Erməni
vandalizminin canlı nümunəsi - Ağdam
Pərvanə SULTANOVA
pervane525@mail.ru
Qafqazın
"Xirosiması, "ruhlar şəhəri"
adlandırılan Ağdamın 27 il davam
edən işğalına 20 noyabr 2020-ci ildə son qoyuldu. Həmin
il sentyabrın 27-də başlayan və 44
gün davam edən İkinci Qarabağ müharibəsində
işğalçı Ermənistan ağır məğlubiyyətə
uğradı və kaputulyasiya aktına imza atmağa məcbur
oldu. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin,
Ermənistanın Baş naziri Nikol Paşinyanın və
Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da
imzaladıqları üçtərəfli bəyanata
uyğun olaraq noyabrın 20-də Azərbaycana
qaytarıldı. Bu, dövlətimizin
böyük hərbi və diplomatik qələbəsi idi.
Çünki bəyanata əsasən,
Laçın və Kəlbəcər rayonları da bir
güllə atılmadan öz sahibinə qaytarıldı.
Bununla da 30 ilə yaxın işğal
altında olan Ağdam, eləcə də Kəlbəcər və
Laçın erməni qəsbkarlardan azad edildi. Azərbaycan
Prezidentinin 2023-cü il iyulun 31-də
imzaladığı Sərəncama əsasən Ağdam
şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi
Ağdam şəhəri günü kimi qeyd olunur.
Azərbaycanın ən böyük rayonlarından biri
olan Ağdam Qarabağın mərkəzində, Qafqaz silsiləsinin
şimal-şərq yamaclarında, Kür-Araz
ovalığının qərbində yerləşir və
daim bölgədə mühüm rol oynayıb. Eyni zamanda
işğal müddətində ən çox
dağıntılara, vandallığa məruz qalan ərazilərimizdən
biri olub. Qeyd etmək lazımdır ki,
Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində
Ağdamın tamamilə işğalına yol verilmədi.
Rayonun 1094 kvadratkilometrlik ərazisinin 846,7
kv. km-i, yəni 77,4%-i, 1 şəhər və
89 kəndi ermənilərin əlinə keçmişdi. Onlar rayonun işğal altında olan hissəsini
tamamilə dağıdıb, yerlə-yeksan edib, yer
üzündən silmişdilər. Ağdamın
qalan hissəsində dağıdılmış kommunikasiyalar
bərpa edildi, həyat üçün zəruri şərait
yaradıldı. Ərazisinin üçdə
ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı,
ağdamlılar isə qurub-yaratmaq ənənələrini
davam etdirdilər.
BMT Təhlükəsizlik Şurası Ağdamın
işğalı ilə bağlı 853 saylı qətnamə
qəbul etsə də, erməni
işğalçıları digər qətnamələr
kimi onu da icra etmədilər. Münaqişənin
nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk qrupu, beynəlxalq
birliyin digər subyektləri Ermənistana işğala son
qoymaq, qətnamələri yerinə yetirmək
üçün heç bir çağırış, təzyiq
etmədi. Ermənilər isə
işğaldakı şəhər və
rayonlarımızı vəhşicəsinə
dağıtmaqda, talamaqda davam etdilər. Britaniyalı
jurnalist Tomas de Val 2000-ci illərdə yazdığı
"Qara bağ" kitabında erməni vandalizmi
faktlarını qeyd edərək, Ağdamı
"Qafqazın Xirosiması" adlandırmışdı.
2010-cu ildə isə "Əl-Cəzirə"
Ağdamı "ruhlar şəhəri" siyahısına
daxil etdi.
Ancaq Ağdam həm də qəhrəman şəhər
adlandırılır. Çünki ağdamlılar sonadək qəhrəmancasına
vuruşdular. Birinci Qarabağ müharibəsi
dövründə Ağdam 6 mindən çox şəhid
verib. 43 gün düşmənə sinə
gərmiş Ağdam şəhəri iyulun 23-də süqut
etdi.
İşğalçı
erməni silahlı birləşmələri digər ərazilərimizdə
olduğu kimi, Ağdamda da şəhərin qədim
keçmişin şahidi olan çox sayda tarixi abidələrini,
mədəni irsini, memarlıq nümunələrini,
keçmiş SSRİ-də birinci, dünyada ikinci olan
Çörək Muzeyini vəhşicəsinə
dağıtdılar, insanların əmlaklarını qarət
etdilər.
Ağdamda olan dünya əhəmiyyətli
daşınmaz tarixi və mədəniyyət abidələri
sırasına XIV əsri əhatə edən qiymətli
nümunələr daxildir. Məsələn,
Ağdamın Xaçın-Dərbəndli kəndində olan
Qulu Musaoğlu türbəsi 1314-cü ilə aid olan abidədir.
Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli
xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr),
Şahbulaq kimi abidələr Ağdamın minillik tarixindən
xəbər verir. Ermənilər Ağdam
rayonunda olan muzeylərdəki eksponatları da talayıb
aparıblar. Bundan əlavə, dini ibadətgahları,
şəhərinin mərkəzində yerləşən qədim
memarlıq abidəsi sayılan məscid və onun minarələrini
də uçurub, dağıdıblar. Erməni
terrorçuları Ağdamın işğalı zamanı hərbi
cinayətlər törədiblər. İşğal
nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində
ziyan dəyib.
2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən
Ağdam şəhərində olublar. Dövlət
başçısı Ağdamda Azərbaycanın
üçrəngli bayrağını qaldırıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda
indi dövlət bayrağımız qürurla
dalğalanır.
Prezident
Ağdama səfəri zamanı deyib: "Bu gün mən
Ağdam məscidinə Məkkədən gətirdiyim
"Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə
ziyarətində olmuşam. Bir dəfə
rəhmətlik atamla, üç dəfə isə Prezident
kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə
bərabər, müqəddəs Kəbənin içində
dualar etmişəm. Hər bir insanın
ürəyində nə varsa, mənim ürəyimdə də
eyni duyğulardır. Etdiyim duaların
arasında birinci duam torpaqlarımızın işğaldan
azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə
güc versin ki, biz torpaqları işğalçılardan
azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə
də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən
dağılmış məscidin önündə deyirəm
ki, xoşbəxt adamam. Bir daha Allaha
şükür edirəm ki, mənim dualarımı eşidib,
bu gücü mənə verib. Biz
gücümüzü səfərbər edərək bax, bu
tarixi günləri yaşayırıq. Bu,
həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan
tarixində buna bənzər şərəfli və
qürurlu günlər olmayıb. Biz bunu
birliyimiz sayəsində qazanmışıq, gücümüz
sayəsində qazanmışıq".
Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində,
o cümlədən, Ağdamda böyük bərpa-quruculuq
işləri aparılır. Ağdama yeni nəfəs,
yeni həyat qayıdır. Qarabağ iqtisadi rayonuna daxil
olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin
müavini Bəşir Hacıyevin sözlərinə görə,
Ağdamda ilkin mərhələdə 1 şəhər və
12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli
kəndlərində 2024-cü ilin sonuna kimi işlərin
birinci mərhələsinin yekunlaşdırılması
planlaşdırılır. 2026-cı ilin
sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə,
ümumilikdə, 42 min insanın köçürülməsi
qarşıya məqsəd qoyulub.
Ermənilər həm də Ağdam ərazisini kütləvi
şəkildə minalarla çirkləndirib. Azərbaycan
dövləti həm əraziləri minalardan təmizləyir,
həm də sürətli bərpa-quruculuq işlərini həyata
keçirir. Məqsəd 30 ildən
artıq qaçqınlıq həyatı yaşayan
insanlarımızın tezliklə öz yurd yerlərinə
qayıdışını təmin etməkdir. Digər şəhərlər kimi, Ağdamın da
baş planı artıq hazırlanıb və təsdiqlənib.
2021-ci il mayın 28-də Prezident İlham
Əliyevə Ağdam şəhərinin baş planı təqdim
olunub. Həmin gün Prezident İlham Əliyev
tərəfindən Ağdam şəhərinin bərpasının
təməl daşı qoyulub. Bununla yanaşı,
ötən iki il ərzində "Ağdam-1" və
"Ağdam-2" elektrik yarımstansiyalarının,
"Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal
İdarəetmə Mərkəzinin, Zəfər və
İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət
göstərəcək alternativ və bərpaolunan enerji mənbələri
ilə qidalanan işıq dirəklərinin, digər
qurğuların və xalça istehsalı müəssisələrinin,
"Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildən
ibarət yeni yaşayış kompleksinin, 210
çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının
təməli qoyulub. Bərdə-Ağdam dəmir yolu gələn
il istifadəyə veriləcək. Bundan başqa, dəmir yolu vağzalının
tikintisi nəzərdə tutulur. Ağdamda
Qarabağ xanlığının banisi Pənahəli
Xanın Sarayının yerləşdiyi İmarət
Kompleksinin bərpası işləri davam edir. Həmçinin, Ağdamda tamaşaçı tutumu
15 min nəfər olan və şəhərin geniş
infrastruktura malik guşəsində yeni stadion inşa edilir.
Ötən
il oktyabrın 4-də dövlət başçısı və
birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndindəki
Atçılıq Nəsilartırma Mərkəzinin,
Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin,
şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin,
"City Hotel Ağdam" mehmanxanasının, keçmiş
məcburi köçkünlər üçün inşa
olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin,
şəhərin dəmir yolu və avtovağzal kompleksinin,
rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində,
Xurşidbanu Natəvanın abidəsinin
açılışında iştirak ediblər. Pənahəli
Xanın Sarayı və İmarət Kompleksində
görüləcək işlərlə tanış
olublar. Heydər Əliyev Fondu tərəfindən
Ağdam Cümə məscidində bərpa işləri
aparılır.
Bu il mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər. Səfər zamanı dövlət başçısı "Azərişıq" ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq ikinci və üçüncü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyub, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.
Ermənilərin yer üzündən sildiyi, məhv etdiyi Ağdam yenidən tikilir, yenidən qurulur. Onlar işğal müddətində Ağdamda urbisid, kultursid, ekosid cinayətləri törədiblər, Ağdamda hər şeyi məhv edən erməni vandalları məzarlıqları, Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.
Ermənilərin Ağdamdakı cinayətləri
bölgəyə səfər edən müxtəlif ölkələrdən
olan siyasətçilər, rəsmilər, səyyahlar, media
nümayəndələri tərəfindən də heyrətlə
qarşılanıb. Bu cinayətlərin müəllifi olan
Ermənistan əlbəttə ki, məsuliyyətdən azad
ola bilməz. Ermənistan dövləti işğal müddətində
həm insanlarımıza, həm şəhərlərimizə,
kəndlərimizə, mədəniyyətimizə, tarixi, dini
abidələrimizə qarşı dəhşətli cinayətlər
törədib. Bununla da bütün bütün müvafiq beynəlxalq
konvensiyaları pozub. Azərbaycanlılara qarşı cinayətlər
törətmiş bir çox erməni caniləri lbu gün
öz əməllərinə görə qanunlar çərçivəsində
mühakimə olunur. Ermənistan dövləti də beynəlxalq
məhkəmə qarşısında öz əməllərinin
layiqli cavabını almalıdır.
525-ci qəzet .- 2023.- 22 noyabr, №
211.- S.5.