“Əziz
dost” haqqında söz
(Əvvəli ötən çərşənbə
sayımızda)
Uzun müddət
dostluq etdiyim mərhum yazıçının
böyük oğlu atasının izi ilə gedərək, öz içindən kənar yaradıcılıqla
da məşğul olub, yeni bir
janra imza atmışdır. Mərhum
yaxınlara ünvanlanmış
bu janrda onun ardıcılları da meydana gəlmişdir.
O, həm də əsl mütaliə həvəskarı olmaqla yanaşı, aforizmlər
pərəstişkarıdır. Söhbət nədən gedirsə, onlara öz ağıl xəzinəsinə yığdığı,
dahilərdən gələn
və əsasən yerinə düşən qiymətli müdrik sözləri əlavə
edə bilir. Özü kimi kitabı sevənlərə
xüsusi ehtiramla yanaşır. Bu prinsipinin real ifadəsi kimi o, özünün zəngin
şəxsi kitabxanasından
Britannica Ensiklopediyasının
axırıncı nəşr
nüsxəsinin komplektini,
bu külliyatın son çapından iki onillik sonra
mənə bağışladı.
Britannica böyük elmi dəyərə malikdir və Böyük Sovet Ensiklopediyası onunla müqayisədə çox
uduzur. Onun köməyi ilə mən biliklərimi artırmaqla yanaşı,
böyük tarixi hadisələr və şəxsiyyətlər barədə
əlavə məlumatlar
bolluğuna sahib oldum. Mənim düşüncəmə görə,
ingilislərin Ensiklopediyasını
əsl elm məbədi adlandırmaq
olar.
Xarici ölkələrdə
yaşayan gənc dostlarımın hədiyyələri
hesabına kitabxanamın
qiymətli növlərlə
zənginləşməsini də xüsusilə qeyd etmək istərdim. Yaxın dostumun İngiltərədə
həkim işləyən
oğlu son 20 ildə məni bizdə tapılmayan kitablarla təchiz edir. "Western Sivilization"
və "Chronicle of the Mankind"
adlı və çox sayda digər kitablara da onun hesabına
sahib olmuşam, əvvəlki iki kitabda tarixə aid olduqca sanballı
məlumatlar vardır.
Son vaxtlarda isə qədim Vinçester şəhərində
yaşadığından, həmin
adı daşıyan tüfəngin şöhrəti
ilə yarışa girə bilən yerli məşhur yazıçı Ceyn Ostinin 6 cildlik külliyatını göndərmişdir.
Abu-Dabidə bankda işləyən qardaşı
və onun ərəb əsilli nəcib xanımı isə mənə Qor Vidalın "Abraham Linkoln" kitabını və hind eposlarını göndərmişlər.
Digər bir
dostumun Vaşinqtonda indi Dünya Bankında rəhbər vəzifədə işləyən
oğlu isə ixtisasca hüquqşünas
olan yazıçı
Con Qrişhomun
90-cı illərdə Amerikada
mafiyaya qarşı mübarizəyə həsr
olunmuş 9 kitabını
göndərmişdi. Onlardan üçü
əsasında Hollivud
film çəkmişdir, onlardan
ən məşhuru
"The Client" - "Müştəri"
filmi idi.
Mən özüm də xarici ölkələrə
səfər edərkən
xeyli kitab yükü ilə qayıdıram.
ABŞ-a iki səfərim
vaxtı oradan Uebster və Kenbric Ensiklopediyalarını,
dövlətin tarixinə
dair qiymətli kitabları almışdım.
Uçduğumuz Türkiyə
Hava Yollarının təyyarəsinin stüardı
kitablarla dolu mənim iri zənbilimə təəccübünü
bildirib, pulu belə xərcləməyimə
rişxəndli iradını
bildirməyi də öz səviyyəsində
vacib saymışdı.
Qonşuluğumdakı kitab satan ziyalı oğlan da az-çox mənim zövqümə
bələd olduğundan,
ingilis dilində çap edilən müvafiq məzmunlu kitablarla məni təmin edir. Ondan xeyli sayda
yaxşı kitablar almışam
Onu da qeyd etmək lazımdır ki, Avropanın
iri şəhərlərindəki
və Amerikada olduğum Nyu Yorkun kitab mağazaları
göz oxşayır.
Praqanın nəhəng
kitab mağazasındakı silos quyusuna bənzər kitablardan hörülmüş
iri quyu və onun üstündə
ucalan qüllə məni heyran etdi. Bu qəribə installasiyada kitablar kaladeyskopu ilə qarşılaşırsan. Lakin xarici ölkələrdə
kitab olduqca baha qiymətədir.
Göründüyü kimi, kitabxanamın ingilis dilində olan bölməsinin böyüməsində
və müxtəlif çeşidlərə yiyələnməsində
dostlarımın və
onların övladlarının
hədiyyələrini xüsusilə
vurğulayıram. Axı
bizdə elə kitabları tapmaq o qədər də asan deyildir. Mən başa düşürəm ki, bu
alicənablıqları ilə
onlar məndən çox öz atalarına ehtiramlarını
izhar edirlər və valideynini dostu ilə xoş əlaqə saxlamağı və yeri gəldikdə ona qiymətli hədiyyələr verməyi
özlərinin borcu hesab edirlər.
Mütaliə adamın mədəni
səviyyəsinin yüksəlməsinə
də əvəzsiz köməklik göstərir.
Hansı ölkəyə
səfər edirsənsə,
əvvəlcədən kitablar
vasitəsilə onun təbiəti, tarixi, əhalisi barədə isə etnoqrafik məlumatlarla geniş tanış olmaq imkanı qazanırsan. Aldığın biliklər
həmin ölkəni
və xalqı yaxından tanımaqda sənə bələdçilik
göstərir. Avropanın
rəngkarlığı və
heykəltaraşlığı barədəki biliklər də, onlarla əyani tanış olduqda, həmin əsərlərin mahiyyətini
qiymətləndirməkdə kitablar əsl yol göstərən vasitə rolunu oynayır. Əvvəllər
reproduksiyaları ilə
tanıdığın əsərlər
əyani təmas vasitəsi ilə sənə daha güclü təsir göstərir.
Mütaliə yaradıcılıqla məşğul olan insanlara da öz köməklik əlini uzadır. Geniş mütaliələri ilə
fərqlənən yazıçılar
adətən dar dairəni tərk edib, öz personajları
ilə insan həyatı və ümümbəşəri dəyərlər
barədə oxucuya geniş məlumat verir. Uilyam Şekspirin,Viktor Hüqunun,
L.N.Tolstoyun əsərlərini
oxuyarkən biz həyacanlı
anlar yaşamaqla yanaşı, həm də elmə aid olan çox şeylər öyrənirik.
İstedadına güvənərək
öz səviyyəsini
yüksəltmək qayğısına
qalmayanların əsərlərində
isə hökmən primitivlik özünü büruzə verir.
Bütün bunlar heç də didaktika xatirinə deyilmir, məhz kitabın, onu oxumağa həsr olunan vaxtın, mütaliənin
insan həyatında mühüm rol oynadığını diqqətə
çatdırmaq məqsədini
güdür. Öz olduqca sadə təcrübəmə müraciət
etdikdə də mən yalnız kitabları təbliğ etmək istəyirəm, az-çox savadlı adamların bu məbədə sitayiş
etməməsini isə bağışlanmaz
qəbahət sayıram.
Zaman çox şeyə təsir göstərdiyi, təsəvvürlərimizi dəyişməyə
məruz qoyduğu kimi, kitabların təsir gücünə,
kütləvi mütaliə
həvəsinə də
ziyan vurmamış qalmamışdır. Əlbəttə,
süni intellektin həyata qədəm qoyduğu, reallığa çevrildiyi bir şəraitdə mütaliəni
ön plana çəkmək
bir qədər təəccüblü görünə
bilər. Lakin hər şey dəyişsə də, insanın mədəni haləsi metamorfozalara uğrasa da, insan mənəvi varlığını itirməyəcəkdir.
Son vaxtlar bayağı, inancın mahiyyətini anlamayanlar ordusu da güclənmişdir, dini
ehkamlardan yeri gəlib-gəlmədi misal
çəkmək dəbi
meydana gəlmişdir.
Primitivliyə, vulqarlığa
dalanlar özlərini
az qala ilahiyyatçı
hesab edirlər. İnanca qarşı mübarizə aparmaq ağılsızlıq olduğu
kimi, cəhalətin yayılmasına qarşı
laqeydlik göstərmək
də ciddi səhv hesab edilməlidir. İnsanlara öz inancı barədə haray çəkməsinə görə
deyil, adətən onların məhz fəaliyyətinə və
əməlinə görə
qiymət verilir. Bu sahədə amerikanların
"Deed before Creed" - "Əməl inancdan əvvəldir"
şüarı mühüm
əhəmiyyət kəsb
edir. İnsan dünyadan köçdükdən
sonra məhz öz əməllərinə,
cəmiyyət naminə
fəaliyyətinə görə
xatırlanır. Bəzi
görkəmli şəxsiyyətlər
isə öz xalqı, milləti üçün nümunəyə
çevrilir.
Həyat
fəlsəfəsini, özünü
dərk etməyi öyrənməkdə bizim
ən yaxın köməkçilərimiz kitablardır,
onlar öz xidmətləri üçün
bizdən iri məbləğdə haqq
tələb etmirlər.
Kitablardakı nümunələr
vasitəsilə biz həyatın
mənasının həyatın
özündən qiymətli
olduğu qənaətinə
gəlirik. Kitab təkcə
onu oxuyanlarla təmasa girməklə öz işini bitmiş hesab etmir, oxucu onun
məziyyətlərini müzakirə
və analiz etməyə də girişir. Əvvəllər
adamlar bir-birilə kitablar vasitəsilə danışırdılar. Kitab həm
də nitqi və yazı mədəniyyətini inkişaf
etdirir.
Təəssüf ki, son vaxtlar kitab oxuyanlar
seqmenti daralmışdır.
Lakin bədbinliyə qapılmaq
da düzgün olmazdı.
Mütaliə edən
seqment nisbətən kiçilsə də, daim qalacaqdır. İndiki nəsil çox az hallarda
öz şəxsi kitabxanasını yığır,
kitab oxumayanlar isə öz diqqətlərini kinoseriallara verirlər.
Yaxşı olardı ki, yazıçılar
kitabın təbliği
ilə də məşğul olaydılar,
təkcə şöhrət
qazanmaq barədə düşünməyəydilər. Onları oxucya tanıtdıran və sevdirən yazdıqları
kitablardır. Onlarla şəxsi tanışlığa
da elə bir ehtiyac yoxdur. Kitabları vasitəsilə
onlarla qiyabi tanışlıq daha sərfəlidir, çünki
onlar yalnız yaradıcılıqları ilə
ağıla və ürəyə hakim kəsilirlər,
çox adamın arzu olunan qonağına
çevrilirlər. O, təkcə
personajlarını deyil,
çox vaxt özünü də oxucuya dolayı yolla təqdim edib, yeri düşdükcə
qiymətləndirir. Onların
bilavasitə yazıb yaratdıqlarına da zamanın,
dövrün xüsusiyyətləri
öz təsirini göstərir. Puşkin
"Yevgeni Onegin"də kübarı
tərənnüm edirdisə,
Səməd Vurğunun
"Muğan" poemasında
ekskavatorçu qəhrəmana
çevrilmişdi. Axı,
hər iki müəllif öz əsərini real oxucularına
ünvanlamışdı. Bəzən
köhnə formada yazılmış əsər
də sonralar öz oxucularını
tapa bilmir, hətta dahi yazıçılar
da belə münasibətlə
üzləşməli olur.
Tolstoy Puşkinin "Kapitan
qızı" əsərini
bu qüsura görə tənqid edirdi. Plexanov isə Tolstoyun özünü ardıcıl
metafizik adlandırırdı.
Təəssüf ki, yazıçı çox vaxt şəxsi həyatda öz qəhrəmanları
səviyyəsinə yaxınlaşa
bilmir. Onlarla şəxsi tanış olmaq istəyi də gözlənilənin
əksinə, bəzən
xoşagəlməz hallarla
nəticələnir. Bəzilərinin
nümunəsi heç
adi ləyaqət prinsiplərinə də cavab vermir. Bunun təsdiqi üçün
hətta məşhur
yazıçıların da həyatına aid olan çox sayda misallar gətirmək olar.
XV əsrdə yaşamış
ilk fransız lirik şairi Fransua Viyon dəfələrlə
quldurluqda, savaşda və qarətdə iştirak etmiş, Parisdən sürgün edilmişdi. O, özünün
dəyişikliyə uğrayan
həyatını "Böyük
vəsiyyət" və
"Kiçik vəsiyyət"
adlanan balladalarında
təsvir etmişdi.
O, həmçinin Yer
üstündəki həyatın
faniliyi motivini, cavabsız məhəbbətin
əzabını yaşamağı
qələmə almışdır.
Detektiv janrın banisi, amerikan yazıçısı
Edqar Allan Po 13 yaşlı
öz qız qohumuna evlənmişdi. Bu
izdivac bir əsr yarım sonra baş versəydi, onu pedofiliyada ittiham edib, ağır cəzalandırardılar. Corc
Qordon Bayron və A.N.Gertsen
isə intsestlə məşğul olub, öz ögey bacıları ilə intim yaxınlıq etmiş, Bayronun bacısı Avqusta ona qız doğmuş,
Gertsen isə bacısına rəsmi qaydada evlənmişdi.
Böyük rus şairi A.S.Puşkin hər xırda məsələyə görə
adamları dəfələrlə
duelə çağırmışdı,
onların arasında doğma dayısı da
var idi. 1837-ci ilin yanvarında duelə çağırdığı Dantes tərəfindən sərrast atəşlə
yaralanmış və
həmin yaradan ölmüşdü. Ondan
xeyli əvvəl, dramaturq A.S.Qriboyedov
İranda Rusiyanın diplomatik korpusuna başçılıq edərkən
Fətəli şahın
hərəmxanasının başçısı, erməni
əsilli xacə Yaqub Mirzənin provakasiyasına uğrayaraq,
səfirliyin iqamətgahı
binasında saraydan qaçmış hərəm
qızlara sığınacaq
vermişdi. Tehranda kütlə bunu millətin namusunun təhqiri kimi qiymətləndirərək, səfirlik
binasını dağıtmış,
Qriboyedovu da öldürmüşdülər.
Sonra onun cəsədini
atın quyruğuna bağlayaraq, küçələrdə
sürümüşdülər.
Rus yazıçısı F.M.Dostoyevski qumarbazlıqla
məşğul olur,
çox vaxt uduzurdu, hətta arvadının qızıl
bəzək əşyalarını
da satıb, həmin pulu da qumara qoymuşdu.
Rus yazıçısı İ.S.Turgenyev Parisdə məşuqəsi, aktrisa
Polina Viardo və onun əri ilə
bir mənzildə yaşamışdı. Qadın
həm məşuqu, həm də əri ilə fiziki yaxınlıq edirdi. Şair V.V.Mayakovski də
öz sələfinin
təcrübəsini davam
etdirmiş, məşuqəsi
Liliya Brik və onun əri Osip Briklə
bir yerdə yaşamışdı.
SSRİ Yazıçılar İttifaqının
sədri A.A.Fadeyev
sərxoşluğa qurşanmış,
intihar etmişdi.
Azərbaycan yazıçılarından bəziləri 1937-38-ci illərin
repressiyası vaxtı
donosçuluq edərək,
öz qələm yoldaşlarının həbsinə
və ölümünə
səbəb olmuşdular.
Göründüyü kimi, bəzi yaradıcı insanlar şəxsi həyatlarında ciddi nöqsanlara yol verdiklərinə görə
oxucularına nümunə
ola bilməzlər. Ona görə
də biz onların yaradıcılığına qiymət
verməliyik, şəxsi
davranışları isə
ümumiyyətlə bizim
diqqətimizi cəlb etməməlidir. Hətta
hansı inanca və ideyalara tərəfdar və ya zidd olmaları,
onların yaradıcılığına
qiymət verildikdə
də həmçinin
heç bir rol oynamamalıdır. Bu barədə Rusiya çarı III Aleksandrın
L.N.Tolstoya bəslədiyi münasibət
ibrətamizdir. Onu ağır qaydada cəzalandırmağı tələb
edənlərə çar
sərt cavab vermişdi: "Mənim Tolstoyuma toxunmayın".
Tolstoy isə provaslav dininə qarşı üsyan edirdi və buna görə onun çox sayda düşmənləri
meydana gəlmişdi.
Kitab ağıla, ruha yalnız fayda verir. Faşizm, terror, şovinizm təbliğatına
həsr olunanlardan başqa, heç bir kitab adama ziyan vura bilməz Biz kitaba hörmətlə yanaşırıqsa,
onların yaradıcılarına
da ehtiram bəsləməliyik.
Axı onlardan bəziləri heç də adi, ötəri
adamlar deyillər. Bəlkə də müqəddəslərə bəslənən
xoş münasibətdən
onlara da pay düşsəydi,
bizim pərəstişimizin
qiyməti də daha vəznli olardı.
Son.
İyul
2023-cü il
525- ci il.- 2023- cü il.- 15 noyabr.- ¹- 206.- S. 14.