Yeri görünən adam

Neçə vaxtdır çağdaş ədəbiyyatımızda və jurnalistikamızda özünəməxsus dəst-xətti, təkrarolunmaz yazı üslubu, manerası, ifadə tərzi, müraciət etdiyi mövzuları "ətə-qana" gətirmək üçün işlətdiyi "priyomlar", hər cümləsində diqqəti cəlb edən dərin məna çalarları ilə oxucuların qəlbinə yol tapmağı bacaran, fitri istedada malik qələm sahibi, ən nəhayət, bənzərsiz mənəvi keyfiyyətləri, dostluqda sədaqəti, etibarı ilə seçilən gözəl insan, dəyərli ziyalımız Rafiq Qəmbər oğlu Hacıyevlə bağlı xatirələrimi bölüşmək istəyirəm. Hər dəfə də kompüterin qarşısında oturub barmaqlarımı klaviaturanın düyməsinə basanda heç cür özümü toparlaya bilmir, qarışıq fikirlər içində üzürəm. Belə məqamlarda ünlü şairimiz Məmməd Araz demişkən, boğulmaqda olduğum  fikirlər burulğanından xilas olmaq üçün göstərdiyim çabalar da heç bir nəticə vermir. Bilmirəm, haradan başlayım, necə başlayım. Bu gün artıq zalım fələyin hökmü ilə haqqında keçmiş zamanda danışmağa məcbur olduğum bu  unudulmaz insanla bağlı saysız-hesabsız xatirələrimin hansını önə çəkim. Unudulmaz dostumla bağlı acılı-şirinli xatirələrimi gözlərim önündə canlandırarkən bir daha artıq onun aramızda olmadığını dərk etmək reallığı ilə üz-üzə qalıram.

Mənim Rafiqlə sonradan ailəvi dostluğa çevrilən və 50 ilə yaxın davam edən tanışlığımın tarixçəsi ötən əsrin 70-ci illərinin əvvəlinə gedib çıxır. Həmin vaxt məktəb partası arxasından birbaşa işləməyə gəldiyim və ikiillik hərbi xidmətdən sonra yenidən sıralarına qayıtdığım Yevlaxda çıxan "Təşəbbüs" qəzeti redaksiyasının mətbəəsində çapçı işləyirdim.  O zaman digər mətbu orqanlar kimi, həftədə üç dəfə nəşr olunan "Təşəbbüs" də qəzetçiliyin bütün zamanlarda dəyişməz ənənəsinə uyğun olaraq gecə çap edilirdi. İş qrafikimə uyğun olaraq həftənin 1-ci, 3-cü və 5-ci günlərində digər çapçı yoldaşlarımla birlikdə axşamlar mətbəəyə gəlməli, qəzet çapa imzalandıqdan sonra çap prosesini başa çatdırıb səhər tezdən evə getməli idim. Amma nə gizlədim, mətbəənin spesifik qoxusuna, kiçik kollektivimizdəki geniş qəlbli, mehriban, gülərüz insanlara elə bağlanmışdım ki, çap prosesinin səhərə yaxın - saat 4-5-də yekunlaşdığı gecə növbəsindən sonra evə gedib dincəlməyi unudurdum.

İlk vaxtlar həftədə bir-iki dəfə təkrar olunan bu "vərdiş"in sonralar mütəmadi hal almasında 1971-ci ilin ilıq nəfəsli yaz günlərinin birində, Günəş "yatağından" yenicə baş qaldıran zaman şahidi olduğum bir hadisə də böyük rol oynadı. Həmin gün adəti üzrə çapdan yenicə çıxmış qəzeti poçta yola salmaq üçün işə hamıdan tez gələn mətbəənin  mərhum briqadiri Məmməd İsmayılovla binanın giriş qapısında dayanıb söhbət edirdik. Bu dəmdə eynilə mənim biçimimdə, boyda məndən bir qədər hündür, arıq, çəlimsiz, əlində məktəbli çantası tutmuş bir yeniyetmə oğlan bizə yaxınlaşıb ədəb-ərkanla salam verdikdən sonra - "Adım Rafiqdir, 1 nömrəli məktəbin 9-cu sinfində oxuyuram", - söylədi və utana-utana əlindəki 20 qəpiyi Məmməd İsmayılova uzadıb: - "Bugünkü qəzetdən birini mənə verə bilərsiniz", - deyə soruşdu.

Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, qəzetin bir nüsxəsinin qiyməti 2 qəpik olduğu həmin dövrdə 20 qəpik heç də az pul deyildi. Briqadir pulu alıb içəri keçdi və geri qayıdıb əlindəki "Təşəbbüs"ün son nömrəsindən bir nüsxəni Rafiqə uzadaraq: - "Bugünkü nömrəmizin ilk oxucusu sənsən", - dedi və verdiyi qəpiyi onun ovcuna basdı. Adəti üzrə damağındakı siqaretdən dərin bir qullab vurub gülə-gülə: - "Bu pula özünə dəftər-qələm alarsan. Bundan sonra hər həftənin 2-ci, 4-cü və 6-cı günləri bu vaxtlar gəlib qəzetin təzə nömrəsini mətbəədən pulsuz götürə bilərsən", - dedi.

Sən demə, həmin gün "Təşəbbüs"qəzetində onun ilk məqaləsi dərc olunubmuş. Bu səbəbdən də sonralar özünün də dediyi kimi, "bütün gecəni gözünü yummamış", Günəş "yatağından" baş qaldırmamış mətbəənin qapısını kəsdirmişdi. Yeri gəlmişkən, o vaxtdan sonra bu "qapı kəsdirmələr" hər həftənin yuxarıda qeyd etdiyim günlərində təkrar olunurdu. Mən də həmin günlər səhər saat 7 radələrində mətbəənin giriş qapısında dayanıb səbirsizliklə Rafiqin yolunu gözləyirdim. Aramızda 4 il yaş fərqi olmasına başmayaraq, bu məktəbli yeniyetmə ilə, necə deyərlər, söhbətimiz tutur, biz birlikdə gələcək planlarımızı müzakirə etməkdən yorulmurduq. Tale elə gətirdi ki, bir neçə il sonra orta məktəbi bitirən Rafiqlə az müddət mətbəədə bir yerdə çalışmalı, özünün də tez-tez təkrar etdiyi kimi, "gecələr səhərə kimi üz-gözümüz mətbəənin qara kraskasına bata-bata" qəzet çap etməli olduq.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olmaq arzusu ilə öz üzərində yorulmadan çalışan, "Təşəbbüs"də rəngarəng yazılarla çıxış edən Rafiqin az sonra daha bir "fitri istedadı" da üzə çıxdı. Məlum oldu ki, o, həm də məlahətli səs sahibi imiş. Hər dəfə axşam "Təşəbbüs" çapa imzalandıqdan, mətbəədən əl-ayaq çəkildikdən sonra qəzet çap edə-edə xalq mahnıları və muğamlarımızı özünəməxsus ifa tərzi ilə oxuyan Rafiqin qəlbləri riqqətə gətirən ecazkar səsi çap maşınlarının gurultusunu üstələyərək qaranlıq gecənin bağrını yarır, hətta küçədən keçənləri belə ayaq saxlayıb bu məlahətli səsin cazibəsinə düşməyə məcbur edirdi. Burada bir balaca haşiyə çıxıb deməliyəm ki, onilliklər sonra mənim 3 övladımın hər birinin toy məclisində və digər ailə şənliklərimizdə Rafiqin şövqlə ifa etdiyi muğamlarımız, xalq mahnılarımız iştirakçılar tərəfindən alqışlarla qarşılanardı. Xüsusilə o, məclis iştirakçılarının təkidli xahişləri ilə ən çox sevdiyi "Neyçün bəs" xalq mahnısını dönə-dönə ifa edərdi...

Nə isə... Deyəsən, mətləbdən uzaqlaşdım. Elə həmin vaxtdan bizi cismən tərk edib haqqın dərgahına qovuşduğu günədək  özümə könül həmdəmi, qəlb sirdaşı bildiyim Rafiqlə dostluğumuzun bünövrəsi qoyuldu. Biz hər görüşümüzdə Yevlax mətbəəsində keçirdiyimiz qayğısız, xoşbəxt çağlarımıza qiyabi ekskurs edir, həyatımızın o bəxtəvər illərinin biri-birindən şirin xatirələri ilə dolu unudulmaz və bir daha təkrar olunmayacaq anlarını birlikdə yaddaşımızın süzgəcindən keçirərək xəyalən həmin  günlərimizə qayıdırdıq. Bu xatirələrin hətta ən kiçik detalları belə hər ikimiz üçün əziz, unudulmaz, yaddaqalan idi.  Xatirələr isə bir deyil, beş deyil, bəlkə də yüzlərlədir...

Artıq üçüncü ildir ki, həyatımın erkən gənclik çağları ilə bağlı bu şirinli-acılı xatirələri 2021-ci ilin bir yay axşamında bu dünyadan vaxtsız köç etmiş əziz və unudulmaz dostum Rafiqsiz xəyalımda canlandırmalı oluram. Bəlkə də çoxlarına ölümün həddindən artıq ucuzlaşdığı, insan həyatının gündən-günə dəyərsizləşdiyi indiki zamanda Rafiqin ömür adlı karvanının, əgər belə demək mümkünsə, 66 yaşında "mənzil başına" çatması vaxtsız görünməyə bilər. Amma Rafiqi yaxından tanıyan, onunla gündəlik ünsiyyətdə olan mən də daxil  saysız-hesabsız dostları yaxşı bilirlər ki, ömrü boyu sağlam həyat tərzi keçirən, həmişə pəhriz saxlayan, heç vaxt dilinə spirtli içki vurmayan, ümumiyyətlə, bütün pis vərdişlərdən uzaq duran bu unikal xarakterə malik insan üçün hər dəqiqənin qədri-qiyməti vardı. Hətta bu yaşında da hər şeyə vaxt tapırdı: yazıb-yaratmağa da, tez-tez dostları, əqidədaşları ilə dənizkənarı milli parkda, demək olar ki, hər gün üz tutduğu Vahid poeziya evində dadlı-duzlu söhbətlərlə müşayiət olunan çay içməyə də, könül həmdəmləri ilə  mütəmadi əlaqə saxlayıb hal-əhval tutmağa da. Hal-əhval tutmaqdan söz düşmüşkən, hərdən ünsiyyətimizdə uzağı bir həftəlik fasilə yarananda mobil telefonun o başından onun özünə xas gur səslə  yarızarafat, yarıciddi "Ay qardaş, haralardasan. Niyə səsin-sorağın  gəlmir? Görünməməyinin səbəbini başa düşürəm. Yəqin işin çox olur.  Heç olmasa görüşəndə şəklini ver, hərdən yadıma düşəndə baxım" xatırlatmalarından nəinki inciyir, əksinə, xoşhal olurdum. Bilirdim ki, bütün bu giley-güzarlar onun ürəyinin təmizliyindən, istiqanlılığından, dosta dəyər verməsindən qaynaqlanır. Rafiqin insani keyfiyyətlərindən, özünə dost, sirdaş bildiyi ürək dostlarının dar günündə dərhal harayına yetməsindən, qarşılaşdıqları problemlərin həllinə imkanı daxilində köməyini əsirgəməməsindən saatlarla, hətta günlərlə danışa bilərəm. Rafiqi yaxından tanıyanlar yaxşı bilirdilər ki, heç vaxt onun leksikonunda "əlim çatmır, ünüm yetmir" ifadəsi olmayıb.

Ədəbi-bədii yaradıcılıqdan bir an belə ayrılmayan, bunu qələminə, istedadına az-çox bələd olduğu dostlarına da tövsiyə edən Rafiqin ölkədə nəşr olunan dövri mətbuat orqanları arasında ən çox dəyər verdiyi media qurumu "525-ci qəzet" idi. Bu qəzetin səhifələrində müxtəlif mövzulardan bəhs edən, xüsusilə ömrünün axırınadək dostluq, əməkdaşlıq etdiyi ölkənin görkəmli mədəniyyət, incəsənət xadimlərinin "portret cizgilərini çəkən" yazıları dərc olunanda uşaq kimi sevinər, bu sevincini yaxın çevrəsi ilə bölüşməkdən ləzzət alardı. Hərdən axşamlar mənə zəng edib ərkyana dediyi "Əhməd, sabah 40 qəpiyindən keçib bir nüsxə "525" alarsan" cümləsinə heç nə əlavə etməsə də, bilirdim ki, "ölkənin bir nömrəli elit qəzeti" adlandırdığı "525-ci qəzet"də yenə də hansısa bir maraqlı yazısı işıq üzü görüb. Adətən qəzetin şənbə nömrələrində dərc olunan, əksəriyyəti Azərbaycanın mədəniyyət, incəsənət korifeylərinin həyat və fəaliyyətinə işıq salan biri-birindən maraqlı, rəngarəng yazıları ilk baxışdan cəlbedici başlıqları ilə oxucunu özünə çəkirdi. Yeri gəlmişkən, o, mənə də ən azı ayda 4-5 dəfə "525-ci qəzet"ə yazı verməyi  tövsiyə edərdi. Belə bir fikri tez-tez təkrarlamaqdan yorulmazdı: "Həmkarlarım məndən inciməsinlər, mən "525-ci qəzet"də yazısı çıxmayan jurnalisti jurnalist hesab etmirəm". İxtisasca jurnalist və hüquqşünas olan (o, universitetin Jurnalistika fakültəsindən əlavə, Hüquq fakültəsini də müvəffəq qiymətlərlə bitirmişdi) Rafiq Hacıyev hər iki sahənin peşəkarı olmaqla yanaşı, həm də, necə deyərlər, təpədən dırnağadək mədəniyyət, incəsənət adamı idi. Onun yaxın dostları arasında həmin sahələrin görkəmli simalarının əksəriyyət təşkil etməsi faktının özü bu barədə çox şey deyirdi. Rafiqin böyük oğlunun  toy məclisində korifey  sənətkarlarımızın - Xalq artistləri Əlibaba Məmmədovun, Arif Babayevin, Ramiz Quliyevin, Canəli Əkbərovun, Mənsum İbrahimovun, Flora Kərimovanın, Əməkdar artist Səbuhi İbayevin, adları çəkə bilmədiyim digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin ürək dostum haqqında söylədikləri xoş sözlər, ifa etdikləri muğamlar və mahnılar günü bu gün qulaqlarımda səslənir. O, xanəndəlikdən əlavə, rəssamlıq qabiliyyətinə də malik idi. Həvəskar rəssam kimi zövqlə yaratdığı rəsm nümunələri professional sənətçilərin diqqətini cəlb edərdi. Bir sözlə, Ulu Tanrı ondan heç bir səxavətini əsirgəməmişdi.

 

...Unudulmaz dostum, qəlb sirdaşım Rafiqlə bağlı ürəyimin dərin guşəsində yuva qurmuş xatirələr çözələndikcə gözlərim önündə yeni-yeni səhifələr açılır... Lakin mən istəməsəm də, Rafiqli illərimin, aylarımın, günlərimin əks-sədasını özündə yaşadan özgün qeydlərimi, "xatirələr dünyasının ənginliklərində" qanad açıb uçan  şirin təəssüratlarımı bitirməyə məhkumam. Ruhu şad olsun...

Əhməd QURBANOĞLU

525-ci qəzet  2023.- 21 noyabr, ¹ 210.- S.12.