəli,
amma mülayim və mehriban Əsmər oldu.
Boynunu uzadıb Oqtayın yanağından öpdü.
Oqtayın bütün
vücudu gizildədi.
Əlli illik tarixi olan münasibətlərində
Əsmər ilk dəfə
öpürdü onu.
lll
Fuad saatına baxdı, yarım saatdı burdaydı. "Görəsən,
mən də o vaxtlar qəbuluma gələnləri bu qədər gözlətmişəm?"
Xoş bir hisslə xatırladı
ki, haçansa həmin
bu Oqtay ömründə ilk və
yeganə dəfə Fuadın qəbuluna gələndə, onu bir dəqiqə belə gözlətməmişdi.
Elə bu an Oqtayın kabinetinin qapısı açıldı,
əvvəlcə ağbaşlı
bir qadın, ardınca Oqtay çıxdılar.
Oqtay:
- Salam,
Fuad - dedi - bağışla,
səni bir az gözlətdim, üzrlü səbəbim
var. Əsməri tanımadın?
Aman Allah,
bu ağsaçlı
qadın Əsmər imiş. Məktəblərində
oğlanların hamısının,
o cümlədən də
Fuadın özünün
hayıl-mayıl olduqları
Əsmər. Əsmər
də Fuadı tanımadı, yadına salmalı oldu, sonra:
- Xoş gördük, Fuad -
dedi.
- Xoş gördük. Necəsən...eee... necəsiz, Əsmər... xanım?
- Sağ ol... sağ olun...
Aydın
olmadı - Əsmər
Fuada "siz"lə
müraciət edir, ya buradakıların hamısıyla sağollaşır.
Oqtay Əsməri qapıyacan ötürüb
Fuadı içəri
çağırdı:
- Buyur...
Fuad tanış kabinetə girdi, istər-istəməz
otağa nəzər saldı. Divarlardakı layihələri göstərib:
- Sənin proyektlərindir?
- deyə xəbər
aldı.
Oqtay:
- Heç biri mənim deyil - dedi.
- ???
Oqtay səssiz suala:
- Hamısı rəhmətlik
Fuad Salahlınındır, - dedi. - Çalışırıq,
heç olmasa, bir neçəsini həyata keçirək
- Hə, indi Fuad Salahlı zəmanənin qəhrəmanıdır.
Bu sözlərdə xəfif
bir istehza hiss elədi Oqtay, odur ki, qəti şəkildə:
- Fuad Salahlı elə o zəmanənin də qəhrəmanı idi, - dedi.
Sanki danışmağa söz
tapmırdılar. Halbuki
Fuad şübhəsiz hansısa
bir iş üçün gəlmişdi.
Nəhayət, gərginliyi
aradan qaldırmaqçün
Oqtay:
- Görürsən də,
Fuad, bir vaxt bu otaqda sən
məni qəbul edirdin, indi mən
səni qəbul edirəm. "Oxartana"nın
sözləri Fuadın
yadına düşdü:
- Kiminin əvvəli, kiminin axırı...
Oqtay:
- Boşla görək - dedi - nə əvvəl-axır, canım.
İnan ki, yatsam, yuxuma girməzdi ki, haçansa bu vəzifəni tutacam.
- Sən tutmayıb kim tutacaqdı bu vəzifəni?! Bu "bəy"lərin içində
yeganə professional elə
sənsən də...
Oqtay bu sözlərə qarşılıq vermədən:
- Bəy təkid elədi, - dedi.
- Kim?
- Böyük bəy - Elçibəy - Prezident. Haçansa bizi Fuad Salahlı tanış etmişdi. Fuad müəllimlə
dost idilər. Görünür,
o vaxtdan yadında qalmışammış. Məni
çağırdı. Dedi,
dinçilərin dəstəyinə
ehtiyacımız var, odur
ki, hələlik Qafur
Əhmədlini müdir
təyin etmişik.
Amma belə mühüm
yerdə bizim inandığımız dürüst,
etibarlı adamımız
da olmalıdır. Həm
də yadımdadı,
rəhmətlik Fuad Salahlı
səndən ağız
dolusu danışardı.
İndi sən bu vəzifəni tutsan, onun
da ruhu şad olar.
Nə isə razılaşmalı
oldum.
- Düz eləmisən. Əbülfəz bəy doğru seçim edib. Fuad Salahlının o
vaxt həyata keçməmiş işlərini
dirçəltməyiniz də
doğrudur. Amma...
Oqtay:
- Amma nə? - deyə soruşdu.
- Amma birini qaldırmaqçün
başqasını yıxmaq
vacib deyil.
- Kimi yıxmışıq ki?
Fuad siqaret çıxartdı:
- Olar?
- Əlbəttə.
Siqaretini
odladı, bir qüllab vurub:
- Elə Şövqü Şəfizadəni... Yanına
da bu məsələyçün
gəlmişəm.
- Nə olub ki Şövqü Şəfizadəyə?
- Guya bilmirsən? Tikdiyi binaları bir-bir sökürlər.
- Şəhərin siması
müasirləşməlidir də. Mikayıl Hüseynovun da bir neçə binası sökülüb.
- Çox nahaq yerə, Sən memarsan, bilirsən ki, binalar həm də dövrün, epoxanın rəmzidir.
- Elə ona görə
sökürlər də,
deyirlər ki, sovet dövrünü xatırladan
heç nə qalmamalıdır. Doğrusu,
mən də bu ifrat yanaşmanın
əleyhinəyəm. Amma çox
vaxt fikrimi isbat edə bilmirəm. Ən çox da bu sahədə canfəşanlıq
edən bilirsən kimdi? Həmin elə mənim bu müdirim.
- Yaxşı, binalar, tutalım, sovet rejiminin timsalıdır, bəs küçələrin
nə təqsiri var?
- Küçələrin?
- Bəli, küçələrin.
Rima... Rumiyyə... Yoldaşımı
deyirəm.
- Bilirəm. Şövqü
Şəfizadənin qızı.
Fuad bir qədər kəskin şəkildə:
- Bəli, Şövqü Şəfizadənin qızıdır.
Gecə-gündüz ağlayır
ki, elə bil atam bunlara düşmənmiş.
Binalarını bir-bir
sökmələri bəs
eləmir, hələ
küçənin də
adını dəyişdiriblər.
Özü də elə bil qəsdən
o küçəyə Fuad Salahlının adını
veriblər. Guya ayrı küçə tapılmırdı...
- Fuad Salahlı o küçədə
yaşayırdı axı...
- Şövqü Şəfizadə
də o küçədə
yaşayırdı.
- Düz deyirsən. Bunu kimsə qəsdən eləyib. Axı sağlıqlarında
yola getmədiklərini
hamı bilir. Doğrusu, mənim bundan xəbərim olmayıb. Kimsə, kinlinin biri - Şövqü Şəfizadənin
vaxtilə Fuad Salahlıya
etdiklərinin heyfini çıxmaq istəyib. İncimə, Fuad, axı çoxları Fuad Salahlının
başına gələnlərdə,
yəni sağlığında
heç bir layihəsinin tikilməməsində
Şövqünün barmağı
olduğunu düşünür.
Fuad "Şövqü Şəfizadə-Fuad
Salahlı qarşıdurması"nın
təfərrüatına varmaq
istəmədi, bununçün
gəlməmişdi bura.
Xahişi başqaydı.
- Sənin yanına ömrümdə ilk və
son xahişlə gəlmişəm,
- dedi. - Heç olmasa, yaşadığı
evin divarından Şövqünün xatirə
lövhəsini çıxarmasınlar.
Yoxsa Rumiyyə buna dözməz. Ürək xəstəsidir. Qəzetdə
Şövqü haqqında
yazılanları ondan
gizlədirəm.
Oqtay başını
buladı:
- Təəssüf ki, belə şeylər
o vaxt da vardı, indi də var. Fuad, bilirsən, yalandan söz vermək istəmirəm. Amma var gücümlə
çalışacam ki,
o lövhəni çıxarmasınlar.
Hər halda Şövqü Şəfizadənin
də - kim nə deyir desin
- müəyyən xidmətləri
olub.
Fuad ayağa
durub əl uzatdı:
- Çox sağ ol, Oqtay, - dedi.
Oqtayın otağından qarışıq
hisslərlə çıxırdı.
Bir yandan Oqtay sözünü yerə salmamışdı, hətta
Şövqünün xidmətlərini
qeyd etmişdi. O biri tərəfdən tam əminlik də yoxdu ki, Oqtay istəsə belə, bunun qarşısını
ala biləcək. Hər
halda Rumiyyəni bir az sakitləşdirə
bilərəm.
Küçəyə çıxdı.
Adəti üzrə köşkdən bir neçə qəzet aldı. Sabir bağında
skamyaya əyləşib
qəzetlərə baxmağa
başladı
"Azadlıq" qəzetinin
birinci səhifəsində
Şövqü Şəfizadənin
və onun, Fuadın iri şəkilləri verilmişdi.
Şəkillərin altında "Dağılan tifaqlar" başlıqlı yazını
oxumağa başladı.
"Sovet memarı Şövqü Şəfizadənin
eybəcər kommunist
üslubunda layihələşdirdiyi
binalar bir-bir sökülür. Şükür
ki, onun adını daşıyan küçənin
də adı dəyişdirilmiş, həmin
küçəyə sovet
rejiminin amansız repressiyalarına uğramış,
məhz elə deputat və laureat Şövqü Şəfizadə tərəfindən
amansızcasına təqib
olunmuş həqiqi millətpərvər, dahi
memar Fuad Salahlının
adı verilmişdir. Mənbə onu da nəzərə çatdırır
ki, Fuad Salahlıdan fərqləndirmək
üçün "balaca
Fuad" ayamasıyla tanınan
Fuad Qurbanoviç Mehdiyev
sovet vaxtı qayınatası həmin o
Şövqü Şəfizadənin
vasitəçiliyilə yüksək
vəzifələr tutmuşdur.
Hazırda təqaüdçüdür".
Küçədən keçən avtomobil bağın qarşısında dayandı.
Qapısı açıldı,
qıvrım saçlı
cavan oğlan maşından düşdü.
Maşının açıq
qapısından mahnı
eşidildi
Yar gəlir görüşə...
sürüşə-sürüşə...
Fuad qəzeti bir kənara atıb bərkdən güldü.
"Sürüşə-sürüşə ha...
Nədi, yar görüşə
xizəklə gəlir?"
Uzun
zaman güldü, toxtaya
bilmirdi. Maşından
düşən cavan oğlan əlindəki qəzeti kənara atıb gülən adama baxır, təəccüblənirdi, görəsən,
qəzetdə nə məzəli əhvalat yazılıb ki, bu yaşlı kişi belə qəhqəhə çəkir, uğunub gedir?
5-8 noyabr 2023.
Ankara, İstanbul.
525- ci
il.- 2023- cü il- 15 noyabr.- ¹- 206.- S. 12- 13.