Heydər Əliyev obrazı Azərbaycan
dramaturgiyasında
Olur ki,
xalqın taleyində,
ölkənin müqəddəratında
möhtəşəm rolu
olan, tarixi yazan yox, tarixi
yaradan, hamının böyük insan, uzaqgörən siyasətçi,
rəhbər kimi qəbul etdiyi dahi şəxsiyyətin bədii obrazını yaratmaq istəyi yaranır dramaturqda. Əlbəttə, istəmək
çətin deyil, amma bu istəyi
reallaşdırmaq qələminə
inam, yazıçı
cəsarəti və ilk növbədə həmin şəxsiyyətə
bəslənən böyük
məhəbbət nəticəsində
mümkündür, necə
ki, görkəmli yazıçı-dramaturq, mərhum
Aqşin Babayev saydığımız bütün
bu keyfiyyətləri özündə birləşdirən
Ulu öndər Heydər Əliyevin möhtəşəm bədii
obrazını Azərbaycan
səhnəsinə gətirə
bilmişdi.
Altmış ildən çox bir vaxt ərzində
nasir, jurnalist, publisist, şair, tədqiqatçı alim kimi zəngin yaradıcılıq yolu keçmiş, geniş diapazonlu istedada malik Aqşin Babayev dramaturgiyaya da biganə deyildi, onun səhnə əsərləri hələ
1955-ci ildən başlayaraq
Dövlət Gənc Tamaşaçılar, Dövlət
Musiqili Komediya, Rus Dram, Bakı
Bələdiyyə və
Sumqayıt Dövlət
Musiqili Dram teatrlarında, habelə ölkənin bir sıra bölgə
teatrlarında uğurla
tamaşaya qoyulub, Azərbaycan televiziyasında
isə "Nekroloq",
"Dəvətnamə", "Yol", "Mükafat"
adlı televiziya pyesləri əsasında televiziya filmləri çəkilib
və geniş tamaşaçı auditoriyası
qazanıb. Aqşin Babayevin Heydər Əliyev şəxsiyyətinə
müraciət etməsi
isə bir az əvvəl dediyim kimi, Ulu
öndərə, hər
şeydən əvvəl,
böyük məhəbbət
və sayğının
nəticəsi idi.
Onu da deyim ki, Heydər
Əliyevin işıqlı
obrazına Aqşin Babayev bir dramaturq
kimi iki dəfə müraciət
edib. Birinci pyesini "Oğul" adlandıran dramaturqun əsəri Xalq artisti Amaliya Pənahovanın bir vaxtlar rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında
maraqlı səhnə
təcəssümünü tapmışdı. Daha sonralar Aqşin Babayev, ikinci dəfə Ulu öndərin obrazını
səhnəyə gətirməyə
müvəffəq olur.
Söhbət dramaturqun
hələ 1993-cü ildə
qələmə aldığı
məşhur "Xilaskar"
pyesindən gedir. Ümumiyyətlə, Heydər
Əliyevin bədii obrazını səhnəyə
gətirən və bu sahədə ciddi yaradıcılıq uğuru qazanan ilk dramaturq da
elə Aqşin Babayevdir.
"Xilaskar", janrına görə bədii-publisistik
dramdır. Heydər Əliyev, yəni əsərin qəhrəmanı
pyesdə az görünsə də, bütün baş verənlər onun şəxsiyyəti və
adı ətrafında
cərəyan edir. Əsərdəki hadisələr
böyük siyasətçinin
ikinci dəfə ölkə rəhbərliyinə
qayıdışı ərəfəsinə,
Azərbaycanın yaxın
tarixinin son dərəcə
mürəkkəb, ziddiyyətli
bir dövrünə
təsadüf edir.
Əsərin uğuru ilk növbədə
Aqşin Babayevin çox mürəkkəb
olan həmin dövrdə qaynar hadisələrin içində
olması və bu hadisələrin iştirakçılarını yaxından izləyə bilməsi ilə bağlıdır. Ən vacib məqamlardan biri də, dramaturqun,
qulluq vəzifəsinə
görə birbaşa
Heydər Əliyevin rəhbərliyi altında
işləməsi, böyük
şəxsiyyətlə birbaşa
ünsiyyətdə olması,
onu yaxından müşahidə edə bilməsidir. Bədii yaradıcılıqda bu məqamın əhəmiyyəti
çox böyükdür,
bir halda ki yazıçı öz qəhrəmanını yaxşı
tanımalıdır.
Qeyd etdiyimiz kimi, pyesdə hadisələrin
baş verdiyi zaman çox mürəkkəb,
dəyişkən, mütəhərrikdir.
Heydər Əliyevi istəyənlərlə istəməyən
azlıq arasındakı
ziddiyyətləri, dramatik
tarixi məqamları,
yumşaq desək, bir neçə sifəti olan insanları ən müxtəlif şəkildə
göstərən müəllif
bəzən sırf dramatik, bəzən də komik elementlərdən
gen-bol istifadə edir. Yeri gələndə
isə dramaturq incə kinayədən, satira, şarj və qroteskdən belə
çəkinmir.
Aqşin
Babayev pyesin janrını,
qeyd etdiyimiz kimi, sənədli-publisistik
dram adı ilə təqdim etsə də, əslində əsər sintetik mahiyyət daşıyır.
Müəllif janra münasibətdə özünü
heç bir çərçivəyə salmır.
Elə bunun nəticəsidir ki, "Xilaskar"da
dramaturq həm radio, həm televiziya, həm teatr, həm də bədii kollaj, hətta montaj elementlərindən
bacarıqla istifadə
edir. Bu da müəllifin
radio, televiziya və teatr işinə yaxından bələd olmasının nəticəsidir
ki, sonda onların maraqlı sintezi meydana çıxmış
və bütövlükdə
pyesin uğurlu alınmasını təmin
etmişdir.
Əlbəttə, hər bir bədii əsərdə müəllif fikrinin əsas daşıyıcısı
ədəbi qəhrəmanlar,
personajlardır, dramaturji
əsərdə isə
bu məsələ daha ciddidir, çünki dram əsərinin
qəhrəmanının çiyninə
qoyulan yük xeyli ağırdır. O
da məlumdur ki, səhnə
əsərində qəhrəmanın
tam aydın görünən
məqsədi, məramı
olmalıdır. Əgər
səhnə əsərində
belə bir qəhrəman yoxdursa, tamaşanın uğursuzluğa
düçar olacağı
şəksizdir. Bu mövqedən
yanaşanda "Xilaskar"
əsərinin uğuru
əvvəlcədən proqramlaşdırılıb,
çünki əsərin qəhrəmanı
Heydər Əliyevdir,
onun məqsədi, həyat missiyası dramaturqa da məlumdur, əsərlə
tanış olan oxucuya da və təbii ki, tamaşaçıya
da. Bu məqsəd, bu
missiya Azərbaycanın
müstəqilliyi, onun
əbədi olması,
xalqın işıqlı,
xoşbəxt gələcəyinin
təmin edilməsidir.
Əsərin qəhrəmanı Heydər
Əliyev olsa da, o, səhnədə az görünür, buna baxmayaraq,
gərgin konflikt səviyyəsinə qaldırılmış
ölüm-dirim mübarizəsi
məhz Heydər Əliyevin adı, şəxsiyyəti və
ona birmənalı olmayan münasibət ətrafında cərəyan
edir. Bununla belə, əsərin işlək qəhrəmanı,
Heydər Əliyevi dəstəkləyən xalqın
nümayəndəsi və
müəllif fikirlərinin
ruporu Ədalətdir.
Ədalət Ali Sovet aparatında şöbə
müdiridir, böyük,
taleyüklü məsələlərdə
rolu həlledici olmasa da, əsərdə onun obrazı çox fəal, çevik və mübarizdir. Ədalət
müəllif istəyinin
daşıyıcısı olmaqla Heydər Əliyev tərəfdarlarının
şavaşa hazır
olan nümayəndəsidir,
başqa sözlə,
Ədalət Heydər
Əliyevə böyük
inam bəsləyən,
onu xilaskar rolunda görən xalqın ümumiləşdirilmiş
obrazıdır. Əslində
Ədalət elə haqqın, ədalətin özü, rəmzidir. Müəllif qəhrəmanına nahaqdan
Ədalət adı verməyib ki?! Ədalətə
qarşı Ali Sovet sədrinin simasında əks mövqedə dayanan qüvvələr
də var əsərdə.
Bu qüvvələrin də
ruporu Saqqal Həmzədir. Buqələmun
kimi asanlıqla rəngdən-rəngə düşməyi
bacaran qorxaq, satqın, hiyləgər, yaltaq birisi. Elə bu personajın
da adında təsadüfi
olmayan tanış stereotip var: Koroğlunun Qıratını hiylə
yolu ilə qaçıran keçəl
Həmzə yada düşür.
Saqqal Həmzə də tək deyil, onun da
arxasında vətənini,
xalqını, müstəqilliyini
vəzifə, şəxsi
mənafe tərəzisinə
qoyan bir dəstə dayanır. Və bu iki
qüvvə arasında
gərgin mübarizə
gedir. Bax elə bu qarşıdurmada
tərəflərin məqsəd
və məramı açılır. Həqiqətən,
kimin kim olduğu həmişə
müəyyən dramatik
situasiyada məlum olur. Əgər Ədaləti ölkənin
gələcək taleyi,
vətənin müqəddaratı,
xalqımızın bir
millət kimi var olması, qazanılmış
müstəqilliyin bir
daha itirilməməsi
narahat edirsə, Saqqal Həmzənin hədəfi şəxsi mənafe, vəzifə imtiyazları və qisas hissi kimi
xırda məsələlərdir.
Onu da deyək ki, birincilərdə hər şey davamlıdırsa, prinsipial mahiyyət daşıyırsa, ikincilər
havanın dəyişməsi
ilə tam dəyişməyə
həmişə hazırdırlar
və buna görə
də daima gözdə-qulaqda və səksəkə içərisindədirlər.
Pyesdəki maraqlı məqamlardan
biri də əsas personajların prototiplərinin dərhal görünən və tanınan olmasıdır.
Əlbəttə, bu,
maraqlı olmaqdan başqa, həm də çox məsuliyyətli bir məsələdir. Axı
Aqşin Babayevin prototiplərinin çoxu hələ yaşayır,
bəziləri hətta
vəzifə başındadır.
Balaca bir səhv, qeyri-dəqiqlik müəllif üçün,
elə onun əsəri üçün
də problemlər yarada bilər, amma nə etməli,
tarixi hadisələrin
gedişini dramaturq da poza bilməz, bir halda ki, əsər
bədii olmaqdan başqa, həm də sənədliliyə
iddialıdır.
Bir az əvvəldə qeyd etdiyimiz kimi, "Xilaskar"
pyesində işlək
müsbət qəhrəman
kimi biz ilk növbədə
Ədaləti görürük.
O, Heydər Əliyev uğrunda açıq savaşdadır, bəzən
buna görə o, özünü
təhlükəyə də
hədəf edir. Elə əsər də Ədalətin Saqqal Həmzə ilə növbəti savaşı ilə başlayır, amma bu da məlumdur ki, proses çoxdan başlayıb.
Necə ki pyesdə və ya səhnədə
görünməyən neqativ
bir məkan da var, yaşanmış həyat
və ya həyatlar, ölkə miqyasında baş vermiş gərgin, taleyüklü hadisələr,
ciddi ictimai-siyasi dəyişikliklər, kataklizmlər,
bir-birini əvəzləyən
hakimiyyət yerdəyişmələri...
Bütün bunlar əsər çərçivəsində
baş verən hadisələrdən əvvəl
olub, amma bitib qurtarmayıb.
Elə bu yerdə dramaturgiyada
çox vacib olan bir məsələni
qeyd etmək istərdim: pyesi hardan, hansı hadisədən, həmin hadisənin harasından başlamalı? Təcrübəli
dramaturq kimi Aqşin Babayev bu məsələni də diqqətdə saxlaya bilib, başqa sözlə, "Xilaskar"da
hadisələr ölkə
həyatının ən
gərgin, həlledici
bir anı ilə başlayır: ölkə dəhşətli
bir uçurum qarşısındadır və
bu uçurum sürətlə dərinləşir.
Bax bu uçurum
şəraiti əsərdəki
dramatik situasiyanın başlanğıcı kimi
təqdim olunur.
Bir anlığa Hüseyn Cavid dramaturgiyasını
yada salaq. Böyük
ədibin səhnə
əsərlərinin dramatik
strukturu olduqca oxşardır. Onun hər bir əsərinin
qəhrəmanı sanki
uçurum qarşısındadır.
Deməli, faciəni yaradan dramatik vəziyyət tapılıb,
müəllif qəhrəmanın
bundan sonrakı addımlarını, nələr
edəcəyini, hansı
çətinliklərdən keçəcəyini tamaşaçıya
göstərmək əzmindədir,
daha doğrusu hadisələr neqativ məkandan pozitiv məkana, başqa sözlə, görünən,
səhnədə baş
verən hadisələrə
keçir. Aqşin Babayevin "Xilaskar"ında
da həmin strukturdan istifadə olunur, amma bir fərqlə,
"Xilaskar"da Afət,
Maral, Şeyda kimi konkret bir
qəhrəman deyil, bütöv bir ölkə, xalq uçurum qarşısındadır
və az-çox düşünən, ölkənin
taleyi üçün
yanan insanlar bu vəziyətdən xilas yolunu axtarırlar.
Ədalət kimi insanlar isə çıxış
yolunu çoxdan bilirlər və bunu açıq-aydın deməkdən də çəkinmirlər. Onlar
bilirlər ki, xalqı
qırğından, ölkəni
uçurumdan qüdrətli
bir şəxsiyyət
qurtara bilər, indiki halda həmin
şəxsiyyət Heydər
Əliyevdir. Bu xaosdan,
hərc-mərclikdən, hakimiyyətsizlikdən
vətəni yalnız
Heydər Əliyev xilas edə bilər. Deməli, hakimiyyətə Heydər
Əliyevin gəlməsi
sözün həqiqi
mənasında xilas yoludur. Ədalət, onun kimi düşünən
insanlar bilirlər ki, vətəndaş müharibəsinin
qarşısını dünya
səviyyəli siyasətçi
Heydər Əliyev alacaqdır.
O da məlumdur ki, bir az əvvəldə qeyd etdiyim kimi,
dramaturgiyanın ən
vacib qanunlarından biri ali məqsədi,
məramı olan qəhrəmandırsa, daha
vacib olan şərtlərdən biri
də həmin qəhrəmanın məqsədinə
çatmaq yolunda qarşıya çıxan ciddi, əsaslandırılmış maneələrin yaradılmasıdır.
Əlbəttə, indiki
halda bu maneələrin müəllif
tərəfindən uydurulmasına
ehtiyac qalmır, bir halda ki, yaxın
və məlum tarix, onun kifayət
qədər açıq
səhifələri müəllif
fantaziyasına o qədər
də yer qoymur, əksinə, ən çətini artıq tarixə çevrilmiş həmin hadisələr
bolluğu içərisindən
pyes üçün lazım olan situasiyanı seçmək,
maraqlı süjet qurmaq, həmin süjeti gözlənilməz
hadisələrlə zənginləşdirmək,
teatral effekt yarada biləcək hadisələrə üstünlük
verməkdir ki, dramaturq
bu çətin vəzifənin öhdəsindən
bacarıqla gəlir.
Beləliklə, əsərdə baş
verən bütün hadisələr, çəkişmələr,
dartışmalar, deyişmələr
Heydər Əliyevin tribunada
görünməsi ilə
donur, qurbağa gölünə daş atılır. Bu, ilkin effektdir, Heydər Əliyev şəxsiyyətinin
meydanda görünməsinin
yaratdığı effekt!
Amma bu, uzun çəkmir, ilk zərbənin
təsirindən silkinib
çıxan rəqib
cəbhə son gücünə
qədər mövqeyindən
əl götürməyəcək.
Ulu öndərin Ali Sovetdəki
tarixi çıxışına
etiraz olaraq deputatların əksəriyyəti
ayaqlarını döşəməyə
döyür, haray-həşir
salır, etiraz edir, natiqin səsini
batırmağa çalışırlar.
Bəzi deputatların
hələ yaddaşlardan
tamam silinməmiş qaragüruhçu çıxışları
isə əsərdə
tam dəqiqliyi ilə
olduğu kimi verilmişdir. Bax elə bu yerdə
əsərdə adı
konkretləşdirilməyən şair Bəxtiyar Vahabzadə tribunaya çıxıb insanları
sayğılı olmağa,
kin-küdurətə, qisasa
uymamağa çağırır
və sözünü
Məhəmmədəmin Rəsulzadənin
"İstiqlaliyyəti olmayan
xalqın xırda çəkişmələrlə məşğul olmağa
haqqı yoxdur!" fikri ilə bitirir. Şairin çıxışı ilə
məsələ həll
olunsaydı nə vardı ki?! Deməli, mübarizənin ikinci fazası başlayır, amma oxucu arxayındır,
Heydər Əliyev meydandadır, bundan sonra hadisələr onun arxasınca gedəcək. Bəli, nəticə artıq hamıya məlumdur. Bəs elə isə niyə 1993-cü ildə yazılmış
və düz 15 ildən sonra tamaşaya qoyulmuş əsər bu qədər maraq oyadırdı? Cavab elə də mürəkkəb deyil, tamaşaçı bütün bu hadisələrin bədii yozumunu, təfsirini görmək, o tarixi anları yenidən içindən keçirmək
istəyir. Yazıçı
qələminin sehri ilə
tarixi həyat həqiqəti bədii həqiqətə çevriləndə
o, yeni keyfiyyət qazanır, bir sözlə, bədii əsər yaranır.
Bütün mübarizələr, çək-çevirlər qəhrəmanın
qələbəsi ilə
başa çatır,
amma dramaturq tamaşaçıya hiss etdirir
ki, əsl qələbə
üçün hələ
nə qədər mübarizələr aparmaq
lazım gələcək,
bir şəxsiyyətin
qüdrəti ilə ölkə dəhşətli
kataklizmlərdən yan
keçəcək, möhtəşəm
tarixi işlər görüləcək.
Pyesdə
dramaturq Heydər Əliyev şəxsiyyətinə
layiq monumental bədii
obraz yarada bilmişdir. Təsadüfi
deyil ki, "Xilaskar"
bir neçə teatrda, o cümlədən,
Sumqayıt və İrəvan teatrlarında
uğurla tamaşaya qoyuldu. Mənə hər iki tamaşanı
görmək nəsib
olub və deyim ki, öz quruluşuna görə tamaşalar xeyli fərqli olsalar da, hər ikisi böyük ilhamla, məhəbbətlə hazırlanıb.
Teatr estetikasına, yaradıcılıq üslubuna
və ənənələrinə
görə çox fərqli olan bu iki teatrı
"Xilaskar" tamaşasında
bir ümumi cəhət birləşdirir,
o da Heydər Əliyev
şəxsiyyətinə olan
böyük məhəbbət
və heyranlıq hissidir. Bu, bütün tamaşa boyu hiss olunur. Daha bir
ümumi cəhət də Ulu öndərin obrazını yüksək
səviyyədə canlandırmaq
üçün aktyorların
düzgün seçilməsidir.
Bu da başa düşüləndir.
Heydər Əliyev hər bir azərbaycanlının
çox yaxşı tanıdığı, gördüyü,
sevdiyi, pərəstiş
etdiyi böyük şəxsiyyətdir. Heydər
Əliyevin xarici görkəmi, güclü
xarizması, özünəməxsus
səs tembri, aydın nitqi, nüfuzedici baxışları...
Bütün bunları
səhnədə göstərə
biləcək aktyorun tapılması asan deyil. Necə deyərlər, "Hamlet"i tamaşaya qoymaq üçün birinci şərt teatrda Hamleti oynaya biləcək aktyorun olmasıdır.
"Xilaskar"ı da tamaşaya
qoymaq üçün
teatrda ilk növbədə
əsərin qəhrəmanını
- Heydər Əliyevin
obrazını yarada biləcək
aktyorun olması əsas şərtdir. Hesab edirəm ki, hər iki teatrda,
həm Sumqayıt teatrında, həm də İrəvan teatrında Heydər Əliyev rolunun ifaçıları yuxarıda
dediyimiz şərtləri
ödəyə bilən
yüksək səviyyəli
aktyorlardır.
Sumqayıt teatrının "Xilaskar"ının
(rejissor Firudin Məhərrəmov) 2009-cu ildə
Bakıda Rus Dram teatrının
binasında tam anşlaqla
keçən tamaşası
yaxşı yadımdadır. Heydər Əliyev (Əməkdar
artist Namis Şirməmmədov)
səhnədə ilk dəfə
görünəndə bütün
zal qeyri-ixtiyari ayağa qalxdı. Alqış səsləri
binanı titrətdi. Aktyorun yerişi, Ulu öndərə məxsus
jestləri, səsi və danışıq
tərzi, bir sözlə, bütün görkəmi obraza tam uyğun idi. Elə bir portret
oxşarlığı vardı
ki, heyrətlənməmək mümkün deyildi.
İrəvan teatrının
monumental üslubda hazırlanmış
tamaşasında isə
Heydər Əliyevin möhtəşəm obrazını
teatrın direktoru, istedadlı aktyor və dramaturq İftixar Piriyev mükəmməl yaradır.
Təsadüfi deyil
ki, uzun illərdir
"Xilaskar" İrəvan
teatrının vizit kartına çevrilib. Tamaşa demək olar ki, Azərbaycanın bütün bölgələrində
böyük uğurla
nümayiş etdirilib.
İrəvan teatrının
kollektivi məhz "Xilaskar"la bir neçə xarici ölkədə qastrol səfərlərində olmuşdur. "Heydər Əliyev İli"ndə
teatr yenidən "Xilaskar"la qastrol səfərlərini davam etdirir.
Əlbəttə, Heydər Əliyev
nəhəngliyində şəxsiyyətin
dramaturgiyaya, səhnəyə
gətirilməsi böyük
məsuliyyət tələb
etməklə, həm
də dramaturq üçün şərəf
işidir. Fikrimcə,
bir dramaturq kimi mərhum Aqşin Babayev dediyimiz kimi, bu məsuliyyətli,
çətin və şərəfli işin öhdəsindən bacarıqla
gələ bilib.
Əli Əmirli
525- ci qəzet.-
2023.- 16 noyabr.- ¹- 207.- S. 10-11.