Düşmənə
bağışlanmış İrəvan
Tarixi-sənədli romandan parça
Güllü MƏMMƏDOVA
(Əvvəli 23 noyabr sayımızda)
Yeni səfirə İrəvanın köhnə məhəllələrinin
birində, bu məhəllənin özünə oxşayan
kiçik mənzil verdilər. Ev çiy kərpicdən
tikilmişdi, yaşı çox olduğundan divarların
suvağı qum kimi ovulub
tökülürdü. Qapısı
bağlı qaldığından otaqlardan rütubət iyi gəlirdi.
Divarların küncündən
hörümçək toru sallanırdı. Qapıya yaxın yerdə döşəkçəsi
bozarmış köhnə divan qoyulmuşdu. Pəncərənin qarşısında kiçik
masa və iki taburetka vardı.
Mühafizəçi
Həbib yataq otağının qapısını
açdı:
- Məhəmməd
xan, burda dəmir çarpayı var, yorğan-döşək,
odeyal, üç dənə də balınc.
- Əsas odu ki, soba var. Yanında da bir qucaq odun. Otaq
bayırdan soyuqdur. Amma odun azdır.
Neyniyək, Həbib? Qonşuları da
tanımırıq ağız açaq.
- Ermənilər
çox "qonaqpərvərdi"...
- Şükür elə ki, bu daxmanı da verdilər.
-
Sobanı yandıraq, çaydanı qaynadım, sonra evdə səliqə-
səhman yaradaq.
Otaq soyuq olduğundan danışdıqca
ağızlarından xəfif duman qalxırdı. Məhəmməd
xan pəncərəni açdı. Tərtəmiz
qarın nəfəsi içərinin kiflənmiş
havasını dəyişdi. Bayırda yenə
qar atırdı. Uzaqdan küçə fənərlərinin
zəif işığı gəlirdi. Qara
bürünmüş bəyaz ağaclar, qarın
ağırlığından əyilmiş budaqlar
şaxtalı gecədə sanki sirr içindəydi. Məhəmməd xan qəfildən ağacların
arxasında gizlənmiş adamın qaraltısını
gördü. Divara tərəf çəkilib
ağaclığı gizlicə seyr etdi. İki
nəfər idilər. Onlar xeyli müddət
kimi isə gözlədilər, sonra sürətlə
uzaqlaşdılar. Məhəmməd xan fikrə getdi:
"Bunlar Ermənistanın xüsusi xidmət
orqanlarının əməkdaşlarıdı. İrəvana gəldiyim ilk saatdan məni nəzarətə
götürmüşlər. Ehtiyatlı olmalıyam...
Çox ehtiyatlı..."
Həbib qucağı dolu odunla qayıtdı. Məhəmməd xan
gözünü pəncərədən çəkmədən
soruşdu:
- Həyətdə
şübhəli bir şey gördünmü?
- Xeyr,
görmədim. Daha doğrusu, fikir vermədim.
Niyə soruşursan?
- Diqqətli
olmalıyıq, erməni kəşfiyyatı iş
başındadı.
...Az
keçmişdi ki, soba alovlandı, istisi Məhəmməd
xanın yorğunluq və yuxusuzluğunu üzə
çıxardı. Divanın küncündə oturub qolunu
yasdığa qoydu və yuxu yüngül kəpənək
qanadı kimi kirpiklərini qapadı: "Anası onu köynəyinin
içinə qoyub möhkəm-möhkəm sinəsinə
sıxmışdı. O, çayın səsindən
çox sığındığı ürəyin şiddətli
çırpıntısını eşidirdi və bu
çırpıntı körpə Məhəmmədi
isidirdi. Anası türkmən dilində ona nə
isə deyirdi, amma o, bu dili başa düşmürdü.
Başını qaldırıb anasının
üzünə baxmaq istəyirdi, üzünün cizgilərini,
gözlərinin rəngini, səsinin ahəngini hafizəsinə
köçürmək istəyirdi.
Çayın
qırağından o tərəfə sonsuz kimi görünən
səhra başlayırdı, amma bu səhra başdan-başa
alov içindəydi
Anası onu köynəyinin içindən
çıxarmaq istəmirdi. Sanki ən təhlükəsiz
yer bu köynəyin içiydi. Bu anda Kalbalıxanın
səsini eşitdi:
- Məhəmməd,
hardasan?
-
Anamın köynəyinin içində. Anam məni
gizlədib, ruslardan qoruyur.
- Bunlar
rus deyil, onlardan da qəddar ermənilərdi.
- Axı
türkmənləri qıran ruslar idi.
Səhranın alovu sönmüşdü. Anasını
görmək istədi, amma o yox idi, elə bil anasını
alov udmuşdu, üzünü xatırlaya bilmədi.
Hafizəsində heç nə qalmamışdı...
Kalbalı
xan dedi:
- Biz - sən,
mən, bir də İskəndər ulu babamız Kalbalı
xana, Ehsan xana, İsmayıl xana oxşamaq istəyirdik. İndi məqam yetişib, Naxçıvan təhlükədədir.
-
Silahımı götürüm, - amma əlində qələm
gördü.
Kalbalı
xan əlini onun çiyninə qoydu:
- Mən
silahla, sən də ağlınla, zəkanla döyüş,
Məhəmməd. Düşməni Naxçıvana
yaxın buraxmayaq.
Kalbalı
xan atını çaparaq getdi..."
Məhəmməd xan üstündəki odeyalı kənara
atdı. Qonşu otaqdan Həbibin xorultusu gəldi. Sobanın içinə köz
düşmüşdü. Yaş
odunları közün üstünə yığdı.
Sobanın içi acı, gözyaşardan
tüstü ilə doldu və tüstünün acısı
otağa da yayıldı.
Məhəmməd xan pəncərəni açdı. Tutulmuş,
qaralmış səma sanki ulduzları, anası kimi,
üşüməsin deyə bağrında gizlətmişdi.
Ehsan xanı xatırladı və dikin
üstündə möhtəşəm görünən xan
sarayı yadına düşdü. Onun
uşaqlıq illəri burada keçmişdi. Ehsan
xanın öz övladı olmasa da, o, atalıq sevgisini
bütünlüklə Məhəmməd xana verdi.
Onu özü ilə hər yerə aparardı.
At çapıb, qılınc oynadardılar.
Yanında İskəndər xan və Kalbalı
xan vardı.
Xan sarayı ilə üzbəüz yamacda ulu babaları
Kabalı xanın məzarı görünürdü (Bu məzarı
sonralar ermənilər yerlə-yeksan etdilər). Onlar
üçlükdə tez-tez məzarı ziyarətə gedərdilər.
Məhəmməd xan məzarla səssiz
danışardı və içində qürur hissi
keçirərdi. Kalbalı xanın qəhrəman
keçmişi ona da aid idi və gözəgörünməz
bağlılıq Məhəmmədin gələcəyinə
bir varis kimi işıq salırdı, aid olduğu torpağa
ilahi sevgi, mərdlik və cəngavərlik duyğusu
oyadırdı.
Xan
sarayını xatırlarkən həm də içinə bir
sızıltı axardı: xan ailəsində barışa
bilmədiyi bir rəsmiyyətçilik vardı. Əzəmət, möhtəşəmlik olsa da, Məhəmmədin
içindəki boşluğu doldura biləcək,
üşüyən könlünü isidə biləcək
ana sevgisi yoxuydu. Tez-tez yuxusuna girən o fədakar
qadın - özünü çayın buz sularına atan və
xətər gəlməsin deyə onu köynəyinin
içində gizlədən anasının hafizəsində
yaşayacaq surəti, yaddaşında yaşayacaq bir xatirəsi
də yoxuydu.
Məhəmməd xanın xan sarayındakı
qayğısız həyatına həsəd aparardılar. Amma ən
ağrılı, ən acı həsəd onun öz
içindəydi. Qaysaq bağlamayan yara
kimi, susmayan fəryad kimi için-için ağlardı.
Bu yadda qalmayan o fədakar qadının -
anasının xiffətiydi.
...Həbib
başını otağa uzatdı, Məhəmməd xanı
ayaqüstə görüb başını buladı:
- Bir az dincələrdin, Məhəmməd xan.
- Dincəlmək
vaxtı deyil. Gözümün
acısını aldım. Belə başa
düşürəm ki, xəfiyyələr göz
açmağa aman verməyəcək. Ermənilərin
kəşfiyyatı çox güclüdü. Bunu etiraf etmək lazımdı.
Məhəmməd
xan fikrə getdi, qaşları çatıldı,
qıyıq gözləri yol çəkdi:
- Ermənilər Azərbaycanın hər yerində
gürzə kimi sürünür. Elə bir yer yoxdu ki,
orda qan tökülməsin. Naxçıvan
da işğal olunmaq təhlükəsi altındadır.
-
Naxçıvan əldən getsə, ermənilər Zəngəzura,
Qarabağa asanlıqla sahib olar.
-
Kalbalı xan mənim əmim oğludu. Müdafiə
dəstəsinin komandiridi. Ermənilərin
düşündüyü, cızdığı planları,
məlumatları əldə edib Kalbalı xanı, eyni zamanda
Azərbaycan hökumətini xəbərdar etməliyəm.
- Amma
ehtiyatlı ol, Məhəmməd xan.
-
Çalışaram.
Qarlı-çovğunlu havaya çıxanda hər
ikisi paltosunun yaxasını qaldırdı. Məhəmməd
xan yun şərfi boynuna dolayıb eynəyini taxdı. Kənarda
dayanmış adam onları görəndə
arxasını çevirdi, sonra da hiss olunmadan Məhəmməd
xanı izləməyə başladı. Yolun
yarısında sürətlə irəli keçdi və
gözdən itdi. Məhəmməd xan
addımlarını yavaşıtdı, azca əyildi və
arxada gələn ikinci adamı gördü...
lll
...Axşama
yaxın Məhəmməd xanın hərarəti qalxdı. Çarpayıdan qalxa bilmədi. Həbib əlini
onun alnına qoydu, içini çəkib təlaşla dedi:
- Atəşin
yüksəkdi, xan.
Məhəmməd xan gözünü aça bilmirdi,
sanki gözəgörünməz alov üzünü, əllərini,
kürəyini qarsırdı. Ayaqlarının
altına elə bil köz döşəndi. Bu anda onu köksünə sıxan anasını
gördü. Amma bu dəfə
çayın içindən buz kimi su yox, alov axırdı.
Anası onu başının üstə
qaldırdı, alov ayaqlarının altını qarsdı.
Başını yasdıqdan qaldırdı və
sayıqladı:
-
Anamı xilas edin, anam yanır.
Həbib
bir tablet verdi:
- Məhəmməd
xan, bunu iç, qızdırman düşəcək.
Bəlkə doktor çağırım?
Məhəmməd xan Həbibin verdiyi suyu başına
çəkdi.
Sərin su sanki içindəki atəşi
söndürdü. Həbib onun alnında
puçurlanmış təri sildi:
- Deyəsən,
qonşu həkimdi, adı Turandı. Çağırım
gəlsin, İynəsiz ötüşməyəcək.
...Turan xəstənin
hərarətini ölçüb başını buladı:
- İynəni hazırlayım. Möhkəm
soyuqlayıb.
Həkim iynəni vurub, xəstənin üstünü
örtdü, sonra da taburetkanı altına çəkdi,
oturub kədər yığılmış iri gözlərini
Məhəmməd xana dikdi.
Həbib
soruşdu:
- İrəvanlısız?
- Yox, zəngibasarlıyam.
Urusetdə doktorluq oxumuşam. Ermənilər Zəngibasarı
dağıtdılar, camaatı qırdılar. Mənim ailəm də məhv oldu. Bircə qızım sağ qaldı. Biz kənddə yoxuyduq, ona görə.
Turanın gözləri doldu, üzünü
çevirdi.
Sonra özünü toplayıb əlini Məhəmməd
xanın alnına qoydu, sevinmiş halda dedi:
- Hərarəti
düşür.
-
Çox şükür, - Həbibin içindəki
sıxıntı ayazıdı.
Məhəmməd xan yerindən dikəlmək istədi. Turan onun qolundan tutub
qaldırdı, kürəyinə balış qoydu:
-
Qızıma deyim, acılı şorba bişirsin.
- Əziyyət vermə.
- Ən çox acığım gələn
sözdü: "Əziyyət vermə, əziyyət çəkmə". Məhəmməd
xanın səfir olduğunu biləndə mən çox
sevindim. Demək Azərbaycanın bir
parçası bizim içimizdədir. Hər
halda ədaləti bərpa etməkdə səlahiyyətləri
çoxdur.
- Erməni...
ədalət? Ay qardaş, yüz il əvvəl
və yüz illər sonra da erməni qaniçən olaraq
qalacaq, - Məhəmməd xan ağır-ağır dedi, -
Siz düşmənlə döyüşən
oğulların yanında olmalısız, doktor. Onların
yaralarını sarımaq, daha ağır yaralıları həyata
qaytarmaq üçün lazımsız doktor. Vedidə,
Göyçədə, Zəngibasarda ağır
döyüşlər gedir.
- Getmək istərəm,
qızımla bir yerdə. İynə
vurmağı ona da öyrətmişəm.
Bu anda qapı ehtiyatla açıldı. Başına yaylıq
atmış cavan qızın gözəl çöhrəsi
göründü və titrək, utancaq səsi eşidildi:
- Şorbanı gətirdim.
Turan tez ayağa qalxdı, qaynar qazanı qızın əlindən
alıb mətbəxə apardı. Qız qapıda
dayandı, ürkək, çəkingən
baxışları xəstəyə dikildi. Məhəmməd xan da ovsuna düşmüş
kimi gözünü qızdan çəkə bilmədi.
Sirli bir duyğunun qəfil oyanışı ilə içində
zəlzələ kimi bir təlatüm baş verdi:
ürəyinin nəbzini dəyişdi, ruhunu dəyişdi. Sanki həyata atılmış yetkin bir cavan yox,
yeniyetməydi, dəliqanlıydı. Bu təlatümü
ram edəcək, səhmana salacaq qüvvəsi
çatmadı.
Turan
tanışlıq verdi:
-
Qızımın adı Sürəyyadı. Həmişə
evdədi, bir şey lazım olsa.., -Məhəmməd
xanın gözündə nə gördüsə ayağa
qalxdı, - biz gedək. Xəstə də
rahatlansın.
Məhəmməd
xan bir anlıq xəstəliyini unutdu, qızın gedişi ilə
elə bil dərin, qaranlıq boşluğa düşməkdən
qorxdu:
- Oturun, həkim,
xəstəni tam sağaltmamış hara gedirsiz? İş-güc o qədərdi ki, bir-birimizlə
rastlaşmadıq. Sizi
tanıdığıma məmnun oldum. Yaxşı ki, xəstəlik
varmış...
Turanın
üzü güldü, gözlərindəki kədər yox
oldu, üzünü qızına tutdu:
- Gəl qızım, gəl sən də otur.
Biz də darıxırıq, İrəvanda kimsəni
tanımırıq, amma ümidlə yaşayırıq. Sizi
tanıdıq, bizim üçün də xoş oldu.
- Mən də çay gətirim, - Həbib qalxıb mətbəxə keçdi.
Məhəmməd xan qıza baxmamağa çalışdı:
- Ermənilərlə barışıq
olsaydı...
Turanın
gözlərində nifrət sanki qara bulud kimi üzünə,
gözünə, baxışına çökdü:
- Mən barışığa inanmıram.
Onlar vicdansızdı, qaniçəndi, qəddardı. Millət
yox, ağzıqanlı canavar sürüsüdü. Bu
sürünü bizə kim tuş elədi, bilmirəm. Ermənistanda
hakimiyyətə daşnak hökuməti gəldi. Xatisovdan
tutmuş hamısı əliqanlı daşnakdı.
Həbib əlindəki
çayları masanın üstünə qoydu:
- Məhəmməd xanın kim olduğunu bilirsiz, Turan?
- Bilirəm. Azərbaycanın İrəvanda
diplomatik nümayəndəsi, ilk səfir. Çox
ağır, məsuliyyətli vəzifən var, Məhəmməd
xan. Müharibə getdiyi bir vaxtda erməni
daşnaklarının içində işləmək, vətənin
mənafeyini qorumaq - çox çətindi...
525-ci qəzet .- 2023.- 24
noyabr, ¹ 213.- S.14.