Yüz qırx yaşlı sənət
məbədi - "Tağıyev teatrı"
Rövşən YERFİ
"Bakı şəhəri,
Zərifə Əliyeva
küçəsi, 8" ünvanında
şəhərimizin arxitekturasının
ən gözəl incilərindən biri sayıla biləcək möhtəşəm bina
yerləşir. Bu bina
yüz qırx ildən bri xalqın "Tağıyev
teatrı" adlandırdığı
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrıdır. Niyə, nədən
"Tağıyev teatrı"?
Bu sualın cavabı
XIX əsr Bakısının
tarixində, paytaxtımızın
o dövrdəki mədəni
həyat salnaməsindədir...
lll
Rusiya imperiyasının
tərkibində olan Şimali Azərbaycan ərazisində XIX əsrin
ikinci yarısında neft istehsalı həcminin böyüməsi
ilə kapitalizm inkişaf etməyə başladı. Maddiyyatın zənginləşməsi, mənəvi zövqlərin
də fəallaşmasına
yol açdı.
Bakı şəhərində kapitalizmin
yüksəlişi mədəniyyət
tikililərinin inşasına
ehtiyacı artırırdı.
İllər keçdikcə bu
sahədə binaların
sayı çoxalırdı.
Xüsusilə, 1880-ci ildən şəhərdə
müvəqqəti yay
teatr və sirkbinalarının tikilməsi
üçün yerlərin
ayrılmasına başlanılmışdı.
Bəhs etdiyimiz mövzu ilə bağlı Azərbaycan Dövlət Tarix Arxivində "Bakı şəhər idarəsi" fondunun tikinti şöbəsinə
aid siyahısında bir
çox sənədlər
qorunmaqdadır. Teatr və sirk binalarının tikintisinə
yer ayrılması icazəsi üçün
yazılan ilk ərizə
Veroni Vest adlı şəxs tərəfindən
16 oktyabr 1880-ci ildə
qeydə alınıb.
Çox keçmir, Bakı şəhər upravası ərizədə
qaldırılan məsələnin
təmin edilməsi haqqında qərar çıxardır (f.309, siy.3, sax.
vah. 138, səh. 1-4).
1881-ci ilin yanvarında başqa birisi - Nikolay Osipov adlı şəxs Mixaylovski bağında yay teatrı tikilməsinə yer ayrılması səbəbilə
şəhər upravasına
müraciət edir
(f.389, siy.3, sax. vah.
158, səh. 2-5).
Əhalisi elə də çox olmayan o zamanın Bakısında aylar keçdikcə teatr tikintisi söhbətləri sürətlə
aktuallaşıb, varlılar
arasında yayılaraq
geniş müzakirələrə
səbəb olur. Həmin ilin
aprel ayında bu məsələyə görə Bakı şəhər upravasına
otuzadək varlının
(bu sırada Hacı Zeynalabdin Tağıyev də vardı) imzası ilə əhatəli bir ərizə yazılır. Edilən
müraciətin nəticəsində
Mixaylovski bağının
yuxarı hissəsində
teatr tikilməsi üçün 400 kv. sajen
yer ayrılması barədə uprava tərəfindən qərar
qəbul olunur (f.389,
siy.3, sax. vah. 169, səh.
1-3).
Əlbəttə, bu
dövrdə tikilən teatr və sirk binalarının hamısı yalnız ilin isti günlərində
istifadə üçün müvəqqəti
və taxtadan tikilmiş
olurdu. Gələcəyi
düşünən və görən, yüksək zəkalı
bir insan kimi Hacı Zeynalabdin başa düşürdü
ki, tezliklə Bakıda ilin
hər fəslində yararlı və qalıcı olan, daşdan tikilən böyük, sanballı teatr
binasına ehtiyac duyulacaq.
Artıq bir müddət idi, Azərbaycan teatrı da
yaranmışdı. 1873-cü ilin
martın 10-da Bakı xalq
yığıncağının səhnəsində real məktəbin şagirdləri M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
pyesi əsasında tamaşanı səhnəyə
qoymuşdular. Ardınca da başqa pyeslər. Ona görə
də, çox keçmədi, növbəti
il - 1882-ci ildə Tağıyev Bakı
şəhərinin mərkəzində yerləşən öz sahəsində - buğda
anbarı kimi istifadə etdiyi
binanı köklü surətdə dəyişdirərək,
teatr üçün
uyğunlaşdırmaq qərarına gəldi. O, tikiləcək
teatr binasının layihəsini Bakı
şəhər Dumasına təsdiq üçün
təqdim etdi. Dumanın
razılığı alınandan sonra isə
27 yanvar 1883-cü ildə tikinti
başladı. İlk dəfə idi ki, sənayeçi və
xeyriyyəçi Tağıyevin şəxsi vəsaiti
hesabına Bakıda əzəmətli teatr
binası tikilirdi.
İlin
sonuna yaxın, qış gəlməmiş tikinti işləri
başa çatdı. Noyabrın 25-də teatr binasına
baxış keçirən şəhər rəhbərliyinin
komissiyası, çatışmazlıqları qeyd etməklə
yanaşı, binanı teatr üçün münasib hesab
edib istifadəsinə icazə verdi (f.389, siy.3, sax. vah. 314, səh.
18). İki gün sonra, tikintisi on aya yaxın çəkən
teatrın təntənəli açılışı oldu,
səhnədə anşlaqla keçən tamaşa
nümayiş etdirildi.
Bu
teatr binası 1911-ci ilədək şəhərdə yeganə
teatr ünvanı olub. Teatrın səhnəsində onlarla
milli pyeslər, operalar və dünya klassiklərinin əsərləri
tamaşaya qoyulub. O cümlədən, 1908-ci ilin yanvarında
ilk Azərbaycan milli operası olan Üzeyir Hacıbəyovun
"Leyli və Məcnun" tamaşasının
premyerası da burada gerçəkləşib.
Dəfələrlə
ağır, müəmmalı yanğınlardan
çıxan, quruluş və layihəsi ciddi dəyişikliklərə
uğrayan teatr binası yaşı bir əsri ötəndən
sonra yararsız vəziyyətə düşərək
müxtəlif yerlərindən dağılmağa
başlamışdı. Bakı şəhər rəhbərliyinin
qərarı ilə bina 1992-ci ildə tam söküldü.
Dörd il ərzində - 1996-cı ildə yerində əvvəlkinin,
demək olar, eynisi - Azərbaycan Dövlət Musiqili
Teatrının yeni binası tikildi.
Amma
hələ də xalqın qəlbində, nəzərində
bura 140 il öncə olduğu kimi "Tağıyev
teatrı" olaraq qalır.
525-ci qəzet 2023.- 21 noyabr, № 210.-
S.14.