Böyük Qayıdış: viranədən
abadlığa
QARABAĞDA
VƏ ŞƏRQİ ZƏNGƏZURDA APARILAN NƏHƏNG
QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR
İşğaldan azad olunan ərazilərə
Böyük Qayıdışın
təmin edilməsi üçün şəhər
və kəndlərin
bərpası, yenidən
qurulması, həmin ərazilərdə müasir
infrastrukturların yaradılması
(elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət,
mənzil-kommunal və
digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin
bərpası və yenidən qurulması, yaşayış evlərinin
tikintisi və s.) məqsədilə 2024-cü ilin
dövlət büdcəsində
4 milyard manat vəsait nəzərdə
tutulub.
Bu, Maliyyə
Nazirliyinin 2024-cü ilin
dövlət və icmal büdcələri üzrə layihələrin
təqdimatında əksini
tapıb. Eyni zamanda, keçmiş məcburi köçkünlərin
sosial müdafiəsinin
təmin edilməsi məqsədilə isə
növbəti ilin dövlət büdcəsində
355,3 milyon manat vəsait proqnozlaşdırılıb.
Belə ki, keçmiş məcburi köçkün statusu olan və onlara
bərabər tutulan şəxslərə (467,1 min
nəfərə) 60 və
33 manat məbləğində
vahid aylıq müavinət verilməsi
üçün 317,0 milyon
manat, məcburi köçkünlər və
onlara bərabər tutulan şəxslər tərəfindən istehlak
edilən kommunal xidmətlərin haqqının
dövlət büdcəsinin
vəsaiti hesabına qarşılanması üçün
20,7 milyon manat, digər tədbirlər üçün 17,6 milyon
manat vəsait proqnozlaşdırılıb.
Maliyyə naziri
Samir Şərifov deyir ki, 3 il
ərzində, yəni
bu ilin sonuna
kimi ümumilikdə
12 milyard manata yaxın vəsaitin azad olunmuş ərazilərin bərpasına
xərclənməsi nəzərdə
tutulub: "İlkin olaraq 7,4 milyard manat vəsait bu istiqamətə nəzərdə tutulmuşdu.
Sonradan isə əlavə gəlirlərin
bu istiqamətə yönəldilməsi nəzərdə
tutuldu, həm də hansısa dövlət qurumunda olan qənaət də bu istiqamətə
yönəldilir. Bunların sayəsində
bu vəsait 7,4 milyard manatdan 12 milyard manata qədər artıb. Ona görə də dövlət büdcəsində
hər hansı əlavə gəlir yaranarsa, büdcə qaydasında ziddiyyət təşkil etmədiyi təqdirdə, azad olunmuş ərazilərin
bərpasına yönəldiləcək".
Prezidenti
İlham Əliyev çıxışlarından
birində bu mövzuya toxunarkən bildirib ki, üç il əvvəl, Vətən müharibəsi başa çatdıqdan dərhal
sonra işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı
bərpa-quruculuq işləri
başlandı. Bu məqsədlə
artıq Azərbaycan büdcəsindən 7 milyard
ABŞ dolları həcmində
vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının
ayrılacağı nəzərdə
tutulur: "Artıq keçmiş məcburi köçkünlər - bu
torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və
üç kəndə
qayıdıb. 2026-cı ilin
sonunadək Qarabağa
və Şərqi Zəngəzura 140 mindən
artıq insanın geri dönməsi nəzərdə tutulur".
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə,
işğaldan azad edilən ərazilərdə
enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən, bərpa
olunan enerji potensialından səmərəli
istifadə çərçivəsində
əhalinin infrastruktur
təminatının yaxşılaşdırılması
və layiqli həyat şəraitinin yaradılması üçün
elektrik, su, qaz, istilik təchizatı
və kanalizasiya xidmətlərinin qurulması
istiqamətində sistemli
tədbirlər həyata
keçirilir. Ərazilərdə
zəruri rabitə infrastrukturu qurulmaqla mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə,
internet, poçt və
sair təşkil edilib. Xüsusilə də, həmin ərazilərdə kənd
təsərrüfatı sahələrinin
məhsullarının istehsalı
onu göstərir ki, bu sahə iqtisadi
fəaliyyət növlərindən
biri olacaq. Müharibənin başa çatmasından çox
az vaxt ötməsinə
baxmayaraq, işğaldan
azad olunmuş ərazilərdə genişmiqyaslı
bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması
Azərbaycan dövlətinin
böyük gücünü
göstərir. Bu ərazilərdə
aparılan bütün
yenidənqurma, bərpa
və şəhərsalma
işləri qabaqcıl
urbanizasiya modellərinin
tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə
xidmət edəcək.
Dövlət Proqramı
çərçivəsində işğaldan azad edilmiş ərazilərdə
insan kapitalının
inkişafı sahəsində
sosial xidmətlər şəbəkəsinin yaradılması
və maddi-texniki bazasının gücləndirilməsi,
bölgədə məskunlaşacaq
əhalinin keyfiyyətli
səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət
və idman obyektlərinin bərpası
və yenidən qurulması, məşğulluq
imkanlarının artırılması
məqsədilə fəal
özünüməşğulluq proqramlarının həyata
keçirilməsi və
reabilitasiya müəssisələrinin
qurulması planlaşdırılır.
X.Kərimli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin
bərpası üçün
2024-cü ilin dövlət
büdcəsindən ayrılan
vəsaitin bir hissəsi yol infrastrukturunun qurulmasına
xərclənir: "3 milyard
825 milyon manatın xərclənəcəyi istiqamətlər
var. Yol infrastrukturunun inkişaf etdirilməsi əsas mövzulardandır.
Müxtəlif istiqamətlərdə
avtomobil və dəmir yol xətləri çəkilir.
Eyni zamanda, Qarabağın mərkəzi
hissəsi də qayıdıb. Mövcud ərazilərdə Qarabağın
mərkəzinin əlaqələndirilməsi
istiqamətində həm
dəmir yol xəttinin, həm də avtomobil yol xəttinin tikintilərinin birləşdirilməsi
prosesi gedəcək. Həmçinin, yolların
tikintisinə, ərazilərin
minadan təmizlənməsinə,
dəmiryol xəttinin
çəkilməsinə, hava limanlarının, yaşayış yerlərinin
tikilməsinə, elektrik
və su xətlərinin çəkilməsinə
xeyli vəsait ayrılıb. Dövlət
üzərinə düşən
bütün problemləri
həll edir".
X.Kərimli əlavə edib
ki, ərazilərin təhlükəsizliyinin
təmin edilməsi, minalardan təmizlənməsinə
vəsaitlər sərf
olunacaq: "Ərazidə
enerji infrastrukturunun qurulması investisiya tələb edəcək.
Bundan əlavə, hökumətin yaxın zamanda 100 min əhalinin köçürülməsi ilə
bağlı ciddi planı var. Yaşayış
yerlərinin tikilməsi
üçün vəsait
xərclənəcək".
Memar Fərid Bayramovun sözlərinə görə,
işğaldan azad edilmiş ərazilərdə
yeni bərpa layihələri
yaşayış, istehsal,
sosial xidmətlər,
"ağıllı kənd
təsərrüfatı", alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulur.
Bu isə məskunlaşmanın
özünəməxsus yeni modelini təşkil edəcək: "Məskunlaşmanın
yeni modeli olan "Ağıllı şəhər"
və "Ağıllı
kənd" layihələrinin
həyata keçirilməsi
bu regionların sosial-iqtisadi inkişafını
artırmaqla yanaşı,
ölkənin müdafiə
və iqtisadi təhlükəsizliyinin təmin
edilməsi üçün
böyük imkanlar yaradır. Azad edilmiş ərazilərdə yeni məskunlaşma
modelinin inkişafı
üçün geniş
imkanları mövcuddur.
Kəlbəcər rayonu
ərazisində də
su elektrik stansiyalarının tikilməsi
üçün çox
əlverişli şərait
var. Yeni dəmir yolu infrastrukturunun yaradılması,
bir neçə aqrar sənaye parklarının planlaşdırılması
kənd təsərrüfatının
sənayeləşdirilməsinə də geniş imkanlar açır. Şərqi Zəngəzurda
azad iqtisadi zonanın yaradılması
bir çox ölkələrin marağındadır
və nəticə etibarilə ərazidə iqtisadi artım məsələsini həll
edəcək".
F.Bayramov əlavə
edib ki, 2026-cı ilin sonunadək Qarabağ iqtisadi rayonu üzrə Ağdam və Füzuli şəhərlərində 8 yaşayış
məhəlləsinin, Hadrut və Suqovuşan qəsəbələrinin və
32 kəndin tikilməsi
nəzərdə tutulur.
Böyük Qayıdışın
təmin edilməsi üçün ilk mərhələdə
baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə
davam edir. Eyni zamanda, ərazilərin
elektrik təchizatı
da dövlətin diqqət
mərkəzindədir.
Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində görülən
sosial-iqtisadi inkişaf
və həyata keçirilən Dövlət
Proqramı böyük
qayıdış çərçivəsində
həyata keçirilən
quruculuq işləri ictimaiyyət tərəfindən
çox diqqətlə
izlənilir və yüksək qiymətləndirilir:
"Qısa müddət
ərzində işğaldan
azad olunmuş ərazilərdə bu qədər böyük işlərin görülməsi
və artıq Zəngilana, Füzuliyə,
Laçına və digər ərazilərə
quruculuq işlərindən
sonra böyük qayıdışın təmin
olunması sözün
əsl mənasında
tarixi hadisədir və eyni zamanda
çox böyük nailiyyətdir. Böyük
işlər həyata
keçirilir, nəhəng
quruculuq işləri görülür. Dövlətin
bu ərazilərdə
həyatın tezliklə
bərpa olunmasında,
ora tezliklə yerli əhalinin köçürülməsində maraqlıdır. Həmin regionlarda vətəndaş
cəmiyyətinin yaranması
isə artıq bizim işimizdir. Yəni böyük qayıdışın özü
də böyük hadisədir və bizim də qeyri-hökumət
təşkilatları bu
proseslərdə fəal
iştirak edirlər və biz yenə də əhali arasında öz missiyamızı yerinə
yetiririk. O cümlədən,
beynəlxalq ictimaiyyət
tərəfindən bu
proseslər necə qarşılanır, necə
müşahidə olunur
və əlbəttə
ki, bunlar hamısı
ictimai rəydir və ictimai rəyin öyrənilməsi
sahəsində də
qeyri-hökumət təşkilatları
öz üzərinə
düşən vəzifələri
yerinə yetirir".
R.Zeyni qeyd edib ki, qısa müddət ərzində
Füzulidə, Laçında,
Zəngilanda beynəlxalq
hava limanlarının
tikilməsi və yüz kilometrlərlə yolun çəkilməsi,
o cümlədən, Zəngəzur
dəhlizi ilə əlaqədar olaraq avtomobil yollarının, dəmir yolunun çəkilməsi çox
böyük işlərin
görülməsindən xəbər
verir: "Bu nəticələr
xalqımızı sevindirir,
ictimaiyyətimiz də
bundan məmnun olur".
Sevinc QARAYEVA
525- ci qəzet.- 2023- cü il.- 15
noyabr.- №- 206.- S. 15.