Ana dilimizin cəfakeşi
Füzuli İSMAYILOV,
Tarix üzrə fəlsəfə
doktoru, Əməkdar jurnalist
Hər bir xalqın tarixində onun ruhunu ifadə
edən, onun getdiyi yolu əks
etdirən bir bünövrə var. Bizim
xalqımız üçün
bu bünövrə Azərbaycan dilidir. Milli varlığımızın
nişanəsi olan dilimiz, heç şübhəsiz, hər
birimiz üçün
müqəddəsdir. Lakin bu yolda əsl
fədakarlıq göstərən,
bütün ömrünü
və fəaliyyətini
ana dilimizin inkişafına, onun tədqiqinə həsr edən cəfakeş alimlərimiz olub. O alimlər ki, bu dili hamıdan
daha çox seviblər, hamıdan daha çox sevdiriblər, hamıdan daha çox əzizləyiblər, onu üfləyə-üfləyə hər bir təhlükədən,
yad təsirlərdən
qoruyublar. Belə alimlərdən biri
haqqında düşüncələrimi
bölüşmək istəyirəm.
O, görkəmli dilçi
alim, türkoloq, pedaqoq, ictimai xadim, unudulmaz ziyalı və şəxsiyyət, filologiya
elmləri doktoru,
professor, Əməkdar elm xadimi,
"Şöhrət" ordenli
Həsən Mirzəyevdir.
Həsən Mirzəyev 1927-ci il noyabrın 26-da Dərələyəz mahalındakı
Qovuşuq kəndində
anadan olub. Orta məktəbi bitirdikdən sonra,
1948-1950-ci illərdə Naxçıvan
Müəllimlər İnstitutunda,
1951-1955-ci illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda ali
təhsil alıb. Əmək fəaliyyətinə 1950-ci ildə
doğma kəndində
orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə
ali təhsilini
başa vurandan sonra Rayon Xalq Maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957-1959-cu illərdə
isə məktəb direktoru vəzifəsində
işləyib. Doğma dilinə
vurğunluğu, dilçilik
elminə marağı
onu elm aləminə gətirib. 1959-1962-ci illərdə Azərbaycan
Dövlət Pedaqoji institutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub. Aspiranturanı bitirəndən ömrünün
sonunadək həmin institutda işləyib, müəllim, baş müəllim, dosent,
professor, kafedra müdiri
və dekan vəzifələrini tutub.
1965-ci ildə namizədlik,
1987-ci ildə isə doktorluq dissertasiyası müdafiə edəb,
1990-cı ildə professor elmi
adını alıb. Həsən müəllim
ömrünün 50 ilini
Pedaqoji Universitetə,
doğma Filologiya fakültəsinə bağlayıb.
21 il ADPU-nun Müasir Azərbaycan dili kafedrasına rəhbərlik edib. Neçə
nəsil filoloq Universitet divarları arasında onun mühazirələrini dinləyib.
Neçə-neçə gəncin qarşısında
elmin qapılarını
açıb. Onun rəhbərliyi
altında alimlər yetişib. Neçə müəllim, ədəbiyyatşünas
alim, yazıçı,
şair, mədəniyyət
xadimi Həsən müəllimin sayəsində
dilçilik elminin əsaslarına yiyələnib.
O, Azərbaycan dilçiliyində
feil bəhsi üzrə məktəb yaradıb, monoqrafiyalar yazıb, 150 il müddətində türkologiyada
mübahisə doğuran
bir çox mövzuları, o cümlədən,
feili sifət, feilin təsir kateqoriyası və s. tədqiq edib, mübahisələrə son qoyub.
Alimin "Müasir
Azərbaycan dilində
təsirli və təsirsiz feillər" kitabı 1979-cu ildə nəşr olunub. Bu kitab haqqında onlarla rəy yazılıb. Dövrün aparıcı dilçiləri
kitabı yüksək
qiymətləndirib. Həmin
rəylərdən birinə
diqqət çəkmək
istəyirəm: "Olduqca
zəngin və ziddiyyətli cəhətlərə
malik olan feilin təsirli-təsirsizlik
kimi ilkin və əhəmiyyətli,
leksik-qrammatik xüsusiyyətləri
məhz bu əsərdə ilk dəfə
geniş planda, kompleks şəkildə öyrənilmişdir. Həsən Mirzəyevin
20 ilə yaxın feilin müxtəlif qrammatik xüsusiyyətlərini
öyrənməsi, xüsusilə
təsirli və təsirsiz feillərə
aid zəngin material toplaması
əsərin müvəffəqiyyətlə
yazılmasına səbəb
olmuşdur". Həsən Mirzəyev
Azərbaycan dilçiliyində
bu istiqamətdə gedən prosesləri sürətləndirməklə, oxşar mövzuda aparılan elmi axtarışlara impuls verib.
Məlum olduğu kimi, Azərbaycan dilində olan feillər özünün leksik-semantik,
morfoloji, sintaktik, üslubi, fonetik, frazeoloji, etimoloji xüsusiyyətlərinin zənginliyi,
rəngarəngliyi və
başlıcası, fərdiliyi
ilə digər nitq hissələrindən
fərqlənir. Feillər üçün xarakterik xüsusiyyətlərdən
biri də onun dilin milli
orijinallığını və qədim ünsürlərini daha yaxşı mühafizə
etməsidir. "Azərbaycan
dilində feil" monoqrafyasının "Giriş"
hissəsində oxuyuruq:
"Azərbaycan dili Azərbaycan xalqının
rəsmi dövlət
dilidir. O, morfoloji bölgüyə görə
iltisaqi, genoloji bölgüyə görə
isə türk dilləri ailəsinə mənsubdur".
Keçmiş Sovet İttifaqı senzurasının ən kəskin dövründə
belə çəkinmədən
Azərbaycan dilinin dövlət dili olmasını xüsusilə
vurğulayan alimin təpədən-dırnağa türk mənşəli sözlərdən formalaşan
feili bu qədər sevməsi onun milli ruhundan,
milli təəssübkeşliyindan
irəli gəlirdi. Çünki feil qrammatik mənasına görə
hərəkət bildirən
əsas nitq hissəsidir. Feil hərəkətdir,
feil sürətdir.
Həsən Mirzəyev hərəkət
etməyi sevən adam idi.
"Həyat hərəkət
deməkdir, su da axmayanda iylənir"
deyimi onun həyat fəlsəfəsini
şərtləndirirdi.
Professor Həsən Mirzəyev dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatların, iki yüzdən artıq elmi əsərin, 25 kitabın və 10-a yaxın dərs vəsaitinin müəllifidir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi, dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz xəzinə olan 14 cildlik külliyyatı (bu monoqrafiya 950 çap vərəqi həcmindədir) dilçilik, milli folklor, tarix, etnoqrafiya və coğrafiya sahələri üçün əvəzsiz faktoloji mənbə hesab edilir. Həsən müəllimin yarım əsrlik pedaqoji işi onun elmi fəaliyyəti üçün təkanverici amil olub, demək olar ki, bu sahələrin biri digərini tamamlayıb.
Həsən Mirzəyev gənc yaşlarından şeirə, sənətə də böyük maraq göstərib. Şeirdə nikbinlik və həyat eşqi, ilham və sevinc mənbəyi tapıb. Milli folklorumuzun mahir bilicisi, Azərbaycan Aşıqlar və Yazıçılar Birliyinin üzvü olan Həsən Mirzəyev "Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz", "Dərələyəz folkloru", "Dərələyəz mahalının toponim və şivə sözləri", "Qərbi Azərbaycanın Dərələyəz mahalı (ensiklopedik məlumat kitabı)", "Hanı o səndəki el, Dərələyəz?" əsərlərinin müəllifidir. Professor Qəzənfər Kazımov Həsən müəllim haqqında yazırdı: "Həsən Mirzəyev filologiyamızda müasir ədəbi dilimizin morfologiyasını, xüsusən dilin quruluş xüsusiyyətlərini sinxron, diaxron aspektdə araşdırmaqda, o cümlədən, xalqın qədim tarixini, dilini, milli orijinallığını daha yaxşı mühafizə edib saxlayan feillərin mahir tədqiqatçısı kimi məşhurdur. Lakin professor həqiqi bir filoloq kimi el sənətinə - aşıq ədəbiyyatına da dərindən bələddir və bu sahənin vurğunudur. "Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz" kitabında müəllif əsasən onomastik leksikanın tədqiqi ilə məşğul olmuş və xüsusi adları bir küll halında bütün sahələr üzrə nəzərdən keçirmişdir".
Həsən Mirzəyev silsilə tədqiqatların davamı olaraq heyrətamiz zəhmət tələb edən böyük elmi əhəmiyyətli əsərlər yaradıb. "Dərələyəzin toponim və şivə sözləri", "Dərələyəz folkloru", "Qərbi Azərbaycanın Dərələyəz mahalı" (ensiklopedik məlumat), "Dərələyəz mahalının toponimləri və şivə sözləri" kimi sanballı monoqrafiyalarında Dərələyəz mahalının etnoqrafik mənzərəsini ortaya qoyan professor Azərbaycan dilində olan toponimlərin, abidə adlarının araşdırılması sahəsində əsl fədakarlıq göstərib.
Həsən Mirzəyevin elmi
və ictimai fəaliyyəti vəhdət
təşkil edirdi. Respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən Həsən Mirzəyev
1995-ci və 2000-ci illərdə iki
çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Daşıdığı bu ali titula da
böyük məsuliyyətlə
yanaşıb, bu işdə də
yüksək peşəkarlıq nümayiş
etdirib. Gərgin zəhməti, yorulmaz fəaliyyəti və qətiyyəti hər
zaman, hər yerdə ona
hörmət və nüfuz
qazandırıb. Onu yaxından tanıyan
hər kəsin ürəyində özünə taxt qurmuş professor Həsən Mirzəyevin xidmətləri
danılmaz və unudulmazdır...
525-ci qəzet 2023.- 24 noyabr, № 213.-
S.11.