"Könlüm keçir Qarabağdan..."
ƏMƏKDAR
RƏSSAM ELŞƏN HACIZADƏNİN YARADICILIĞI HAQQINDA
DÜŞÜNCƏLƏR
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Aydındır ki, hər bir rəssamın sevimli mövzusu, bədii həllini axtardığı yaradıcılıq məsələlərivardır. Bu mənada, tanınmış fırça ustası Əməkdar rəssam Elşən Hacızadənin yarım əsri əhatə edən yaradıcılığının doğma Qarabağa həsr olunmasını da təbii saymaq olar. Qənaətimizcə, təkcə elə dayısı - görkəmli musiqi tədqiqatçısı Firudin Şuşalıdan Qarabağ və onun insanları barəsində eşitdikləri o vaxtlar çox gənc olan rəssamı duyğulandıra və rənglərlə baş-başa qalmağa məcbur edə bilərdi. Amma bundan əlavə, özünün yurdumuzun Qarabağ kimi əsrarəngiz guşəsinə səyahətləri ilə yanaşı, məkanın işıqlı əməlləri hər birimizdə qürurvericilik hissi oyadan görkəmli şəxsiyyətləri barəsində əldə etdiyi informasiyalar da onun üçün tükənməz ilham mənbəyinə çevrilə bilərdi. Bu gün duyulası zaman distansiyasından arxada qalan yaradıcılıq yoluna nəzər salsaq, onda toplanan materialların rəssama Qarabağın uzaq-yaxın keçmişi, insanları və təbiəti barəsində yaddaqalan rəngkarlıq əsərləri yaratmağa imkan verdiyini deyə bilərik.
Elşən Hacızadənin Şuşa
ünvanlı əsərlərinə mövzunun
janrların vəhdəti ilə ifadə edilməsi səciyyəvidir,
desək yanılmarıq. Bu mənada "Şuşam mənim"
(2015) tablosunu xüsusilə qeyd etmək istərdik. Üfüqi
formatlı kompozisiyanı üç hissəyə
bölən müəllif onun mərkəzində
Şuşanı təsvir edib,
aşağı mərkəzi hissədə tar,
kaman və qavalı əhatələyən
musiqiçilərlə onlara qulaq kəsilmiş tamaşaçıları,
yuxarı hissədə isə Azərbaycan bayrağı fonunda Xurşidbanu Natəvan,
Üzeyir Hacıbəyli və Cabbar Qaryağdıoğlunu
görüntüyə gətirib. Kompozisiyanın tərtibində
istifadə olunmuş əsas təsvirlərin
müxtəlif ayrıtılarla qovşağının
yaratdığı qürurdoğuruculuq
kifayət qədər görünən və yaddaqalandır.
Onun "Azərbaycan muğamının Cabbarı" (2016) əsərinin də kompozisiya həlli diqqətçəkəndir. Belə ki, bu dəfə şaquli formatı üç yerə bölən müəllif, əli qavallı xanəndəni aşağıdan öz məşhurluğunu təsdiqləyən Qarabağ atının, yuxarıdan isə Şuşanın təsviri ilə tamamlayaraq, məkanın "tanıma nişanı"na çevrilən dəyərləri qabartmağa nail olub.
Elşən Hacızadənin "XVIII əsrdə Şuşada musiqi məclisi" tablosunda isə qədim yurdun sorağı bütün dünaya yayılmış musiqi həyatına gözoxşayan, duyğulandırıcı bədii görkəm verilib. Musiqiçi və dinləyici çöhrələrinin bələndiyi nikbinlikdə bunu duymaq elə də çətin deyil.
Elşən Hacızadənin sonrakı illərdə
ərsəyə gətirdiyi bir neçə
əsərin timsalında onun tezliklə
Şuşanın düşmən tapdağından azad olunacağına inamlı olduğunu
söyləmək mümkündür. Belə
əsərlərdən biri "Dua" (2019) adlanır. Qarabağdan uzaqlarda
olsa da, xəyalən özünü Şuşada
təsəvvür edən və doğma
yerlərə qayıtmaq ümidini bir an belə itirməyən
ananın Yuxarı Gövhər ağa məscidinin
fonunda oxuduğu
duaların tezliklə eşidildiyi bu gün artıq
hamıya məlum məsələdir. Hər halda rəssamın öz
uzaqgörənliyinə verdiyi bədii
görkəmin təsirli olması
danılmazdır.
Onun azadlığına qovuşmuş Şuşaya
həsr etdiyi "Qələbə"
(2020) lövhə də bədii tutumuna
görə yaddaqalandır. Böyük Zəfərdən
dərhal sonra işlənmiş tabloda milyonların sevinci ana və balanın timsalında ifadə olunub. Bu iki
fiquru əhatələyən qalib əsgərin, şəhər mənzərəsinin
və sülh göyərçinlərinin
təsviri də əsərdən alınan qələbə təəssüratını
gücləndirməsi də görünəndir...
Rəssamın "Günəşli Şuşam" (2020) və "Musiqi beşiyi" (2021)
adlı əsərlərində isə işğaldan
azad olunmuş doğma şəhərin nikbin
ovqatlı mənzərəsi yaradılıb.
"Xarıbülbül" (2010) əsərindəki nisgilin heç
şübhəsiz rəssamın şəhərin işğaldan azad
olunması istəyi ilə bağlı olduğunu
söyləmək olar.
Rəssamın "Tarixi görüş"
(2021) əsərində isə Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın azad olunmuş Şuşaya səfərindən və onun Azərbaycan
Prezidenti İlham
Əliyevlə birlikdə "Şuşa
Bəyannaməsi"ni imzalamasından sonrakı durum öz əksini
tapıb. Əl-ələ dayanmış prezidentlərin sevinc dolu çöhrələri
Türkiyə və Azərbaycan bayraqlarının
dalğalandığı qədim qala
divarlarının və Gəncə
qapısının fonunda çox
qürurverici və təsirli görünür.
Rəssamın Qarabağın görkəmli
ziyalılarından sayılan Xalq
yazıçısı İlyas Əfəndiyevə
həsr etdiyi portret də
yaradıcı insan psixologiyasına təsirli
bədii nüfuz nümunəsi kimi göz oxşayır.
Yuxarıda
qeyd olunanları ümumiləşdirməli olsaq, onda rəssamın
Qarabağın gözəlliyi ilə yanaşı, onun dərdlərinə,
Xocalı faciəsinə yaddaqalan bədii tutum verməsinin nəticəsidir
ki, bütünlükdə bu əsərlər illərlə
yaradılan "Bədii Qarabağnamə"yə yaddaqalan
töhfə hesab olunmaqdadır.
Tiflis Rəssamlıq Akademiyasında təhsilini çəkdiyi rəngkarlıq əsəri ("Tibb elmləri doktoru Fikrət Zərgərlinin portreti", 1981) ilə yekunlaşdıran Elşən Hacızadənin sonrakı illərdə baş tutan yaradıcılığında portretlə yanaşı, digər janrlarda çəkilmiş əsərlərin də geniş yeri var. Bu mənada, rəssamın müxtəlif illərdə ərsəyə gətirdiyi "Tibb elmləri doktoru Hüsniyyə Namazovanın portreti" (2019), "Ümid" (2014), "Texnika elməri doktoru Məhəmməd Məhəmmədov" (2000), "Həkim Tariyel Qasımovun portreti" (2020), "Oğlum Əbülfətin portreti" (2018), "20 Yanvar" (2015), "Xocalı harayı" (2016) və sair rəngkarlıq tablolarının adını çəkmək mümkündür.
Bu
çoxsaylı süjetli kompozisiya, portret və mənzərələrdən
qabarıq duyulan rəssamın dəst-xəttindəki
evolyusiyadır. Belə ki, əgər diplom işində
"sərt üslub" estetikasına tapınma güclüdürsə,
onun təhsilsonrası ərsəyə gətirdiyi portret
janrlı əsərlərində milli klassik irsə -
miniatür üslubu bədii prinsiplərindən ilhamlanma
görünməkdədir. Bütünlükdə isə,
Elşən Hacızadənin müxtəlif janrlı əsərlərini
özündə ehtiva edən bədii irsini realizmin ifadə
imkanlarının genişləndirilməsini əyaniləşdirən
mənəvi saxlanc kimi dəyərləndirmək olar.
Rəssamın
əsərlərinin bu gün respublikanın müxtəlif
muzey və qalereyalarını bəzəməsi də ilk
növbədə onun yaratdıqlarında milli ruhun
güclü olmasının nəticəsidir. Hazırda Azərbaycan
Dövlət İncəsənət və Mədəniyyət
Universitetində çalışan Elşən Hacızadənin
"Azərbaycan Respublikasının Əməkdar rəssamı"
fəxri adına layiq görülməsini də ilk növbədə
onun milli təsviri sənətimizin inkişafına verdiyi
layiqli töhfələrin rəsmi səviyyədə dəyərləndirilməsi
hesab etmək olar.
525-ci qəzet .- 2023.- 24 noyabr, ¹
213.- S.14.