AZADLIĞA APARAN
YOLUN BƏLƏDÇİSİ
Rafael HÜSEYNOV
Akademik
O kitab Azərbaycanın
ən əziz kitablarındandır. Vaxtilə həmin
kitab bütün Azərbaycan boyu əl-əl gəzib. Yalnız Quzey Azərbaycanda deyil, Güney Azərbaycanda
da. Bu kitab millətin arzu və ümidlərinin
kitabıdır. Bu kitabı 1948-ci ildə
böyük Azərbaycan yazıçısı Mirzə
İbrahimov qələmə almışdı. "Gələcək gün" idi bu kitabın
adı və o əsər Güney Azərbaycanın balaca bir
kəndində kiçik bir daxmada doğulmuş gəncin millətinə
böyük bir saray qurmaq haqqında arzularının
kitabı idi.
O məşhur
kitab bu sətirlərlə bitirdi: "1941-ci il oktyabr
ayının əvvəlləri idi. Payızın
sərin havaları başlanırdı. Günəş
üfüqlərdən xeyli qalxdığı zaman Tehrandan gələn
boz bir maşın Qəzvinin tozlu-kəsəkli küçələrindən
keçirdi. Maşın Qəzvindən
çıxaraq getdikcə artan bir sürətlə Zəncan
yoluna düşdü. Maşın yel kimi
uçaraq onları Azərbaycan, Təbriz, şimal tərəfə
aparırdı. Onlar azadlıq, səadət
və gələcəyi qurmaq üçün gedirdilər".
Bu kitabın qəhrəmanının adı
Firidun idi. Firidun yazıçının
öz qəhrəmanına şərti olaraq verdiyi ad deyildi.
Bu kitab elə adı gerçəkdə Firidun olmuş bir
insan, yalnız bu kitabda baş surət olmayıb, həm də
əsərin qələmə alınmasından az əvvəl baş vermiş ciddi tarixi hadisələrdə
qəhrəmanlar cərgəsinə qoşularaq həmişə
yaşamaq haqqı qazanmış bir şəxsiyyət
haqqında idi.
Və
millətin ülvi amallarının aynası olan bu əziz
kitab belə bitirdi: "Firidun bilirdi ki, qabaqda onu ağır və
iztirablarla dolu bir mübarizə yolu gözləyir. Bu yolda yenə dar ağacları, zindanlar və
alçaq xəyanətlər olacaqdır. Firidun inanırdı ki, hətta
qaldırdıqları bayraq bir də xalqın qanına
boyanacaq, bir də yatırılacaq olarsa, yenə mürtəce
və müstəbidlərə qurtuluş yoxdur.
Qaranlıq və kədərli bir aləm
maşının qaldırdığı toz buludları
içərisində itərək arxada qalırdı. Qabaqda isə
işıqlı və nəhayətsiz bir yol
açılırdı. Bu yol parlaq sabaha,
xoşbəxt gələcəyə gedirdi". Mirzə İbrahimov bir yazıçı idi, "Gələcək
gün" bir roman. Hər roman kimi, təbii
ki, bu əsər də xeyli dərəcədə
yazıçının düşüncələrindən,
duyğularından, təsəvvürlərindən
doğulmuşdu. Ancaq "Gələcək
gün"ün içərisində Azərbaycanın
gerçək şanlı tarixi də vardı və o əsərin
qəhrəmanı Firidun Azərbaycanın mübarizələr
tarixində, istiqlal keçmişində həmişə
adı ən iftixarla çəkiləcək cəsurlar
zümrəsindəndir.
Firidun İbrahimi vur-tut 28 illik qısa bir ömür
yaşadı.
Bunca az yaşadı, amma adı Səttarxanlar,
Bağırxanlar, Xiyabanilər kimi bu millətin şərəf
tarixinə həkk olundu. Milləti millət edən,
milləti böyük edən məhz belə fədakar
övladlardır. Millətin səadəti naminə
çarpışmalarda canını belə qurban verməkdən
çəkinməmiş Firidun İbrahiminin adı Azərbaycan
tarixinin "qızıl yarpaqlar"ında həmişə
məhəbbətlərə ünvan olacaq, bu sevimli surət
istilal yolumuzun parlaq ulduzları bürcündə daim bərq
vuracaq. Firidun İbrahimi 1918-ci il noyabr
ayının 21-də dünyaya gəldi, Astarada doğuldu. Tale elə gətirib ki, ikiyə
bölünmüş Azərbaycanın Astarası da ikidir,
Culfası da iki. Sərhədlərin o
tayında bir Astara, sərhədlərin bu tayında başqa
Astara. 1918-ci ildə bu Astarada - Azərbaycan
Respublikasında doğulmuş olsaydı, dünyaya müstəqil
Azərbaycanın vətəndaşı kimi gələcəkdi,
amma 1941-ci ildə, söz yox ki, SSRİ-nin də
qatıldığı İkinci Dünya müharibəsinə,
odlu cəbhələrə göndəriləcəkdi. O
müdhiş savaş 1945-ci ilə qədər davam etdi, Sovet
İttifaqı 20 milyondan artıq itki verdi,
Azərbaycandan müharibəyə yola salınan 700 minə
yaxın cavanın yarıdan çoxunun "qara
kağız"ı gəldi, neçələri əsir-yesir
oldu, bir daha Vətənə qayıda bilmədi. Firidun İbrahimi də bu Astarada doğulmuş
olsaydı, onlardan birinə çevrilə də bilərdi.
Ancaq o, Güney Azərbaycanın Astarasında təvəllüd
tapmışdı və 1941-ci ildə artıq Tehranda idi,
universitetin hüquq fakültəsində oxuyurdu. Firidun İbrahimi artıq yeniyetməliyindən
olduğu çevrəyə sığmayanmış. Durmadan çalışır, oxuyur, öyrənirmiş
və fitrətdən gələn bir ictimai fəallıq hər
an onunlaymış. 1941-ci ildə elə
Tehran Universitetinin Hüquq fakültəsinin tələbəsi
ikən İran Xalq Partiyasına qoşulur. Amma qələmi də vardı - həm bədii
yazılar yazırdı, həm də publisistik səriştələrə
malik idi. 1943-cü ildə o
çağın İran ictimai həyatında ən seçkin
siyasi xadimlərindən olan Seyid Cəfər Pişəvəri
"Ajir" qəzetini yaradanda redaksiyanın ətrafına
xeyli gənc toplaşır. Onların ən
ilklərindən biri elə Firidun İbrahimi idi. Ancaq Firidun başqaları kimi sadəcə məqalələr
müəllifi olaraq qalmır. O qədər fəal idi,
coşqun, yeni fikirlərlə dolu idi ki, tezliklə onu redaksiya
heyətinə daxil edirlər. Ancaq Firidun
İbrahimi hətta redaksiya heyətində olduğu, əsas
aparıcı müəlliflərindən
sayıldığı "Ajir"in çərçivələrinə
də yerləşmir - başqa qəzetlərdə də
ardıcıl olaraq məqalələrlə
çıxış edir. Yazıları "Zəfər"də,
"Mərdom"da, "Rəhbər"də
görünür və bütün qəzetləri qəzet
oxuyanların əksəri gözdən keçirsə də,
hər qəzetin də məxsusi daimi oxucuları, hər
ruznamənin də özünə görə fərqlənən
mövqe və baxışları olmamış deyildi. Firidunun səsinin belə müxtəlif səmtlərdən
mütəmadi olaraq gəlməsi onun qələmini də,
şəxsiyyətini də, xeyli gənc olmasına baxmayaraq,
bütün İranda tanıdır. İrandasa
o çağlarda cəmiyyət siyasi həyatda baş verənləri
həssaslıqla izləyirdi və qəzet hər zaman olduğundan
daha cəlbedici gücə çevrilmişdi. Tanınmanın, cəmiyyət içində etiraf
edilmənin ən qısa və münasib yolu elə qəzet
səhifələri idi. Çox keçməyəcək
ki, "Azərbaycan" qəzeti çıxmağa
başlayacaq. Burada da ən ardıcıl
yazanlardan biri Firidun İbrahimi olacaq. Sanki
qeyri-adi bir fəhmlə buda ona əyanmış ki,
ömür payı lap azdır, görə biləcəyi
böyük işlərin hamısını bu qısa
möhlət içərisində
çatdırmalıdır. Firidunun bir
ayrı üstünlüyü də ondaydı ki, yalnız
farsca və azərbaycanca çox gözəl yazmırdı
(farscanı azərbaycancadan əvvəl yazmağım bica
deyil. İranda təhsil fars dilində
idi. Firidun məktəbi də, universiteti də
farsca oxumuşdu, əslində farsca onunçün əsas
dil idi, bu dildə mükəmməl yazıb-pozmağı təbii
idi. Lakin ölkədə
danışıq dili səviyyəsində saxlanılan öz
doğma azərbaycancasında səlis, ədəbi dil
ülgülərinə uyğun yazmaq imkanlarına yiyələnməsi
də xüsusi səy, qabiliyyət, bolluca mütaliə ilə
bağlı idi), eyni zamanda ərəbcəni,
fransızcanı da mükəmməl bilirdi.
1945-ci ildə o, Tehran Universitetinin Hüquq fakültəsini
müvəffəqiyyətlə bitirir. Təbii ki,
onun istedadı, işığı hər kəsə
görünürdü. Universitetin
divarları arasında da və universitetdən kənarda da.
İctimai həyatın yaşanan günlərdəki ən
ümdə mövzuları ilə bağlı müxtəlif
qəzetlərdə ardıcıl dərc edilən bir-birindən
tutarlı məqalələri onu istər-istəməz diqqət
mərkəzinə çəkmişdi və hüquq
fakültəsini bitirən, hüquq bilikləri də digər
məzun yaşıdlarından bir-iki boy yüksək olan, qələmli,
üstəlik, Şərq dilləriylə yanaşı,
fransızca da danışan bu ümidverici və gələcəkli
gənci işə cəlb eləmək istəyənlər
özləri onu axtarmağa başlayır. "Ettelaat"
qəzeti müraciət edərək onu redaksiyanın əməkdaşı
görməkdən məmnun olacağını bildirir. Növbəti təklif İran Xarici İşlər
Nazirliyindən gəlir. Amma Firidun artıq
içəridən köklənmişdi, nə istədiyini,
hansı yolu tutacağını müəyyənləşdirmişdi
və irəliləyiş, vəzifə kürsülərində
qalxmaqçün vəd etdiyi bütün danılmaz imkanlara
rəğmən, o, Tehranda qalmaq istəmirdi. Təbrizə yollanır. Məqsədi
topladığı bilikləri, qazandığı təcrübələri
ilə millətinə xidmət etmək idi. Bunlar şairanə sözlər, qəhrəmanlara
çevriləcək şəxsiyyətlərə sonradan
köhnə tarixlə aid edilən keyfiyyətlər qəbilindən
dəyərləndirmə deyil. Firidun artıq aşiq
idi! O, artıq Yol Adamı idi!
1940-cı illərin başlanğıcından onun
özünün də qatıldığı mübarizələr
və ölkədəki qarşıdakı böyük
fırtınalardan soraq verən ab-hava Firidunu bir uğurlu məmurluqdan
qat-qat yüksək olan ideallara sarı
çağırırdı. Onun istəyi doğma
yurda qayıtmaq, Azərbaycanda, Təbrizdə
çalışmaq və millətinin xidmətində dayanmaq
idi.
1970-ci illərin
sonları, 1980-ci illərdə
çalışdığım Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunda köhnə cənublular az
deyildi, ancaq onlardan biri - nurlu insan Təqi Şahinə
xüsusi rəğbətim vardı. Bu, bir tərəfdən
onun həm yaxşı araşdırıcı, həm də əsl
ağsaqqal olmasından irəli gəlirdisə, digər yandan
onun inqilabi keçmişinə ehtiramından doğurdu.
Təqi Şahin 1945-ci il şəhrivərin
12-də - sentyabrın 3-də yaradıldığı elan
edilən Azərbaycan Demokrat Firqəsinin təməlində
idi. Həmin şərəfli sentyabr günündə
yayılan tarixi müraciətdə Təqi Şahinin də
imzası vardı və o mətndəki bir cümlə millətin
müqəddəratında silinməz izləri qalacaq
şanlı gələcəkdən xəbər verirdi:
"Azərbaycan Demokrat Firqəsinin təşkili ilə Azərbaycan
xalqının inqilabi mübarizə tarixində yeni bir
dövr açıldı".
Əslində gənc Firidun İbrahimi də qəzetlərdə
yer almış bir çox yazılarındakı cəsarətli
fikirləri ilə həmin yeni dövrün gəlişinə
bünövrə hazırlayanlardan idi və təbii ki, firqənin
yarandığı ilk günlərdən bu mübariz o
sıraya qatılanların ilklərindən olur. 1945-ci il
sentyabr ayının 5-də Azərbaycan Demokratik Firqəsinin
orqanı olan "Azərbaycan" qəzetinin ilk sayı
işıq üzü görür. Və "Azərbaycan"ın
açdığı pəncərə Firidun İbrahimi
üçün geniş özünüifadə meydanı
demək idi. Ona görə də "Azərbaycan"
qəzetinin yolunun lap başlanğıcından - bu nəşrin
ilk sayının işıq üzü görməsindən
etibarən Firidun İbrahimi qəzetin ən işlək, ən
yorulmaz yazarlarından idi.
...İstiqlal
bir yoldur ki, o yolu keçməyincə xalq millət ola bilmir. O bir nemətdir ki, millətin sıra
nəfərləri onun dadını duymayana qədər qəlbdə
sabaha inamları olmur. Və XX yüzilin birinci yarısında
Azərbaycan nə xoşbəxt idi ki, ona iki dəfə
istiqlal nəsib oldu -1918-ci ilin 28 Mayında Quzey Azərbaycanda
istiqlal bayrağımızı ucaltdıq, Azərbaycan Xalq
Cümhuriyyəti quruldu, 1945-ci ilin 21 Azərində - 12
dekabrındasa bu səadət Təbrizdə yaşandı,
Milli Hökumət təsis edildi. Şərəf
və ləyaqət tariximizin bu qızıl səhifələrini
usanılmaz mübarizələrdən keçərək
qanı ilə, canı ilə yazanlar arasında Firidun
İbrahiminin yeri ayrıcadır. 1945-ci ilin
oktyabr-noyabrında 21 Azərdə baş verəcəklər
çox arzulansa da, o səadətin belə tez yetişəcəyinə
az adam inanardı. Dekabrın
12-nə sanılı günlər qalırdı, amma heç
kəs əminliklə deyə bilməzdi və təsəvvür
edə bilməzdi ki, milli düşüncədə məsud
təlatümlər qoparacaq, saatlar ərzində bütün
xalqı içəridən dəyişəcək bəxtiyarlıq
bunca yaxındadır. O günü gətirməkçün
gecə-gündüz bilmədən, saat-saat ülvi arzuya
qovuşma anı bəlkə də daha gec yetişərdi. 1945-ci ilin oktyabr ayının 31-dən noyabrın
21-nə qədər "Azərbaycan" qəzetində
ard-arda Firidun İbrahiminin 19 məqaləsi dərc edilir.
O məqalələr "Azərbaycan danışır"
silsiləsindən işıq üzü görürdü və
həqiqətən də həmin yazıların hər birindən
bütün Azərbaycanın - yenilməz Azərbaycan ruhunun
səsi gəlirdi. O məqalələri oxuyanlar tarix axarında Azərbaycanın
böyüklüyünü görür, istiqlalın lap
yaxındakı isti nəfəsini hiss edirdilər. "Azərbaycan danışır: iftixarlı
tariximizdən bir neçə parlaq səhifə" adlı
həmin məqalələr silsiləsi çox keçməyəcək
bir kitabda da qovuşacaq, 1946-cı ildə Təbrizdə nəşr
ediləcək. Yazılar kitaba çevrilənəcən
lazımi işlərini görmüşdülər, istiqlal
qığılcımlarını və azadlıq hərarətini
çox ürəklərə və düşüncələrə
səpmişdilər. Fəqət azadlığı elan
etmək, Milli Hökuməti təsis edib bayraq ucaltmaq hələ
yalnız başlanğıc idi, bu ocağın getdikcə
daha gur alovlanmasından ötrü istiqlal dərsləri gərək
hələ çox davam edə idi, ona görə də ana
dilində hələ bu məzmunlu bircə kitabın belə
olmadığı çağlarda Firidun İbrahiminin SƏSi
- bu nəşr xalqa hava-su kimi gərək idi. Həmin
kitablaşan məqalələr sırasına Firidun
İbrahimi müqəddimə də yazmışdı və
ön sözdə məramının üç istiqamətini
bəyan edirdi. Yazırdı ki,
bütün bunları ilk növbədə mən ona görə
qələmə alıram ki, Tehran boşboğazlarını
yerində oturdum. İkinci məqsədim isə odur ki,
azadlıqsevər, iftixarlı millətimin hüququnu, tarixini,
parlaq mədəniyyətini müdafiə etməklə
göstərim ki, bu xalq kimdir, haradan gəlib, hara gedir, ulu
babalarımız kimlər olub və öz milli heysiyyətini
qorumaq yolunda ulu babalarımız hansı fədakarlıqları
ediblər. Üçüncü məqsədim
isə ondan ibarətdir ki, azad və demokratik cəmiyyətdə
öz yerini tutmaq, mövqeyini əldə etməkçün
ayağa qalxmış Azərbaycan millətinin həqiqi
kimliyini bütün dünyaya bildirim.
Yəni bu, ilk növbədə tanıtma əsəri
idi - Azərbaycan xalqını həm İrana, həm
dünyaya, həm də elə özünə tanıtma
kitabı. Beləcə,
həyəcanlı, mübarizəli, iş-güclə
daşan günlər içərisində qələmə
aldığı bu məqalələr qatarında gənc
Firidun yaşına tən gəlməyən müdriklik və
təmkinlə əzəl başdan öz xalqına təlqin
edirdi ki, sən böyüksən, öyünməli
keçmişin var, sən ətrafındakı xalqlardan, məmləkətlərdən
heç nə ilə geri deyilsən, əksinə, onlardan bir
çox məziyyətlərinə görə qat-qat
üstünsən. Firidun İbrahimi inqilab
dalğasına tənzimlənmiş insanlardakı azad təfəkkürü,
demokratik düşüncəni, müstəqillik
sevdasını daha artıq oyatmağa
çalışırdı. İnsanlara
aşılayırdı ki, sənin keçmişində
azadlıq uğrunda mübarizələrin elə fəxr etməli
səhifələri var ki, əsla onları unutmaq olmaz, o
möhtəşəm keçmişdən müdam ibrət
götürmək zəruridir. O, xalqını öz
qüdrətli və iftixaralayiq dünənindəki örnəklərdən
nümunə götürərək sabahkı daha
böyük zəfərlərə səfərbər
olmağa dəvət edirdi.
Firidun İbrahiminin dövründəki
tarixşünaslıqla bugünkü tarixşünaslıq,
təbii ki, səviyyəcə çox fərqlidir. 1940-cı illərdə
tarix elminin gedib çata bildiyi hündürlüklərlə
indiki zirvələrin arasında yer-göy fərq var. Amma hər
halda o çağın bilgiləri ilə Firidun İbrahimi
millətini böyük göstərməyin yollarını
arayırdı. Millətinə onu
aşılayırdı ki, sənin keçmişində azad
yaşamanın, müstəqil dövlət qurmağın
örnəyi var. Millətinə onu anladırdı ki,
azadlıq duyğusu sənə dədə-babalardan qanla
keçib, varlığında nəbz kimi
çırpınmaqdadır, çünki bunların sənin
tarixində ənənələri var. Qədim assur mixi
yazılarına istinad edərək yazırdı ki,
babalarımız madlar eramızdan 800 il əvvəl müstəqil
dövlət qurmuşdular. Yəni sənin
keçmişində eramızdan əvvəl səkkiz əsr
də o yanda müstəqil dövlətin olmuşsa, demək,
yaxın zaman içərisində sənin müstəqil
dövlətə təzədən sahib olacağın
heç də əlçatmaz xülya sayılmaz. O vaxt
ki Firidun İbrahiminin yazıları hələ kitaba
çevrilməmişdi və insanlarla qəzet
sütunlarından hər gün, günaşırı dərc
edilən məqalələr şəklində
görüşürdü, o günlərdə ki hələ
Milli Hökumətin elan ediləcəyi xoşbəxt saat da
qarşıdaydı, hələ Güney Azərbaycan
İranın bir əyaləti idi və azərbaycanlılar
ölkədə farslardan sayca iki dəfə çox olsalar
da, statusca milli azlıq məqamındaydılar, farslar da hakim
millət idi, bu ağıllı və uzaqgörən cavan
hamının - azərbaycanlıların da, farsların da
qulaqlarını və gözlərini
yaxşı-yaxşı açıb incə bir mətləbdən
agah olmasını umurdu. Sözləri, şüurlara yeritmək
istədiyi mülahizələri mötəbər olsun deyə
"tarixin atası" Herodotdan tutmuş müasir fransız
tarixçilərinədək bir yığın sanballı məxəzə
istinad edərək yazırdı ki, babalarımızın
qurduğu Midiya dövlətinin sərhədləri cənubdan
Bəsrəyə, Məğribdən Anadoludakı
Qızılirmaq çayınadək, şimaldan Qafqaz
dağları silsiləsinədək, şərqdən indiki
Tehranın yerində olmuş Rey şəhərinədək
uzanırdı və Seyhun -Amu Dərya çayınadək
sıralanan məmləkətlər midiyalıların mərkəzi
hökumətinin idarəçiliyi altında idilər. Və vurğulayırdı ki, unudulmasın - Midiya
dövlətinin şərq hissəsində yaşayan
farsların mədəniyyəti çox dərəcədə
Azərbaycan mədəniyyətinin, madların mədəniyyətinin
təsiri ilə şəkillənib inkişaf etmişdir.
Və buna da xüsusi diqqət yönəldirdi
ki, əski qaynaqların təsdiqincə, farslar madlardan
yaşayış və mədəni səviyyə
baxımından xeyli geridə qalırdılar. Olan
olmuş, keçən keçmişdi, niyə xalq ruhunun
oyanıq dönəmində, 21 Azər astanasında, 1945-ci
ilin payızında ard-arda xalqa təqdim etdiyi
yazılarında Firidun İbrahimi əyyam-i qədimə enir,
bu təfərrüatlardan müasirlərin xəbərdar
olmasını istəyirdi? Məramı
insanımıza onun öz böyüklüyünü, əcdadının
əzəmətini göstərmək idi. Bunları ona görə qələmə
alırdı ki, xalq oyansın, biryolluq dərk etsin, bu gün
təkəbbürlə ona üstdən aşağı
baxanlara onun özünün daha hündürdən baxmaq
haqqı var. Bu ixtiyarı və hüququ ona tarix,
yaşadığı keçmiş verir. Firidun
İbrahimi çək-çevirə yer qalmasın deyə mənbəni
dəqiq nişan verirdi. Herodotun
"Tarix"i, birinci kitab, 96-cı bənd.
İstinadı ilə hər kəsə dədəsinin
hansı qeyrət sahibi olduğunu nümayiş etdirirdi, eradan
əvvəl 829-835-ci illərdə və sonrakı dövrlərdə
assurilərlə midiyalılar arasında şiddətli
müharibələr getdiyini, assurilərin itaətindən
baş qaçıranların birinci dəfə midiyalılar
olduğunu, onların öz azadlıq və istiqlalı
uğrunda çətin müharibələr edib böyük
qəhrəmanlıqlar göstərdiyi həqiqətini təqvimin
XX əsrinin ortalarında yaşayan soydaşlarına
ötürürdü. Söhbət təzə söhbət
deyildi, hadisələr iki min səkkiz yüz il
əvvələ aiddi, olmuşların hikməti, dərsi isə
1945-ci ilin bitəcəyində, Güneydəki Azərbaycan
istiqlal məşəlinin ən yaxın günlərdə
alovlanması ilə birbaşa bağlı idi: "Zülm
binasını uçurmaq və mərdlik ilə öz
azadlıqlarını əldə etməklə midiyalılar
ləyaqətlərini bütün dünyaya göstərib və
sair əsir millətlər üçün böyük bir sərməşq
- örnək olmuşlar. ...Azadlıq və istiqlaliyyət
uğrunda yadelli işğalçılar əleyhinə
mübarizə aparan babalarımız qələbə
çalıb özlərinin doğma dövlətlərini
qoruyub ana yurdlarını və milli haqlarını defa etdilər
- qorudular".
21 Azər siqlətli, millət iradəsini yumruğa
döndərən zəfərlər arzulamaqla, əlləri
göylərə açıb dua etməklə gələn
nemət deyil, o günü gətirən dönməz, mətin
oğullar olmasa, dilək ürəkdə qocala da bilir. Yan-yörəsindəkilərə
- sənin əcdadın yalnız öz istiqlalını
qazanmayıb, həm də yolaçan, doğurduğu
nümunə ilə digər xalqlara da azadlığın,
istiqlalın çəmini göstərən olub deyən,
silahdaşlarını və xalqı Böyük
Günün ən yaxın üfüqdə gülümsəməsinə
inandıran Firidun İbrahimi bu minvalla 21 Azəri saniyə-saniyə
yovuqlaşdırırdı...
Vulkanın püskürmə ərəfəsində
olduğu 1945-ci ilin bitər-bitməzində Firidun
İbrahiminin verdiyi bir dərs də yurdun adı ilə
bağlı idi. Növbəti məqaləsi "Azərbaycan
sözünün mənşəyi" adlanırdı və
Firidun İbrahimi alim səliqəsi ilə həm qədim mənbələrə,
həm də Bartold, Marr kimi nüfuzlu müasir alimlərin qənaətlərinə
söykənərək "Azərbaycan" kəlməsinin
iki min ildən artıq yaşı olduğunu göstərir,
bu sözün mənasının "odu qoruyanlar", azərbaycanlıların
varlığında od daşıyan alov gözətçiləri
olduğunu yazırdı.
İndi
vaxtın ucalığından görünən budur ki, Firidun
İbrahiminin əhatəli biliklərinə və çevik qələminə
arxalanaraq yazdığı bu məqalələr silsiləsi
21 Azər öncəsi Baş Məşq, kütlələri
azacıq sonra gözəl çöhrəsini göstərəcək
istiqlala hazırlamaqmış. Firidun
İbrahiminin 21 Azərə aparan yoldakı 19 məqaləsi
böyük ölçüdə o çağacan misli
olmamış istiqlal müntəxəbatı, millətçiliyin
əlifbası idi.
...1947-ci il may ayının 23-də səhər saat 4-də
müasir Azərbaycan tarixinin ən kədərli hadisələrindən
biri baş verib. Həmin gün dan üzü Azərbaycanın
ən mərd oğullarından biri qəddarlıqla qətlə
yetirilib. İran rejimi azərbaycanlı prokuror
Firidun İbrahimini öldürüb. Arxada
qalan illər boyunca əfsanələşmiş o şəxsiyyət
haqqında çox danışılıb, bundan sonra da
danışılacaq, yazılacaq, adı, əməlləri,
yolu görk olaraq hafizələrdə yaşayacaq.
Və həmin
dəhşətli qətldən düz 75 il
sonra mən Firidun İbrahimi ilə qarşı-qarşıya
əyləşmişdim, söhbət edirdik, keçmişləri
anırdıq.
Firidun İbrahimi püxtə hüquqşünas,
köhnə prokuror olduğundan ona sualları verməkçün
uzaqdan başlamağa ehtiyac qalmırdı, elə məni
maraqlandıran sualların əvvəlini eşidincə mətləbi
tuturdu. Anlayırdım ki, nisgilli keçmişləri anmaq
qaysaq bağlamış yaraları təzədən
açmaq kimidir, ancaq mən Firidun İbrahimi haqqında
Firidun İbrahimidən daha dürüst cavabları kimdən
ala bilərdim ki?!
Bu Firidun İbrahimi o Firidun İbrahiminin qardaşı
oğludur. Onunla söhbəti əsildən-kökdən
başlamışdım. Bu şəcərə
haqqında Almaniyada ayrıca kitab nəşr edilib. Ancaq bu gün artıq həmin nəslin
ağsaqqalı olan Firidun İbrahiminin söylədikləri mənə
ailənin həmin kitabda və digər yazılarda əksini
tapmamış elə məziyyətlərini açır ki,
bu hekayətləri dinlədikcə həmin ocaqda neçə
şücaətli övladın yetişməsinə qətiyyən
təəccüblənmirəm. Qardaşı Firidun kimi
həyatını Güney naminə mübarizələrə
həsr etmiş, elə bu yolda da həyatını itirmiş
Nuşirəvanın oğlu, əmisinin həm adı, həm
soyadı ilə ikiqat adaşı olan Firidun İbrahimi deyir
ki, İbrahimilər familiyasının necə yaranması
haqda vaxtilə, hələ gənc çağlarında
atasından, bibilərimdən çox soruşub, onlar da yeri
düşdükcə bəzi şəcərə hekayətlərini
özləri nağıl ediblər ki, unudulmasın, nəslin
davamçılarına da bəlli olsun. 1860-cı illərdə
Güney Azərbaycanda, Təbriz yaxınlığında daim
kasıbın, məzlumun yanında olan, onlara əl uzadıb
sıxıntı çəkənlərə köməyini əsirgəməyən,
həmişə də at belində kürklü gəzən,
bu səbəbdən də el içində "Kürklü
İbrahim" kimi tanınan bir kişi
yaşayırmış. Nəslin soyadı ondan
gəlir. Bakıda prokurorluqda işləmiş
Firidun İbrahiminin babası və Təbrizin prokuroru olmuş
Firidunun atası - Qəni İbrahimi balalarına atası
Əli İbrahiminin öz atası Kürklü İbrahimin sərgüzəştləri
barədə danışdıqlarını cazibəli
nağıllar kimi söylərmiş. Soy,
söz yox, ondan əvvəl də mövcudmuş, ancaq nəslin
"İbrahimi" deyə şöhrətlənməsi
Kürklü İbrahimdən başlanıb. Milli
Hökumətin qurucularından və önündə gedənlərdən
olacaq Firidunun atası Qəni İbrahimi dövrünün
hörmətli ziyalılarındanmış, həm müəllimlik,
həm də mühəndislik edərmiş, cavan
vaxtlarında Mirzə Məhəmməd Axundzadə ilə hələ
Rəştdə firqə də yaradıbmış və həmin
firqənin İran Astarasındakı qoluna rəhbərlik
edirmiş. Bu fəaliyyətləri ucbatından
dönə-dönə zindana atılsa da, amalında sabitqədəmmiş,
hər dəfə dustaqlıqdan qurtarınca yenə inadla
öz yoluna davam edirmiş.
İş ondadır ki, Qəninin zövcəsi Fatma
xanım da həmişə at belində olan kişi
təpərli qadınmış. 1918-ci ilin 21
noyabrında İran Astarasında anadan olan Firidunun
damarlarında belə ötkəm valideynlərin qanı
dövran edirdi. "Qəni İbrahimin ailəsində beş uşaq olub. Böyükləri
Firidun idi, bibim İqlimə xanımdan sonra İrəc
xanım, ardınca İranduxt xanım doğulub, mənim atam
Ənuşirəvan İbrahimi sonbeşik idi. Bu beş uşağın beşi də axıracan
ata-babalarının yolu ilə getdi".
Firidun
İbrahimi mənə bunları deyir, əmisinin, bibilərinin,
atasının firqəçi olduqlarına görə
hansı əzab-əziyyətlərə məruz
qaldıqlarından, faciələrlə üzləşdiklərindən
sarsıdıcı əhvalatları danışır,
bunları söylədikcə dalğınlaşır, qəhərlənir,
amma onu da hiss edirəm ki, kədərlənməkdən daha
artıq qürurlanır ki, belə mərd böyükləri
varmış!
"Bizim nəsildə həm bibilərim, həm əmim
Firidun İbrahimi, həm atam Ənuşirəvan İbrahimi həyatlarında
çox çətinliklərlə üzləşiblər,
illah da ki, şah vaxtı. Firidun İbrahimi
böyük qardaş olduğundan ağırlığın
çoxu onun çiyinlərinə
düşübmüş. O, bacılarının,
qardaşının davranışına xüsusi fikir verərdi.
Elə belə deyildi ki, Firidun İbrahimi baş
prokuror ola-ola mənim atam sıravi əsgər idi. Atam hərbi məktəbdə oxuyurdu, istəyi də
hərbçi olmaqdı. Atamla əmim
arasında çox söhbətlər olub. Xeylisi mənə məlumdur. Həmin
söhbətlərdən biri mənim üçün ən əsasdır.
Milli hökumət devriləndə əmim atama
göstəriş vermişdi ki, keçsin Quzey Azərbaycana
və işi davam etdirmək üçün mütləq fəal
olsun. Yoxsa Ənuşirəvan
İbrahiminin bu taya gəlmək fikri yox idi, necə ki,
qardaşı Firidun Təbrizi tərk etməmişdi, o da
sonacan orada qalmaq əzmində idi. Ancaq
qardaşının "Getməyin məsləhətdir"
deməsi onu vadar etmişdi ki, Sovet Azərbaycanına
keçsin. Bunu atam mənə şəxsən
özü deyib".
Ailənin
ilki Firidunla sonbeşik Nuşirəvanın arasında 8 il
yaş aralığı vardı - Ənuşirəvan 1926-cı
ildə doğulmuşdu. Firidun bacılarına,
qardaşına mənim kimi olun demirdi, mənim yolumu tutun
demirdi, ancaq o, ailədə elə parlaq nümunə idi ki, ona
bənzəməyə çalışmamaq
mümkünsüz idi. Firidun bacılarına deməmişdi
ki, silah götürün, fədai olun, özləri bu yolu
seçmişdilər, axı böyük
qardaşlarının Firidun olmasından savayı, onların
da vücudunda dolanan İbrahimin qanı idi! 1945-ci
ildə Milli Hökumət yaranan gün Seyid Cəfər
Pişəvəri qurduğu Nazirlər Kabinetində Firidun
İbrahimiyə Güney Azərbaycanın baş prokuroru vəzifəsini
həvalə etmişdi və onun 27 yaşı vardı.
Aralarında hələ bir neçə il
əvvəldən səmimi münasibət, yetərincə
sıcaq ünsiyyət varmış. Yaşlı
İbrahimilər şahiddirlər ki, Pişəvəri
qabiliyyətinə, qələminə, rəftarına gözəl
bələd olduğu Firidunu oğlu kimi sevirmiş. Odur ki, Firidunu elə hökumət qurulunca belə məsul
vəzifəyə təyin etməsi müəyyən mənada
məntiqli idi. Ancaq həm də bu, Pişəvəri
tərəfindən bir qədər riskli addım idi. Axı Firidun İbrahimi nə qədər savadlı
olsa da, gənc idi, olsun ki, baş prokuror kürsüsü daha
sinli, həyat təcrübəsi çox olan birisinə daha
uyğun gələrdi. Ancaq ən qısa
zamanda həyat sübut etdi ki, Pişəvəri bir
çoxlarına gözlənilməz təsir
bağışlayan seçimində nə qədər
haqlı imiş. O, gənc Firidunun yaşından
artıq yetkinliyini yazılarındakı dərinlikdən əlavə
davranışındakı ağır oturub batman gəlməkdən,
hər hərəkətinin, hər sözünün yerində
olmasından da sezibmiş.
Bircə görün bu cavan prokuror vəzifəsinin
icrasına başlayınca Azərbaycanda qarışıq
olan asayişin nizamlanması üçün cəsarət və
qətiyyətlə dərhal hansı tədbirləri
tökür.
Bu Firidun İbrahimi obirindən - əmisindən
danışır: "Üstündən görün nə qədər
zaman keçib. Amma indiyəcən də qocalar
Güney Azərbaycanda onun əməllərindən,
gördüyü işlərdən heyranlıqla
danışırlar. Qəliz
vaxtlarmış, Cənubi Azərbaycanda qaçaq-quldurluqla məşğul
olan cürbəcür bandalar meydan sulayırmış, cinayətkar
ünsürlərə əvvəlki hakimiyyət qorxudan
yaxın dura bilmirmiş. Xalqı incidən
bu ünsürlərin kökünü kəsməyin
çarəsini Firidun İbrahimi camaatın gücü ilə
hökumətin qüvvəsini birləşdirməkdə
tapır və "Babək" adlı könüllü dəstələr
yaradır".
Təbrizdə o vaxtlar hamının qorxduğu
Qarnıyırtıq Kazım deyilən bir quldurbaşı
varmış.
Heç kim inanmırmış ki, onu həbs
edə bilərlər. Firidun İbrahimi qəfilcə
quldurbaşının tutulması qərarını verir,
dustaq həbsxanaya gətirilincə təxirə salmadan törətdiyi
ağır cinayətlərə görə ona ölüm cəzası
kəsir, güllələnmə hökmünü də
Qarnıyırtığın curları tərpənənəcən
icra etdirir. Özü hamıda xof yaradan əzazil
quldurbaşının bir günün içində yox edilməsi
digər ona bənzərləri də vahiməyə salır.
Ancaq Firidun İbrahimi bununla dayanmır,
sarsıdıcı zərbənin növbətisini endirir.
Cənubi Azərbaycanda dördüncü
ostanın başçısı, Urmiya qoşunları olan
hissənin komandiri quldurların güllələnmiş
böyüyündən də betərmiş. Cəllad,
qaniçən, qadınlara, uşaqlara, qocalara tutduğu
müdhiş divanın qorxulu rəvayətləri dillərdə
dolaşan polkovnik Əhməd Zəngənə. Firidun
İbrahimi qaniçən polkovniki ildırım sürəti
ilə götürməkçün xüsusi plan
hazırlayır, sanksiyanı verir, cinayətkar gətirilən
kimi çoxdan və ona artıqlaması ilə layiq olduğu
ölüm hökmü elan edilir, icranı da tərəddüd
etmədən elə o gecə yerinə yetirirlər. Səs-soraq
hər yana yayılır. O yuvanın
quşu olan digər qaçaq-quldurun hamısı təzə
prokurorun qırımını duyunca özlərini
yığışdırırlar...
İstiqlalın ilk həftələri, ilk ayları idi. O çağlar idi ki, məcazi
yox, elə gerçək mənada hər gün min aya bərabər
kimi idi. Bütün istiqamətlərdə gərgin iş
gedirdi. Asayişi tənzimləmək bir məqsəd idisə,
sabah quruculuğu, gələcək
inkişafçün qabil mütəxəssislərin
hazırlanması digər vacib hədəf idi.
Söhrab Tahir söyləyirdi ki,
firqənin Mərkəzi Komitəsində işləyirdim,
Pişəvərinin möhürçüsü idim, bir
gün məni kabinetinə dəvət etdi, girdim içəri,
salam verdim, gördüm ki, yoldaş Pişəvəri və
yoldaş Firidun İbrahimi ikisi oturublar. Elə uzaqdan
Pişəvəri mənə səsləndi ki, Söhrab, deyəsən,
hərbi məktəbdə oxumaq üçün ərizə
yazmısan. Dedim, bəli, yoldaş Pişəvəri,
yazmışam. Dedi ki, səni göndəririk Bakıya, hərbi
məktəbi orada oxuyacaqsan, zabit olacaqsan və qayıdacaqsan
bura. Mən bu sözlərə çox sevindim. Firidun
İbrahimi mənə zənlə baxdı və dedi ki, bilirsənmi,
səni qızıl Bakıya göndəririk. Sənin
başın da qızıldan olmalıdır. Yaxşı
oxumalısan, yüksək səviyyəli hərbçi
olmalısan və sonra Təbrizə qayıdıb
qızılbaş hərbi qüvvələrində qulluq etməlisən.
Unudulmaz Söhrab Tahir 2000-ci illərin
başlanğıcında mənimlə 19 yaşındakı
laçın çağlarının bu xatirəsini
bölüşəndə artıq səksənini arxada
qoymuşdu, o vaxt - Təbrizin xoşbəxt günlərində
ona xeyir-dua verib yola salan Firidun İbrahimidən üç dəfə
sinliydi, amma həmin anlarda dönüb olmuşdu gənc,
bu yaddaşın içərisindəki Firidun İbrahimi də
27 yaşlı cavan kimi deyil, oturuşmuş bir ağsaqqal kimi
görünürdü. Tale Firidun İbrahimidən qocalmaq
fürsətini əsirgədi...
...Onun adı Firidun olmayacaq, soyadı İbrahimi olmayacaq. Amma mən inanıram ki, yenə Güney Azərbaycanda milli hökumət qurulacaq, yenə oranın baş prokuroru təyin ediləcək, yenə o tayımızın da öz nazirləri, baş naziri olacaq, nazirləri olacaq. Və o müstəqil hökumətin irəliləyişi, yüksəlişləri heç vəchlə keçmişlərdəki kimi çətin olmayacaq. Çünki babalardan qalan irs onlara müdam arxa duracaq, əllərindən tutacaq.
Gələcəkdəkilər adladıqları yolları, dikəldikləri aşırımları rahat keçdikcə unutmasınlar, xatırlasınlar, minnətdar olsunlar ki, onlar bu yolu belə rəvan gedə bilsinlər deyə zindanlardan, dar ağaclarından, gülləyə tutulmaqdan, sürgündən, bir ömür sürəcək didərginlik və qəriblik məşəqqətindən çəkinməmiş fədakar babalar olublar. Vur-tut 28 illik ömür sürmüş, baba yaşına çatmadan millət babası adlanmaq haqqı qazanmış Firidun İbrahimi həmin yüzlər və minlərdən bircəsi idi.
Bu ucalıqlı övladları yüzlər və minlərlə olan bir millət xoşbəxt sayılmazmı?!
18 noyabr 2023
525-ci qəzet .- 2023.- 22 noyabr, ¹
211.- S.10-11.