"Haçansa
bir şair köçər bu eldən,
BİR ŞAİR ADISA YADİGAR QALAR" DEYƏN SƏYAVUŞ SƏRXANLININ HAQLI OLDUĞUNU ZAMAN SÜBUTA YETİRDİ
...1974-cü ilin soyuq yanvar ayının ilk günləri idi. Biləcəridə, dəmiryolçuların mədəniyyət sarayında mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsində çalışan bir dostumuz növbəti bir tədbir keçirirdi.
"Asudə saatlarının səmərəli
keçirilməsi ilə bağlı" təsdiq edilmiş
plana uyğun dəmiryolçuların Səyavuş Sərxanlı
ilə görüşü olacaqdı. Tədbir təşkilatçısının
dəvəti ilə "fəxri qonaqlar" arasında mən
də var idim, hələ tələbə idim.
Tədbirdən qabaq təşkilatçının
otağında çay içdik. Yox, deyəsən, bu
isti çayın klubun iri, gen-geniş, soyuq zalında bizi
qızdırmağa gücü çatmayacaqdı. Ev sahibi, demə, əvvəlcədən
yüngülvari, xudmani bir hazırlıq
görübmüş.
Ev sahibinin təkidi ilə Səyavuş da, axır ki,
süfrəyə əl uzatdı. Təbii ki, tədbir təyin
edilən vaxtdan bir qədər gec başlandı.
Səyavuş
Sərxanlının o illərdə "Ulduz"
jurnalında ərazicə yer kürəsinin altıda biri qədər
əraziyə malik olan SSRİ adlı nəhəng bir
imperiyanın ayrı-ayrı "qardaş"
respublikalarına səfər təəssüratları ilə
bağlı çap olunan irihəcmli publisistik yazıları
geniş oxucu marağında idi.
Səyavuş Sərxanlı Ukraynadan təzəcə
qayıtmışdı. O, həmin görüşdə Donbasda yerin altında
çalışan kömürçıxaran
şaxtaçıların ağır həyatından
özünəməxsus emosionallıqla, ağrı-acı ilə
danışırdı (Yəqin ki, tədbirdən qabaq
"qızınmaq" üçün içdiyimiz
"çay"ın da müəyyən təsiri var idi).
"Ulduz" jurnalında Donbas səfəri ilə
bağlı yazdıqlarında isə burda
danışdığı, söz-söhbətin çoxusu
yox idi.
Neçə-neçə belə kütləvi tədbirlərdə
iştirak etmiş Səyavuş Sərxanlı, əlbəttə,
bilməmiş deyildi ki, belə məclislərdə
"havadan iy çəkən, sözü göydə tutan
ayıq-sayıqlar" da otururlar...
Şair
isə heç nədən qorxub çəkinmədən
yerin altındakı "cəhənnəmdə"
çalışanların "əmək rəşadətlərindən"
odlana-odlana, elə özü də yana-yana
danışırdı.
Səyavuş Sərxanlı ilə ilk canlı ünsiyyətim
o gündən başlandı. O ünsiyyət sonralar dostluğa
çevrildi və Səyavuşun vaxtsız ölümünəcən
davam etdi.
lll
1977-ci ilin yayı, iyun ayının 22-si idi. Tarix
dürüstlüyü ilə ona görə indi də
yadımdadır ki, orta məktəblərdə bizə
keçirilən tarix fənnindən bilirdik ki, alman faşistləri
SSRİ adlanan ölkəmizə 1941-ci ilin iyun ayının
22-də qəflətən basqın etmiş və Vətən
müharibəmiz başlamışdı. Bir də ki, Səyavuşun
sözləri: "Atasızlıq da mənimlə davaya həmin
gündən başladı..."
Səyavuş Sərxanı ilə bir yerdə idik. Səyavuş
bildirdi ki, bəs bu gecə qatarla Ağa Laçınlı və
60-cı illərdə əl-əl gəzən əsərin -
"Ata laylası" povestinin müəllifi,
yazıçı Faiq Dərgahovla Şəmkirə oxucularla
görüşə gedəcəklər. Qatarın
yola düşməsinə çox qalmışdı və Səyavuş
yır-yığış üçün evə
yollandı. Neçə gün idi ki, Səyavuş
evdə tək idi. Ailəsi qıraqda idi.
Qayıdanda halı özündə deyildi, demə, içəri
keçməsiylə telefon zəng çalıb, məlum
olub ki, atası Əli kişi qəflətən
vəfat edib, sabah da dəfnidir. Təbii ki, mən
də Səyavuşa qoşulub Şəmkirə getməliydim.
Vağzalda qatarın tərpənməsinə az
qalmış Ağa Laçınlı ilə Faiq Dərgahov
da gəlib çıxdı. Onlar da məsələdən
halı oldular, əlbəttə, oxucularla heç bir
görüşdən daha söhbət gedə bilməzdi.
Səyavuş Sərxanlı nə qədər
təkid etsə də, Ağa Laçınlı və Faiq Dərgahovu
fikirlərindən döndərə bilmədi. Hər iki sənətkar bizə qoşulub Şəmkirə
yollandılar. İxtiyar atanın dəfnində
iştirak edib sonra Bakıya geri qayıtdılar.
Mərhumun "yeddisi" çıxanacan Səyavuş
məni buraxmadı. Onsuz da bilirdim ki, Səyavuş Şəmkirdə
sayılıb-seçilən, xətirli-hörmətli bir
ocağın övladıdır. O yeddi gündə mən
buna bir daha şahid oldum. O yeddi günün hər birində
yas mağarı dolub boşalırdı...
Nə yaxşı ki, sonralar şad-xürrəm günlərində
də mən dəfələrlə o ocağın halal
süfrəsinin qonağı oldum, duz-çörək kəsdim.
lll
70-ci illərin ortalarında Səyavuş Sərxanlının
şöhrəti artdıqca, əlbəttə, bədxahlarının,
paxıllığını çəkənlərin də
sayı artırdı.
Parlaq gələcəyinə inananlar çox idi.
Amma... Həmyaşıdı olan bir şair həmkarı
Səyavuş Sərxanlı haqqında sifarişlimi, ya
sifarişsiz, bəlkə də öz düşüncəsi,
qərarı ilə hər nəsə... bir məqalə
yazıb "Ədəbiyyat və incəsənət" qəzetində
çap etdirərək onu plagiatda günahlandırdı.
Doğrudur, Anar müəllim "Ulduz"
jurnalındakı bir ədəbi müzakirədə
özünə xas obyektivlik, həssaslıq və
xeyirxahlıqla Səyavuş Sərxanlını bu haqsız
ittihamda müdafiə etdi.
Ancaq...
...Səyavuş Sərxanlı əyilmədi. Sındı.
Bu qəfil, gözlənilməz zərbədən
sarsıldı və özünə gələ bilmədi.
Gələcəyi ümidlər doğuran cavan, istedadlı
şairin ilham çeşməsi beləcə qurudu, tükəndi.
lll
1992-ci ilin sentyabrın 5-də rayon statusu yenidən bərpa
edilmiş Siyəzəndə yerli "Çıraq" qəzetinin
ilk sayı işıq üzü gördü. Qəzetə
mən redaktorluq edirdim. İlk
sayımızda tanınmış qələm
dostlarımın təbriklərini də çap etmişdik.
Xahişimi yerinə yetirib təbrik məktubu yollayan Səyavuş
Sərxanlı öz ürək sözlərində
yazırdı: "Təzəcə şölələnməyə
başlayan qəzetinizin adı nədənsə yadıma
"qığılcımdan alov doğar" məşhur kəlamını
xatırlatdı.
...Daha
sonra isə... Gör ağlıma nə gəldi:
"Çıraq öz dibinə işıq salmaz" ifadəsi.
Elə işığın, odun, yanmağın özü
kimi sirli, soraqlı, hikmətli bir deyim...
...Lap
sonra isə köhnə şairliyimdən qalan iki misram
yadıma düşdü:
Qələm
nida kimi düz olduğundan
Onun yazdığı da düz olmalıdır!"
Səyavuş Sərxanlının o vaxt
"Çırağ"ın ilk sayında dərc etdiyimiz
təbrik məktubunu, ürək sözlərini niyə
xatırladıram?
Səyavuş Sərxanlının "köhnə
şairliyini yada salması" məni o vaxt da, elə indi də
kövrəldir, mütəəssir edir. Yəqin ki, Səyavuş Sərxanlı
"köhnə şairliyini" elə özü də
qübarlana-qübarlana yada salırmış...
Axı onu qoymadılar. Qolunu, qanadını dəfələrlə
sındıranlar oldu.
lll
1975-ci ilin qarlı-şaxtalı fevral ayının
ortaları idi.
Rayonumuzun ucqar dağ kəndlərinin birində,
məşhur Pirəbədil kənd orta məktəbində
ixtisasım üzrə müəllim işləyirdim. Kənd poçtalyonu iri bir konvertdə mənə
bir banderol gətirdi. Müəllimlər
otağında tez-tələsik banderolu açdım. Hələ
oxuculara, abunəçilərə
çatdırılmamış "Ulduz" jurnalının
1971-ci il fevral sayı idi. Mündəricata
baxmadan dərhal səhifələri tez-tez çevirdim. Və budur, "İlk hekayələr guşəsi"ndə
"Buz heykəllər əriyir..." adlı hekayəm.
Səhifənin sonunda isə bu ilk hekayəmi o zaman jurnalda nəsr
şöbəsinin müdiri kimi çapa verən Səyavuş
Sərxanlının mənə ünvanladığı
ürək sözləri: "Aydın, əzizim! Qoy bu ilk
addım həqiqətən böyük bir yolun
başlanğıcı olsun!
Əgər
ola bilsə...
Səyavuş Sərxanlı 18 fevral, 1975-ci il".
Bu vaxtacan
neçə-neçə kitabım işıq üzü
görsə də, "Ulduz"un həmin
sayını əzizləyə-əzizləyə qoruyub
saxlayıram.
Görəsən,
unudulmaz dostumun ümidini doğrulda bilmişəmmi?..
lll
Doğulub boya-başa çatdığı Şəmkir
şəhərində orta məktəbi qızıl medalla
bitirmişdi.
Ən mötəbər ali təhsil
ocağının - N.Nərimanov adına Azərbaycan Dövlət
Tibb İnstitutunun müalicə-proflilaktika fakültəsinə
qəbul olunmuşdu.
Oxuduğu
ali məktəbdə vur-tut bircə illik tələbəlik
həyatından sonra özlüyündə belə bir qərara
gəlmişdi ki, insanlara nə vaxtsa müalicə
üçün yazacağı dəva-dərman reseptlərindən
daha çox deyəcəyi poetik sözlə şəfa verə
bilər, dərdlərinə o sözləri məlhəm ola
bilər. Axı hələ orta məktəb illərindən
şeirlər yazırdı və o şeirlər də
dövrü mətbuatda çap olunur, oxucular tərəfindən
də bəyənilirdi.
Beləcə bir ildən sonra Tibb İnstitutunda təhsilini
yarımçıq qoydu, həkim olmaq niyyətindən əl
çəkib vidalaşdı. Rayona qayıtdı.
Bir neçə il istehsalatda çalışdı.
Sonra da ADU-nun jurnalistika fakültəsinə qəbul
oldu. O zaman 1962-ci il idi. Tezliklə Səyavuş Sərxanlı imzası mətbuat
səhifələrində vaxtaşırı görünməyə
başladı.
lll
Ötən əsrin 70-ci illərinin əvvəllərində
ilk sevgilərindən nakam qalan, "məhəbbət oxları"
daşa dəyən cavanların dilinin əzbəri olan məşhur
məhəbbət şeirləri barmaqla sayılacaq qədər
idi.
Eşqdən, məhəbbətdən
"yarımayan" o cavanlar yaralarına məlhəm, dərdlərinə
təsəlli kimi o şeirləri əzbərləyir, bəzən
elə ürəklərindəcə səssiz-səmirsiz, misra-misra
öz-özlərinə pıçıldayırdılar.
Dildə-ağızda gəzən belə şeirlərdən
birinin də müəllifi o idi - ucaboy, qıvrım
saçlı, qaraşın, suyuşirin bir oğlan olan Səyavuş
Sərxanlı.
Tez-tez oxucularla görüşlərə gedirdi, belə
görüşlərin də iştirakçıları da
daha çox gənc oğlan və qızlar olurdu, cavan
oğlanlar da şairin öz dilindən "Qayıt"
adlı o şeiri eşitmək istəyirdilər. Səyavuşun səsi indi
də qulaqlarımdadır:
Ötəri
bulud tək dolmağa nə var,
Ömür istəyirəm, gurşadla yağsın.
Dünyada
arxasız qalmağa nə var -
Heç
kəs məhəbbətdən yetim qalmasın!
Nəğmə
aparmısan özünlə birgə -
Ömrüm səssiz qalıb, sədasız qalıb.
Dəniz
aparmısan gözünlə birgə -
Ürəyim tufansız, dalğasız qalıb.
lll
Ədəbiyyata
Nəbi Xəzrinin "Uğurlu yolu" ilə "Azərbaycan
gəncləri" qəzetində çap olunan
"Cığır" və "Səslədi məni"
adlı şeirləri ilə gəlmişdi. Sonra
"Ulduz" jurnalının səhifələrində bir
xalq şairinin yazdığı geniş təqdimatla az qala o illərdə çap olunan şeirlər
kitabı həcmdə yaradıcılığından
nümunələr oxuculara
çatdırılmışdı.
lll
Sözümün bu yerində elə Səyavuş Sərxanlının
özü kimi dünyasını vaxtsız dəyişmiş
həmyerlisi, istedadlı şair Taleh Həmidin onun xatirəsinə
xitabən yazdığı məqaləsindəndir. Sətirləri yada
salıram: "Diz qatlayıb birnəfəsə kitab
yazmışdı. Gözəl bir adı var idi: "Göy
suların sultanı". Oxumuşdum. Nə qədər zəhmət çəkmişdi.
Səyavuş inanırdı ki, bu kitab çap
olunacaq. O da həmin kitabdan maddi, mənəvi
zövqünü görəcək. Səmimiyyətindən,
bir az da sadəlövhlüyündən hamıya inanan Səyavuş
bu dəfə də aldandı".
lll
"...Haçansa bir şair köçər
bu eldən..." - bu qubarlı misra da Səyavuş Sərxanlınındır.
"Bir şair adısa yadigar qalar..." həqiqətinə
də, yəqin ki, Səyavuş Sərxanlının şəkki-şübhəsi
yox idi.
Yazıb-yaratmaq eşqi, həvəsi ilə:
...Yollar üz qoyubdur ömrün qışına,
Mən gərək tələsəm, gərək tələsəm...
- deyən Səyavuş Sərxanlı da nə
yazıqlar ki, dünyadan, həyatdan vaxtsız köçməyə,
isti bir yay günü ömrünün 63-ündə soyuq
torpaq altına tələsdi.
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet 2023.- 21 noyabr, № 210.- S.11.